Məhkəmə qərarları › İş №e-2(033)-618/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-618/2024

12.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-618/2024 12.06.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Şahov oğluna qarşı “alimentin artırılması və qalıq aliment borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə 12 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh Şahov oğluna qarşı “alimentin artırılması və qalıq aliment borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, onunla sabiq həyat yoldaşı Cavabdeh Şahov oğlunun birgə nikahdan olan övladları xx.xx.2008-ci il təvəllüdlü X1 üçün sabit, 235 manat məbləğində alimentin hər ay vaxtlı-vaxtında, 2329 manat qalıq aliment borcunun və 60 (altmış) manat Mediasiya xərcinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, keçmiş həyat yoldaşı Cavabdeh Şahov oğluna qarşı azyaşlı övladlarının saxlanılması üçün alimentin məbləğinin artırılması və qalıq aliment borcu olan 2329 manat aliment borcunun ödətdirilməsi tələbi ilə Zaqatala Rayon Rayon Məhkəməsinə müraciət edir. Qeyd edir ki, xx.xx.2013-cü ildə Zaqatala Rayon Məhkəməsi tərəfindən rəsmi nikahları pozulmuş və onlar cavabdehlə faktiki olaraq ayrıldıqdan sonra o, həmin vaxtdan bu günə kimi övladına heç bir mənəvi və maddi qayğı göstərmir. Bir ata kimi üzərinə düşən heç bir atalıq vəzifəsinin məsuliyyətini dərk etmir. Zaqatala Rayon Məhkəməsi tərəfindən təyin olunan uşağın saxlanması üçün minimum alimenti belə ödəməyi könüllü sürətdə həyata keçirmir. Ödənişlər dəfələrlə mübahisəli vəziyyət alsa da cavabdeh heç bir məsuliyyət daşımamış və uşaq hüquqlarını pozmuş olmasına baxmayaraq məsuliyyətə cəlb edilməmişdir. Ədliyyə Nazirliyi Zaqatala rayon İcra və Probasiya Şöbəsi tərəfindən də 15 fevral 2024-cü il tarixində verilən 129071 nömrəli arayışdanda göründüyü kimi cavabdehin bugünki tarixə kimi uşaqlarının saxlanması üçün təyin edilmiş alimenti ödəmədiyi üçün 4329 manat aliment borcu yaranmişdir. Bildirir ki, az yaşlı övladları artıq böyüyür və onun təlabatları günü-gündən artır. Övladı onun maddi və mənəvi dəstəyi ilə böyüyür. Günün tələblərinə cavab verən atmosferada övladını böyüdə, ehtiyaclarını qarşlamaqda çətinlik çəkir. Çünki məktəbli olan və az müddət sonra məktəbi bitirəcək olan gələcəyin əsgəri olan oğlunun ehtiyacları böyüyür və o tək ana kimi onları qarşılamaqda çətinlik çəkir. Bir daha bildirir ki, birgə nikah dövründə cavabdehlə onun xx.xx.2008-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Cavabdehlə birgə nikahlar Zaqatala Rayon Məhkəməsi tərəfindən rəsmi qaydada pozulmuş və uşağın saxlanması üçün 160 (bir yüz altmış) manat aliment təyin edilmişdir. Cavabdehlə ayrıldıqları gündən oğlu onun himayəsindədir və azyaşlı övladı yalnız onun maddi və mənəvi dəstəyi ilə böyüyür. Bu günə kimi uşağının səhhəti, sağlamlığı, sosial və məişət problemlərini yalnız, təkbaşına həyata keçirmişdir. Cavabdeh yalnız indiyə qədər olan minimumdan da aşağı səviyyədə təyin edilən alimenti belə ödəməkdə çətinlik çəkib. Uşağını təkbaşına saxlamaq günün tələblərinə əsasən onun üçün maddi cəhətdən çətindir. İlkin Mediasiya arayışından da göründüyü kimi cavabdeh övladına könüllü maddi yardım etmək niyyətində deyil. Ümumiyyətlə Mediasiya prossesində iştirak belə etməmişdir. Nəzərə alınmalıdır ki, ölkədə 2024-cü il üçün yaşayış minimumu hər uşaq üçün 235 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda Mediasiya üçün ödənilmiş 60 (altmış) manat Mediasiya xərcinin cavabdehdən tutulması labüddür. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdehlə nikahları övladları 6 aylıq olan zaman pozulmuşdur. O aliment tələbi ilə bir neçə dəfə məhkəməyə müraciət etmiş, qətnamələr qəbul edilmiş, lakin icra edilməmişdir. Bu günədək uşağın hər bir ehtiyacını özü qarşılamışdır, cavabdeh isə son iki-üç ildə onun istəyi üzrə bir neçə ay maddi köməklik etməklə kifayətlənmişdir. Aliment məbləğinin qaldırılmasını, eyni zamanda qalıq aliment borcunun cavabdehdən tutulmasını xahiş edir. xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclası zamanı Cavabdeh Şahov oğlu iddia tələbini qəbul etməyərək bildirdi ki, o, Qazaxstan Respublikasında yaşayır və oranın vətəndaşıdır. İddianı qəbul etmir, çünki onun əmək haqqısı yüksək deyil, o, mühasıb kimi fəaliyyət göstərir. Oğluna özü baxmaq istəyir, iddiaçı uşağa baxa bilmirsə, o uşağına baxmağa razıdır. Hər il imkanı daxilində uşağı üçün aliment ödəyir. İddianın rədd olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Qeydiyyat Şöbəsində qeyd edilən 22 sentyabr 2015-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Şahov oğlu ilə X3 arasında nikah 18 mart 2014-cü ildə pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 27 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra kişiyə Heravov, qadına Qarakişiyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 15 fevral 2024-cü il tarixli 129071 saylı arayışdan görünür ki, Cavabdeh Şahov oğlu həqiqətən Şəki Apellyasiya Məhkəməsinin 2(107)-604/2G16 nömrəli, xx.xx.2016-ci il tarixli icra sənədi üzrə borclu Cavabdeh Şahov oğlundan hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 117 manat sabit pul məbləğində aliment tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir. Aliment tutulmasının əvvəli 11 iyul 2016-ci il tarixdən hesablanmalıdır. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-604/2016 nömrəli, xx.xx.2016-ci il tarixli icra sənədi üzrə borclu Cavabdeh Şahov oğlu xx.xx.2019-cu il tarixədək heç bir ödəniş etməmişdir və onun 4329 manat aliment borcu yaranmışdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-834/2019 nömrəli, 26.082019-cu il tarixli icra sənədi üzrə borclu Cavabdeh Şahov oğlundan hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 160 manat sabit pul məbləğində aliment tutularaq tələbkar İddiaçı xeyrinə ödənilməlidir. Aliment tutulmasının əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-834/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi xx.xx.2019-cü il tarixdə icra Haqqında Qanunun 23.1.2-ci maddəsinə əsasən geri qaytarılmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2008-ci ildə Kazaxstan Respublikasının Karakanda rayonunda doğulmuşdur, atası Cavabdeh Şahov oğlu, anası X2r. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 may 2016-cı il tarixli 2(107)-604/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək iş üzrə Zaqatala Rayon Məhkəməsinin 09 fevral 2016-cı il tarixli, 2(033)-226/2016 nömrəli qətnaməsi dəyişdirilmiş, Cavabdeh Şahov oğlundan xx.xx.2008-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 117 (bir yüz on yeddi) manat aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 2(033)-834/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək Cavabdeh Şahov oğlundan alınaraq 12 yanvar 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Apellyasiya Məhkəməsinin 2(107)-604/2016 nömrəli 11 may 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh Şahov oğlu xx.xx.2024-cü il tarixli, saat 12:00-13:00 saatlarında keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. 50 (əlli) manat məbləğində mediasiya xərcini, 10 manat kargüzarlıq və dəftərxana xərclərini İddiaçı birtərəfli qaydada ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1 -ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Rеspublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət оrqanları, bütün fiziki və hüquqi şəхslər öz fəaliyyətində uşaqların mənafеlərini üstün tutmalı, оnların hüquqlarının təmin оlunmasına şərait yaratmalıdır. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Rеspublikası Qanunvеriciliyi ilə müəyyən еdilmiş minimum dоlanacaq хərclərindən az оlmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndində göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları olan 12 yanvar 2008-ci il təvəllüdlü X6 iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı bir uşağa görə 160 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir və həmin aliment miqdarı uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Bundan başqa, həmin aliment miqdarı məhkəmə tərəfindən 2019-cu ildə, yəni uşaq 11 yaşında olarkən təyin edilmişdir. Hazırda isə uşaq 16 yaşındadır və ötən müddət ərzində uşağın artan tələbatındakı dəyişiklik, o cümlədən onun geyimi, qidalanması və təhsili kimi xərcləri də özündə ehtiva edən əlavə zəruri məsrəfləri yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə uşağın saxlanması üçün artan tələbatının cavabdeh tərəfindən ödənilən 160 manat məbləğində alimentlə ödənilə bilməməsi barədə iddiaçının arqumentləri ilə razılaşır və hesab edir ki, aliment məbləğinin bir uşağa 180 manata artırılması uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətedici hesab edilə bilər. Alimentin hesablanması vaxtı ilə bağlı məhkəmə qeyd edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə iddia tələbinin 2329 manat qalıq aliment borcunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia tələbi əsassız təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir...Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin Məcəllənin 234.2-ci və 234.2.1-ci madəllərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. İcra haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Yuxarıda sadalanan qanunvericilik aktlarının məzmunundan da göründüyü kimi məhkəmə orqanlarının qanuni qüvvəyə minmiş qərarlarının icrası icra məmurları tərəfindən həyata keçirilir. Bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçı artıq qanuni qüvvəsini almış, icrası məcburi olan qətnaməyə əsasən ödənilməli olan alimenti tələb etdiyindən iddia ərizəsi həmin hissədə rədd edilməlidir. Belə ki, bu tələb icra sənədinin icra edilməsi ilə bağlıdır ki, bu da «İcra haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və icra və probasiya şöbəsinin səlahiyyətləri daxilindədir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Şahov oğlundan alınaraq 12 yanvar 2008-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 24 iyul 2019-cü il tarixli, 2(033)-834/2019 saylı qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün sabit pul məbləğində 180 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh Şahov oğlundan 30 (180-160=20x12=240 manat) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaitini tələb etdiyindən həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 24 iyul 2019-cü il tarixli, 2(033)-834/2019 saylı qətnaməsi əsasında Cavabdeh Şahov oğlundan İddiaçı xeyrinə 12 yanvar 2008-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində tutulan 160 (bir yüz altmış) manat miqdarda alimentin məbləği artırılsın. 12 yanvar 2008-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh Şahov oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay bir uşaq üçün 180 (bir yüz səksən) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh Şahov oğlundan ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Cavabdeh Şahov oğlundan 30 (otuz manat) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar