Məhkəmə qərarları › İş №e-2(033)-603/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-603/2024

12.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-603/2024 12.06.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 12 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-441/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılmasına, xx.xx.2011-ci il tarixdə doğulmuş X1 və xx.xx.2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün, Azərbaycan Respublikası Zaqatala rayonu, Faldar kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin ödənilməsinə, mediatra ödənilmiş 60 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun cavabdeh ilə birgə nikahından xx.xx.2011-ci il tarixdə “Aynişan” və xx.xx.2018-ci il tarixdə “Zübeydə” adlı övladları doğulmuşdur. Onun cavabdehlə olan nikahı pozulmuş, uşaqların saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-441/2021 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment qət edilmişdir. Məhkəmə qərarı ilə təyin olunmuş aliment hal-hazırki tələblərə cavab vermir. Qeyd etmək istəyir ki, cavabdehin maddi imkanı yaxşıdır, yəni aliment ödəmək üçün kifayət qədər gəliri və imkanı vardır. Bütün bunlar onu deməyə əsas verir ki, o, uşaqların hərəsinə hər ay 235 manat aliment verə bilmək iqtidarındadır. Ona görə də alimentin artırılması üçün yenidən məhkəməyə müraciət edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, hal-hazırda ödənilən aliment məbləği uşaqların ehtiyaclarını qarşılamağa kifayət etmir, belə ki, uşaqlarından biri 6-cı sinifdə təhsil alır, digərinin isə beş yaşı vardır və hazırlığa gedir, həmçinin xəstədir. Cavabdeh isə ümumiyyətlə uşaqlarla maraqlanmır. O, özü uşaqlarının balaca olması səbəbindən işləyə bilmir. Cavabdeh isə dövlətdən maaş alır, həmçinin sosial yardım alır, təsərrüfatla da məşğul olur. Eyni zamanda cavabdehin 1693 manat məbləğində aliment borcu yaranmışdır. Aliment məbləğinin artırılmasını tələb edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, hal-hazırda bir uşaq üçün 180 manat olmaqla ümumilikdə 360 manat aliment ödəyir. Həmçinin o yenidən ailə həyatı qurmuş və həmin nikahdan bir övladı dünyaya gəlmişdir, yəni xərcləri artmış, lakin gəliri dəyişməmişdir. Belə ki, məktəbdə işləyir və 310 manat əmək haqqı alır, həmçinin 345 manat sosial yardım alır, lakin qeyd edilən məbləğlər alimenti, yaranmış aliment borcunu və digər övladının xərclərini qarşılamaq üçün kifayət etmir. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. İşin halları İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Qeydiyyat Şöbəsində qeyd edilən 10 iyun 2021-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında bağlanmış nikah pozulmuş, nikahın pozulması haqqında akt qeydləri kitabında 71 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qanına Şabanova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Zaqatala RİHB-ın Faldarlı kənd İƏD üzrə nümayəndəliyində qeyd edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, 22 dekabr 2011-ci il tarixdə doğulmuş X4 və 20 iyul 2018-ci il tarixdə doğulmuş X2 valideynləri X7 və Cavabdehdur. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, e-2(033)-477/2023 saylı qətnamənin surətindən görünür ki, iddia qismən təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(033)-441/2021 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 22 dekabr 2011-ci il tarixdə doğulmuş X4 və 20 iyul 2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində tutulan 140 (bir yüz qırx) manat miqdarda alimentin məbləğinin artırılması, 22 dekabr 2011-ci il tarixdə doğulmuş X4 və 20 iyul 2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat miqdarında sabit pul məbləğində aliment, 50 (əlli) manat məbləğində mediasiyaya dair xərc və 50 (əlli) manat vəkilə ödənilmiş xidmət haqqının tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 (otuz manat) manat dövlət rüsumunun tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 15 aprel 2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın surətindən görünür ki, İddiaçı və Cavabdeh İMS-dən sonra mediasiya prosesinin davam etdirilə bilməməsi barədə qərar qəbul etmişdirlər. 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci və 10 (on) manat məbləğində dəftərxana və kargüzarlıq xərcini İddiaçı birtərəfli qaydada ödəmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Qeydiyyat Şöbəsində qeyd edilən 03 may 2023-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 arasında nikah 03 may 2023-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 101 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov arvada Məmmədova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Qeydiyyat Şöbəsində qeyd edilən 02 avqust 2023-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 22 iyul 2023-cü il tarixdə doğulmuş X5 atası Cavabdeh, anası X3r. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh Şəki-Zaqatala Regional Təhsil idarəsində dalandar vəifəsində işləyir, 374 manat məbləğində əmək haqqı alır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1 -ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 76.2-ci maddəsinə əsasən təyin edilmiş alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında müəyyən oldu ki, tərəflərin birgə nikahlarından 22 dekabr 2011-ci il tarixdə X4 və 20 iyul 2018-ci il tarixdə X6 adlı övladları anadan olmuşdur. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(033)-477/2023 nömrəli qətnaməsi ilə Cavabdeh 22 dekabr 2011-ci il təvəllüdlü X1 və 20 iyul 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin verilməsi qət edilmişdir. Uşaqlar iddiaçının himayəsindədir. İddiaçı hazırda yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün qət edilmiş aliment məbləği ilə himayəsində olan uşaqların tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək iddianı müdafiə edir. Cavabdeh isə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İlk olaraq məhkəmə qeyd edir ki, alimentin artırılmasının hüquqi əsasları Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, qanun əvvəl müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) konkret əsaslarını müəyyən etmişdir. Bu əsaslar tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə şərtləndirilmişdir. Ailə vəziyyətində dəyişikliyin olması dedikdə, tərəflərdən birinin yeni nikaha daxil olması, ailədə yeni uşağın doğulması, aliment ödənilən uşağın yetkinlik yaşına çatması və s., maddi vəziyyətində dəyişiklik olması dedikdə isə, tərəflərdən birinin əvvəlki gəlirlərinin artması, xərclərinin artması və s. kimi başa düşülə bilər. İşin hallarından göründüyü kimi iddiaçı müxtəlif illərdə aliment miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir, sonuncu dəfə Zaqatala Rayon Məhkəməsini xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən uşaqların saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat məbləğində müəyyən edilmişdir. İddiaçı həmin qətnamənin çıxarılmasından təxminən 11 aya yaxın müddət keçdikdən sonra alimentin məbləğinin artırılması barədə yenidən iddia ərizəsi ilə müəraciət emtiş, iddiaçı tələbini uşaqların ehtiyaclarının artması eyni zamanda uşaqlar üçün yaşayış minimumunun artması ilə əsaslandırmış, lakin əvvəlki məhkəmə qətnaməsinin qəbul edildiyi tarixdən sonra onun, yaxud cavabdehin maddi vəziyyətində (məsələn, gəlirlərinin artması) hansı dəyişikliklərin olması, özünün, yaxud himayəsində olan uşaqların xərclərinin artması, özünün maddi vəziyyətinin pisləşməsi və s. hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, mülki iş materiallarına əlavə edilmiş sənədlərdən də görünüdüyü kimi Zaqatala Rayon Məhkəməsini xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehdən tutulan alimentin məbləği artırılarkən iddiaçının ailə vəziyyəti, yəni onun yenidən nikaha daxil olması kimi işin halları nəzərə alınmış, həmçinin qətnamə qəbul edildikdən sonra cavabdehin ikinci nikahından da övladı anadan olmuşdur. Yəni cavabdehin ailə vəziyyəti dəyişmişdir. Tərəflərin maddi vəziyyətləri ilə bağlı məhkəmə qeyd edir ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatla müəyyən edilmişdir ki, Cavabdeh Şəki- Zaqatala Regional Təhsil idarəsində dalandar vəifəsində işləyir və onun aylıq əmək haqqı 374 manat təşkil edir. Göründüyü kimi, sonuncu məhkəmə qətnaməsi qəbul edildikdən sonra, cavabdehin maddi vəziyyətində hər hansı dəyişiklik olmamış, iddiaçı da cavabdehin əlavə gəlirə malik olması, əlavə qazancının olması barədə məhkəməyə əlavə sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddianın təmin olunması cavabdeh əlverişsiz maddi vəziyyətə sala bilər ki, bu da ilk növbədə onun himayəsində olan tərəflərin birgə nikahından doğulmuş digər övladının mənafeyinə zidd olar, eyni zamanda cavabdehi daha da ağır maddi çətinliyə sala bilər. Məhkəmə qeyd edir ki, maddi və ailə vəziyyəti imkan vermədiyi halda yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimenti ödəmək öhdəliyinin yalnız uşaq yanında qalmayan valideynin üzərinə qoyulması Ailə Məcəlləsinin 56.1-ci maddəsinin də tələbinə zidd olardı. Həmin müddəada deyilir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələr malikdirdirlər. Məhkəmə, həmçinin iddiaçının 2024-cü il üçün uşaqlar üçün ölkə üzrə yaşayış minimumunun 235 manat məbləğində olmasına görə alimentin artırılması barədə dəlili ilə bağlı qeyd edir ki, uşaqlar üçün ölkə üzrə yaşayış minimumunun qanunla müəyyən edilməsi, işin digər halları nəzərə alınmadan, alimentin artırılmasına əsas verə bilməz. Belə ki, yaşayış minimumunun müəyyən edilməsinin məqsədi ölkə üzrə yaşayış səviyyəsi meyarının müəyyənləşdirilməsi, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq aşağı yaşayış səviyyəsinin artırılmasının prinsip və qaydalarının müəyyən edilməsindən ibarətdir. Ona görə də, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artırılması alimentin müəyyən edilmiş əvvəlki məbləğinin artırılması üçün mütləq şərt hesab edilə bilməz. Alimentin məbləğinin artırılmasının yeganə hüquqi əsası isə AM-nin 112.1-ci maddəsində göstərilmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər əsasında hazırkı iddia üzrə alimentin məbləğinin artırılması üçün hər hansı əsaslar mövcud deyildir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 60 manat mediasiya xərci İddiaçı özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərci onu özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar