Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-429/2024 29.05.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən ona olan 1680 manat borc pulun və 36 manat 80 qəpik məhkəmə üçün dövlət rüsumunun alınıb xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gözbarax kənd sakini, hazırda Zaqatala şəhərində müvəqqəti kirayədə yaşayan Cavabdeh 2023-cü ilin may ayında müəyyən ehtiyaclarını təmin etmək üçün ondan 3550 manat borc pul almışdır. Borcunu bir neçə ay ərzində nağd şəkildə qaytaracağını və ya əvəzində iş və xidmətlər göstərəcəyini bildirmişdir. Ona məxsus olan heyvandarlıq təsərrüfatında 2023-cü ilin noyabr ayınadək müəyyən işlər görüb qiymətləndirərək qarşılıqlı razılıq əsasında 1870 manat dəyərində borcundan çıxmaqla 1680 manat borclu qalmışdır. Bundan sonra əlaqələri tamamilə kəsmiş, telefon zənglərini açmır və 2023-cü ilin noyabr ayından eşitdiyinə görə başqa təsərrüfatda çalışır, zəhmət haqqı alır, lakin 1680 manat borcunu ödəmir. Həyat yoldaşı şahiddir ki, telefonlarını açmadığına görə dəfələrlə hazırda yaşadığı mənzilə pul tələbi üçün getmişdir. Cavabdeh, evdə olmamış və ya onunla görüşməkdən imtina etmişdir. Ona görə də məcbur olmuşdur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etsin. Zaqatala Polis şöbəsinə cavabdehin etibardan sui-istifadə etməsi, aldatma və mənimsəmə əməlləri ilə əlaqədar müraciətinə cavab verilmişdir ki, mülki xarakterlidir, Zaqatala Rayon Məhkəməsinə müraciət edin. Ona görə də cavabdeh 1680 manat borcunu və əlavə olaraq Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəməyə ödədiyi 36 manat 80 qəpik rüsumu da geri ona ödəməlidir. Nəticə etibarı ilə hesab edir ki, bir neçə aya borcunu geri ödəyəcəyi öhdəliyi götürmüş 5 ay müddətində təxminən borcun yarısını ödəmiş, lakin noyabr ayından keçən 3 ay ərzində heç bir ödəniş etmədən 1680 manat borclu qalan cavabdehin qalıq borcunu təcili şəkildə ödəməsi barədə qərar verilməlidir. Cavabdeh borcunu vaxtında qaytarmadığı və qalıq 1680 manat borcu tamamilə ödəmədiyi üçün ona əlavə maddi zərər də vurmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Cavabdeh ərizə ilə müraciət edərək İddiaçı 1680 manat iddiasını qəbul etdiyini bildirmiş, lakin ona pendirin pulunun ödənməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı izahat verərək göstərdi ki, 2023-cü ilin may ayının əvvəllərində qoyun güdmək üçün onlara adam lazım olduğundan cavabdehlə tanış olmuşdur. O zaman cavabdeh Balakəndə başqa təsərrüfatda işləmişdir. Cavabdeh işlədiyi təsərrüfat sahibinə borcunun olduğunu və həmin pulu verəcəyi halda pulu təsərrüfat yiyəsinə ödəyib onun yanına gələ biləcəyini bildirmişdir. 2023-cü ilin may ayının 8-nə 3 min manat hazırlayıb Cavabdeh vermiş, lakin onun borcu ödəyib ödəməməsini bilmir. Bundan sonra 300 manat 200 manat 100 manat olmaqla, ümumilikdə cavabdehə 3550 manat pul vermişdir. May ayının 25 cavabdeh onunun yanına gəlmiş və birlikdə dağa qalxmışlar. Dağdan oktyabr ayında düşdükdən sonra cavabdehlə əlaqə kəsilmişdir. Cavabdeh 3 ay onun yanında qalmış və 1870 manat borcunu işləməklə ödəmişdir. Dəfələrlə evinə və işlədiyi başqa təsərrüfata getmiş və cavabdehi tapmamışdır. Qaxda bir təsərrüfatda cavabdehi tapmış və o 2 günə borcunu ödəməyi vəd etmişdir. Lakin daha sonra yenidən cavabdeh bəhanələr etmişdir. Çobanlarla heyvan sahibləri arasında formalaşmış adətə görə 1 ay hazırlanan pendiri heyvan sahibi götürür bir ay isə çobanlar öz aralarında bölürlər. 450 manat maaş 25 günə verilirdi cavabdehə. Bir iş günü üçün 18 manat ödənirdi. 5 nəfər çoban olub və heç birinin pendirdən narazılığı olmayıb içi cavabdeh qarışıq. Cavabdeh 50 kilo pendir alıb daha bir nəfər çoban da 50 kilo alıb digər 3 nəfər 40 kilo pendir alıb. Pendir üçün alıcını da o özü tapıb. Cavabdeh borcunu qaytarsa onunla barışıq mümkündür. O iddiasının tam təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, iddiaçıya dediyi məbləğdə borcu var. Lakin iddiaçı ilə aralarındakı razılığa görə o, işlədiyi dövrdə hər ay 120 kiloqram pendir götürməli olsa da, pendir götürməyib. İddiaçı sağılan 400 qoyun olacağını demiş, lakin o qədər qoyun olmamışdır. İddiaçı sentyabrda qayıtmalı olan qoyunları qırxdırmaq adı ilə avqust ayının 12-si aşağı gətirdi üçün qoyunları sağmaq da olmamış, cəmi 40 kiloqram pendir götürə bilmişdir. İddiaçıya borcu var və bunu qəbul edir, lakin iddiaçı da pendirlə bağlı verdiyi sözə əməl etməyib. O, 1680 manat borcunun olduğunu qəbul edir və 80 kilo pendirin də iddiaçıdan alınıb ona verilməsini xahiş edir. İşin halları Cavabdeh xx.xx.2023-cü il tarixdə Zaqatala Rayon Polis Şöbəsinə verdiyi izahatından görünür ki, Vidadi ona Zaqatala bazarında 3000 manat pulu vermiş və həmin pulun 1680 manatını bu günə qədər qaytarmadığını və ona 120 kilo pendir veriləcəyi halda həmin pulu qaytaracağını bildirmişdir. Zaqatala Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışda göstərilir ki, xx.xx.2023-ci il tarixdə Zaqatala rayonu Muxax kənd sakini Yaqubov X2 RPŞ-yə ərizə ilə müracit edərək bildirmişdir ki, Zaqatala rayonu Gözbarax kənd sakini Cavabdeh təsərüfatında çoban kimi işləmiş əmək haqqı ilə ödənəcəyini bildirərək İddiaçı 3550 manat pulu almış daha sonra işləyərək 1870 manat pulunu qaytarmış və qalıq borcunu 1680 manat pulunu verəməyib işdən çıxmışdır. Araşdırma zamanı Zaqatala rayonu Gözbarax kənd sakini Cavabdehyla telefon əlaqəsi saxlanılan zaman Qax rayonunda işlədiyini qeyd edərək izahat verməyə gələ bilməyəcəyini bildirmişdir. Beləliklə, Yaqubov X2 RPŞ-yə daxil olmuş müraciətiilə əlaqədar göstərdiyi xüsusatların mülki xarakterli olması nəzərə alınaraq Zaqatala rayon məhkəməsinə müraciət etmək hüququ izah olunmuş və rəsmi məktub yazılaraq bildirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daхil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, iddiaçı 2023-cü ilin may ayında qoyun sürüsünə çobanlıq etməsi üçün cavabdehə hər 25 günə görə 450 manat muzd hesabına ümumilikdə 3550 manat pul vermiş, sonuncu 1870 manat dəyərində çobanlıq işi icra etmiş, 1680 manat muzd dəyərində işi isə icra etməmiş və muzd üzrə aldığı pulun həmin hissəsini iddiaçıya qaytarmamışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin yalnız 1870 manat dəyərində çobanlıq işini icra etməsi, 1680 manat muzd dəyərində işi isə icra etməməsi tam təsdiq edildiyindən, bununla da onun iddianı etiraf etməsi qanunvericiliyin yuхarıda göstərilən tələblərinə uyğun olduğundan, iddianın etirafı qəbul edilməli, cavabdehin yalnız yerinə yetirdiyi işə görə muzd almaq hüququ olduğundan, icra etmədiyi işin dəyəri üzrə muzd olaraq aldığı 1680 manat, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 36,8 manat ondan alınaraq iddiaçıya verilməli, iddia təmin edilməlidir. Məhkəmə, onu da qeyd etməyi zəruri sayır ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olduğundan, cavabdeh isə 80 kiloqram pendirin iddiaçıdan alınıb ona verilməsi barədə tələb irəli sürmədiyindən, onun izahatında 80 kiloqram pendirin iddiaçıdan alınıb ona verilməsinə dair bildirdikləri, tələb olaraq dəyərləndirilə və bu barədə qətnamə çıхarıla bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddiaçı iddia tələbi təmin edilsin. Cavabdeh 1680 (bir min altı yüz səksən) manat və 36,8 (otuz altı manat səksən qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(033)-429/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-429/2024
29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver