Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-61/2024 18.01.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomaşınına vurduğu 903 (doqquz yüz üç) manat maddi zərərin və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 07 iyun 2023-cü il tarixdə saat 09:45 radələrində etibarnamə ilə idarə etdiyi “VAZ 21063” minik markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zaqatala rayonu Muğanlı kənd ərazisində hərəkətdə olarkən qarşıda asfalt örtüyün üzərində 8-9 ədəd iribuynuzlu inəklərin dayandığını görmüş, inəklərin arasından ehmalca keçən zaman yolun sağ kənarında olan fındıq bağından 1 ədəd iribuynuzlu heyvan idarə etdiyi avtomobilin önünə qaçaraq çıxmış və avtomobili ilə toqquşmuşdur. Həmin vaxt avtomobildən enərək dərhal hadisə yerinə YPX əməkdaşlarını çağırmışdır. Daha sonra inəklərin sahibinin Cavabdeh olduğunu öyrənmiş və hadisə yerinə o da çağırılmışdır. Bundan sonra Zaqatala RPŞ-nin DYPB-nin əməkdaşı gəlmiş və izahatlarını almışdır. Hadisə zamanı heyvanları nəzarətsiz avtomobil yoluna buraxdığı üçün cavabdeh təqsirli bilinərək onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin hadisə nəticəsində avtomobilinə maddi zərər dəydiyinə görə zərərçəkmiş şəxs kimi tanınmışdır. Bundan sonra, Zaqatala rayon məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 3(033)-191/2023 nömrəli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 80 manat inzibati cərimə edilmişdir. Eyni zamanda, həmin qərarda ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə mülki məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldıra biləcəyi izah olunmuşdur. Bununla bağlı bildirir ki, avtomobilinə dəymiş zərərə dair Zaqatala rayonu “Avtoservis 100 X1” müəssisəsi tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli 62 nömrəli zərər aktına əsasən onun avtomobilinə dəymiş ziyan 903 manat məbləğində hesablanmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun dəlillərini müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, ekspert rəyini almışdır. Rəydə göstərilən məbləğlə razıdır. Onu da əlavə etmək istəyir ki, avtomobil köhnə olduğu üçün hazırda radiatorunu tapmaq mümkün deyil. Tapa bilmədiyi üçün ucuz radiator alıb qoymuşdur. Onun pulunun ödənilməsini tələb etmir. O, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahat verərək göstərdi ki, iddia tələbini qəbul etmir. Ekspert rəyini almışdır. Rəydə göstərilmiş məbləğlə razı deyil. Avtomobil köhnədir. Bütün nasaz olan yerlərini yazmış ola bilərlər. Avtomobil köhnə olduğu üçün radiatoru qəza zamanı deyil, əvvəldən də əzilmiş ola bilər. Dəqiq bilmir. O, iddianın təmin edilməməsini xahiş edir. Amma məhkəmə tərəfindən nə qərar çıxarılsa etiraz etmir. İşin halları Zaqatala Rayon Məhkəməsinin 3(033)-191/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərarla müəyyən edilmiş hallardan görünür ki, Cavabdeh özünə məxsus malqaranı nəzarətsiz qoymuş, 07 iyun 2023-cü il tarixdə Zaqatala rayonu Muğanlı kəndi ərazisində ona məxsus 1 baş iribuynuzlu heyvan olan inək yolun hərəkət hissəsinə çıxaraq Zaqatala rayonu Muğanlı kənd yolunda hərəkətdə olan, sürücü İddiaçı məxsus «Vaz 21063» markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Nəticədə həmin avtomobilə maddi zərər dəymişdir. Azərbaycan Respublikası Zaqatala rayonu “Avtoservis 100” X1 tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli avtomobilə dəymiş zərər aktından görünür ki, “Vaz 21063” markalı ** BA *** dövlət nömrə nişanlı avtomobilə hadisə zamanı 903 manat zərər dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2023-cü il tarixli 9/8355 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş Zaqatala rayonu “Avtoservis 100” X1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən 1986-cı il buraxılışlı, “VAZ21063” minik markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 806,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 346,00 manat; təmir- bərpa işlərinin qiyməti - 460,00 manat. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2023-cü il tarixli 9/8355 nömrəli ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. X2 Şəhadətnaməsinin surətindən görünür ki, ** BA *** dövlət qeydiyyat nişanlı “VAZ21063” minik markalı nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsində müəyyən edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsində «zərər»in anlayışı verilmişdir. Həmin maddəyə görə Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Cavabdeh özünə məxsus malqaranı nəzarətsiz qoymuş, 07 iyun 2023-cü il tarixdə Zaqatala rayonu Muğanlı kəndi ərazisində ona məxsus 1 baş iribuynuzlu heyvan olan inək yolun hərəkət hissəsinə çıxaraq Zaqatala rayonu Muğanlı kənd yolunda hərəkətdə olan, sürücü İddiaçı məxsus «Vaz 21063» markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Nəticədə həmin avtomobilə maddi zərər dəymişdir. Zərər dəymiş nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. Cavabdeh yol hərəkəti qaydalarını pozduğuna görə onun barəsində Zaqatala RPŞ-in DYPB-in DAM polis leytenantı X6 tərəfindən İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında isə Zaqatala Rayon Məhkəməsinin 3(033)-191/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Zaqatala rayonu “Avtoservis 100” X1 tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli avtomobilə dəymiş zərər aktına əsasən “Vaz 21063” markalı ** BA *** dövlət nömrə nişanlı avtomobilə hadisə zamanı 903 manat zərər dəydiyi müəyyən edilmiş və iddiaçı qeyd edilən məbləğin cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2023-cü il tarixli 9/8355 nömrəli ekspert rəyi ilə “VAZ21063” minik markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 806,00 manat müəyyən edilmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə ilk öncə cavabdehin etirazına münasibət bildirərək hesab edir ki, iddia tələbinin rədd olunması üçün əsaslar yoxdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğundur. Cavabdeh daha sonra özünün təqsirli olmadığını, əslində iddiaçı tərəfindən ona ziyan ödənilməli olduğunu, dəymiş ziyanın daha aşağı məbləğ olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, zərərin məbləği ilə bağlı ekspertiza təyin edilmiş, rəy alınmışdır. Hazırkı işdə təkrar ekspertiza keçirilməsinə lüzüm yoxdur. Ona görə ki, ekspert rəyinin kifayət qədər aydın və ya tam olmamasına dair əsaslar müəyyən edilməmiş, cavabdeh tərəfindən buna dair sübutlar da təqdim edilməmişdir. Bundan başqa, Cavabdeh qeyd olunan hadisə ilə bağlı təqsirli bilinmiş, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş, həmin qərar cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Prosessual və maddi qanunvericilik aktlarının normalarına istinad edərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh zərər vurulmasına gətirib çıxaran mülki hüquq pozuntusu törətdiyi üçün ona qarşı zərərin ödənilməsi tələbinə dair qaldırılan iddia maddi və prosessual normalara uyğun olaraq verilmişdir və məhkəmə tərəfindən baxılaraq mahiyyəti üzrə həll edilməlidir. Bu səbəbdən də məhkəmə mülki qanunvericiliyin tələbləri baxımından mülki məsuliyyətin əmələ gəlməsi ilə bağlı bəzi məqamlara aydınlıq gətirməyi də zəruri hesab etmişdir. Belə ki, istinad edilmiş (Mülki Məcəllənin 1096-cı maddəsi) mülki qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquqa görə məsuliyyət, hüquqpozma qanunun və ya müqavilənin tələblərini pozan hərəkət (və ya hərəkətsizlik) əsasında yaranır. Mülki hüquq və vəzifələri pozanların məsuliyyətə cəlb olunması üçün şəxsin öz üzərinə qoyulmuş vəzifələri və digər şəxslərin subyektiv hüquqlarını hüquqa zidd şəkildə pozması, ziyan və zərərin mövcudluğu, hüquqpozanın hüquqa zidd davranışı ilə baş vermiş ziyanlı nəticələr arasında səbəbli əlaqənin, həmçinin hüquq pozanın təqsirinin olması vacib şərtlərdir. Belə ki, hüquqpozanın davranışının hüquqazidliyi mülki-hüquqi məsuliyyətin məcburi şərtidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla baş vermiş yol nəqliyyat hadisəsi zamanı məhz cavabdehin hüquqa zidd davranışı nəticəsində iddiaçıya maddi zərərin dəyməsi öz təsdiqini tapdığından və bu hərəkətlə baş vermiş zərər arasında səbəbli əlaqə mövcud olduğundan iddiaçı ona vurulmuş ziyanın ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Sadalanan hallarla bağlı məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, məhz cavabdehin hüquqa zidd davranışı nəticəsində iddiaçının avtomobilinə maddi zərər vurulmuşdur. Bu hərəkətlə baş vermiş zərər arasında səbəbli əlaqə mövcuddur. Mülki məsuliyyətin yaranması üçün vacib şərt olan hüquq pozanın təqsirinin olması isə iş materialları ilə sübuta yetirilmişdir. Həmin zərər iddiaçı tərəfindən 903 manat məbləğində müəyyənləşdirilmişdir. Məhkəmə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2023-cü il tarixli 9/8355 nömrəli ekspert rəyini sübut qismində qiymətləndirir və hesab edir ki, iddia ekspert rəyində göstərilən həcmdə təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Cavabdeh tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı əmlakına 806 manat maddi zərər dəymişdir və buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, inzibati xəta nəticəsində vurduğu maddi zərərin əvəzi olan 806 manat pul Cavabdeh alınıb İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə hesab edir ki, 100 manat ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 357-362-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh 806 (səkkiz yüz altı) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X4 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-61/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-61/2024
18.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver