Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-614/2022 13.06.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi ilə, iddiaçı «Finca Azerbaijan» X1 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddiası üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək aşağıdakıları müəyyən etdim İddia tələbinin dəlilləri İddiaçı «Finca Azerbaijan» X1 Bank Kredit Təşkilatı (bundan sonra - «Finca Azerbaijan» MM QBKT) kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 1189,90 AZN əsas, faiz borcu üzrə 00,00 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1189,90 AZN, ödənilmiş 32 manat məbləğində dövlət rüsumunun ‘'FİNCA Azerbaijan" MM QBKT-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «Finca Azerbaijan» X1 Bank Kredit Təşkilatı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 14.07.2015-ci il tarixli, **********1658 saylı kredit müqaviləsinə əsasən şəxsə istehlak məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 40% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 2500 (iki min beş yüz manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 155 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Kredit Alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin, 14.07.2015-ci il tarixli, **********1658 saylı kredit müqaviləsi 27.04.2016-cı il tarixli eyni nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 2127.00 AZN, faiz 0,00 AZN, cərimə 0,00 AZN müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 28.04.2022-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh2 borc məbləği əsas borc üzrə 1189.90 AZN, faiz borcu üzrə 0.00 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1189.90 AZN təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi 12 may 2022-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. İşin halları Cavabdeh2 və Cavabdeh1 ilə iddiaçı “Finca Azərbaijan” MM QBKT arasında bağlanmış 14.07.2015-cu il tarixli **********1658 nömrəli kredit müqaviləsindən görünür ki, kredit verən Cavabdeh2 illik 40 faiz dərəcəsi ilə 24 ay müddətinə 2500 manat pul vəsaitini verməyi, kredit müqaviləsi üzrə Cavabdeh2 isə İddiaçı MM QBKT qarşısında öz öhdəliklərinin müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi, zamin Cavabdeh1 isə kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. 137 nömrəli 14.07.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, “Finca Azərbaijan” MM QBKT tərəfindən 2500 manat Cavabdeh2 verilmişdir. Cavabdeh2 ilə iddiaçı “Finca Azərbaijan” MM QBKT arasında 27.04.2016-cı il tarixdə bağlanmış 14.07.2015-ci il tarixli **********1658 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair sazişdən görünür ki, qalıq borc 2127 manat illik faiz dərəcəsi 12,50 və kreditin müddəti 59 ay müəyyən edilmişdir. 28.04.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 27.04.2016-cı il tarixli **********1658 nömrəli kredit müqaviləsi üzrə 1189,90 manat əsas borcu, 00,00 manat faiz borcu qalmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0 və 470.0.4-cü maddələrinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh2 və Cavabdeh1 arasında 14.07.2015-ci il tarixli **********1658 nömrəli zaminliklə təmin edilmiş kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 40 faiz dərəcəsi ilə 24 ay müddətinə 2500 manat kredit məbləğini iddiaçıya qaytarmalı olması və zamin Cavabdeh1 cavabdeh borcalanla iddiaçı qarşısında birgə məsuliyyət daşıması müəyyən olunmuşdur. Bununla da onların arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdehlər tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmişdir. Göründüyü kimi, tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış və bununla da onların arasında bank kreditindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Zaminliklə təmin olunmuş kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsinə görə borcluların məsuliyyəti müəyyənləşdirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlərin iddiaçı qarşısında öhdəlikləri yaranmışdır və onlar müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşlar. Yuxarıda qeyd edilən qanunun normalarının tətbiqi baxımından məhkəmə belə nəticəyə gəlir ki, müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh zamin və cavabdeh borcalan iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin, iş materiallarından görünür ki, 14.07.2015-ci il tarixli **********1658 nömrəli zaminliklə təmin edilmiş kredit müqaviləsi bağlanmış və kredit müqaviləsində müddət 24 ay müəyyən edilmişdir. Həmin müddətin qurtardığı gündən isə 5 ilə yaxın müddət keçmişdir. Zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Qeyd olunan müddət ərzində isə iddiaçı tərəfindən zaminə qarşı iddia irəli sürülməmişdir. Eyni zamanda, sonradan 27.04.2016-cı il tarixdə 14.07.2015-ci il tarixli **********1658 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair saziş bağlanmış, həmin saziş iddiaçı və Cavabdeh2 tərəfindən imzalansa da, zamin-Cavabdeh1 tərəfindən imzalanmamış, onun bu sazişdən məlumatı olmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, zamin Cavabdeh1 zaminliyinə xitam verilməlidir. Göstərilənlərə, həmçinin istinad edilmiş mülki qanunvericiliyin tələblərinə əsasən məhkəmə bu qənaətdədir ki, 1189,90 manat əsas kredit borcu Cavabdeh2 alınaraq iddiaçıya qaytarılmalıdır. İddia təmin edildiyindən Cavabdeh2 32 manat dövlət rüsumu tutularaq iddiaçı «Finca Azerbaijan» X1 Bank Kredit Təşkilatının hesabına ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilərək, iddiaçı «Finca Azerbaijan» X1 Bank Kredit Təşkilatı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh2 1189,90 manat məbləğində əsas kredit borcu və ödənilmiş 32 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «Finca Azerbaijan» MM QBKT-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233, 234, 284, 357-362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh2 1189,90 (bir min bir yüz səksən doqquz manat doxsan qəpik) manat məbləğində əsas kredit borcu tutularaq iddiaçı «Finca Azerbaijan» X1 Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh2 32 (otuz iki) manat dövlət rüsumu tutularaq iddiaçı «Finca Azerbaijan» X1 Bank Kredit Təşkilatının hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-614/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-614/2022
13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver