Məhkəmə qərarları › İş №e-2(033)-436/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-436/2023

05.04.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-436/2023 05.04.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu sədrlik etməklə, Məhkəmə iclasının katibi X2 İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış evindən istifadə ilə əlaqədar edilən maneələrin aradan qaldırılması və belə maneələrin törədilməsinin cavabdehlərə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış evindən istifadə ilə əlaqədar edilən maneələrin aradan qaldırılması və belə maneələrin törədilməsinin cavabdehlərə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 ona qarşı, onun isə Cavabdeh3 və qeyrilərinə qarşı qaldırdığı iddia tələbləri üzrə baxılacaq işlərin bir icraatda birləşdirilməsi barədə qərardad çıxarılmasını, Zaqatala rayon Aşağı Tala kəndində ümumi birgə mülkiyyətdə olan 0,1346 ha torpaq sahəsində yerləşən, 1986-ci ildə inşa edilmiş evdən yaşayış yeri kimi istifadəsinə törədilən maneələrin aradan qaldırılması və belə maneələrin törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 14 noyabr 2005-ci il tarixdə Zaqatala rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Ailə həyatı qurduqdan sonra o ərinin atası Cavabdeh3 məxsus Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 1986-cı ildə özbaşına tikilmiş 3 (üç) otaqlı fərdi yaşayış evinə köçmüş və hazıradək birgə nikahdan doğulmuş iki azyaşlı övladları ilə orada yaşayır. Həmin ev Zaqatala rayonu İcra Hakimiyyəti Başçısının Aşağı Tala kənd İƏD üzrə nümayəndəliyində təsərrüfatbaşına uçot kitabında qeydə alınmışdır. Ötən müddət ərzində cavabdehlə ümumi təsərrüfat aparmaqla birgə yaşamış, lakin son illər aralarında yaşanmış ailədaxili narazılıq və münaqişələr əsasında dözülməz bir vəziyyət yarandığından ailənin qorunub saxlanması mümkün olmamışdır. Bu səbəbdən də, Zaqatala rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-836/2021 saylı Qətnaməsi ilə Cavabdeh1 ilə aralarında olan nikah pozulmuş və azyaşlı uşaqların onun himayəsinə verilməsi qət edilmişdir. Daha sonra 1986-ci ildə köçdüyü evin bir böyük otağı sökülməklə, bu evin sol hissəsində cavabdeh tərəfindən ümumi sahəsi 115,50 kv m olan yeni fərdi yaşayış evi tikilmiş və bu ev 19 oktyabr 2021-ci il tarixdə tam mülkiyyət hüququ ilə Cavabdeh3, onun yerləşdiyi 0,1346 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırda o, iki azyaşlı uşağı ilə birlikdə 1986-ci ildə inşa edilmiş və 2005-ci ildə gəlin köçərək istifadə hüququnun yarandığı, təxminən 3x4 ölçüdə 2 yaşayış otağı və bir mətbəxtdən ibarət mövcud olan evdə yaşayırlar və həmin evdə onlara məxsus geyim, cehiz və digər məişət əşyaları yerləşmişdir. Qeyd olunanları Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,e-2(033)-232/2022 saylı və Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli, 2(107)-832/2022 saylı Qətnamələrində məhkəmə tərəfindən müəyyən edilmiş faktlar da təsdiq edir. Yuxarıda şərh edilənlərdən göründüyü kimi 1986-cı ildə, eləcə də, yeni inşa edilmiş fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahəsi keçmiş həyat yoldaşı Cavabdeh1 adına ümumi birgə mülkiyyət hüququ ilə birgə nikah dövründə qeydə alınmış və bu səbəbdən də hesab edir ki, həmin mülkiyyətdə ona məxsus olan pay hissəsi birgə nikah dövründə əldə edildiyindən onun yarısına hüquq əldə etməyə onun qanuni və əsaslı bir gözləntisi vardır. Keçmiş əri Cavabdeh1 ilə birgə nikahda əldə olunmuş bu və digər əmlaklara ½pay hüququnun müəyyən olunması barədə iddia tələbi artıq mediasiya baxışında baxılmış, lakin aralarında razılıq əldə edilmədiyindən qeyd olunan tələblə tərəfindən məhkəməyə müraciət olunacaqdır. Göstərinlənlərə baxmayaraq cavabdehlər ona qarşı hazırda yaşadığı evdən istifadə etməsinə davamlı şəkildə maneələr və təzyiqlər göstərir. Belə ki, cavabdehlər yaşayış evinə gələn qaz turbasını kəsməklə, eləcə də, digər formada münaqişələr yaratmaqla onun və azyaşlı uşaqlarının bu evdən istifadəsinə maneələr törətmişdir. Lakin aidiyyəti dövlət orqanlarının müdaxiləsindən sonra qaz xətti bərpa olunmuş və cavabdehlərə xəbərdarlıq edilməklə onlar münaqişəli ailə kimi Zaqatala Rayon Polis Şöbəsində qeydiyyata götürülmüşlər. Buna baxmayaraq cavabdehlər hal-hazırda da onu yaşadığı evə gələn qaz, su və işıq xətlərini kəsəcəkləri ilə hədələməklə, eləcə də, digər şəkildə təzyiqlər göstərməkdə davam etməklə, onu yaşadığı evdən məhrum etməyə çalışırlar. Məlumat üçün bildiririk ki, hazırki vəziyyətdə cavabdehlərin daşınmaz əmlak kimi ümumi mülkiyyətdə olan torpaq sahəsindən onun əşyaları ilə birlikdə çıxarılmağına dair ona qarşı məhkəmədə irəli sürdükləri iddia tələbi də birbaşa yaşadığı mənzildən istifadəsinə maneələr törədilməsi məqsədi daşıyır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, prosessual hərəkətlər yerinə yetirilmişdir. Hazırkı işə baxılanda müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “daşınmaz əmlakdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən ümumi birgə mülkiyyət hüquqi ilə iddiaçı Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən 0.1346 ha torpaq sahəsindən, cavabdeh İddiaçı əşyaları (geyim və məişət əşyaları) ilə bilikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin tələb üzrə iddiaçı Cavabdeh3 hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində Zaqatala rayonu, Aşağı Tala kəndində fərdi yaşayış evi vardır və həmin fərdi yaşayış evi üzərində hüquqları 19 oktyabr 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. Qeyd olunan fərdi yaşayış evi tam olaraq iddiaçının mülkiyyətində olmaqla, fərdi yaşayış evinin yerləşdiyi 0.1346 ha torpaq sahəsi isə həyat yoldaşı Cavabdeh2, oğlu Cavabdeh1 və qızı X1 ümumi birgə paylı mülkiyyətindədir. Həmin həyətdə yerləşən, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində yarasız hala düşmüş və bir hissəsi sökülmüş ona məxsus evdə keçmiş gəlini – iş üzrə cavabdeh İddiaçı, nəvələri - 29 oktyabr 2006-cı il təvəllüdlü X3 və 12 mart 2012-ci il təvəllüdlü X4 yaşayırlar. Hazırda iddiaçı cavabdehin, nəvələri - 29 oktyabr 2006-cı il təvəllüdlü X3 və 12 mart 2012-ci il təvəllüdlü X4 ilə birlikdə ümumi birgə mülkiyyət hüququ üzrə mülkiyyətində olan torpaq sahəsindən cavadehə məxsus əşyalarla (geyim və məişət əşyaları) birlikdə çıxarılmasını istəyir. Belə ki, iddiaçı hesab edir ki, mövcud şəraitdə cavabdehlə eyni birgə təsərrüfat idarə etməsi qeyri-mümkündür və bu hal gələcəkdə arzuolunmaz nəticələrin baş verməsinə səbəb ola bilər. Belə ki, Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(033)-836/2021 nömrəli qətnaməsi ilə iddiaçının oğlu Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında olan nikah pozulmuşdur. Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli e-2(033)- 232/2022 nömrəli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququna bazar qiyməti ilə müvafiq kompensasiya verməklə xitam verilməsi və cavabdehin uşaqları ilə birlikdə fərdi yaşayış evindən çıxarma tələbinə dair iddia ərizəsi, həmçinin qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Həmin məhkəmə qətnaməsinə əsasən məhkəmə qənaətə gəlmişdir ki, cavabdeh İddiaçı Cavabdeh3 mülkiyyətində olan Zaqatala rayonu, Aşağı Tala kəndində fərdi yaşayış evinə istifadə hüququ yoxdur. Məhkəmə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış evindən istifadə ilə əlaqədar edilən maneələrin aradan qaldırılması və belə maneələrin törədilməsinin cavabdehlərə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi və iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “daşınmaz əmlakdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq hesab edir ki, hər iki mülki iş eyni tərəflər arasında olan eyni növlü iş olduğundan bu işlərin birləşdirilməsini məqsədə müvafiqdir . Məhkəmə iclasında iştirak edən İddiaçı hər iki mülki işin birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı ayrılıqda hər iki mülki işin birlikdə baxılması üçün bir icraatda birləşdirilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, gəlməməsinin üzürlü olması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 169.3-cü maddəsinə əsasən həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası MPM-in 169.4-cü maddəsinə əsasən, bu Məcəllənin 169.1-169.3cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Hər iki mülki iş araşdırılarkən müəyyən edildi ki, onlar bir-biri ilə sıx əlaqəlidir. Ona görə də məhkəmə hesab edir ki, 2(033)-436/2023 nömrə ilə qeydiyyata alınmış icraatda olan mülki iş 2(033)-263/2023 nömrə ilə qeydiyyata alınmış icraatda olan mülki işə birləşdirilərək, hər iki mülki işə bir qeydyyat nömrəsi yəni, 2(033)-263/2023 qeydiyyat nömrəsi verilməklə baxılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3, 263 - 264-cü maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA A L D İ: Zaqatala Rayon Məhkəməsində 2(033)-436/2023 nömrə ilə qeydiyyata alınmış icraatda olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış evindən istifadə ilə əlaqədar edilən maneələrin aradan qaldırılması və belə maneələrin törədilməsinin cavabdehlərə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş 2(033)-263/2023 nömrə ilə qeydiyyata alınmış icraatda olan iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı “daşınmaz əmlakdan çıxarılma” tələbinə dair mülki işə birləşdirilərək, hər iki mülki işə bir qeydiyyat nömrəsi yəni, 2(033)-263/2023 qeydiyyat nömrəsi verilməklə baxılsın. Sədrlik edən Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar