Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-606/2024 12.06.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 12 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, onunla sabiq həyat yoldaşı Cavabdeh birgə nikahından olan övladları xx.xx.2018ci il təvəllüdlü X1 üçün sabit, 235 manat məbləğində alimentin hər ay vaxtlı vaxtında və 60 (altmış) manat Mediasiya xərcinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, keçmiş həyat yoldaşı Cavabdeh qarşı azyaşlı övladlarının saxlanılması üçün alimentin məbləğinin artırılması tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edir. Qeyd edir ki, cavabdehlə faktiki ayrıldıqdan sonra o, həmin vaxtdan bu günə kimi övladına heç bir mənəvi qayğı göstərmir. Bir ata kimi üzərinə düşən heç bir atalıq vəzifəsinin məsuliyyətini dərk etmir. Zaqatala Rayon Məhkəməsi tərəfindən təyin olunan uşağın saxlanması üçün alimenti belə ödəməyi könüllü sürətdə həyata keçirmir. Ödənişlər dəfələrlə mübahisəli vəziyyət aldığından hüquqi qaydada ödətdirilmişdir. Bildirir ki, az yaşlı övlad artıq böyüyür və onun təlabatları günügündən artır. Övladı onun maddi və mənəvi dəstəyi ilə böyüyür. Günün tələblərinə cavab verən atmosferada övladını böyüdə, ehtiyaclarını qarşlamaqda çətinlik çəkir. Birgə nikah dövründə cavabdehlə onun xx.xx.2018-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Cavabdehlə birgə nikahları Zaqatala Rayon Məhkəməsi tərəfindən 2020-ci ilin iyul ayının 21-də rəsmi qaydada pozulmuş və uşağın saxlanması üçün 140 (bir yüz qırx) manat aliment təyin edilmişdir. Cavabdehlə ayrıldıqları gündən qızı onun himayəsindədir və azyaşlı övladı yalnız onun maddi və mənəvi dəstəyi ilə böyüyür. Bu günə kimi uşağının səhhəti, sağlamlığı, sosial və məişət problemlərini yalnız, təkbaşına həyata keçirmişdir. Cavabdeh yalnız indiyə qədər olan minimumdan da aşağı səviyyədə təyin edilən alimenti belə ödəməkdə çətinlik çəkib. Uşağını təkbaşına saxlamaq günün tələblərinə əsasən onun üçün maddi cəhətdən çətindir. İlkin Mediasiya arayışından da göründüyü kimi cavabdeh övladına könüllü maddi yardım etmək niyyətində deyil. Ümumiyyətlə Mediasiya prossesində iştirak belə etməmişdir. Nəzərə alınmalıdır ki, ölkədə 2024-cü il üçün yaşayış minimumu hər uşaq üçün 235 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda Mediasiya üçün ödənilmiş 60 (altmış) manat Mediasiya xərcinin cavabdehdən tutulması labüddür. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh 10 may 2024-cü il tarixdə məhkəməyə daxil olmuş etiraz ərizədən görünür ki, iddia ilə tanış olmuşdur və iddia tələbinin qəbul etmir. O Zaqatala rayonu Çökək kəndində yaşayır, şəhid ailəsidir, özü vətən müharibəsində iştirak etmişdir, qazidir, təsərrüfatla məşğul olmaqla dolanır, heç yerdə işləmir, xəstədir, onurğasında problemlər var. O ağır fiziki işlə məşğul ola bilmir. Qeyd etmək istəyir ki, o aliment ödəməkdən boyun qaçırmır, lakin onun maddi imkanının yaxşı olmaması iddia ərizəsində göstərilən alimentin ödənilməsinə imkan vermir. O hər ya 100 manatdan çox aliment ödəyə bilmir. Ona görə də xahiş edir ki, İddiaçı ilə birgə nikahlarından xx.xx.2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat məbləğində aliment təyin edilsin. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, övladı artıq məktəbə başlamışdır və o özü təkbaşına uşağın ehtiyaclarını qarşılamaqda çətinlik çəkir. Belə ki, daimi iş yeri yoxdur, nə zaman iş olarsa, o zaman işləyir. Həmçinin xəstədir, qardaşının isə öz ailəsi var və ona köməklik edə bilmir, anası pensiya almır. Uşağın isə təhsil, geyim, sağlamlı xərcləri daim artır. Odur ki, alimentin təyin edilmiş məbləğinin artırılmasını xahiş edir. Məhkəmə iclası zamanı Cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, hal-hazırda işsizdir və maddi imkanı yoxdur. Eyni zamanda vətən müharibəsində iştirak etmişdir və iki medalı vardır. Göstərilənlərin nəzərə alınmasını və aliment məbləğinin 150-160 manat miqdarında artırılmasını xahiş edir. İşin halları İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Qeydiyyat Şöbəsində qeyd edilən 14 sentyabr 2018-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 24 avqust 2018-ci il tarixdə anadan olmuş X2 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Qeydiyyat Şöbəsində qeyd edilən 21 iyul 2020-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 97 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Eminov, qadına Dibirova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-492/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək İddiaçı ilə Cavabdeh arasında olan Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Göyəm kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində qeyd edilmiş 04 may 2018-ci il tarixli 04 nömrəli nikahın pozulması, tərəflərin uşaqları olan-24 avqust 2018-ci il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılması, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 20 (iyirmi) manatın özünə aid edilməsi, 24 avqust 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün sabit pul məbləğində 140 (bir yüz qırx) manat aliment tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin 12 mart 2020-ci il tarixdən hesablanması, iddiaçı Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın surətindən görünür ki, İddiaçı və Cavabdeh İMS-dən sonra mediasiya prosesinin davam etdirilə bilməməsi barədə qərar qəbul etmişdirlər. 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci və 10 (on) manat məbləğində dəftərxana və kargüzarlıq xərcini İddiaçı birtərəfli qaydada ödəmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Vətən Müharibəsi X5 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş 71667 saylı vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Vətən Müharibəsi X3 Zaqatala rayon Şöbəsində üzv kimi qeydiyyatdadır. Vəsiqə xx.xx.2028-ci il tarixədək etibarlıdır. İş materiallarına əlavə edilmiş İ-22723 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş İ-7627 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş N.Tusi adına Klinika tərəfində verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh barəsində Th11-Th12 intervertebral diskin degenerasiyası və arxa sağ tərəfli paramedian sekvestrlaşmış infradiskal yırtığı, L3-L4 intervertebral diskin degenerasiyası və fibroz hələsinin arxa fraqmentin qabarması diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 22 iyul 2020-ci il tarixdə verilmiş **********298400 saylı arayışdan görünür ki, Cavabdeh vergi orqanlarına təqdim etdiyi arayışa əsasən sahibkarlıq fəaliyyəti müvəqqəti olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılması vergi orqanının məlumat bazasında qeydə alınmışdır. Hal-hazırda fəaliyyəti passivdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1 -ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Rеspublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət оrqanları, bütün fiziki və hüquqi şəхslər öz fəaliyyətində uşaqların mənafеlərini üstün tutmalı, оnların hüquqlarının təmin оlunmasına şərait yaratmalıdır. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Rеspublikası Qanunvеriciliyi ilə müəyyən еdilmiş minimum dоlanacaq хərclərindən az оlmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndində göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları olan 24 avqust 2018-ci il təvəllüdlü X4 iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı bir uşağa görə 140 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir və həmin aliment miqdarı uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Bundan başqa, həmin aliment miqdarı məhkəmə tərəfindən 2020-ci ildə, yəni uşaq 1 yaş 8 aylıq olarkən təyin edilmişdir. Hazırda isə uşaq 5 yaşındadır və ötən müddət ərzində uşağın artan tələbatındakı dəyişiklik, o cümlədən onun geyimi, qidalanması və təhsili kimi xərcləri də özündə ehtiva edən əlavə zəruri məsrəfləri yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə uşağın saxlanması üçün artan tələbatının cavabdeh tərəfindən ödənilən 140 manat məbləğində alimentlə ödənilə bilməməsi barədə iddiaçının arqumentləri ilə razılaşır və hesab edir ki, aliment məbləğinin bir uşağa 180 manata artırılması uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətedici hesab edilə bilər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddianın tam həcmdə təmin olunması işin hazırki vəziyyətində cavabdehin maddi durumunu əlverişsiz vəziyyətə sala bilər, belə ki, o, müharibə iştirakçısı olduğuna görə səhhəti ilə əlaqədar ağır fiziki işlə məşğul ola bilmir. Alimentin hesablanması vaxtı ilə bağlı məhkəmə qeyd edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh alınaraq 24 avqust 2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli, 2(033)- 492/2020 saylı qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün sabit pul məbləğində 180 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh 30 (180-140=40x12=480 manat) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaitini tələb etdiyindən həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli 2(033)-492/2020 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 24 avqust 2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində tutulan 140 (bir yüz qırx) manat miqdarda alimentin məbləği artırılsın. 24 avqust 2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay bir uşaq üçün 180 (bir yüz səksən) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-606/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-606/2024
12.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver