Məhkəmə qərarları › İş №e-2(033)-608/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-608/2022

23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-608/2022 23.08.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Eminova (Ömərova) Ləman Cuma qızına qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - "xxxx" QSC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə cavabdeh Eminova (Ömərova) Ləman Cuma qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 019A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh Eminova (Ömərova) Ləman Cuma qızından İddiaçı QSC-nin xeyrinə 2560,37 manat məbləğində kredit borcu, 485,40 manat məbləğində faiz borcu və 938,36 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3984,13 manat məbləğində borcun və ödənilmiş 59,84 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Eminova (Ömərova) Ləman Cuma qızı İddiaçı QSC ilə xx.xx.2020-ci il tarixdə bağladığı 019A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.9583% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3700 (üç min yeddi yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1139.63 manat ödəniş etmiş və onun iddiaçıya 2560.37 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 359 gün üçün hesablanmış faiz borcu 485.40 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 359 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 938,36 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Mülki iş üzrə tərəflər məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi X2 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Eminova (Ömərova) Ləman Cuma qızı isə məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşin halları Cavabdeh X6 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 019A********** saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən həmin cavabdehə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9583 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3700 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinın 1.2-ci bəndinə görə kredit alan bu kredit müqaviləsinın ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına əsasən, razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinın 2.4-cü bəndinə əsasən, faiz qaytarmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinın 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin kredit müqaviləsinın 4.2 və 4.2.3-cü bəndlərinə əsasən, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faiz məbləğində cərimə ödəməlidir. 03 fevral 2020-ci il tarixli kredit verilməsi-köçürmə haqqında çıxarışdan görünür ki, İddiaçı QSC tərəfindən cavabdeh X4 3700 manat kredit verilmişdir. Cavabdehə ünvanlanmış xəbərdarlıq məktublarının surətindən görünür ki, iddiaçı cavabdehdən kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini, yəni borcun qaytarılmasını tələb etmişdir. İddiaçının xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli 019A********** saylı kredit müqaviləsinə əsasən cavabdeh X3 xx.xx.2022-ci il tarixə iddiaçıya 2560,37 manat əsas kredit borcu, 485,40 manat kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 938,36 manat cərimə olmaqla, cəmi 3984,13 manat kredit borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarı Borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd edilmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirilməklə yerinə yetirməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, İddiaçı QSC ilə cavabdeh Eminova (Ömərova) Ləman Cuma qızı arasında bağlanmış 03 fevral 2020-ci il tarixli 019A********** saylı kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 1,9583 faiz olmaqla 36 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarılmaq şərti ilə 3700 manat kredit verilmişdir. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 03 fevral 2020-ci il tarixli 019A********** saylı kredit müqaviləsinə əsasən 2560,37 manat əsas borc məbləği cavabdeh Eminova (Ömərova) Ləman Cuma qızından alınaraq iddiaçıya qaytarılmalıdır. 03 fevral 2020-ci il tarixli 019A********** saylı kredit müqaviləsinın 1.1-ci bəndindən aydın olur ki, cavabdeh məlum kredit məbləğini faizlərlə (aylıq 1,9583 faizlə) ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən faktiki illik faiz dərəcəsi 24,59 faiz təşkil edir. Məhkəmə həmçinin hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə əsas borca hesablanmış 485,40 manat faiz borcunun da cavabdeh Eminova (Ömərova) Ləman Cuma qızından tam şəkildə alınaraq iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 938,36 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasına iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla, iddiaçının özü də cərimənin (dəbbə pulunun) miqdarını formal hesablamaqla cavabdehi ağır maddi çətinliyə salmaq niyyəti güdmüşdür. Cavabdeh kredit üzrə yaranan borcları vaxtında ödəmiş, lakin sonradan maddi durumu pisləşdiyindən bunu vaxtında edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin cəriməni (dəbbə pulunu) ödəmək imkanında olmamasını, onların qeyd olunan məbləğdə cəriməni ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 938,36 manat cərimə qismən, 200 manat həddində təmin edilməlidir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onların arasında bank kreditindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsinə görə borcluların məsuliyyəti müəyyənləşdirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəlikləri yaranmışdır və o müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən də İddiaçı QSC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdeh Eminova (Ömərova) Ləman Cuma qızından tələb etməkdə haqlıdır. Qanunvericiliyin müvafiq normasını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı QSC ilə cavabdeh Eminova (Ömərova) Ləman Cuma qızı arasında bağlanmış xx.xx.2020ci il tarixli 019A********** saylı kredit müqaviləsinin şərtləri əhəmiyyətli dərəcədə pozulduğuna və iddiaçı tələb etdiyinə görə həmin müqavilə ləğv edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, kredit müqaviləsi ləğv edilməli, 2560,37 manat əsas kredit borcu, 485,40 manat ona hesablanmış faiz borcu və 200 manat cərimə borcu, ümumilikdə 3245,77 manat məbləğində pul vəsaiti cavabdehdən tam şəkildə və müştərək qaydada tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 52,46 manat məbləğində dövlət rüsumu onun xeyrinə cavabdehdən müştərək qaydada tutulmalı, 7,38 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia ərizəsi qismən təmin edilsin. İddiaçı QSC ilə cavabdeh Eminova (Ömərova) Ləman Cuma qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 019A********** saylı kredit müqaviləsinin ləğv edilsin. Cavabdeh Eminova (Ömərova) Ləman Cuma qızından 2560,37 (iki min beş yüz altmış manat otuz yeddi qəpik) manat əsas kredit borcu, 485,40 (dörd yüz səksən beş manat qırx qəpik) manat kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 200 (iki yüz) manat cərimə borcu olmaqla, cəmi 3245,77 (üç min iki yüz qırx beş manat yetmiş yeddi qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh Eminova (Ömərova) Ləman Cuma qızından 52,46 (əlli iki manat qırx altı qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. 7,38 (yeddi manat otuz səkkiz qəpik) manat dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin özünə aid edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar