Məhkəmə qərarları › İş №e-2(033)-501/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-501/2022

01.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-501/2022 01.06.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı nümayəndəsi X6 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03 may 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Zaqatala Rayon Məhkəməsinin 2(033)-487/2013 saylı 10 iyun 2013-cü il tarixli qərarına əsasən təyin edilmiş 70 manat aliment məbləğinin artırılaraq hər ay cavabdehdən 195 manat alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-487/2013 saylı 10 iyun 2013-cü il tarixli qətnaməsinə əsasən 10 iyun 2013-cü il tarixdən başlayaraq 03 may 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 70 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq ona verilməsi qərara alınmışdır. 03 may 2010-cu il tarixdə anadan olmuş X1 üçün cavabdeh tərəfindən ödənilmiş 70 manat aliment məbləği uşağın tələbatını ödəməyə kifayət etmir. Cavabdeh uşağın əlavə xərclərində iştirak etmir. Bunun üçün aliment məbləği həcminin artırılmasına dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ona qarşı birgə nikahdan anadan olmuş 03.05.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 10.06.2013-cü il tarixli 2(033)-487/2013 saylı qətnaməsinə əsasən təyin edilmiş 70 manat alimentin artırılaraq hər ay 195 manat aliment tutularaq İddiaçı verilməsi barədə iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı ona qarşı alimentin artırılması tələbinə dair ərizəsi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Belə ki, İddiaçı ilə onun arasında olan nikahdan anadan olmuş 03.05.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 10.06.2013-cü il tarixli 2(033)-487/2013 saylı qətnaməsinə əsasən təyin edilmiş 70 manat aliment müəyyən olunmuşdur. Hazırda isə iddiaçı tərəf alimentin həcminin artırılaraq 195 manat məbləğində müəyyən edilməsini tələb edir, lakin o bu tələbini kifayət qədər əsaslandırmamış, alimentin artırılma zərurəti ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçı tərəf sadəcə formal qaydada alimentin artırılmasını uşağın əlavə saxlanılma xərclərinin olması və təlabatı ilə bağlı əlaqələndirmişdir. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Bildirir ki, iddiaçının irəli sürdüyü bu hallar alimentin məbləğinin artırılması üçün əsas ola bilməz. Çünki alimentin 70 manat həcmində müəyyənləşdirilməsi ilə bağlı yuxarıda qeyd olunan qətnamədən və hazırkı işin materiallarından, onun həmin işə baxıldığı zamankı vəziyyəti ilə indiki vəziyyəti arasında alimentin məbləğinin artırılmasına əsas verəcək dəyişiklik olmadığı aydın olur. Əksinə onun maddi ehtiyacları daha da artmışdır. İş materiallarına əlavə etdiyi sənədlərdən görünür ki, o, hazırda da rəsmi iş yerinə sahib deyildir və ya belə bir sübut iddiaçı tərəfdən məhkəməyə təqdim edilməmişdir. Xüsusilə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsi alimentin təyin edilməsində olduğu kimi, onun müəyyən olunmuş miqdarının dəyişdirilməsi zamanı da yalnız uşağın valideynlərinin ailə və ya maddi vəziyyəti ilə bağlı meyarların nəzərə alınmasını tələb edir. Həmçinin qeyd edir ki, iddiaçı və onun yaşadığı mənzil sakinləri fərdi təsərrüfatla məşğuldur, ona görə də necə olmasından asılı olmayaraq uşağın normal yaşaması üçün kifayət qədər şəraitləri vardır. İddiaçı ilə nikah pozulduqdan sonra o, ikinci dəfə 10.05.2017-ci il tarixdə X4 ilə ailə həyatı qurmuşdur və hal hazırda heç bir yerdə işləmir. Bundan əlavə onun himayəsində yoldaşı ilə bərabər eyni zamanda ahıl anası X11 yaşayır və onun daim baxıma ehtiyac vardır. Maddi ehtiyaclarının zəruriliyi onun iddiaçıya aliment ödəməsini, xüsusilə də artırılmış vəziyyətdə aliment ödəməsini mümkünsüz edir. Hazırkı vəziyyətdə aliment artırılması qanunvericiliyin tələblərinə ziddir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 4.1, 154-cü maddələrini rəhbər tutaraq, İddiaçı ona qarşı aliment məbləğinin artırılması barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi X12 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, hazırki vəziyyətdə uşağın saxlanması üçün heç olmasa 150 manat aliment müəyyən edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, hazırda işləmir və maddi imkanı aşağıdır. Qətnamədə göstərilmiş aliment məbləğini çətinliklə ödəyir. O, ikinci dəfə ailə qurmuşdur, himayəsində həyat yoldaşı və ahıl anası var. Alimentin məbləği artdığı təqdirdə isə alimenti ödəyə bilməyəcəkdir. İddiaçıya daha yüksək, yəni iddia ərizəsində göstərilən məbləğdə aliment ödəməsinə maddi imkanı yoxdur. Alimentin məbləği artırılaraq 100 manat olsa ödəyə bilər, ondan əlavə gücü çatmır. İddianın təmin edilməməsini məhkəmədən xahiş edir. İşin halları Zaqatala RPŞ tərəfindən 28 iyun 2016-cı il tarixdə verilmiş Seriya AZE 11052849 nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, 03 may 2010-cu il təvəllüdlü X2 atası Cavabdeh, anası isə X7r. Zaqatala Rayon Məhkəməsinin 2(033)-487/2013 saylı 10 iyun 2013-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək iddiaçı Cavabdeh Məhəmməd oğlu ilə cavabdeh X9 arasında olan 11 dekabr 2008-ci il tarixdə Zaqatala RİHB-nin Danaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış 52 saylı nikah qeydinin pozulması, nikahın pozulması Zaqatala rayon qeydiyyat şöbəsində rəsmiləşdirilərkən 15 manat dövlət rüsumunun Cavabdeh Məhəmməd oğlundan tutulması, X5 dövlət rüsumundan azad edilməsi, yetkinlik yaşına çatmayan 03 may 2010-cu il tarixdə doğulmuş X2 anası X5 himayəsində saxlanılması, Cavabdeh Məhəmməd oğlundan 03 may 2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 10 iyun 2013-cü il tarixdən hesablanmaqla, hər ay 70 (yetmiş) manat sabit pul məbləğində alimentin X5 xeyrinə tutulması, qətnamənin icrasının Zaqatala Rayon İcra Qrupuna tapşırılması qət edilmişdir. İşdə olan Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 14 aprel 2022-ci il tarixdə verilmiş 05/Q-1144/69 nömrəli çıxarışdan görünür ki, Cavabdeh ilə X4 10 may 2017-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 22 nömrə ilə qeyd edilmişdir. Tərəflər nikaha daxil olduqdan sonra müvafiq olaraq ər “Hüşənov”, arvad isə “Burcayeva” soyadını qəbul etmişlər. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 02 mart 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci birtərəfli qaydada ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin izahatları, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, tərəflərin birgə nikahdan 03 may 2010-cu il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 2(033)- 487/2013 saylı 10 iyun 2013-cü il tarixli qətnaməsinə əsasən tərəflərin nikahları pozulmuş, Cavabdeh Məhəmməd oğlundan 03 may 2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 10 iyun 2013-cü il tarixdən hesablanmaqla, hər ay 70 (yetmiş) manat sabit pul məbləğində alimentin X5 xeyrinə tutulması qət edilmişdir. Hazırda tərəflər faktiki olaraq ayrı yaşayırlar. Ayrıldıqları vaxtdan uşaq iddiaçının himayəsindədir. İddiaçı uşağın saxlanılması üçün qət edilmiş aliment məbləği ilə himayəsində olan uşağın tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək iddianı müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh Məhəmməd oğlu bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması, onun yenidən ailə qurmaqla himayəsində həyat yoldaşının və ahıl anasının olması, hazıradək müəyyən edilmiş alimenti çətinliklə ödəməsi, yüksək gəlir yerinin, iş yerinin olmaması, maddi imkanının aşağı olması onu hazırki uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən və qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Cavabdehin, etiraz ərizəsində göstərdiyi arqumentlər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə İddiaçı uşağın saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini, uşağın yaşını, tərəflərin izahatlarını və yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, 03 may 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Məhəmməd oğlundan İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab edir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Məhəmməd oğlundan alınaraq 03 may 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 10 iyun 2013-cü il tarixli, 2(033)-487/2013 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 150 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh Məhəmməd oğlundan 30 manat (150-70=80x12=960 manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat məbləğində pul vəsaitini tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh Məhəmməd oğlundan alınaraq 03 may 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 10 iyun 2013-cü il tarixli, 2(033)-487/2013 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilsin. Alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh Məhəmməd oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar