Məhkəmə qərarları › İş №e-2(033)-454/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-454/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-454/2023 24.05.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi Məhkəmə iclas katibi X2, Cavabdeh2 və onun vəkili Vəkil iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 3772.59 (üç min yeddi yüz yetmiş iki manat, 59 qəpik) AZN-bundan 1124.87 (bir min yüz iyirmi dörd manat, 87 qəpik) AZN əsas, 926.22 (doqquz yüz iyirmi altı manat, 22 qəpik) AZN faiz, 1553.02 (bir min beş yüz əlli üç manat, 02 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 168.48 (yüz altmış səkkiz manat, 48 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 57.73 (əlli yeddi manat, 73 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə şəxsi istehlak məqsədi ilə cavabdehə 36 ay müddətinə illik 26% faiz dərəcəsi ilə 3960 (üç min doqquz yüz altmış) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında ********* nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli 01/15 saylı əlavə sazişlərə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 3922.57 (üç min doqquz yüz iyirmi iki dollar, 57 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 01 saylı kredit müqaviləsinə əsasən kredit restrukturizasiya edilmişdir. Borcalanın kreditor qarşısındakı restrukturizasiya edilmiş kredit məbləğinin qalığı konvertasiya edilməklə (1 USD=1.40 AZN) 3791.62 ( üç min yeddi yüz doxsan bir manat, 62 qəpik) AZN təşkil edir. Kreditin müddəti xx.xx.2020-ci il tarixədək təyin olunmuşdur. Borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********753 saylı xx.xx.2022ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 30 (otuz) AZN məbləğində ödəniş etmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 3772.59 AZN təşkil edir. Bundan 1124.87 AZN əsas, 926.22 AZN faiz, 1553.02 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 168.48 AZN faiz borcu təşkil edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq iddiaçı və Cavabdeh1 məhkəməyə gəlməmiş, lakin iddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə müraciət edərək məhkəmə baxışı iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yekun məhkəmə aktının qəbul edilməsini xahiş tmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən əsas borc hissəsində qəbul etdiyini bildirdi. O, iddia tələbində qeyd edilən faiz və cərimə borcunun silinməsini və zaminliyə xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil çıxış edərək bildirdi ki, "xxxx" ASC ilə cavabdeh (borcalan) Cavabdeh2 arasında 3960 USD məbləğində 36 ay müddətinə kreditin verilməsinə dair xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi, cavabdeh (zamin) X3 arasında isə xx.xx.2015-ci il tarixli. 120009905/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra cavabdeh (borcalan) ilə həmin kredit müqaviləsinə əsas kredit borc qalığının 1 USD = 1 40 AZN məzənnəsi ilə AZN-ə konvertasiya edilməklə restrukturizasiya edilməsinə dair xx.xx.2017-ci il tarixli, 01 nömrəli əlavə saziş, cavabdeh (zamin) ilə isə həmin zaminlik müqaviləsinə xx.xx.2017-ci il tarixli, 01 nömrəli əlavə saziş bağlanmışdır. İşin düzgün həlli üçün ilk növbədə bu kredit borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının əhatə dairəsinə düşüb-düşmədiyi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindəki "Problemli kredit məlumatlarının sorğulanması portalı üzərindən cavabdehin (borcalanın) kredit məlumatlarının sorğusu nəticəsində əks olunan məlumatdan görünür ki, onun kredit borcu həmin Fərmanın əhatə dairəsinə düşmüş, buna görə də 1864.77 AZN məbləğində kompensasiya hesablanmış, xx.xx.2019-cu il tarixinə olan əsas kredit borcundan kompensasiya məbləği çıxılaraq əsas kredit borcu üzrə 1124.87 AZN məbləğində qalıq borc məbləği qalmış və həmin qalıq borc məbləği restrukturizasiya olunması təklif olunan kreditə aid edilmişdir. Göründüyü kimi, cavabdehin (borcalanın) kredit borcuna yuxarıda qeyd olunan Fərmanın tələbləri tətbiq edilmiş və həmin kredit borcu üzrə hesablanmış faizlər və dəbbə pulu (cərimə, penya) silinmişdir. Deməli, iddiaçının cavabdeh (borcalan) Cavabdeh2 qarşı kredit borcu üzrə hesablanmış faiz və dəbbə pulunun (cərimə, penya) ödənilməsi (tutulması) tələbi əsassız və qanunsuzdur və rədd edilməlidir. Bundan başqa, “DəmirBank" ASC ilə cavabdeh (borcalan) və cavabdeh (zamin) arasında bağlanmış kredit və zaminlik müqavilələrinə olan xx.xx.2017-ci il tarixli, 01 nömrəli əlavə sazişlərə görə kreditin müddəti xx.xx.2020-ci il tarıxinədək uzadılmışdır. Beləcə kreditin müddətinin bitdiyi xx.xx.2020-ci il tarixindən zamin üçün öhdəliyin icrası vaxtı çatır və bu baxt qanunla bir il müəyyən olunduğuna görə xx.xx.2021-ci il tarixində bitir. Həmin vaxt ərzində iddiaçı zaminə qarşı iddia irəli sürməyibsə zaminliyə xitam verilməlidir Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Deməli, cavabdeh (zamin) X1 zaminliyinə xitam verilməli olduğundan iddiaçının ona qarşı kredit borcunun ödənilməsi (tutulması) tələbi əsassız və qanunsuzdur və rədd edilməlidir. İşin halları İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış ********* saylı 11 fevral 2015-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 26 faiz dərəcəsi ilə 3960 ABŞ dolları kredit verilmişdir. 11 fevral 2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 3960 ABŞ dolları verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 fevral 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icrası üçün zamin iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. Həmin müqavilənin 5.1.4-cü bəndindən görünür ki, zəminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış ********* saylı 11 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə 01/15-ƏS saylı 09 aprel 2015-ci il tarixli əlavə sazişdən görünür ki, 11 fevral 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nin Cavabdeh2 verdiyi kreditin qalıq məbləği 3922,57 ABŞ dolları təşkil edir və kreditin müddəti xx.xx.2019-cu il tarixədək təyin olunur. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı 11 fevral 2015-ci il tarixli zaminlik müqaviləsi üzrə 01/15-ƏS saylı 09 aprel 2015-ci il tarixli əlavə sazişdən görünür ki, 11 fevral 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nin Cavabdeh2 verdiyi kreditin qalıq məbləği 3922,57 ABŞ dolları təşkil edir və kreditin müddəti xx.xx.2019-cu il tarixədək təyin olunur. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış ********* saylı 11 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1 saylı 10 mart 2017-ci il tarixli əlavə sazişdən görünür ki, kredit restrukturizasiya edilərək borcalanın kreditor qarşısında borcu 3791,62 manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılır. Saziş imzalandığı gündən restrukturizasiya edilmiş kredit üzrə illik faiz dərəcəsi 16 faiz təşkil edir. Həmin sazişin 1.3-cü bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 32 faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı 11 fevral 2015-ci il tarixli zaminlik müqaviləsi üzrə 1 saylı 10 mart 2017-ci il tarixli əlavə sazişdən görünür ki, ********* saylı 11 fevral 2015-ci il tarixli kredit müqaviləsi əsasında Cavabdeh2 verilmiş kredit müqaviləsi üzrə xarici valyutada olan kredit borcunun həcmi 2708,30 ABŞ dolları müəyyən edilməklə 1 USD=1,40 AZN hesabı ilə konvertasiya edilərək onun borcu 3791,62 manat təşkil etməsi razılaşdırılır. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılır. Saziş imzalandığı gündən restrukturizasiya edilmiş kredit üzrə illik faiz dərəcəsi 16 faiz təşkil edir. Həmin sazişin 1.3-cü bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gcikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 32 faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. 23 dekabr 2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə yaranmış öhdəlikləri 3 gün ərzində təmin etmədikləri halda kredit müqaviləsi üzrə əsas borcu, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 07 fevral 2023-cü il tarixli maliyyə arayışından görünür ki, LPO Dəmirbank ASC ilə Cavabdeh2 arasında bağlanmış 10 mart 2017-ci il tarixli kredit müqaviləsi üzrə 27 yanvar 2023-cü il tarixinə 1124,87 manat əsas borcu, 926,22 manat faiz borcu, 1553,02 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği 168,48 manat olmaqla, cəmi 3772,59 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli Problemli kreditlərin kompensasiyasına dair çıxarışdan görünür ki, Cavabdeh2 Dəmirbank ASC qarşısında 01 mart 2019-cu il tarixinə əsas kredit borcu 2989,64 manat, borcun azaldılmasına yönəlmiş məbləğ 1864,77 manat, qalıq borcu 1124,87 manatdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-454/2023 nömrəli 29 mart 2023-cü il tarixli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0 və 470.0.4-cü maddələrinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman 3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində ABŞ dollarıla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) ABŞ dollarıadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) ABŞ dolları məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. 6-cı bəndinə əsasən, banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. 8.6-ci bəndinə əsasən fərmanın təsir dairəsinə vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar aid edilmişdir. 8.8-ci bəndinə əsasən güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər; N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir . Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarı 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. 10-cu bəndinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 11 fevral 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh2 həmin tarixdə 3960 ABŞ dolları kredit verilmişdir. Cavabdeh2 kredit məbləğini qəbul edərək ondan istifadə etməsinə və kredit məbləğinin ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq borcunun ödənilməsini təmin etməmişdir. 11 fevral 2015-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə iddiaçı arasında eyni tarixdə zaminlik müqaviləsi bağlanmış və borcalan Cavabdeh2 tərəfindən İddiaçı ASC qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Cavabdeh1 öz üzərinə götürmüşdür. 09 aprel 2015-ci il tarixdə və 10 mart 2017-ci il tarixlərdə Cavabdeh2 ilə iddiaçı arasında 11 fevral 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə əlavə sazişlər bağlanaraq kredit məbləği restrukturizasiya edilmiş və 10 mart 2017-ci il tarixdə bağlanmış əlavə sazişə əsasən cavabdehin iddiaçı qarşısında həmin tarixə 3791,62 manat borcu olması, müqavilə üzrə illik faiz dərəcəsinin 16 faiz olması və kredit müddətinin xx.xx.2020-ci il olması tərəflər arasında razılaşdırılmışdır. Zamin-Cavabdeh1 ilə iddiaçı arasında 11 fevral 2015-ci il tarixli ********* nömrəli zaminlik müqaviləsinə 09 aprel 2015-ci il tarixdə və 10 mart 2017ci il tarixli əlavə sazişlər bağlanmış və 10 mart 2017-ci il tarixli saziş üzrə də restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il kimi müəyyən edilmişdir. İddiaçının nümayəndəsi iddianı müdafiə etmişdir. Cavabdeh2 iddia tələbini yalnız əsas borc hissəsində qəbul etmiş və iddia ərizəsinin cərimə və faiz borcu hissəsində rədd edilməsini və zaminliyə xitam verilməsini xahiş etmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ləğv prosesində olan "xxxx" ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında 11 fevral 2015-ci il tarixdə müvafiq olaraq kredit müqaviləsi və zaminlik müqaviləsi imzalanmaqla aralarında müqavilə üzrə münasibətləri yaranmışdır. Göründüyü kimi, İddiaçı ASC tərəfindən Cavabdeh2 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış əsas kredit borcunun ödənilməsini Cavabdeh2 tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 11 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 1124,87 manat əsas borc məbləği Cavabdeh2 alınaraq iddiaçıya qaytarılmalıdır. İddiaçı ASC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin əsas borca hesablanmış 926,22 manat faiz borcunun, 1553,02 manat məbləğində cərimənin və müqavilənin bitdiyi tarixdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 168,48 manat borcun tutulması hissəsinə münasibət bildirərək məhkəmə hesab edir ki, iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən müqavilənin bitdiyi tarixdən iddia verilənədək tutulmalı olan faizin məbləği iddia ərizəsində qeyd edilsə də, onun tərəfindən bunu sübut edəcək tutarlı əsas gətirilməmiş, cavabdeh tərəfindən ona borcun qaytarılmaması nəticəsində, onun itirdiyi və adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin məbləğini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Məhkəmə həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab edir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur. X4 üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Sözügedən Fərman Cavabdeh2 münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə, həmin Fərmanda vətəndaşların 10.000 manat və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması ilə bağlı dövlət tərəfindən banklara güzətli kreditin verilməsi nəzərdə tutulmuşdur. Belə olduğu halda banklar problemli kreditlər üzrə faiz və cərimə borclarını vətəndaşlardan (borclulardan) tələb edə bilməz, banklar tərəfindən yalnız əsas kredit borcu tələb edilə bilər. Bundan başqa, işdən göründüyü kimi, tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış və bununla da onların arasında bank kreditindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Zaminliklə təmin olunmuş kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsinə görə borcluların məsuliyyəti müəyyənləşdirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlərin iddiaçı qarşısında öhdəlikləri yaranmışdır və onlar müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşlar. Məhkəmə hesab edir ki, 11 fevral 2015-cü il tarixli zaminlik müqaviləsi şərtlərinə görə zamin-Cavabdeh1 iddiaçı qarşısında borcalan Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İş materiallarında olan iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 fevral 2015-ci il tarixli zaminlik müqaviləsinin 5.1.4-cü bəndindən görünür ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə araşdırmasında da müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 11 fevral 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, müqavilə 36 ay müddətinə bağlanmış və müqavilə üzrə öhdəliyin son icra tarixi müqavilənin ayrılmaz tərkib hissəsi olan qrafikə əsasən xx.xx.2018-ci il kimi müəyyən edilmişdir. Həmin müqavilənin restrukturizasiya edilməsi ilə bağlı tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli əlavə sazişlə restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020ci il kimi müəyyən edilmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" ASC hazırki iddia ərizəsi ilə zamin-Cavabdeh1 qarşı 09 mart 2023-cü il tarixdə məhkəməyə müraciət edərkən zaminə qarşı iddia irəli sürülməsi üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Həmin müddətin qurtardığı gündən isə 3 ilə yaxın müddət keçmişdir. Zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Qeyd olunan müddət ərzində isə iddiaçı tərəfindən zaminə qarşı iddia irəli sürülməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, zamin Cavabdeh1 zaminliyinə xitam verilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, zaminlik müqaviləsində qeyd edilən və qanunverici tərəfindən müəyyən edilmiş 1 ilik müddət başa çatdığından Cavabdeh1 zaminliyinə xitam verilməli və iddia tələbi kredit müqaviləsi üzrə yaranmış borcun Cavabdeh2 ilə yanaşı Cavabdeh1 tutulması hissəsində təmin edilməməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 1124,87 manat məbləğində əsas borc tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməlidir. İddia tələbi əsas borca hesablanmış 926,22 manat faiz borcunun, 1553,02 manat məbləğində cərimənin və müqavilənin bitdiyi tarixdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 168,48 manat borcun tutulması hissəsində təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh2 31,25 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına ödənilməli, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ödədiyi 57,73 manat dövlət rüsumunun 26,48 manatı özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh2 1124,87 (bir min bir yüz iyirmi dörd manat səksən yeddi qəpik) manat məbləğində əsas borc tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh2 31,25 (otuz bir manat iyirmi beş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına ödənilsin. 26,48 (iyirmi altı manat qırx səkkiz qəpik) manat dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar