Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-444/2024 29.04.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2(033)-328/2020 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarını artıraraq, 30 aprel 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat miqdarında alimentin Cavabdeh alınaraq, İddiaçı xeyrinə verilməsi, ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 60 (altmış) manat pul vəsaitinin cavadeh Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməsi, iddia ərizəsinin verilməsi üçün Zaqatala Rayon Vəkillər Kollegiyasının hesabına ödənilmiş vəkil xərci olan 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı Seyfəddi qızının xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2(033)-328/2020 nömrəli qətnaməsi ilə 30 aprel 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən hesablanmaqla, hər ay 140 (yüz qırx manat) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq onun xeyrinə verilməsi qət edilmişdir. Hal-hazırda təyin olunmuş alimentin məbləği uşağının daim artan tələbatlarını ödəməyə kifayət etmir. Uşağın ehtiyaclarını təkbaşına ödəməkdə çox çətinlik çəkir. Aldığı maaşla uşağı ilə aylıq zəruri ehtiyacları (kommunal, yemək) ödəməyə çalışır. Qızı ali təhsil almaq istəyir və onun təhsil xərclərini (repetitor) tək maaşı ilə ödəyə bilmir, başqa maddi dəstəyi yoxdur. Uşağın baxıb böyüdülməsində, bütün maddi ehtiyaclarının ödənilməsində cavabdehin də iştirakı vacibdir. Ona görə də təyin edilmiş alimentin artırılmasını tələb edir. Təyin olunmuş aliment miqdarının artırılması ilə bağlı mediatora müraciət edilsə də hər hansı bir müsbət nəticə əldə olunmamışdır. Beləliklə hesab edir ki, bu məsələ məhkəmə qaydasında həllini tapmalıdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O, həmçinin qeyd etdi ki, ilkin qətnamə əsasında uşağın saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə 140 manat aliment ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı həmin alimentin məbləğinin artırılaraq 235 manat ödənilməsini tələb edir. Uşağının təhsili ilə bağlı ödənişlərini ödəməkdə çətinlik çəkir. Özü xəstəxanada işləyir. Əmək haqqı ehtiyaclarını qarşılamağa imkan vermir. Ona görə də alimentin artırılması ilə bağlı məhkəməyə müracət etməyə qərar almışdır. Hesab edir ki, iddiası əsaslıdır və iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Cavabdeh izahat verərək göstərdi ki, iddia tələbini qismən qəbul edir. Qətnamə ilə müəyyən edilmiş alimenti çətinliklə ödəyir. İmkanı yoxdur. Hazırda alimentin 40 manat artırılmasına razıdır. 180 manat aliment ödəməyə imkanı çatar. İşin halları Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Göyəm kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı № 649675 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 30 aprel 2011-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. Zaqatala Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2(033)-328/2020 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh alınaraq 30 aprel 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 29 fevral 2016-cı il tarixli, 2(033)-390/2016 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 140 (bir yüz qırx) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. AZ-İ seriyalı 188567 nömrəli 21 yanvar 2014-cü il tarixdə Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş “Nikahın pozulması haqqında şəhadətnamə” nin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə olan nikahı ləğv edilmişdir. Nikah ləğv edildikdən sonra kişiyə Qurbanov, qadına Süleymanova soyadı verilmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 28 fevral 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci və 10 manat məbləğində dəftərxana və kərguzarlıq xərcini birtərəfli qaydada ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləqdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları 30 aprel 2011-ci il tarixdə doğulmuş X3 iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı bir uşağa görə 140 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir və həmin aliment miqdarı uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Bundan başqa, həmin aliment miqdarı məhkəmə tərəfindən 2020-ci ildə, yəni uşağın 9 yaşı olarkən təyin edilmişdir. Hazırda isə uşaq 13 yaşdadır və ötən müddət ərzində uşağın artan tələbatındakı dəyişiklik, o cümlədən onun geyimi, qidalanması kimi xərcləri də özündə ehtiva edən əlavə zəruri məsrəfləri yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə uşağın saxlanması üçün artan tələbatının cavabdeh tərəfindən ödənilən 140 manat məbləğində alimentlə ödənilə bilməməsi barədə iddiaçının arqumentləri ilə razılaşır və hesab edir ki, aliment məbləğinin bir uşağa 180 manata artırılması uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətedici hesab edilə bilər. Alimentin hesablanması vaxtı ilə bağlı məhkəmə qeyd edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh alınaraq 30 aprel 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2(033)- 328/2020 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün sabit pul məbləğində 180 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Göründüyü kimi, qanunvericilik nümayəndəyə və ya vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsini tələbin təmin edilmiş hissəsi ilə əlaqələndirməmişdir. Məhkəmə təcrübəsinə əsasən ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilsin. Məhkəmə hesab edir ki, Zaqatala Rayon Vəkillər Kollegiyasının hesabına ödənilmiş vəkil xərci olan 320 (üç yüz iyirmi) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hazırkı iddia tələbi üzrə zəruri eyni zamanda ağlabatan kəmiyyətdə deyildir. Belə ki, göstərilən məbləğ ortalama olaraq iki ay üçün uşağın saxlanılmasına görə ödənilən alimentə bərabər olduğundan, həmin məbləğin cavabdehdən tutulması cavabdehi ağır maddi çətinliyə salacaqdır. Həmçinin iş materiallarından görünür ki, İddiaçı "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi şəxsində “Sanitar qadın” vəzifəsində işləyir 414 manat əmək haqqı alır və göstərilən vəkil xərcinin ödəmək imkanına malikdir. Göstərilənlərə əsasən məhkmə hesab edir ki, həmin hissədə tələb qismən təmin edilməli 100 (bir yüz) manat vəkilə ödənilmiş xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh 30 manat (180-140=40x12=480 manat) dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Cavabdeh 60 (altmış) manat məbləğində mediasiyaya dair xərc tutularaq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli 2(033)-328/2020 nömrəli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 30 aprel 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində tutulan 140 (bir yüz qırx) manat miqdarında alimentin məbləği artırılsın. 30 aprel 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay bir uşaq üçün 180 (bir yüz səksən) manat miqdarında sabit pul məbləğində aliment, 100 (bir yüz) manat vəkilə ödənilmiş xidmət haqqı və 60 (altmış) manat məbləğində mediasiyaya dair xərc tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Vüqar Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(033)-444/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-444/2024
29.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver