Məhkəmə qərarları › İş №e-2(033)-601/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-601/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-601/2025 01.07.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 Əli qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi və dəlilləri: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ümumi olaraq 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödədiyi 45 (qırx beş) manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan 10 fevral 2020-ci il tarixdə 500 (beş yüz) manat, 10 avqust 2021-ci il tarixdə isə 2000 (iki min) manat borc pul götürmüşdür. Cavabdeh həmin tarixlərdə yazılı kağız imzalayaraq borclarını etiraf etmişdir. Cavabdehlə aralarında olan yazılı razılığa əsasən öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətlərin sonuncu günü cavabdehə zəng edərək öhdəliyinin icra edilməsini xatırlatmağına baxmayaraq cavabdeh bugünədək borclarını qaytarmamışdır. Ona dəfələrlə müraciət edərək borclarının qaytarılmasını tələb etsə də o, borcunu qaytarmamışdır. Cavabdeh borcun etiraf edilməsini təsdiq edən onun tərəfindən şəxsən imzalanmış yazılı sənədlər vermişdir. Cavabdeh tərəfindən imzalanmış 10 fevral 2020-ci il tarixli və 10 avqust 2021-ci il tarixli yazılı razılıqlara əsasən borcunu təxminən 2 ay sonra qaytarmağı öz öhdəsinə götürmüşdür. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, cavabdehə 10 fevral 2020-ci il tarixdə 500 manat, 10 avqust 2021-ci il tarixdə isə 2000 manat borc pul vermişdir. O, iddia tələbində cavabdehdən 2500 manat pulun alınmasını tələb etsə də, 2024-cü ilin dekabr ayında güya cavabdeh götürdüyü puldan 500 manat pulu ona qaytarmışdır. Lakin cavabdeh tərəfindən ona 500 manat pulun qaytarılması barədə hər hansı bir sənəd təqdim edilməmişdir. O, pulu iddiaçının özünə vermişdir və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, o, iddiaçıdan borc pul götürməmişdir, iddiaçı pulu ona faiz müqabilində vermişdir. Həmin pulu iddiaçı qardaşına vermiş və qardaşı da anasına məxsus qızıl boyunbağını İddiaçı girov qoymuşdur. Boyunbağ atasından xatirə olduğu üçün o, anasına söz vermişdir ki, həmin boyunbağını ona qaytaracaqdır. Buna görə o, bir dəfə 500 manat borcun və bir dəfə də, 2000 manat iddiaçıya borcu olmasına dair əlyazma yazaraq, borcu eiraf etmiş və qaytaracağı tarixi ərizəsində qeyd etmişdir. Qəbzləri yazdıqdan sonra iddiaçı boyunbağını anasına qaytarmışdır. Anası ona bildirmişdir ki, borcu iddiaçıya qaytaracaqdır. Borc iddiaçıya qaytarılsa da həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Onlar borcu qaytardıqdan sonra aralarında etibar olduğu üçün qəbzləri cırmamışlar. İddiaçı iddia müddətini ötürmüşdür və buna görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Bununla bağlı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirdi ki, cavabdeh onun oğludur. 2020-ci ildə o, iddiaçıya 2000 manat pula görə 20 qram çəkidə qızıl boyunbağını vermiş və həmin ildə həmin boyunbağını iddiaçıdan geri götürəsi olmuşdur. Onlar 700 manat pulu iddiaçıya qaytarmışlar. Qalan pulu isə faizi ilə 2 aya iddiaçıya qaytarmışdır. İddiaçı tərəfindən verilmiş pul tam qaytarılmışdır və hazırda oğlunun iddiaçıya heç bir borcu yoxdur. Yazılı sübutlar Cavabdeh tərəfindən 10 fevral 2020-ci ildə imzalanmış əlyazmasından görünür ki, o, İddiaçı iki ay müddətinə 500 manat pul götürmüşdür. Cavabdeh tərəfindən 10 avqust 2021-ci ildə imzalanmış əlyazmasından görünür ki, o, İddiaçı bir ay müddətinə 2000 manat pul götürmüşdür. 24 fevral 2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 45 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsindən görünür ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. Həmin iddia müddətləri Mülki Məcəllənin 7-ci maddəsinin müddəaları nəzərə alınmaqla bundan əvvəl əmələ gəlmiş hüquq münasibətlərindən irəli gələn tələblərə də tətbiq oluna bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). İddia müddətinin ötürülməsinə dair cavabdehin ərizəsi olmadığı halda proses iştirakçıları bütün prosessual hüquqlardan, o cümlədən maddi anlamda iddia hüququndan istifadə edirlər. Cavabdeh isə passiv müdafiədən, konkret olaraq ya müddətin ötürülməsinə dair ərizədən, yaxud iddiaya etirazdan istifadə edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı həmçinin aşağıdakıları da qeyd etmişdir: “Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2. və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Cavabdeh İddiaçı 10 fevral 2020-ci il tarixdə 500 manat pulu bir ay müddətinə, 10 avqust 2021-ci il tarixdə isə 2000 manat pulu iki ay müddətinə qaytarmaq şərti ilə cavabdehə borc olaraq vermiş və cavabdeh iddiaçıya həmin borcun olması barədə əlyazmaları imzalayaraq iddiaçıya vermişdir. Cavabdeh iddiaçıya verdiyi əlyazmalara əsasən öhdəliyini lazımınca icra etməmiş, nəticədə əsas borc üzrə 2500 manat ödənilməmiş qalmışdır. Tərəflər arasında bağlanmış 500 manat məbləğinə görə müqavilə üzrə öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət 10 mart 2023-cü ildə, 2000 manat borc məbləğinə görə isə müddət 10 oktyabr 2024-cü il tarixdə bitsə də, iddiaçı hazırki iddia ərizəsi ilə 25 fevral 2025-ci il tarixdə, iddia müddətini keçirdikdən sonra müraciət etmişdir. Cavabdeh iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir. Məhkəmə qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə müraciət edənədək iddia müddətini keçirildiyindən və cavabdeh iddia müddətinin tətbiq edilməsini хahiş etdiyindən, İddiaçı Cavabdeh qarşı cavabdehdən ümumi olaraq 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə iddiası rədd edilməlidir. Həmçinin, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 45 manat onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən ümumi olaraq 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar