Məhkəmə qərarları › İş №e-2(033)-610/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-610/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-610/2023 10.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 dekabr 2021-ci il tarixli 3M-558 reyestr nömrəli kredit müqaviləsi üzrə yaranmış 53 000 (əlli üç min) manat borc pulun və iddianın qaldırılması üçün ödənilmiş 249 (iki yüz qırx doqquz) manat rüsumunun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı iş üzrə Cavabdeh 16 dekabr 2021-ci il tarixdə “Kredit müqaviləsi”nə əsasən 53.000 (əlli üç min) manat borc pul vermişdir. 16 dekabr 2021-ci il tarixdə “Kredit müqaviləsi”nin 2-ci bəndinin tələblərinə əsasən iş üzrə Cavabdeh götürdüyü 53.000 (əlli üç min) manat borcu 16 fevral 2022-ci il tarixinədək ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sonuncu həmin borcu halhazıradək İddiaçı ödəməmişdir. İddiaçı iş üzrə Cavabdeh borcunun ödənilməsini tələb etsə də sonuncu bundan qərəzli olaraq, müxtəlif bəhanələr gətirməklə imtina etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi vəkil Nümayəndə 30 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, tərəflər arasında bağlanmış 16 dekabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 53 000 manat borc pul vermiş və sonuncu həmin pulu 16 fevral 2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdehin hazırda iddiaçıya 53 000 manat borcu vardır və həmin borcdan sonuncunun iddiaçıya ödəniş etməsindən xəbəri yoxdur. Cavabdehin məhkəmə prosesində iddia etdiyi kimi guya iddiaçıya 20 000 manat pul borcu qalması və cavabdehin borcun bir hissəsinin qaytarması ilə bağlı dedikləri həqiqətə uyğun deyil. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkil Nümayəndə 10 oktyabr 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh 30 avqust 2023-cü ildə keçirilən məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, iddiaçı ilə aralarında bağlanmış 16 dekabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən o, sonuncudan 53.000 manat borc pul almışdır. Həmin borc məbləğindən o iddiaçıya 33 000 manatı ödəmiş və hazırda onun 20 000 manat borcu qalmışdır. Aralarında etibar olduğu üçün hər dəfə pul ödəyəndə iddiaçıdan yazılı iltizam almamışdır. Qalan borcu hissə-hissə ödəməyə razıdır. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbinin üzrlü olması barədə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 30 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X3 göstərmişdir ki, o, Cavabdeh adından 4000 manat pulu iddiaçıya vermişdir. O, həmin pulu İddiaçı verərkən sonuncu ona bildirmişdir ki, cavabdehin ona 20 000 manat borcu qalmışdır. Bir müddət sonra isə o, Ramazanın göndərdiyi 1000 manat pulu İddiaçı yağ dəyişmə məntəqəsində işləyən şəxsə vermişdir. 30 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X5 göstərmişdir ki, tərəfləri tanıyır. Hər iki tərəflə yoldaşlığı vardır. Cavabdehlə uzaq qohumdur. 2022-ci ilin noyabr ayında rayona gəlmiş və tərəflər arasında pul söhbətinə görə narazılıq olduğunu bilmişdir. Tərəflərin arasında yaranmış narazılığa aydınlıq gətirilməsi üçün o, iddiaçı ilə görüşmüşdür. İddiaçı söhbət əsnasında ona bildirmişdir ki, Ramazanın ona 20000 manat borcu qalmışdır. O, nə pulun alınmasında nədə ki pulun verilməsində iştirak etməmişdir. İşin halları İş materiallarına əlavə edilmiş 16 dekabr 2021-ci il tarixli notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 53 000 manat borc pul götürmüş və həmin pulu 16 fevral 2022-ci il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 02 may 2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 249 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə xx.xx.2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Müəyyən edilmiş mübahisəsiz hallar ondan ibarətdir ki, tərəflər arasındakı xx.xx.2021-ci il tarixli 3M-558 saylı kredit müqaviləsinə əsasən iddiaçı 53000 manat pulu cavabdehə borc vermiş, sonuncu da borcu xx.xx.2022-ci il tarixdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı tələbini cavabdehin borcu qaytarmaq öhdəliyini yerinə yetirməməsi ilə əsaslandırmışdır. Cavabdeh borcun 33000 manat hissəsini qaytarması əsası ilə iddiaya etiraz etmiş, etirazının əsası kimi istinad etdiyi halların təsdiqi üçün şahid ifadələrini təqdim etmişdir. X1, cavabdehin adından 4000 manat pulu iddiaçıya verdiyini, sonuncunun da cavabdehin ona 20000 manat borcu qaldığını bildirdiyini, bir müddət sonra isə, cavabdehin göndərdiyi 1000 manat pulu iddiaçının yağ dəyişmə məntəqəsində işləyən şəxsə verdiyini bildirmişdir. İlk öncə cavabdeh iddiaçıya 20000 manat borcunun qalması əsası ilə iddiaya etiraz etsə də, şahid ziddiyyətli ifadə verərək borcun 19000 manat olduğunu bildirir. Bundan başqa, şahid pulu iddiaçıya nə vaxt, hansı şəraitdə, kimin yanında, hansı əskinaslarla verdiyini, eləcə də iddiaçıya verilməli olan vəsaiti iddiaçının yağ dəyişmə məntəqəsində işləyən şəxsə verməsinə əsas olmuş halı izah edə, sonuncunun kim olduğunu göstərə bilməmişdir. Bundan başqa, cavabdeh etirazını borcun üçüncü şəxs (şahid) vasitəsi ilə qaytarılması ilə əsaslandırmamışdır. Eyni zamanda cavabdeh etirazını, aralarında etibar olduğu üçün hər dəfə pul ödəyəndə iddiaçıdan yazılı iltizam almaması ilə əsaslandırsa da, borcun eyni qaydada (yazılı müqavilə olmadan) verilməməsinə əsas olmuş halı izah edə bilməmişdir. X2 hazırkı mübahisə ilə bağlı görüşdüyü iddiaçının ona, cavabdehin 20000 manat borcunun qaldığını bildirdiyini göstərsə də, həmin halın təsdiqi üçün hər hansı sübut təqdim etməmiş, məsələnin mübahisə həddinə qalxmasına baxmayaraq iddiaçıdan borcun bu məbləğdə olmasına dair iltizam, qəbz və ya hər hansı sənəd verməsini istəməməsinə əsas olmuş halı izah edə bilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən cavabdehin maraq və mənafeyinə uyğun olmaqla, yanaşı yoxlanılmış digər sübutlarla tamamlanmayan şahid ifadələrini “əsaslı şübhədən kənar” və inandırıcı saymır. Məhkəmə tərəflərin etibarlılıq dərəcələrinin hansı həddə olmasının müəyyən edilmədiyini, eyni zamanda hər bir halda yazılı müqavilə əsasında verilmiş borcun qaytarılmasına da eyni qaydanın tətbiq edilməli olduğunu və qaytarıldığı bildiririlən vəsaitin kifayət qədər yüksək məbləğ olduğunu nəzərə alaraq, cavabdehin aralarında etibar olduğu üçün hər dəfə pul ödəyəndə iddiaçıdan yazılı iltizam almadığına dair bildirdiklərini ağlabatan saymır. Beləliklə iş üzrə “əsaslı şübhədən kənar” sübutlarla cavabdehin iddiaçıdan borc aldığı 53000 manat pulun hər hansı hissəsini qaytarması halı təsdiq edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin 16 dekabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçıya 53000 manat məbləğində borcu qaldığından və bu borcu ödəmək öhdəliyi, iddiaçının isə ondan vəzifəsinin icrasını tələb etmək hüququ olduğundan, 53000 manat ondan iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 249 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 53 000 (əlli üç min) manat pul vəsaiti və ödənilmiş 249 (iki yüz qırx doqquz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar