Məhkəmə qərarları › İş №e-2(033)-425/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-425/2024

18.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-425/2024 18.04.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 18 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)- 536/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılmasına, xx.xx.2008-ci il tarixdə doğulmuş X4 və xx.xx.2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, xx.xx.1983-cü ildə Azərbaycan Respublikası Zaqatala rayonu, Göyəm kəndində doğulmuş, qeydiyyatda olan və yaşayan Cavabdeh hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi hər ay 470 manat sabit pul məbləğində alimentin ödənilməsinə və mediatra ödənilmiş 60 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun cavabdeh ilə birgə nikahından xx.xx.2008-ci il tarixdə “Mənsur” və xx.xx.2011-ci il tarixdə “Gülnar” adlı övladları doğulmuşdur. Onun cavabdehlə olan nikahı pozulmuş, Zaqatala rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-536/2022 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün təyin olunmuş aliment artırılaraq hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment qət edilmişdir. Məhkəmə qərarı ilə təyin olunmuş aliment hal-hazırki tələblərə cavab vermir. Qeyd etmək istəyir ki, cavabdehin maddi imkanı yaxşıdır, yəni aliment ödəmək üçün kifayət qədər gəliri və imkanı vardır. Bütün bunlar onu deməyə əsas verir ki, o, hər uşağa hər ay 235 manat aliment verə bilmək iqtidarındadır. Ona görə də alimentin artırılması üçün yenidən məhkəməyə müraciət edir. Məhkəmə tərəfindən alimentin sabit pul şəklində müəyyən edilərkən hesab edir ki, cavabdehin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün hər uşağa hər ay 235 manat alimentin qət edilməsi kifayət edər. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfindən 19 mart 2024-cü il tarixdə məhkəməyə ünvanlanmış etiraz ərizədən görünür ki, 2015-ci ilin sentyabr ayında İddiaçı ilə aralarında baş vermiş narazılıqlarla bağlı ayrılmışdırlar. Hal-hazırda müxtəlif şəxslərə olan çox miqdarda borcları ilə bağlı səyyar satıcılıq işi ilə məşğul olur. Bu sahədən başqa heç bir gəlir yeri yoxdur. İddiaçı ilə aralarındaki nikah pozulduqdan sonra o yenidən, ailə qurmuşdur. Yeni qurduğu ailədən bir övladı dünyaya gəlmişdir. Qazancının kifayət qədər olmamasına baxmayaraq hər üç övladının qayğısına qalır. Onların maddi və mənəvi ehtiyaclarını ödəyir. Hər bir uşağa yetkinlik yasına çatanadək bir uşaq üçün təyin edilmiş 170 (bir yüz yetmiş) manat olmaqla ümumilikdə 340 (üç yüz qırx) manat aliment ödəyir. Ailəsində onlarla birgə yaşayan xəstə anasının ehtiyaclarını ödəyir, lazım olan dərman pereparatları ilə təmin olunmasına çalışır. Göründüyü kimi maddi imkanının bu qədər aşağı olmasına baxmayaraq övladları xx.xx.2008-ci il tarixdə doğulmuş X4 və xx.xx.2011-ci il tarixdə doğulmuş X5 maddi ehtiyaclarını ödəməkdən boyun qaçırmır. Belə olan halda iddiaçının aliment miqdarının artırılmasına dair verdiyi iddia ərizəsi ona qarşı soyğunçuluqdur. Minimum dolanacaq xərcindən əlavə gəliri olmadığına görə və ailə vəziyyətini nəzərə alaraq birgə nikahlarından doğulmuş uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat aliment ödənilməsinə etiraz etmir. Qeyd edilənlər nəzərə alaraq birgə nikahdan xx.xx.2008-ci il tarixdə doğulmuş X4 və xx.xx.2011-ci il tarixdə doğulmuş X5 hər bir uşaq üçün təyin edilmiş 170(bir yüz yetmiş) manat, ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində alimentin tutulmasına dair Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarix 2(033)-536/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması, iddia tələbinin qalan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdeh hal-hazırda bir uşaq üçün 170 manat olmaqla ümumilikdə hər iki uşaq üçün 340 manat aliment ödəyir. Lakin həmin məbləğ uşaqların artan ehtiyaclarını, təhsilləri ilə bağlı xərclərini qarşılamağa kifayət etmir. Özü isə işləmir. Bu səbəbdən aliment miqdarının artırılaraq 235 manat həddində təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Cavabdeh iddia tələbini qəbul etməyərək etiraz ərizəsinə uyğun izahat verərək bildirdi ki, o yeni ailə həyatı qurmuşdur. Həmin nikahdan 2017-ci il tarixdə X7 adlı övladı dünyaya gəlmişdir. Həmçinin hal-hazırda himayəsində xəstə anası var və onun qayğısına qalmalıdır. Maddi imkanı isə aşağıdır. İddia tələbinin təmin edilməməsini xahiş edir. İşin halları İş materiallarına əlavə edilmiş AZE seriyalı 12382967 və 12382968 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2008-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X5 valideynləri Cavabdeh və İddiaçıdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(033)-856/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 28 mart 2008-ci ildə doğulmuş X8 və 06 yanvar 2011-ci il tarixdə dogulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala rayon Məhkəməsinin 12 mart 2017-ci il tarixli 2(033)-416/2017 saylı qətnaməsi ilə hər uşağa görə müəyyən edilmiş 120 manat aliment miqdarının artırılaraq hər uşaq üçün 136 manat məbləğində müəyyən edilməsi. həmin məbləğin hər ay Cavabdeh tutularaq İddiaçı xeyrinə verilməsi və alimentin hazırki məbləğinin tutulması hazırki qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, e-2(033)-536/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Zaqatala Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli, 2(033)-856/2020 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 28 mart 2008-ci ildə doğulmuş X4 və 06 yanvar 2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində tutulan 136 (bir yüz otuz altı) manat miqdarda alimentin məbləğinin artırılması, 28 mart 2008-ci ildə doğulmuş X8 və 06 yanvar 2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat miqdarında sabit pul məbləğində aliment və 50 (əlli) manat məbləğində mediasiyaya dair xərcin tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 (otuz manat) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 21 fevral 2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın surətindən görünür ki, İddiaçı və Cavabdeh İMS-dən sonra mediasiya prosesinin davam etdirilə bilməməsi barədə qərar qəbul etmişdirlər. 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci və 10 (on) manat məbləğində dəftərxana və kargüzarlıq xərcini İddiaçı birtərəfli qaydada ödəmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən 19 mart 2024-cü il tarixdə məhkəməyə ünvanlanmış etiraz ərizədən görünür ki, 2015-ci ilin sentyabr ayında İddiaçı ilə aralarında baş vermiş narazılıqlarla bağlı ayrılmışdırlar. Hal-hazırda müxtəlif şəxslərə olan çox miqdarda borcları ilə bağlı səyyar satıcı işi ilə məşğul olur. Bu sahədən başqa heç bir gəlir yeri yoxdur. İddiaçı ilə aralarındaki nikah pozulduqdan sonra o yenidən, ailə qurmuşdur. Yeni qurduğu ailədən bir övladı dünyaya gəlmişdir. Qazancının kifayət qədər olmamasına baxmayaraq hər üç övladının qayğısına qalır. Onların maddi və mənəvi ehtiyaclarını ödəyir. Hər bir uşağa yetkinlik yasına çatanadək bir uşaq üçün təyin edilmiş 170 (bir yüz yetmiş) manat olmaqla ümumilikdə 340 (üç yüz qırx) manat aliment ödəyir. Ailəsində onlarla birgə yaşayan xəstə anasının ehtiyaclarını ödəyir, lazım olan dərman pereparatları ilə təmin olunmasına çalışır. Göründüyü kimi maddi imkanının bu qədər aşağı olmasına baxmayaraq övladları xx.xx.2008-ci il tarixdə doğulmuş Məmmədli Mənsur oğlunun və xx.xx.2011-ci il tarixdə doğulmuş X5 maddi ehtiyaclarını ödəməkdən boyun qaçırmır. Belə olan halda iddiaçının aliment miqdarının artırılmasına dair verdiyi iddia ərizəsi ona qarşı soyğunçuluqdur. Minimum dolanacaq xərcindən əlavə gəliri olmadığına görə və ailə vəziyyətini nəzərə alaraq birgə nikahlarından doğulmuş uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat aliment ödənilməsinə etiraz etmir. Qeyd edilənlər nəzərə alaraq birgə nikahdan xx.xx.2008-ci il tarixdə doğulmuş X4 və xx.xx.2011-ci il tarixdə doğulmuş X5 hər bir uşaq üçün təyin edilmiş 170(bir yüz yetmiş) manat, ümumilikdə 340 (üç yüz qırx) manat məbləğində alimentin tutulmasına dair Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarix 2(033)- 536/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması, iddia tələbinin qalan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış 28 iyun 2016-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 arasında nikah xx.xx.2016-cı il tarixdə bağlanmış və 134 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-nın Göyəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliliyi tərəfindən qeydə alınmış 16 fevral 2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 fevral 2017-ci il tarixdə doğulmuş X2 atası Cavabdeh, anası X3r. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1 -ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndində göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin aşağı səviyyədə olması, onun yenidən ailə qurmaqla himayəsində uşağının olması, onu hazırki uşağlarını saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən heç də azad etmir. Cavabdehin isə məhkəmə iclasında göstərdiyi arqumentlər cavabdehi həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab edir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəf də məhkəmədə aliment məbləğinin iddia ərizəsində göstərdiyi məbləğdə artırılmasına əsas ola biləcək başqa hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları 28 mart 2008-ci ildə doğulmuş X8 və 06 yanvar 2011-ci il tarixdə doğulmuş X9 iddiaçının himayəsindədirlər və uşaqların saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı bir uşağa görə 170 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir və həmin aliment miqdarı uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Bundan başqa, həmin aliment miqdarı məhkəmə tərəfindən 2022-ci ildə, yəni uşaqların müvafiq olaraq 14 və 11 yaşları olarkən təyin edilmişdir. Hazırda isə uşaqlar müvafiq olaraq 16 və 13 yaşdadırlar və ötən müddət ərzində uşaqların artan tələbatındakı dəyişiklik, o cümlədən onların geyimi, qidalanması, təhsili, sağlamlığı ilə bağlı xərcləri də özündə ehtiva edən əlavə zəruri məsrəfləri yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə uşaqların saxlanması üçün artan tələbatının cavabdeh tərəfindən ödənilən cəmi 170 manat məbləğində alimentlə ödənilə bilməməsi barədə iddiaçının arqumentləri ilə razılaşır və hesab edir ki, aliment məbləğinin hər uşağa görə 185 manata artırılması uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətedici hesab edilə bilər. Alimentin hesablanması vaxtı ilə bağlı məhkəmə qeyd edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tutularaq 28 mart 2008-ci ildə doğulmuş X4 və 06 yanvar 2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(033)-536/2022 saylı qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 185 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh 30 (185-170=15x2x12=360 manat) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat məbləğində pul vəsaitini tələb etdiyindən həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(033)-536/2022 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 28 mart 2008-ci ildə doğulmuş X4 və 06 yanvar 2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində tutulan 170 (bir yüz yetmiş) manat miqdarda alimentin məbləği artırılsın. 28 mart 2008-ci ildə doğulmuş X4 və 06 yanvar 2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşaq üçün 185 (bir yüz səksən beş) manat, cəmi 370 (üç yüz yetmiş) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar