Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-553/2023 06.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi İddiaçı X1 və onun vəkil X6 Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı X5 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(033)-631/2020 saylı qətnaməsinə əsasən 01 sentyabr 2007-ci il tarixdə doğulmuş X13, 30 may 2009-cu il tarixdə doğulmuş X14 və 01 dekabr 2017-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə tutulan hər ay bir uşaq üçün 136 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 250 manat sabit pul məbləğinin və 50 manat ödədiyi mediasiya xərcinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zaqatala rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(033)-631/2020 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 136 ( bir yüz otuz altı) manat olmaqla 3 uşağa görə cəmi 408 manat alimentin tutularaq mənə ödənilməsi qət edilmişdir. Hal-hazırda böyük qızı Ayla Şərifovanın 15 yaşı tamam olmuşdur. Kiçik qızı Alsu Şərifova 14 yaşındadır. X20 isə 5 yaşındadır. Zaqatala rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə kifayət etmir. Övladlarının xərcləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün minimum 220 (iki yüz iyirmi) manat müəyyən edilmişdir. Uşaqların bütün qayğısı və ehtiyacı tamamilə onun tərəfindən çəkilir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Həmçinin özü də hal-hazırda işləmir Buna görə də görə “alimentin artırılması tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh 09 may 2023-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, iddiaçının iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir: 1. İddiaçının iddia tələbi məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi ilə bağlıdır və bu tələbin maddi hüquqi əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Hazırki iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində deyilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddia tələbinin hüquqi əsasını təşkil edən Ailə Məcəlləsinin 112.1ci maddəsinin müddəalarını təhlil etdikdə görünür ki, qanun məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılması üçün zəruri olan aşağıdakı dispozisiya şərtlərini müəyyən etmişdir: 1. Аliment ödənilməsi barədə saziş olmaması; 2. Məhkəmə tərəfindən alimentin miqdarının artıq müəyyən olunması; 3. Aliment tutulması barədə qətnamə çıxarıldıqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması; 4. Alimentin miqdarının dəyişdirilməsi barədə tərəflərdən birinin ərizəsinin olması. Bu şərtlərin hər hansı birinin mövcud olmaması alimentin artırılması barədə iddianın rədd olunması üçün əsasdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, sadalanan dispozisiya şərtlərinin üçüncüsünü sübuta yetirən heç bir dəlil iddia ərizəsinə əlavə edilməmişdir. Dolayısıyla həmin şərt mövcud deyildir. Hansı ki, «tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması» alimentin miqdarının artırılmasına əsas verən başlıca hüquqi faktdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli qərarının 8.13-cü bəndində də göstərmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı isə məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Alimentin müəyyən olunduğu məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan, yəni 28 noyabr 2020-ci il tarixdən sonra onun maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Adına heç bir əmlak, gəlir yeri yoxdur. Əksinə etiraza əlavə etdiyi Dövlət Məşğulluq Xidmətindən verilmiş arayışdan görünür ki, o işsizdir və əlavə qazanc mənbəyi yoxdur. İddiaçının aliment müəyyən edildiyi vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumunun artırılaraq 2023-cü il üçün 220 manat müəyyən edilməsi barədə dəlili iddianın təmin olunması üçün yetərli dəlil deyildir. Çünki Ailə Məcəlləsinin 112.1-ci maddəsində alimentin dəyişdirilməsi üçün bu cür əsas müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Göründüyü kimi, iddiaçının iddiasının heç bir hüquqi və qanuni əsası yoxdur. Ona görə də, iddiaçının mənə qarşı “alimentin artırılması” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, cavabdeh onun oğludur. İddiaçı iki il onlarda yaşadığı müddətdə də oğlundan aliment tələb etmişdir. 2022-ci ilin avqust ayından oğlu iddiaçıya hər ay aliment ödəyir. Oğlu işləyib pul qazanmaq üçün Bakı şəhərinə getmişdir. Onun hazırda 10 000 manat borcu vardır və iddiaçının tələb etdiyi alimenti ödəmək iqtidarında deyildir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İşin halları İş materiallarına əlavə edilmiş Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2(033)-631/2020 saylı qətnamənin surətindən görünür ki, X5 ilə Cavabdeh arasında bağlanmış 18 mart 2008-ci il tarixli nikah qeydinin pozulması, tərəflərin birgə nikahından 01 sentyabr 2007-ci il tarixdə anadan olmuş X8, 30 may 2009-cu il tarixdə anadan olmuş X9 və 01 dekabr 2017-ci il tarixdə anadan olmuş X7 anaları X1 himayəsində saxlanılması, tərəflərin birgə nikahından 01 sentyabr 2007-ci il tarixdə anadan olmuş X13, 30 may 2009-cu il tarixdə anadan olmuş X14 və 01 dekabr 2017-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün 04 iyun 2020-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 136 manat olmaqla, cəmi 408 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X1 xeyrinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X11 01 dekabr 2017-ci ildə, X14 30 may 2009-cu ildə və X13 01 sentyabr 2007-ci ildə doğulmuşlar. Valideynləri ataları Cavabdeh və anaları X2r. İş materiallarına əlavə edilmiş 13 aprel 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. X5 ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1 -ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndində göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları 01 sentyabr 2007-ci il tarixdə doğulmuş X13, 30 may 2009-cu il tarixdə doğulmuş X14 və 01 dekabr 2017-ci il tarixdə doğulmuş X11 iddiaçının himayəsindədir və uşaqların saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı hər uşağa görə 136 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir və həmin aliment miqdarı uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Bundan başqa, həmin aliment miqdarı məhkəmə tərəfindən 2020-ci ildə, yəni uşaqlar 3, 11 və 13 yaşda olarkən təyin edilmişdir. Hazırda isə uşaqlar 6, 14 və 16 yaşdadırlar və ötən müddət ərzində uşaqların artan tələbatındakı dəyişiklik, o cümlədən onların geyimi, qidalanması kimi xərcləri də özündə ehtiva edən əlavə zəruri məsrəfləri yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə uşaqların saxlanması üçün artan tələbatının cavabdeh tərəfindən hər uşağa ödənilən 136 manat məbləğində alimentlə ödənilə bilməməsi barədə iddiaçının arqumentləri ilə razılaşır və hesab edir ki, aliment məbləğinin hər uşağa 180 manata artırılması uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətedici hesab edilə bilər. Alimentin hesablanması vaxtı ilə bağlı məhkəmə qeyd edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh alınaraq 01 sentyabr 2007-ci il tarixdə doğulmuş X13, 30 may 2009-cu il tarixdə doğulmuş X14 və 01 dekabr 2017-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 28 oktyabr 2020-ci il tarixli 2(033)-631/2020 saylı qətnaməsi ilə iddiaçı X3 verilən alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 180 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh 35,84 (540-408=132x12=1584 manat) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiyaya dair xərc tutularaq iddiaçı X3 verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(033)-631/2020 saylı qətnaməsi əsasında Cavabdeh X1 xeyrinə 01 sentyabr 2007-ci il tarixdə doğulmuş X13, 30 may 2009-cu il tarixdə doğulmuş X14 və 01 dekabr 2017-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində tutulan 136 (bir yüz otuz altı) manat miqdarda alimentin məbləği artırılsın. 01 sentyabr 2007-ci il tarixdə doğulmuş X13, 30 may 2009-cu il tarixdə doğulmuş X14 və 01 dekabr 2017-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşaq üçün 180(bir yüz səksən) manat, cəmi 540 (beş yüz qırx) manat miqdarında sabit pul məbləğində aliment və 50 (əlli) manat məbləğində mediasiyaya dair xərc tutularaq iddiaçı X3 verilsin. Cavabdeh 35,84 (otuz beş manat səksən dörd qəpik) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-553/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-553/2023
06.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver