Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-621/2022 15.11.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh mülkiyyət hüququ üzrə ona məxsus olan Vita markalı Mercedes-Benz" ** XB *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərin əvəzi olaraq hesablanmış 4485 (dörd min dörd yüz səksən beş) manat pulun və 65 (altmış beş) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Vita markalı, “Mercedes-Benz" ** XB *** dövlət qeydiyyat nişanlı minik avtomobili mülkiyyət hüququ ilə ona məxsusdur. Minik avtomobilinin iştirakı ilə xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermiş, Zaqatala rayonu, Gözbarax kəndi ərazisində cavabdehə məxsus iribuynuzlu heyvan avtomobilin qarşısına çıxmışdır, avtomobilinə 4485 (dörd min dörd yüz səksən beş) manat məbləğində maddi zərər dəymişdir. Heyvan sahibi ilk öncə dəymiş zərərin ödənilməsinə söz versə də, daha sonra dəymiş zərəri ödəməkdən boyun qaçırmışdır. Bunun üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda onu da qeyd edir ki, cavabdehin əməlində İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsinin tərkibi olduğu üçün Cavabdeh 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Cavabdeh inzibati qərardan Zaqatala rayon Məhkəməsinə şikayət edərək barəsində tərtib olunmuş inzibati qərarın ləğv olunmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 3(033)-38/2022 saylı qərarına əsəsən Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməməsinə dair qərar qəbul edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən yol hərəkəti qaydalarının tələblərinin pozulması ilə əlaqədar onun əsassız iddiasının təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 09 yanvar 2022-ci il tarixdə Zaqatala rayonu Gözbarax kəndi ərazisində İddiaçı özünə məxsus VİTA Markalı “Mersedes-Benz” maşını ilə ona məxsus bir baş inəyini vuraraq onu öldürmüşdür və ona nəticədə mühüm maddi ziyan dəymişdir. İddiaçının idarə etdiyi avtomaşının surəti çox yüksək olmuş və onun tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin qanuna görə yaşayış məntəqələri daxilində saatda maksimum 60 km-dən surətlə sürmək nəzərdə tutulmuşdur. Lakin iddiaçının idarə etmiş olduğu maşının surəti 100-120 km/s olmuş və hadisənin qarşısının alınmasını təmin edə bilməmişdir. Yaşayış məntəqələri daxilində müəyyən edilmiş surətlə sürdükdə həmin maşının saxlanılması mümkündür. Hadisəni görmüş şahidlər vardır və onların dindirilməsi təmin edilməmişdir. O bununla əlaqədar rəsmi surətdə dövlət Polis orqanına və məhkəməyə müraciət etsə də, savadsız adam olduğu üçün ona dəymiş ziyanı iddiaçıdan ala bilməmişdir. Lakin iddiaçı yol hərəkəti qaydasını kobud surətdə pozduğuna görə məsuliyyət daşımasına baxmayaraq Zaqatala rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq ondan guya ki, öz maşınına dəymiş maddi ziyanı tələb edir. İddia ərizəsi ilə tanış olmuşdur və məhkəməyə bildirir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilmiş hallar düzgün deyildir və yalan məlumatlarla onu günahkar sayaraq məsuliyyətdən boyun qaçırmaq istəyir. O, ərizəsində göstərmişdir ki, guya o əvvəlcə özünə vurulmuş ziyanı ödəməyə söz vermiş, lakin sonra o bundan boyun qaçırmışdır. Əslində belə bir söhbət aralarında olmamışdır. Hadisənin baş verdiyi yer diskə də çəkilmişdir və bu disk işə əlavə edilməsi üçün məhkəməyə təqdim edilmişdir. Hadisə yerinə gəlmiş DYP-nin əməkdaşları ondan izahat almadan, onun adından başqa şəxslərdən almış və onlara imzalar etdirmişlər. O heç bir sənədə imza belə atmamışdır. Halbuki, Yol hərəkəti haqqında Qanunun 79-cu maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozuntuları üçün sürücülərin məsuliyyəti öz əksini tapmışdır. DYPnin əməkdaşları birtərəfli mövqe tutaraq iddiaçının mənafeyini qorumaqla öz işlərini bitmiş hesab etmişlər və onu da heç bir əsas olmadan 40 manat cərimələmişlər. Həmin Qanunun 89-cu maddəsinə əsasən DYP-nin əməkdaşlarının hərəkətləri həmin qanunla nizama salınmışdır. İddiaçı Yol Hərəkəti haqqında Qanunun 45-ci maddəsinin tələblərini də pozmuş və yaşayış zonasında idarə etmiş olduğu maşını 100-120 km/s sürərək hadisə törətmiş və ona ziyan vurmuşdur və o da bu ziyanı ödəməlidir. İddiaçı tərəfindən ona məxsus olan 3000 (üç min) manat dəyərində, bir neçə gündən bala gətirəsi cins inək məhv edilmişdir. İddiaçı həmin ziyanı ödəməkdən boyun qaçırmaq üçün saxta yolla məhkəməyə müraciət edərək, guya ki, özünə məxsus maşına 4500 manat ziyanın vurulması barədə iddia qaldırmışdır. Hadisə baş verən növbəti günü iddiaçı onun qapısına gələrək ondan maşına vurulmuş ziyana görə 2500 manat pul tələb etmişdir. O da bundan qəti imtina etmişdir, özünə dəymiş ziyanı ondan tələb etmişdir. Məhkəməyə təqdim olunmuş diskdə maşın ustasının danışığı və çəkilişində onun maşınına cəmi 600-700 manat ziyanın dəyməsi usta tərəfindən deyildiyi öz əksini tapmışdır. Bu da iddiaçının yol hərəkəti qaydalarının kobud surətdə pozulması nəticəsində baş vermiş ziyandır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə Cavabdeh məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahat verərək göstərmişdir ki, iddianı qəbul etmir, hadisə iddiaçının yol hərəkəti qaydalarını kobud surətdə pozması nəticəsində baş vermişdir. İddiaçı tərəfindən ona məxsus olan 3000 manat dəyərində cins inək məhv edilmişdir. O, həmin ziyanı ödəməkdən boyun qaçırmaq üçün məhkəməyə müraciət edərək özünə məxsus avtomobilə 4500 manat ziyan vurulması barədə iddia qaldırmışdır. Hadisə baş verən gün iddiaçı onun qapısına gələrək ondan 2500 manat pul istəmişdir. Lakin, iddiaçının avtomobilinə cəmi 600-700 manat ziyan dəyməsi usta tərəfindən deyilmişdir. İşin halları Zaqatala Rayon Məhkəməsinin 3(033)-38/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh “barəsində qəbul edilən 25 yanvar 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi” tələbinə dair şikayəti təmin edilməmişdir. Həmin qərarla müəyyən edilmiş hallardan görünür ki, Cavabdeh 09 yanvar 2022-ci il tarixdə saat 19 radələrində əsas yolun hərəkət hissəsində özünə məxsus mal-qaranı nəzarətsiz qoymaqla yol hərəkəti qaydalarının pozduğuna görə onun barəsində Zaqatala RPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X9 tərəfindən İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında Zaqatala RPŞ-nin polis leytenantı X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsi ilə 25 yanvar 2022-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh 09 yanvar 2022-ci il tarixdə axşam saatlarında əsas yolun hərəkət hissəsində özünə məxsus mal-qaranı nəzarətsiz qoymuş, nəticədə “Mercedes-Benz” Vita markalı **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 xx.xx.2022-ci il tarixdə idarə etməni itirməsi nəticəsində ona məxsus bir baş iribuynuzlu heyvanı vurmuş, sonuncuya maddi zərər dəymişdir. “Avtoservis 100” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, Mercedes-Benz VİTO 115 CDİ minik markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə hadisə zamanı dəymiş zərər 4485 manat həcmində qiymətləndirilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2022-ci il tarixli 9/5334 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Avtoservis 100” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktı (cild İ.V 5) məlumatlarına əsasən 2008-ci il buraxılışlı mühərrikin iş həcmi 2148 sm3, Vaqon 7+1 yer, Mercedes-Benz VİTO 115 CDİ minik markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 4440,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 3480,00 manat; təmir- bərpa işlərinin qiyməti - 960,00 manat. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2022-ci il tarixli 9/5334 nömrəli ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 70 manat təşkil edir. AC seriyalı 450506 nömrəli X3 Şəhadətnaməsinin surətindən görünür ki, 99XB 506 qeydiyyat nişanlı MERCEDES BENZ VİTO 115 CDİ MİNİK markalı gümüşü metalik rəngli nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsində müəyyən edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsində «zərər»in anlayışı verilmişdir. Həmin maddəyə görə Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Cavabdeh 09 yanvar 2022-ci il tarixdə axşam saatlarında əsas yolun hərəkət hissəsində özünə məxsus mal-qaranı nəzarətsiz qoymuş, nəticədə “Mercedes-Benz” Vita markalı **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 xx.xx.2022-ci il tarixdə idarə etməni itirməsi nəticəsində ona məxsus bir baş iribuynuzlu heyvanı vurmuşdur. X1 idarə etdiyi ** XB *** qeydiyyat nişanlı MERCEDES BENZ VİTO 115 CDİ MİNİK markalı nəqliyyat vasitəsinə zərər dəymişdir. Zərər dəymiş nəqliyyat vasitəsinin sahibi İddiaçıdur. Cavabdeh yol hərəkəti qaydalarını pozduğuna görə onun barəsində Zaqatala RPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı X9 tərəfindən İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında Zaqatala RPŞ-nin polis leytenantı X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsi ilə 25 yanvar 2022-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Cavabdeh barəsində qəbul edilən 25 yanvar 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi tələbinə dair şikayətlə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş və onun şikayəti Zaqatala Rayon Məhkəməsinin 3(033)-38/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilməmişdir. “Avtoservis 100” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktı ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ** XB *** qeydiyyat nişanlı MERCEDES BENZ VİTO 115 CDİ MİNİK markalı nəqliyyat vasitəsinə dəymiş zərər 4485 manat həcmində müəyyən edilmiş və iddiaçı qeyd edilən məbləğin cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2022-ci il tarixli 9/5334 nömrəli ekspert rəyi ilə Mercedes-Benz VİTO 115 CDİ minik markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrin qiyməti - 3480,00 manat; təmir- bərpa işlərinin qiyməti - 960,00 manat olmaqla təmir-bərpa xərci təxminən 4440,00 manat müəyyən edilmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə ilk öncə cavabdehin etirazına münasibət bildirərək hesab edir ki, iddia tələbinin rədd olunması üçün əsaslar yoxdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğundur. Cavabdeh daha sonra etiraz ərizəsində özünün təqsirli olmadığını, əslində iddiaçı tərəfindən ona ziyan ödənilməli olduğunu, dəymiş ziyanın 600-700 manat olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, zərərin məbləği ilə bağlı ekspertiza təyin edilmiş, rəy alınmışdır. Hazırkı işdə təkrar ekspertiza keçirilməsinə lüzüm yoxdur. Ona görə ki, ekspert rəyinin kifayət qədər aydın və ya tam olmamasına dair əsaslar müəyyən edilməmiş, cavabdeh tərəfindən buna dair sübutlar da təqdim edilməmişdir. Bundan başqa, Cavabdeh qeyd olunan hadisə ilə bağlı təqsirli bilinmiş, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş, həmin qərar cavabdeh tərəfindən mübahisələndirilsə də, onun şikayəti təmin edilməmişdir. Prosessual və maddi qanunvericilik aktlarının normalarına istinad edərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh zərər vurulmasına gətirib çıxaran mülki hüquq pozuntusu törətdiyi üçün ona qarşı zərərin ödənilməsi tələbinə dair qaldırılan iddia maddi və prosessual normalara uyğun olaraq verilmişdir və məhkəmə tərəfindən baxılaraq mahiyyəti üzrə həll edilməlidir. Bu səbəbdən də məhkəmə mülki qanunvericiliyin tələbləri baxımından mülki məsuliyyətin əmələ gəlməsi ilə bağlı bəzi məqamlara aydınlıq gətirməyi də zəruri hesab etmişdir. Belə ki, istinad edilmiş (Mülki Məcəllənin 1096-cı maddəsi) mülki qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquqa görə məsuliyyət, hüquqpozma qanunun və ya müqavilənin tələblərini pozan hərəkət (və ya hərəkətsizlik) əsasında yaranır. Mülki hüquq və vəzifələri pozanların məsuliyyətə cəlb olunması üçün şəxsin öz üzərinə qoyulmuş vəzifələri və digər şəxslərin subyektiv hüquqlarını hüquqa zidd şəkildə pozması, ziyan və zərərin mövcudluğu, hüquqpozanın hüquqa zidd davranışı ilə baş vermiş ziyanlı nəticələr arasında səbəbli əlaqənin, həmçinin hüquq pozanın təqsirinin olması vacib şərtlərdir. Belə ki, hüquqpozanın davranışının hüquqazidliyi mülki-hüquqi məsuliyyətin məcburi şərtidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla baş vermiş yol nəqliyyat hadisəsi zamanı məhz cavabdehin hüquqa zidd davranışı nəticəsində iddiaçıya maddi zərərin dəyməsi öz təsdiqini tapdığından və bu hərəkətlə baş vermiş zərər arasında səbəbli əlaqə mövcud olduğundan iddiaçı ona vurulmuş ziyanın ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Sadalanan hallarla bağlı məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, məhz cavabdehin hüquqa zidd davranışı nəticəsində iddiaçının avtomobilinə maddi zərər vurulmuşdur. Bu hərəkətlə baş vermiş zərər arasında səbəbli əlaqə mövcuddur. Mülki məsuliyyətin yaranması üçün vacib şərt olan hüquq pozanın təqsirinin olması isə iş materialları ilə sübuta yetirilmişdir. Həmin zərər iddiaçı tərəfindən 4485 manat məbləğində müəyyənləşdirilmişdir. Məhkəmə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 sentyabr 2022-ci il tarixli 9/5334 nömrəli ekspert rəyini sübut qismində qiymətləndirir və hesab edir ki, iddia ekspert rəyində göstərilən həcmdə təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, inzibati xəta nəticəsində vurduğu maddi zərərin əvəzi olan 4440,00 (dörd min dörd yüz qırx) manat pul Cavabdeh alınıb İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 64,40 (altmış dörd manat qırx qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməli, 0,60 (altmış qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə hesab edir ki, 70 manat ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 357-362-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh 4440 (dörd min dörd yüz qırx) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 64,40 (altmış dörd manat qırx qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. 0,60 (altmış qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Cavabdeh 70 (yetmiş) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X5 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-621/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-621/2022
15.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver