Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-518/2025 08.07.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmənin iclas katibi X7 qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərər və borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən ona vurduqları 8000 manat zərər pulu, 242 manat qalıq borc məbləği və 103 manat dövlət rüsumunun müştərək qaydada alınıb xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və Cavabdeh2 ilə 16 avqust 2020-ci il tarixdə aralarında rəsmi şəkildə bağlanmış, “Torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar müqavilə”yə əsasən, 1398 kv.m, 22 topa fındıq cərgəsi almışdır. Razılaşdıqları 3000 manat pulu nağd ödəmişdir. 16 avqust 2020-ci il tarixdə digər “alqı-satqı müqaviləsi”nə əsasən 0,66 hektar 4 nəfər ailə üzvünə məxsus əkin təyinatlı torpağa razılaşdığı 4000 manatı nağd şəkildə ödəmişdir. Fındıq bağı sahəsinin “Planı və ölçüsü” sənədini ona təqdim edərək Kamal bildirdi ki, müqavilələr özü və anası tərəfindən imzalanaraq, anası gözdən əlil olduğuna, atası vəfat etdiyinə və digər pay sahibi Moskva şəhərində yaşadığı üçün bir ay müddətinə 0,66 ha sahənin də “Plan və ölçü” sənədini əldə edib digər payçılar və vərəsələrdən aldığı etibarnamələr əsasında təkbaşına özü notariusda alqı-satqı sənədi verəcək. Hətta notarius xərclərini də özü ödəyəcəkdir. Torpaq sənədləri tam olmadığına görə alqı-satqını notarial qaydada aparmaq mümkün olmadı və yazılı şəkildə tərəflərin öhdəlikləri, hüquqları və məsuliyyətləri müəyyən edən müqavilələr bağlandı. Müqaviləyə qeyd hissəsində Kamal müqaviləni şəxsən oxuduğu, şərtlərlə razı olduğunu bildirən əlavə qeyd etmiş, öz yazısı və imzası ilə təsdiqləmişdir. Bir aydan çox keçmiş məhsul yığımında ona məlum oldu ki, fındıq topaları az məhsuldar olmaqla mövcud satış qiymətindən 50 faiz baha satılmışdır. Magistral yol kənarında yerləşdiyi – başqa məqsədlərə yararlı olacağını düşündüyü sahənin yol kənarından 86.kv.m hissəsi saxta yolla həyətyanı kimi işlətmiş, hazırda həmin hissəni 8000 manata başqa kənd sakininə satmışdır. Asfalt yola çıxışı qalmamış və hər topaya 137 manat ödədiyim 2-3 topa fındıq topası da həmin hissəyə düşür. Bu səbəbdən fındıq sahəsinə verdiyi 3000 manatı geri tələb etimişdir. Kamal isə qonşu torpaq sahəsinin mülkiyyətçisi Mənsur adında şəxsin sahəni almaq istədiyini, lakin sənədləşmə üçün pulunun olmadığını bildirmişdir. O, 3000 manatı geri almaq üçün tələb olunan 242 manat Reyestr və Notarius xərclərini çəkmək məcburiyyətində qalmışdır. Kamal 15 aprel 2021-ci il tarixdə torpağı satdıqdan sonra xərclədiyi 242 manat pulu ən gec 2 ay müddətinə ödəyəcəyi barədə yazılı izahat versə də bu günə qədər pulu qaytarmamışdır. 4 il ərzində 0,66 ha “Armudluq” adlanan ərazidə torpağın alqı-satqı sənədlərini tələb etsə də Kamal“Torpaq sahəsinin planı və ölçüsü” sənədi ala bilmədiyi bəhanəsi ilə alqı-satqını rəsmiləşdirməmişdir. 2024-cü ilin yay aylarında “Plan və ölçü” sənədini aldığını bildirdi və bəhanələr gətirdi ki, digər payçılar və vərəsələrin verdiyi etibarnamələrin müddəti bitmişdir, yəni, etibarnamələr aldıqda problemsiz alqı-satqı edəcək. Əslində onu aldadıb bu müddətdə başqa alıcı axtarırmış ki, onun 4 il ərzində 1500 manat əlavə xərc və əziyyət çəkdiyi sahəni başqa şəxsə satıb pulu mənimsəsin. O 4 il ərzində 0,66 ha sahəyə dondurma şumu və yaz şumu 70 manat, mala 25 manat, sahəyə 6 reys peyin səpini – 600 manat, səpin - 30 manat, yonca toxumu (50 kq) – 250 manat, sahənin kol-kosdan təmizlənməsi – 50 manat, daş-kəsəkdən təmizlənməsi 4 reys - 150 manat, sair xərclər 50 manat olmaqla cəmi 1500 manat əlavə xərc çəkmişdir. Beləliklə, Kamal qeyri-məhsuldar, daşlıq sahəni tərəfindən yaxşılaşdırılaraq məhsuldar vəziyyətə gətirdikdən sonra Muxax kənd sakini X1 7500 manata satmış, pulu mənimsəmiş, ondan aldığı pulu, çəkdiyi 1500 manat xərci və 242 manat qalıq borcunu geri ödəməmişdir, dələduzluq etmişdir. Aralarında bağlanmış müqavilə şərtinə görə hər hansı səbəbdən torpağın onun adına sənədləşdirilməsi mümkün olmadıqda satıcılar eyni miqdarda (0,66 ha) və eyni keyfiyyətdə yonca sahəsi alıb əvəzinə mülkiyyətinə verəcəyi barədə razılığa gəlmişlər. O da həmin şərtlə razıdır.Eyni keyfiyyətdə 0,66 ha torpağın alış qiyməti 8000 – 10.000 manat həddindədir. Onun sahəyə çəkdiyi xərclər, gördüyü işlər barədə əlində xeyli sayda faktları, sübutları, şahidləri, səs yazıları və videoçəkilişlər vardır. Müqavilələrin tətib olunması və imzalanması barədə belə video çəkilişi, şahid imzaları, sübutları vardır. Əslində Kamal onu aldadaraq 8742 manat pulumu mənimsəyərək cinayət əməli törətmiş, etibardan sui istifadə etmişdir.Eyni torpağı bir neçə şəxsə satıb alıcılar polisə müraciət etdikdən sonra pullarını geri ala bilmişlər. Ona görə də məcbur olmuşdur ki, məhkəməyə müraciət etsin. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh1 etiraz ərizəsi ilə müraciət edərək İddiaçı ondan və əlil anasından qanunsuz tələb etmiş olduğu zərər pullarının, dövlət rüsumunun və qalıq borcun tələb edilməsinə dair iddiasının rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Zaqatala rayon Məhkəməsində iddia qaldıraraq ondan və anasından maddi zərərin və borcun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ilə tanış olmuşdur. İddiaçının iddasını qanunsuz və əsassız sayır və onun iddiasını aşağıdakı səbəblərə görə qəbul etmir : İddiaçı iddia ərizəsində göstərir ki, güya onun və anasının onlara məxsus olan torpaq sahəsini ona satılması üçün rəsmi müqavilə bağlamışlar. Əslində isə onlar arasında ümumiyyətlə belə müqavilə mövcud olmamışdır. Rəsmi müqavilə olmadığı üçün tərəflər arasında heç bir hüquq və vəzifələr yaranmır. Ona görə də onlar arasında heç bir hüquq və vəzifələrdən söhbət belə gedə bilməz. İddiaçı iddia ərizəsində göstərir ki, güya ki, torpağın rəsmi sənədləri olmadığı üçün dövlət notariat kontorunda müqaviləni rəsmləşdirmək mümkün olmamışdır. Belə olduğu halda o, notariat qaydasında sənədləri olmasa belə AR MM-nin 402-ci maddəsinə əsasən onlarlə ilkin müqavilə bağlamalı idi. Ona görə də o, bunu etməmişdir. İddiaçı kənd təsərrüfatı üzrə mütəxəssisdir. Lakin o, daim dələduzluqla məşğul olub. Əhalini “vəkiləm” deyərək aldadaraq onlardan qanunsuz olaraq pullarını alıb, onları aldadır. Onun bu hərəkətləri barəsində Zaqatala rayon Polis şöbəsi və rayon Prokurorluq tərəfındən dəfələrlə xəbərdarlıq edilərək, ona bildirilmişdir ki, qanunsuz vəkillik fəaliyyəti ilə məşğul olmaq məsuliyyət yaradır və o bu işdən əl çəkməlidir. Lakin o, yenə də bu çirkin işlərlə məşğul olur. İddia ərizəsinə AR MM-nin bir neçə maddələrini köçürüb ərizəyə əlavə etmiş və özünü elə təqdim etmişdir ki, güya ki, o qanunları bilir. Lakin onun MM-yə istinad etdiyi maddələrin onun iddiasına heç bir aidiyyatı yoxdur və təxribat yolu ilə nəsə əldə etmək istəyir. O ondan 3800 manat pulu almışdır. Həmin pulun 3000 manat fındıq topaları üçün, qalmış 7700 manat pulu isə 0.66 ha torpaq sahəsi üçün ödəməli idi. Lakin o həmin məbləğdən cəmi 800 manat ödəmişdi. Arasında olan razılığa görə iddiaçı ona 11500 manat pul ödəməli idi. Lakin o bu pulu ödəməmişdir. Hüquqi savadı olmadığı üçün o bu işə girişmişdir. Sonradan isə 3 nəfər ailə üzvü razı olmadığına görə o ona bu barədə bildirmiş və o ona bildirmişdir ki, onda qoy o həmin torpaq sahəsindən müvəqqəti olaraq istifadə etsin. O da ona imkan vermişdir ki, 4 il fasiləsiz olaraq həmin torpaqdan istifadə etsin. Həmin müddət başa çatdıqdan sonra o ondan 8000 manat qanunsuz pul tələb etmişdir. O da bununla əlaqədar DİN-nin 102 nömrəsinə zəng etmiş və bunu bildirmişdir. Onun bu şikayəti əsassız olduğu üçün rədd edilmişdir. İddiaçı yenidən Zaqatala rayon Polis şöbəsinə müraciət edərək ondan ona vurulmuş ziyanın və ona qarşı olunmuş dələduzluğun araşdırılmasını xahiş etmişdir. Polis şöbəsi də onun bu xahişini rədd etdikdən sonra təkrarən məhkəməyə müraciət etmişdir. İddiaçı hal-hazırda da qanunsuz vəkillik fəaliyyəti ilə məşğul olur. Vətəndaşları aldatmaqla onlardan pul alır və onun bu hərəkəti də rayonda qanuni fəaliyyət göstərən vəkillərin fəaliyyətinə xələl gətirir. “Məhkəmədə nümayəndəlik” qüvvədə olduğu vaxtlarda o vətəndaşları aldadaraq onların adından etibarnamələr almaqla məhkəmələrə işə çıxmaqla bu çirkin oyunları oynamışdır. Hal-hazırda isə o, başqa üsullarla əhalini aldadaraq onlara qarşı dələduzluq edir. Onun məhkəmədə qaldırmış iddia ərizəsindəki bütün hallar saxtadır. Real vəziyyəti əks etdirmir və onun məqsədi ondan ibarətdir ki, nə olur-olsun təki ondan bir şey qoparsın. Ona görə də onun iddiası rədd edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 torpaq sahəsinin iddiaçıya icarəyə verildiyini, torpaq sahəsinin mülkiyyətçisinin özü olduğundan öz mülkiyyətində olan torpaq sahəsini satdığını bildirmişdir. O, eyni zamanda mübahisəli torpaq sahəsinin dəyərinin iddiaçı tərəfindən doğru müəyyən edilmədiyini və sahəsinin icarəyə verildiyi vaxtla indiki vaxtda dəyərlərinin fərqli olsa da hazırda həmin torpağın dəyərinin 8000 manat olmadığını qeyd etmişdir. O, etiraz ərizəsində qeyd etdiklərini bir daha təsdiq edərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İşin halları Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüuqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala Rayon Muxax kəndində yerləşən 0,5582 ha kənd təsərrüfatı təyinatlı torpaq sasəsinin mülkiyyətçisi Cavabdeh1dur. 16 avqust 2020-ci il tarixli sadə yazılı formada tərtib edilmiş torpaq sahəsinin alqısatqısı ilə əlaqədar müqavilədən görünür ki, satıcılar Cavabdeh1 və Cavabdeh2 ümumi istifadədə olan fındıq bağını 1398 kv.m sahə 22 topa sahəni razılaşdıqları 3000 manat müqabilində İddiaçı Ş. Oğluna satmışdırlar, İddiaçı torpaq sahəsini daimi mülkiyyətinə almaq üçün 3000 manat (1,70 kursla)1764 ABŞ dolları ödəyərək almışdır. Müqavilə satıcıların torpağı alıcının mülkiyyətinə keçirmək müddətinə qədər qüvvədədir. Satıcılar qısa torpaq sahələrini Dövlət Reyestrindən qeydiyyat çıxarış əldə edib notariat qaydada alqı-satqı əməliyyatlar aparacağına vəd verirlər. müddət ən gec 1 ay olacaq. Bunun üçün 3000 manat puldan 200 manatı alıcıya verəcək. Müqavilə şahidlər və tərflər tərəfindən imzalanmışdır. 16 avqust 2020-ci il tarixli sadə yazılı formada tərtib edilmiş torpaq sahəsinin alqısatqısı ilə əlaqədar müqavilədən görünür ki, satıcılar Cavabdeh1 və Cavabdeh2 3 nəfər ailə üzvünün hər birinə 0,22 ha pay torpağı norması ilə 0,66 ha pay torpağı 4000 manata İddiaçı satdılar və kursu 1,703 hesabı ilə 2350 ABŞ dolları nağd şəkildə alıcıdan aldılar. 15 aprel 2021-ci il tarixli izahatdan görünür ki, 0,1398 ha fındıq sahəsinin İddiaçı satışı zamanı 3000 manat nağd ödəniş, sənədlərin qeydiyyatı ilə əlaqədar reyestr xidmətinə 135 manat ödəniş, notariusda vərəsəlik şəhadətnaməsi üçün 41 manat nağd ödəniş və yenidən Reyestr xidmətindən çıxarışın əldə edilməsi üçün 66 manat pulu da İddiaçı ödəmişdir. Cəmi 3000 manat əvəzinə 322 manat, yəni 242 manat əlavə ödəniş, bundan başqa xeyli gediş-gəliş və s. əlavə xərclər çəkmişdir. Ona görə də o Cavabdeh1 242 manat fərqi və əlavə xərcləri İddiaçı ən geci 2 ay müddətinə ödəyəcəkdir. xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Zaqatala rayonu Muxax kəndində yerləşən **********66 olan torpaq sahəsi paylı mülkiyyətçilər Cavabdeh2, X2 Kamal İsa oğlu tərəfindən X5 1000 manat müqabilində satılmışdır. xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1398 ha torpaq sahəsi paylı mülkiyyətçilər Cavabdeh2, Cavabdeh1 tərəfindən X4 1500 manat müqabilində satılmışdır. xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Zaqatala rayonu Muxax kəndində yerləşən 0,5582 ha torpaq sahəsi paylı mülkiyyətçilər Cavabdeh2, X8 və Cavabdeh1 tərəfindən X1 3500 manat müqabilində satılmışdır. AZ-X3 Cəmiyyətinin xx.xx.2025-ci il tarixli qiymətləndirmə ilə bağlı rəydən görünür ki, Zaqatala rayonu Muxax kəndi inzibati ərazisində 0,5582 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2021-ci ildə dəyəri 7535 manat, 2022-ci ildə dəyəri 8090 manat, 2023-cü il ildə dəyəri 8260 manat, 2024-cü il tarixdə dəyəri 8480 manat, 2025-ci il ildə dəyəri 8800 manat olmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. 16-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.3-cü maddəsinə əsasən birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.1-ci maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətə irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2.-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında Zaqatala rayonu Muxax kəndində yerləşən cavabdehlərə və onların ailə üzvlərinə məxsus 1398 kv.m və 0,66 ha pay torpaq sahələrinə dair razılaşma olmuş və bu razılığa dair sadə yazılı formada 16 avqust 2020-ci il tarixdə müqavilələr bağlanmışdır. İddiaçı iddia edir ki, hər iki müqaviləyə əsasən cavabdehlər 3000 manat və 4000 manata torpaq sahələrini İddiaçı xeyrinə özgəninkiləşdirməyi qəbul etmişdirlər. Torpaq sahələrinin alqı-satqısına dair müqavilələr notarial qaydada təsdiq edilməmişdir. Həmin torpaq sahələri daha sonra onun mülkiyyətçiləri tərəfindən özgəninkiləşdirilmişdir. İddiaçı bununla bağlı ona maddi zərər dəyməsinə əsaslanaraq 8000 manat zərər pulu, 242 manat qalıq borc məbləğini cavabdehdən müştərək qaydada tutularaq ona ödənilməsini tələb etmişdir. Cavabdeh1 iddia tələbinə etiraz edərək iddiaçı tərəfindən ona 800 manat pulun və 242 manat əlavə xərclərin ödənildiyini, başqa ödənişlərin olmadığını bildirmiş və iddianın həmin hissədə təmin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iş materialında olan sübutlar iddia tələbinin qismən təmin olunması üçün əsas verir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni, dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Məhkəmə araşdırmasında müəyyən edilən hallardan görünür ki, cavabdehlər tərəfindən iddiaçıya 800 manat maddi zərər dəymişdir və 242 manat qalıq borc məbləği mövcuddur və buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, qalan hissədə rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 91,76 manat hissəsi iddiaçıya aid edilməli, qalan 11,84 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 357-362-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 800 manat məbləğində vurulmuş zərər, 242 manat qalıq borc məbləği və 11,84 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 91,76 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(033)-518/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-518/2025
08.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver