Məhkəmə qərarları › İş №e-2(033)-449/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-449/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-449/2022 11.05.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 09 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 1719,38 manat əsas borc, 72,62 manat faiz borcu və 11,26 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1803,26 manat borcun, 38,03 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 09 sentyabr 2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 19,5 faizlə 24 ay müddətinə 4000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 01 dekabr 2020-ci ilədək Cavabdeh banka 09 sentyabr 2020-ci il tarixli kredit müqaviləsi üzrə 1719,38 manat əsas borc, 72,62 manat faiz borcu və 11,26 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1803,26 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Mülki iş üzrə tərəflər məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məhkəmə bildirişı göndərilməklə xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, lakin Yelo Bank ASC nin nümayəndəsi Vüsal Həsənli ərizə göndərərək digər məhkəmələrdə də mülki işləri olduğundan hazırki iş üzrə iclasda üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini bildirmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Belə vəziyyətdə məhkəmə iddiaçının nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbini üzrlü hesab edərək, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahat verərək göstərmişdir ki, 09 sentyabr 2020-ci il tarixli 4-Y-1-0-1179-20 saylı kredit müqaviləsinə əsasən 4000 manat kredit götürmüşdür. Bir müddət krediti ödəsə də sonradan Vətən müharibəsi başlamış və o tibb xidməti leytenantı kimi döyüş bölgəsində müharibədə iştirak etmişdir. Həmin müddət ərzində internet xidmətində yaranmış problemlərə görə kredit müqaviləsi üzrə öhdəliklərini icra edə bilməmiş və kredit müqaviləsi üzrə əlavə faizlər və cərimə məbləği hesablanmışdır. O, iddianı qəbul edir, hazırda borcunu hissə-hissə ödəyir. İşin halları "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 09 sentyabr 2020-ci il tarixli 4-Y-1- 0-1179-20 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, borcalanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. Bu müqaviləyə əsasən kreditor borcalana bu müqavilənin 2-ci bəndində nəzərdə tutulmuş qaydada 24 ay müddətinə illik 19,5 faiz olmaqla istehlak məqsədilə 4000 manat məbləğində kredit verir. 09 sentyabr 2020-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" İKB ASC-dən 2500 manat məbləğində pul götürmüşdür. 09 sentyabr 2020-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh "xxxx" İKB ASC-dən 1500 manat məbləğində pul götürmüşdür. 04 mart 2022-ci il tarixli maliyyə arayışdan görünür ki, borclu Cavabdeh 09 sentyabr 2020-ci il tarixli 4-Y-1-0-1179-20 saylı kredit müqaviləsi üzrə əsas borcu 1719,38 manat, faiz borcu 72,62 manat, cərimə borcu 22,51 manat, cəmi borcu 1814,51 manatdır. 10.02.2022-ci il tarixli İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, 5 gün müddətində 09 sentyabr 2020-ci il tarixli 4-Y-1-0-1179-20 saylı kredit müqaviləsi üzrə yaranmış borcu ödəmədiyi halda notariat kontoruna və ya məhkəməyə müraciət ediləcəyinə dair xəbərdar edilmişdir. Yello Bank ASC-nin nümayəndəsi Vüsal Həsənli tərəfindən məhkəməyə göndərilmiş 06.05.2022-ci il tarixli məktubdan görünür ki, cavabdeh tərəfindən 20.04.2022-ci il tarixdə 203 manat ödəniş olunmuş və nəticədə əsas borc 1296,38 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 09 sentyabr 2020-ci il tarixli 4-Y-1-0-1179-20 saylı kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC Cavabdeh 24 ay müddətinə istehlak məqsədilə illik 19,5 faizlə 4000 manat məbləğində kredit verməyi, Cavabdeh isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kredit ödəniş cədvəlinə (1 saylı əlavə) uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri və gecikdirilən hər gün üçün cəriməni ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi "xxxx" İKB ASC tərəfindən Cavabdeh kredit açılaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində 09 sentyabr 2020-ci il tarixli müqavilənin şərtlərinə əməl etməmiş, müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də tələbetmə hüququnun güzəşt olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyəti qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 09 sentyabr 2020-ci il tarixli 4-Y-1-0- 1179-20 saylı kredit müqaviləsinə əsasən 1719,38 manat əsas borc məbləği qismən ödənilməmiş qalan 1296,38 manat hissəsində təmin edilməli və Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. İşdə olan "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 09 sentyabr 2020-ci il tarixli 4-Y-1-0-1179-20 saylı kredit müqaviləsinin 2.4-cü bəndindən görünür ki, kreditin istifadəsinə görə borcalan kreditora illik 19,5 faiz dərəcəsi ilə hesablanan məbləği ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 30,565 faiz təşkil edir. Məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə Cavabdeh 09 sentyabr 2020-ci il tarixli 4-Y-1-0-1179-20 saylı kredit müqaviləsinə əsasən 72,62 manat faiz borcunun da alınaraq iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmənin qənaətinə görə borclu öhdəliyini lazımınca icra etmədiyindən, o cümlədən müəyyənləşdirilmiş müddətdə öhdəliyinin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etdiyindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı hazırkı iddia tələbinin 11,26 manat məbləğində cərimənin ödənilməsi hissəsi də qanuni və əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1296,38 manat məbləğində əsas məbləğ üzrə borc, 72,62 manat məbləğində hesablanmış və ödənilməmiş faiz borcu, 11,26 manat məbləğində cərimə borcu, cəmi 1380,26 manat borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Cavabdeh 38,03 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1296,38 (bir min iki yüz doxsan altı manat otuz səkkiz qəpik) manat məbləğində əsas məbləğ üzrə borc, 72,62 (yetmiş iki manat altmış iki qəpik) manat məbləğində hesablanmış və ödənilməmiş faiz borcu, 11,26 (on bir manat iyirmi altı qəpik) manat məbləğində cərimə borcu, cəmi 1380,26 (bir min üç yüz səksən manat iyirmi altı qəpik) manat borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 38,03 (otuz səkkiz manat üç qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar