Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-547/2024 06.06.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Cəlilova Nuridə Əli qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə nikahlarından 10 iyul 2011-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 28 oktyabr 2022-ci il tarixli barışıq sazişinə əsasən razılaşdırılmış hər ay uşaq üçün 170 (bir yüz iyirmi) manat aliment məbləğinin artırılaraq hər ay uşaq üçün 235 (iki yüz otuz beş) manat müəyyən edilməsi və həmin məbləğin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahlarından 10 iyul 2011-ci il tarixdə X6 doğulmuşdur. Zaqatala Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli e-2(033)-189/2023 nömrəli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Eyni zamanda bildirir ki, məhkəməyə nikahın ləğvi ilə bağlı iddia ərizəsi verilməmişdən qabaq Şəki 1 saylı Mediasiya Təşkilatına nikahın ləğvi, uşağın ananın himayəsinə verilməsi, aliment tələbi və s. ilə ailə mübahisələri bağlı müraciət etmişdir. Cavabdehlə birgə iştirakları ilə 28 oktyabr 2022-ci il tarixdə mediasiya prosesi keçirilmişdir. Mediasiya prosesinin nəticəsində onların aralarına uşağın onun yanında qalması və 10 iyul 2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin məbləğinin müəyyən edilməsi məsələləri ilə əlaqədar 28 oktyabr 2022-ci il tarixdə barışıq sazişi bağlanmışdır. 28 oktyabr 2022-ci il tarixdə iştirakları ilə keçirilmiş mediasiya prosesində bağlanılmış Barışıq Sazişinə əsasən, cavabdehlə birgə nikah dövründə anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X5 18 yaşı tamam olana kimi onun himayəsinə verilməsinə və eyni zamanda xx.xx.2011-ci il tarixdə anadan olmuş X5 18 yaşı tamam olana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay, 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin Cavabdeh tərəfindən onun adına bankda açılan cari hesaba ödəniləcəyinə dair razılıq əldə etmişdilər. Hazırda bu məbləğ çox az olduğuna və uşağın ehtiyaclarını təmin etmədiyinə görə alimentin artırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Bildirir ki, uşağına tək başına baxır və eyni zamanda müəyyən edilmiş aliment məbləği uşağının təhsil xərclərinə, o cümlədən minimal ehtiyaclarının qarşılanmasına kifayət etmir. Cavabdeh isə bir ata kimi uşağına qayğı və diqqət göstərmir, uşağın böyüdülməsində maddi və mənəvi heç bir dəstəyi yoxdur. Cavabdehdən fərqli olaraq valideyn kimi övladının sağlamlığı, yüksək səviyyədə təhsil alması, dünya görüşünün formalaşması və təlim-tərbiyəsi onun üçün son dərəcə əhəmiyyət kəsb edir və imkan daxilində bütün bu xərcləri qarşılamağa çalışır. Ona görə də, 28 oktyabr 2022-ci il tarixdə iştirakımızla keçirilmiş mediasiya prosesində bağlanılmış Barışıq Sazişində müəyyən etdiyi 170 manat aliment hazırki vəziyyətdə uşağının böyüdülməsi, təhsil və digər xərcləri üçün kifayət etmir. Bununla bağlı olaraq əvvəlcə Mediasiya Şurasına aliment məbləğinin artırılması məsələsinin Mediasiyada həlli üçün müraciət etmişdir. Lakin xx.xx.2024-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında aralarında razılıq əldə olunmadığı üçün mediasiya prosesinin davam etdirilməməsi barədə qərar qəbul etmişlər. Buna görə də, məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı məlumatlandırılmasına baxmayaraq o məhkəmə iclasında iştirak etməmiş lakin ərizə ilə müraciət edərək iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o mediasiya sazişi əsasında 170 manat hər ay aliment ödəyir. Hər ay 485 manat maaş yazılsa da tutmalardan sonra əlinə çatan miqdar 408 manat təşkil edir. Gəlirində artım yoxdur. Birgə nikah dövründə götürdüyü krediti də tək ödəyir. İddianın rədd edilməsini xahiş edir. İşin halları Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 10 iyul 2011-ci ildə doğulmuşdur. Valideynləri Cavabdeh və X1. Cavabdeh ilə X3 arasında bağlanmış 28 oktyabr 2022-ci il tarixli Barışıq sazişinin 1.2-ci bəndindən görünür ki, X2 etibarnamə əsasında nümayəndəsi, vəkil X7 və Cavabdeh, mediasiyaya edilən alimentin təyin edilməsi tələbi ailə mübahisəsi ilə əlaqədar, uşaqları xx.xx.2011-ci il tarixdə anadan olmuş X5 18 yaşı tamam olana kimi saxlanılması üçün, xx.xx.2022-ci il tarixdən hesablanmaqla hər ay, 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin Cavabdeh X2 bankda açılan çari hesabına ödəyəcəyinə razılğa gəlmişdirlər. Zaqatala Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2(033)-189/2023 qətnaməsindən görünür ki, iddia təmin edilmiş iddiaçı X3 ilə Cavabdeh arasında 14 noyabr 2008-ci il tarixdə Zaqatala rayonu qeydiyyat Şöbəsində bağlanmış, 308 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş 28 mart 2024-cüi il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh alimentin artırılması mübahisəsi üzrə ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 10 manat məbləğində dəftərxana xərci birtərəfli qaydada ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1 -ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndində göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları 10 iyul 2011-ci il tarixdə doğulmuş X6 iddiaçının himayəsindədir və o uşağın saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı bir uşağa görə 170 manat miqdarında aliment məbləği ilə ödənilə bilməməsini və həmin aliment miqdarı uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmasını bildirərək həmin alimentin artırılmasını tələb edir. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, tərəflərin nikahından 10 iyul 2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 28 oktyabr 2022-ci il tarixli barışıq sazişinə əsasən, Cavabdeh İddiaçı xeyrinə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı tərəflər arasında razılıq əldə ediləndən indiyədək keçən müddət ərzində istər iddiaçının, istərsə də cavabdehin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin hazırkı ailə və maddi vəziyyəti təyin edilmiş alimentin miqdarının artırılmasına imkan vermir. Bundan əlavə, qanunun tələbinə görə uşaqların maddi təminatında hər iki valideyn eyni vəzifələr daşıyır. Bu baxımdam uşağın saxlanılması ilə bağlı bütün xərcləri və ya həmin xərclərin əhəmiyyətli hissəsinin valideynlərdən birinin yəni, atanın üzərinə qoyulması yolverilməzdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. İddiaçı tərəfindən ödənilmiş ilkin mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş ilkin mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-547/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-547/2024
06.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver