Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-514/2023 01.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və cavabdehin əlavə xərclərə cəlb edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 iyun 2008-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin və həmçinin ağciyər pnevmaniyasıdan əziyyət çəkən övladının gələcəkdə çəkilməsi zəruri olan müalicə xərclərinə cəlb edilməsi üçün hər ay 50 manat sabit pul məbləğində əlavə xərclərin Cavabdeh tutulub ona ödənilməsinə dair qətnamə çıxardılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə birgə nikahlarından 30 iyun 2008-ci ildə "Nail" adlı bir övladı dünyaya gəlmişdir. Zaqatala Rayon Məhkəməsinin 2014-cü il qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh hər ay ona 90 manat məbləğində aliment ödəyirdi. Lakin bu məbləğ çox az olduğuna və uşağın ehtiyaclarını təmin etmədiyinə görə alimentin artırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli 2(033)-967/2019 nömrəli qətnaməsi ilə alimentin məbləği artırılaraq hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Daha sonra uşağın xəstəliyi ilə bağlı olaraq müalicə xərcləri artdığından bu məbləğ uşağın ehtiyaclarını təmin etmədiyinə görə alimentin artırılması üçün məhkəməyə yenidən müraciət etməli olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(033)-729/2021 nömrəli qətnaməsi ilə alimentin məbləği artırılaraq hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Hazırda o uşağa tək başına baxır. Oğlu anadangəlmə xəstədir. Ona sağ ağciyərin aşağı payın pnevmaniyası diaqnozu qoyulmuşdur. Bu xəstəliyi ilə bağlı oğlunu hər il həkim müayinələrinə aparmalı olur. Hər müayinə zamanı müxtəlif analizlərdən keçirir, həkim tövsiyyəsi ilə hər ilin payız aylarında xəstəxanada ambulator olaraq müalicə olunur və bununla bağlı həkim tövsiyyələri ilə oğlunun müalicəsindən ötrü xeyli miqdarda iynə və dərmanlar almalı olur. Uşağa baxmaqda çətinlik çəkir. Özü heç bir yerdə işləmir. Kənddə öz torpağının məhsullarını əkib becərməklə ailəsinin dolandırmağa çalışır. Bundan başqa aliment də alır. Lakin aldığı aliment uşağa qulluq və müalicə xərclərinə kifayət etmir. Ağciyər iltihablanmasından əziyyət çəkən oğlunun düzgün müalicə etmək üçün kifayət qədər pul vəsaitinə ehtiyac var. Vaxtında və düzgün müalicə almadığı təqdirdə vəziyyəti çox ağırlaşır. Vaxtında müalicə olunmayacağı təqdirdə ağciyərlərində olan iltihablanma xroniki hala çevrilmə ehtimalı yüksəkdir. Oğlu "Nail"in böyüdülməsində və müalicəsində cavabdehin heç bir köməkliyi olmayıb. Cavabdeh işləyir və maddi vəziyyəti çox yaxşıdır. Lakin cavabdeh aliment borcunu hər ay mütəmadi olaraq ödəmir. Zaqatala Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə təyin olunmuş 160 manat aliment hazırki vəziyyətdə uşağın böyüdülməsi və müalicə xərcləri üçün kifayət etmir. Buna görə də, alimentin artırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı iddia tələbin həcminin artırılması haqqında ərizə ilə müraciət edərək 30 iyun 2008-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin və həmçinin ağciyər pnevmaniyasıdan əziyyət çəkən övladının gələcəkdə çəkilməsi zəruri olan müalicə xərclərinə cəlb edilməsi üçün hər ay 50 manat sabit pul məbləğində əlavə xərclərin və eyni zamanda ödədiyi 50 (əlli) manat mediasiya xərcinin Cavabdeh tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbin həcminin artırılması haqqında ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, uşaq 2017-ci ildən xəstədir və müalicə olunmasına baxmayaraq uşağın səhhətində düzəliş yoxdur. Cavabdeh ata kimi uşaqla maraqlanmır, müalicəsi ilə bağlı maddi dəstək göstərmir. Ona köməklik olunmasını xahiş edir. Məhkəmə iclası zamanı Cavabdeh izahat verərək göstərdi ki, onunla İddiaçı birgə nikahlarından 30 iyun 2008-ci il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. Məhkəmənin qətnaməsi ilə iddiaçıya ödənilən alimentin miqdarı 160 manat məbləğində müəyyən edilmişdir. Hazırda ikinci dəfə evlənmişdir. Hazırda maddi imkanları aşağıdır, yüksək gəlir yeri yoxdur. Alimenti vaxtı-vaxtında çətinliklə ödəyir. Lakin, iddiaçıya daha yüksək, yəni iddia ərizəsində göstərilən məbləğdə aliment ödəməsinə maddi imkanı yoxdur. Uşağın xəstəliyindən məlumatlıdır. 180 manat aliment təyin edilməsinə razıdır. Maddi imkanı aşağı olduğundan və yüksək gəlir yeri olmadığından 180 manatdan yüksək aliment ödəyə bilməyəcək. Qanuni qərar qəbul edilməsini xahiş edir. İşin halları Muxax ərazi nümayəndəliyi tərəfindən 05 dekabr 2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 208857 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 30 iyun 2008-ci il tarixdə anadan olmuş X5 atası Cavabdeh, anası X3r. X6 barəsində olan Ambulator kitabçadan çıxarışdan görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X4 ağciyər aşağı payın pnevmoniyası diaqnozu ilə xx.xx.2019-xx.xx.2019cu il tarixlərdə Zaqatala RMX-də ambulator müalicə almışdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-967/2019 saylı 24 sentyabr 2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh birgə nikahından 30 iyun 2008-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Zaqatala rayon Məhkəməsinin 2(033)-403/2017 saylı 28 fevral 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 90 manat aliment miqdarı artırılaraq hər ay 140 manat sabit pul məbləğində müəyyən edilmiş və alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan hesablanması qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-792/2021 saylı 29 iyul 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək Cavabdeh alınaraq 30 iyun 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli 2(033)-967/2019 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilməsi, alimentin tutulmasının əvvəlinin məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanması, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. X2 edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəməkdən azad edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarı Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, tərəflərin birgə nikahından 30 iyun 2008-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Zaqatala rayon Məhkəməsinin 2(033)-403/2017 saylı 28 fevral 2017-ci il tarixli qətnaməsi ilə əsasən Cavabdeh 30 iyun 2008-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)- 967/2019 saylı 24 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən Zaqatala rayon Məhkəməsinin 2(033)-403/2017 saylı 28 fevral 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 90 manat aliment miqdarı artırılaraq hər ay 140 manat sabit pul məbləğində müəyyən edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-792/2021 saylı 29 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən Zaqatala Rayon Məhkəməsinin 2(033)-967/2019 saylı 24 sentyabr 2019-cu il tarixli qətnaməsi müəyyən edilmiş 140 manat aliment miqdarı artırılaraq hər ay 160 manat sabit pul məbləğində müəyyən edilmişdir. Hazırda tərəflər faktiki olaraq ayrı yaşayırlar. Ayrıldıqları vaxtdan uşaq iddiaçının himayəsindədir. İddiaçı uşağın saxlanılması üçün qət edilmiş aliment məbləği ilə himayəsində olan uşağın tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu və uşağın xəstə olduğunu göstərərək iddianı müdafiə edir. Cavabdeh iddia tələbini qismən qəbul edir. O, alimentin 180 manat məbləğində müəyyən edilməsinə etiraz etmir, lakin iddia tələbini müalicə xərcləri ilə bağlı hissədə qəbul etmir. Məhkəmə ilk növbədə iddia tələbinin alimentin artırılması hissəsinə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması, hazıradək müəyyən edilmiş alimenti çətinliklə ödəməsi, yüksək gəlir yerinin, iş yerinin olmaması, maddi imkanının aşağı olması, ikinci dəfə evlənməsi onu hazırki uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən və qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Cavabdehin isə məhkəmə iclasında göstərdiyi arqumentlər cavabdehi həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hər iki valideynin valideyn kimi borcu və vəzifəsi olduğundan onların hər ikisinin həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Eyni zamanda cavabdeh məhkəmə iclasında alimentin miqdarının dəyişdirilməsinə əsas olmayan hər hansı başqa sübutu da məhkəməyə təqdim etməmişdir. Məhkəmə İddiaçı uşağın saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini, uşağın 15 yaşında olmasını, tərəflərin izahatlarını və yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, 30 iyun 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valideynlərin birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla təlabatının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, cavabdehin dəlilləri əsassızdır. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab edir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Məhkəmə daha sonra iddia tələbinin cavabdehin əlavə xərclərə cəlb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir və hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin əlavə xərclərə cəlb olunması ilə bağlıdır və bu tələbin maddi hüquqi əsasını Ailə Məcəlləsinin 81-ci maddəsi təşkil edir. Lakin iddianın düzgün həlli üçün digər əlaqəli hüquq normaları da nəzərə alınmalıdır. Hazırki iddia tələbinin bu hissəsinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsində deyilir ki, əlavə xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmənin qənaətinə görə Ailə Məcəlləsinin 81-ci maddəsinə görə iddia tələbində göstərilən dəlillər atanın əlavə xərclərin ödənilməsinə cəlb edilməsinə əsas ola bilməz. Belə ki, birincisi, atadan aliment tutulması artıq qət olunub, alimentin təyinatı yalnız geyim və qida xərcini ödəmək deyil, həm də müalicə xərcini ödəməkdir. Əgər müalicə xərci həddindən artıq çox olarsa, belə halda ata müalicə xərcinin ödənilməsinə cəlb edilə bilər. Lakin ana uşağın xəstəliyi ilə bağlı sübutları və müalicəsi ilə bağlı tövsiyyələri iddia tələbinə əlavə etsə də müalicə xərci barədə məhkəməyə mötəbər (uşağın ağır xəstə və əlil olması ilə bağlı) heç bir sübut təqdim etməmişdir. İkincisi, Azərbaycan Respublikasında dövlət tibb müəssisələrində tibbi xidmət dövlət hesabına göstərilir. Göründüyü kimi, iddiaçının qeyd etdiyi tələbi irəli sürməkdə Ailə Məcəlləsinin 81ci maddəsində nəzərdə tutulmuş hüquqi əsası olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirak etməsinin hüquqi əsasları konkret müəyyən olunmuşdur. Buraya müstəsna hallar: uşağın ağır xəstə və əlil olması halları daxildir. Bu şərtlərin hər hansı birinin mövcud olmaması hazırki iddianın rədd olunması üçün əsasdır. Baxılan işin hallarından görünür ki, sadalanan dispozisiya şərtləri mövcud deyildir. Ona görə də, iddia tələbi bu hissədə rədd edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh alınaraq 30 iyun 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 2(033)-403/2017 saylı 28 fevral 2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(033)-967/2019 nömrəli və Zaqatala Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(033)-792/2021 nömrəli qətnamələri ilə artırılmış İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 185 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Bundan başqa, iddia qismən təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Cavabdeh 30 manat (185-160=25x12=300 manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh alınaraq 30 iyun 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 2(033)-403/2017 saylı 28 fevral 2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(033)-967/2019 nömrəli və Zaqatala Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(033)-792/2021 nömrəli qətnamələri ilə artırılmış İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 185 (bir yüz səksən beş) manat məbləğində müəyyən edilsin. Alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-514/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-514/2023
01.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver