Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-64/2025 03.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 Əli qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə işə 03 iyun 2025-ci il tarixdə, Zaqatala şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi və dəlilləri: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 74 000 (yetmiş dörd min) manat məbləğində pulun, 312 (üç yüz on iki) manat dövlət rüsumunun və 350 (üç yüz əlli) manat vəkil xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nuriyeva (Hüşənova) Sabina İmran qızı onun yaxın rəfiqəsi olmuşdur. Cavabdeh ondan 2024-cü ilin may ayında hər gün 200 manat ödəmək şərti ilə və mağaza açmaq məqsədi ilə 89000 manat borc pul almışdır. Aralarında olan razılaşmaya əsasən aldığı pulun bir hissəsini hissə-hissə ödəmiş və sonuncunun ona 74000 manat borcu qalmışdır. 89000 manat pulun bir hissəsini ödəyib borc 74000 manata çatanda Nuriyeva (Hüşənova) Sabina İmran qızı artıq pulu qaytarmamağa başlamışdır. Onun artıq ona pulu qaytarmadığını görəndə danışdıqları qaydada ondan borc pul aldığına dair aralarında borc sazişi bağlamışlar. xx.xx.2024-cü il tarixdə yazdıqları borc sazişində cavabdeh Nuriyeva (Hüşənova) Sabina İmran qızı ona 74000 manat pul borcu olduğunu etiraf etmiş və danışıqlarına əsasən hər gün ona 200 manat pul verəcəyinə dair öhdəlik götürmüşdür. Lakin cavabdeh Nuriyeva (Hüşənova) Sabina İmran qızı qalıq qalan 74000 manat pulu müxtəlif bəhanələr gətirərək ödəməkdən yayınmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edib pulu qaytarmağını tələb edəndə o, aralarında yazılmış kağızın notarial qaydada olmadığını və buna görə də ona pulu qaytarmağa borclu olmadığını demişdir. O, bundan sonra başa düşmüşdür ki, cavabdeh ona olan etibarından sui-istifadə edərək borcunu qaytarmaq istəməmiş və könüllü olaraq qaytarmayacaqdır. Beləliklə, cavabdeh Nuriyeva (Hüşənova) Sabina İmran qızının ona 74000 manat məbləğində pul borcu qalmışdır. Ona görə də o, məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Tərəflərin izahatları İddiaçı nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh məhkəmə iclasında verdiyi ifadəsində, eləcə də Zaqatala RPŞ-də verdiyi yazılı izahatında da etiraf etmişdir ki, həqiqətən də iddiaçıdan borc pul götürmüşdür. Əgər cavabdeh iddiaçıdan pul götürdüyünü etiraf edirsə, artıq bunun sübut olunmasına ehtiyac yoxdur. Cavabdehin iddiaçıya nə qədər borclu olması barədə isə onun yazılı etirafı vardır. Cavabdeh iddiaçıdan götürdüyü pulu qaytardığını iddia edir. Əgər həqiqətən də cavabdeh iddiaçıya pulu qaytarmışsa bununla bağlı sübutları məhkəməyə təqdim etməlidir. Cavabdeh bildirmişdir ki, ona yazılı iltizam şantajla, hədə-qorxu ilə yazdırılmışdır. Bununla bağlı da cavabdeh məhkəməyə sübut təqdim etməlidir. Artıq sübut olunur ki, cavabdeh iddiaçıdan borc pul götürmüş və onun iddiada qeyd edilən məbləğdə borcu vardır. Cavabdeh iddiaçıdan 89 000 manat borc pul götürmüş, həmin məbləğdən 15 000 manatı qaytarmış və hazırda onun 74 000 manat borcu vardır. Cavabdeh bildirmişdir ki, iddiaçı hara istəsə şikayət etsin, daha borcu ödəməyəcəkdir və əgər məhkəməyə verəcəklərsə ayda 20 manat ödəyəcəkdir. İşdə olan diskdə olan video görüntülərdə cavabdehə iddiaçı və Səmra Davudova tərəfindən hədə-qorxu gəlinməsi görsənmir. Cavabdeh 14 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Zaqatala şəhəri, Vidadi küçəsində mağaza işlədir. O, iddiaçıdan iş görmək üçün pul almış və aldığı pulu artıqlaması ilə iddiaçıya ödəmişdir. İddiaçı ona pulu faizi ilə qaytarmaq şərti ilə vermişdir. İddiaçı tərəfindən təkcə ona yox başqa şəxslərə də faizlə pul verilmişdir. Onun iddiaçıya borc pulun ödənilməsi barədə qəbzləri vardır. Bundan başqa onun və işçisinin iddiaçıya əldən ələ pulun verməsi barədə video görüntüləri də vardır. Yazılı sənədi isə iddiaçı onu şantaj etdirərək yazdırmışdır. İddiaçı rayonda onun şərəf və ləyaqətinə xələl gətirən ifadələr yaymış, whatsapp statusunda onu şantaj etmiş, uşaqları, anası və özü haqqında ifadələr yazmış, iş nüfuzunu ləkələməyə çalışmışdır. İddiaçı onun işlətdiyi mağazaya gələrək mağazasını qoyub rayondan çıxıb getməsini bildirmişdir. İddiaçı pula görə hər gün evinə, uşağının dayəsinin yanına gəlmişdir. İddiaçı ilə Günay Butdayeva faizə pul verəndirlər. İddiaçının verdiyi krutilkalar Günay Butdayevanın kartına köçürülmüşdür. İddiaçı onu hədələdiyi üçün o, başqa-başqa şəxslərdən pul götürüb iddiaçıya ödəmişdir. İddiaçı və Səmra Davudova onun müflis olmasına səbəb olub o hazırda borclardan qurtula bilmir. Əgər iddiaçı ona 75 000 manat borc pul vermiş olsa idi hazırda o pis vəziyyətdə yaşamazdı. Əksinə iddiaçı hazırda daha yaxşı yaşayır. Belə ki, o artıqlaması ilə iddiaçıya pul ödəmişdir, özü isə müflisləşmişdir. Hətta o hər gün stress yaşadığından özünü öldürmə həddinə çatmışdır. Cavabdeh nümayəndəsi X3 10 dekabr 2024-cü il tarixli məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı və Səmra Davudova tərəfindən qızı Cavabdeh yazdırılmış yazılar eyni gündə yazdırılmışdır. Həmin yazılar iddiaçı və Səmra Davudova tərəfindən qızı qorxudularaq yazdırılmışdır. Buna qızının satıcısı da şahid olmuşdur. Bu hadisələrə digər şəxslər də şahid olmuşlar. Həmin şəxslər Vəfa xanım, mağazanın üst hissəsində yaşayan şəxs olmuşdur. İddiaçıya və Səmra Davudovaya pullar bank vasitəsi ilə qəbzlərlə ödənilmişdir. Sonradan iddiaçı və Səmra Davudova mağazaya gəlib kassadan pulları götürməyə başlamışlar. Qızının üstünə topdansatışla məşğul olanlar Vəfanın, Elşadın borcları yüklənmişdir. İddiaçı və Səmra Davudova imkan verməmişlər ki, qızı həmin şəxslərin borclarını ödəsin və dəfələrlə gəlib kassadan pul götürmüşlər. Hətta qızı o həddə çatmışdır ki, pulu olmadığından azyaşlı övladına yemək ala bilmirdi. Qızı ikinci dəfə qeyri-rəsmi olaraq ailə qurmuş, lakin münasibətləri pozulduğundan ərindən ayrılmışdır. Səbinənin atası qızına bildirmişdir ki, əgər ikinci dəfə evlənsə, evə qayıtmayacaqdır və qızı buna görə sarsıntı keçirmişdir. Hazırda da əri qızını qəbul etmir və təkcə o, qızına dəstək olur. Qızı iddiaçıdan və Səmra Davudovadan faizə pul götürməsini ona bildirməmişdir və o sonradan bilmişdir ki, qızı mağazadakı vəziyyətini düzəltmək üçün borc götürmüşdür. Lakin qızı iddiaçının iddiasında göstərdiyi məbləğdə pul götürməmiş və qızı tərəfindən artıq həmin pul artıqlaması ilə ödənilmişdir. Həmin pul həftəlik faizə götürülmüş pul olmuşdur və qızı ödəyə bilmədiyi üçün iddiaçı və Səmra Davudova həmin pulu şişirdərək qızından tələb etmişlər. Qızının işlətdiyi mağaza böyük mağaza deyildir və orada az sayda mal olur. Qızı malları sataraq pulu ilə nisyələri vermiş və əldə olan gəlirlə özünü və uşaqlarını dolandırmışdır. Son vaxtlar qızı satıcısının da əmək haqqısını da verə bilrdi. İddiaçı və Səmra Davudova whatsapp statuslarında qızının guya işdən çıxaracaqlarını, onun pis yolda olduğunu və acından öləcəyi barədə yazılar paylaşmışlar. Qızı stresslərdən mədə xorası xəstəliyinə tutulmuşdur. Hətta neçə dəfə həblər qəbul edərək özünü öldürmək istəmişdir. Qızı ondan hər bir şeyi gizlətdiyi üçün başına bu hadisələr gəlmişdir. Naira ilə qızı bir mağaza açmışlar və pulunu ortaqlı qoymuşlar. Qızı verəsi pulu Məryəm, Səmra və Günay adlı şəxs verməli idi. Günay adlı şəxs qızından 283 qram qızıl götürüb əvəzində qızına pul vermişdir. Qızı Nairanın mağazasına görə hər ay 800 manat arenda pulu ödəmiş, lakin sonradan mağazada alver olmadığından malları öz mağazasına gətirmişdir. İddiaçı və digərləri qızına bildirmişlər ki, boynuna 50 000 manatdan yuxarı pul qoyacaqlar və o, rayonu tərk etməli olacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, “Sabi brend” butikdə satıcı işləyir və cavabdeh onun müdiridir. İddiaçı və Səmra Davudova demək olar ki, hər gün mağazaya gəlmiş və pul tələb etmişlər. Cavabdeh mağazada olanda iddiaçıya özü pul vermiş, olmadıqda isə o vermişdir. İddiaçı və Səmra Davudova tərəfindən cavabdehə hədə-qorxu gəlinərkən və şantaj olunarkən özü də orada olmuşdur. Bununla bağlı video görüntülər də vardır. Dəfələrlə onun yanında iddiaçıya pul sayılıb verilmişdir. Cavabdeh barəsində iddiaçı tərəfindən təhqiredici statuslar yazıldığını cavabdeh ona göstərmişdir. Mağazada olan kamera sistemində səs qeydi yoxdur. Əgər olsa idi iddiaçı tərəfindən cavabdehə hədə-qorxu, şantaj olunması sübut olunardı. O, 9 aydır ki, cavabdehin mağazasında işləyir və kart çıxarışları ilə iddiaçıya ödənişlər olunmuşdur. O, Səmra Davudovanın və İddiaçı adına pul köçürmələri etmişdir. Onlar tərəfindən iddiaçıya hər həftə faiz kimi pul ödənilmişdir. O, cavabdehin haqqı-hesab işlərini görmüşdür. İddiaçı dəfələrlə mağazaya gələrək cavabdehə pulları ödəməsə rayonda biabır edəcəyini, evini satdıracağını bildirmiş və ona hədə qorxu gəlmişdir. Hətta o cavabdehin işçisidir deyə iddiaçı onu da hədələmiş və təhqir etmişdir. İddiaçı elə düşünür ki, o nəinsə qarşılığında cavabdehin yanında işləyir. Lakin bu belə deyildir. O, cavabdehin vəziyyətinin dəfələrlə pis olmasının şahidi olmuşdur və buna görə o neçə aydır ki təmənnasız onun mağazasında işləyir. İddiaçının onu təhqir etməsi və ünvanına nalayiq söyüşlər etməsi barədə səslər onun telefonunda da vardır. İddiaçı və X13 adlı şəxsə həftəlik faizə pul vermişlər və o mağaza açmışdır. Naira pulu ödəyə bilməmiş və ondan Vəfa adlı şəxs malları nisyə alaraq cavabdehə vermişdir ki, mağazasını işlətsin və borclarını az-az ödəsin. O, özü malları götürüb cavabdehin mağazasına yerləşdirdiyi üçün və Zaqatala RPŞ-də ifadə verdiyi üçün iddiaçı və Səmra Davudova onunla ədavət aparmağa başlamışlar. Cavabdeh Nairadan 17 000 manat borc pul götürmüş, həmin pulun müəyyən hissəsinə görə Nairaya mal vermiş və onun cavabdehə 14000-15000 manat borcu qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh sonuncu məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbinin üzrlü olması barədə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarına əlavə edilmiş sənədlər X1 imzası ilə təsdiq edilmiş 01 may 2024-cü il tarixli əlyazısından görünür ki, o, İddiaçı 30 sentyabr 2024-cü il tarixədək qaytarmaq şərti ilə 50 000 manat borca pul götürmüşdür. X1 imzası ilə təsdiq edilmiş 24 may 2024-cü il tarixli əlyazısının surətindən görünür ki, o, İddiaçı 30 sentyabr 2024-cü il tarixədək qaytarmaq şərti ilə 84 000 manat borca pul götürmüşdür. Nuriyeva (Hüşənova) Sabina İmran qızının 23 iyun 2024-cü il tarixli əlyazısından görünür ki, o, İddiaçı gündəlik ödəmək şərti ilə (200 m) 74 000 manat borc almışdır. Əslində 89 000 manat idi 15 000 manat xeyri çıxılıb, qalan borc 74 000 manatdır. 74 000 bitənə qədər hər gün ödəmək razılığına gəlmişlər. 25041009 saylı cinayət işi materiallarına əlavə edilmiş Cavabdeh xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o hazırda Zaqatala şəhəri İncəsənət məktəbində müəllim vəzifəsində işləyir. Bundan əlavə Zaqatala şəhəri, Vidadi küçəsində yerləşən qadın geyimlərinin satışı mağazasında işləyir. O, Zaqatala sakinləri X7, İddiaçı və Günay Butdayevanı uzun müddətdir ki, tanıyır. Əvvəllər həmin şəxslərlə münasibəti yaxşı olmuşdur. Hazırda isə münasibəti yoxdur. 2023-cü ildə müxtəlif vaxtlarda Zaqatala şəhər sakinləri X7, İddiaçı və Günay Butdayevadan iş görmək məqsədi ilə müxtəlif məbləğlərdə faizə borc götürmüşdür. Həmin pulların bir hissəsini işlədiyi mağazaya mal gətirmək məqsədi ilə xərcləmiş bir hissəsini isə yüksək faizlə qaytarmışdır. Lakin həmin şəxslər ona verdikləri müxtəlif məbləğlərdə pulu danışdıqlarından da artıq faizlə tələb etmişdirlər. Eyni zamanda həmin şəxslər ona telefon zəngləri edərək pulu özlərinin dediyi faizlə qaytarmadığı təqdirdə döyəcəyi və öldürəcəyi ilə hədələmişdir. Qeyd edir ki, onun hazırda Səmra, Məryəm və Günaya heç bir pul borcu yoxdur. 25041009 saylı cinayət işi materiallarına əlavə edilmiş X2 xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o Cavabdeh altı ildir ki, tanıyır. İddiaçı isə onun rəfiqəsidir. Rəfiqəsi Məryəm isə hazırda Zaqatala şəhəri, N.Nərimanov küçəsi, ev 72-də yaşayır. Sabina hazırda Zaqatala şəhəri, Vidadi küçəsində yerləşən qadın geyimləri satan “Sabi Butuk”də işləyir. Sabina 2020-ci ilin axırları müxtəlif vaxtlarda iş görmək məqsədiilə müxtəlif məbləğlərdə ondan borc pul götürmüşdür. Sabina ondan götürdüyü həmin pulların bir hissəsini işlədiyi mağazaya mal gətirmək məqsədilə xərcləmiş, bir hissəsini isə özünə xərcləyərək qalan hissəsini borcu olan şəxslərə vermişdir. Sabina isə iki ildir ki, onun rəfiqəsi Məryəmi tanıyır. Məryəmin deməsinə görə Sabina onunla 2022-ci ildə “Fitnes” klubda tanış olmuşdur. Ona sonra məlum olmuşdur ki, Sabina onunla tanış olduğu vaxtdan ondan başqa rəfiqəsi Məryəmdən də, müxtəlif məbləğlərdə borca pul götürmüşdür. Sabina ondan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə borca pul götürsə də, həmişə qaytarmışdır. O, ayrı-ayrı vaxtlarda Sabinaya müxtəlif məbləğlərdə borca pul versə də, heç vaxt ondan faiz söhbətini etməmişdir. Eyni zamanda o Sabinadan artıq faizlə pul tələb etməmiş, onu şantaj etməmiş, ona zəng vuraraq dediyi faizlə pulu qaytarmadığı təqdirdə döyəcəyi və öldürəcəyi ilə hədələməmişdir. Əkisinə Sabina özü və anası Gülmira himayəsində olan azyaşlı övladının körpələr evindən götürəcəyi ilə və başına oyun açacağı ilə hədələmişdir. Ondan əlavə olaraq o, Sabinanın ondan ayrı-ayrı vaxtlarda götürdüyü xırda məbləğləri yəni 18000 manat pulu verə bilmədiyindən ona bağışlamışdır. Onun ona bağışladığı xırda məbləğ onun üçün xeyr olmuşdur. Sabina 2024-cü ilin may ayından ondan borca 25000 manat bir, 13000 manat bir, iki dəfə 16000 manat və 5000 manat isə əvvəldən götürmüşdür. Sabina bundan əvvəl götürdüyü pulları ona ödəmiş, lakin axrıncı dəfə may ayında götürdüyü pulları qaytarmamışdır. Bu da ümumilikdə 75000 manat edir. O, pulları Sabinaya borc verdikdə həmin vaxt yanında rəfiqəsi Məryəm olmuşdur. 25041009 saylı cinayət işi materiallarına əlavə edilmiş İddiaçı xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o hazırda Zaqatala şəhəri, İmam Şamil küçəsində yerləşən “Fitnes” kulubda işləyir. o Cavabdeh 2022-ci ildən tanıyır. X7 onun rəfiqəsidir. Rəfiqəsi Səmra hazırda Zaqatala şəhəri, C.Cabbarlı küçəsində yaşayır. Sabina hazırda Zaqatala şəhəri Vidadi küçəsində yerləşən qadın geyimlərinin satışı “Sabi Butik”də işləyir. Sabina 2023-cü ilin təxminən yay aylarından hazırda işlədiyi mağazaya və yeni açdığı mağazaya mal gətirmək adı ilə ondan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə borca pul götürmüşdür. Sabina ondan götürdüyü həmin pulların bir hissəsini işlədiyi mağazaya mal gətirmək adı ilə xərcləmişdir. Sabina ondan müxtəlif vaxtlarda götürdüyü həmin pulları vaxtında qaytarmışdır. O ayrı-ayrı vaxtlarda Sabinaya müxtəlif məbləğlərdə borca pul versə də, heç vaxt onunla faiz söhbətini etməmişdir. Eyni zamanda o Sabinadan artıq faizlə pul tələb etməmiş, onu şantaj etməmiş, ona zəng vuraraq dediyi faizlə pulu qaytarmadığı təqdirdə döyəcəyi və öldürəcəyi ilə hədələməmişdir. Əksinə Sabina onu özü və anası Gülmira dəfələrlə yolunu kəsərək qəfildən üstünə gəlib təhqir edərək onun ona əl-qol atmasına məcbur etməyə çalışmışdır. Lakin ona onun məqsədi bəlli olduğundan o onunla söhbət uzatmayaraq yoluna davam etmişdir. Buna baxmayara Sabina cəmiyyət arasında onun barəsində həqiqətə uyğun olmayan şayiələr yayaraq təhqiredici ifadələrlə şərəf və ləyaqətini alçaltmışdır. Bundan əlavə o Sabinanın ondan müxtəlif vaxtlarda götürdüyü xırda məbləğləri yəni 15000 manat pulu verə bilmədiyinə görə və onun xahişini nəzərə alaraq bağışlamışdır. Sabina 2024-cü ilin iyun ayından ondan ümumilikdə 74000 manat borc götürmüşdür. Hazırda Sabina ona 74000 manat pul borclu qalmışdır və həmin pulları bugünədək ona qaytarmamışdır. O həmin pulları Sabinaya borca verdikdə həmin vaxt yanında rəfiqəsi Səmra olmuşdur və bu barədə onun məlumatı var. 25041009 saylı cinayət işi materiallarına əlavə edilmiş Cavabdeh 25 iyul 2024-cü il tarixli izahatından görünür ki, o, “X15” adlı mağazanı işlətdiyi müddətdə Zaqatala şəhərində Səmra Davudova, İddiaçı və Gunay Butdayeva adlı şəxsləri tanımışdır. Onlarla hər hansı münasibəti olmasa da, onların Zaqatala şəhərində “krutilka”, yəni lotoreya adı ilə faizə pul verdikləri barədə məlumatı olmuşdur. O, 2023-cü ilin təxminən iyul ayında Bakı şəhərində olduğu zaman İddiaçı öz istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə onunla əlaqə saxlayaraq onda pul olduğunu və ona da “krutilka”, yəni lotareya adı ilə pul verə biləcəyini demişdir. Onun həmin vaxt pula ehtiyacı olmuş, ona görə də Məryəmin təklifi ilə razılaşaraq 1000 manat pul götürmək istəmişdir. sonuncu ona 1000 manatın əvəzinə 20 faiz, yəni 200 manat çıxılmaqla 800 manat verə biləcəyini, bunun qarşılığında isə həftədə 250 manat olmaqla, dörd həftəyə 1000 manat alacağını demişdir. O, Məryəmin “krutilka” adı ilə sələmə pul verdiyini bildiyini və pula ehtiyacı olduğu üçün Məryəmdən 800 manat pul götürmək qərarına gəlmişdir. Sonuncu həmin pulu onun “Kapital Bank”a məxsus kartına göndərmişdir. Bundan sonra o növbəti həftədən başlayaraq hər həftə 250 manat olmaqla Məryəmin ona göndərdiyi karta həmin pulu göndərmişdir. Daha sonrakı tarixlərdə o Məryəmdən əlavə olaraq 2000 manat da sələmə pul götürmüşdür. Belə ki, həmin pulun 20 faizini, yəni 400 manatı çıxaraq ona cəmi 1600 manat pul vermişdir. Nəticədə o 2000 manatın əvəzinə dörd həftəyə, hət həftə 500 manat olmaqla pul verməli olmuşdur. Bu qaydada o bir neçə dəfə Məryəmdən pul götürdükdən sonra bəzi həftələrdə pulu ödəməkdə çətinlik çəkmişdir. Çünki get-gedə Məryəmdən daha böyük məbləğdə pul götürmüşdür. O götürdüyü pulu hansısa həftə ödəyə bilmədiyi zaman təkrar həmin həftənin puluna uyğun o eyni qaydada yenə də pul götürmüşdür. Nəticədə onun ona borcu get-gedə artmağa başlamışdır. Yəni hər həftə ona yeni sələm verməklə həmin onun ödəyəcəyi həftənin pulunu götürmüş, həm də onu özündən asılı vəziyyətə salmışdır. Bütün bunları İddiaçı tək etməmiş, onlar üç nəfərdən ibarət olmuşdur, digər ikisi isə Səmra Davudova və Günay Butdayeva adlı şəxslərdir. Bunların hər üçü o həftəlik pul ödəyə bilmədiyi zaman onun işlətdiyi “X15” adlı mağazaya gələrək ondan kassada olan pulların hamısını tələb etmişdirlər. O, da məcbur qalaraq bütün pulları onlara vermişdir. Hər həftə o ödəniş edə bilmədiyi üçün onlara olan borcu getdikcə çoxalmış və o çıxılmaz vəziyyətə düşmüşdür. O yenə də aldığı pulları qaytarmaq üçün daha da çox çalışmış və qazandığı bütün pulları onlara vermişdir. Bir müddət ödəniş edə bilmədiyi zaman isə onların hədəqorxuları ilə qarşılaşmışdır. Belə ki, onu şantaj edərək üzünə kislota atacaqlarını bildirmişdirlər və onun üz nahiyəsini tanınmaz hala salmaqla sağlamlığına ağır zərər vurmaqla hədələmişdirlər. O artıq onların bu hədələrinə və özbaşınalığına dözə bilmədiyi üçün özünü öldürmək həddi çatmışdır. Hazırda o çıxılmaz vəziyyətdədir, belə ki, İddiaçı, Səmra Davudova və Günay Butdayeva ondan guya onlara olan borcunun əvəzinə 200 min manat pul tələb edirlər. Lakin bir müddət sonra onlar onun öz pulunu ona sələm olaraq verməyə başlayıblar, çünki o onlara bu müddət ərzində 200 min manatdan çox ödəniş etmişdir. 25041009 saylı cinayət işi materiallarına əlavə edilmiş X2 29 iyul 2024-cü il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh müxtəlif vaxtlarda və müxtəlif yerlərədə borc pul vermişdir. Sabina götürdüyü pulları vaxtlı-vaxtında qaytardığına görə etibar qazanmışdır. Sonra o ona iş qurmağı təklif etmiş və alacağı paltar mağazasının qazancının 50 faizini onunla bölüşəcəyini demişdir. Bu adla ondan hissə-hissə 93 min manat məbləğində borc pul almışdır. Sonra heç bir mağaza açılmadığını gördükdə pulunu geri tələb etmişdir. Lakin o vəziyyətinin yaxşı olmadığını deyərək ondan köməklik istəmişdir. Bunu gördüyü halda 18 min manatı ona bağışlamış, yerdə qalan 75 000 manatını gündəlik 200 manat ödəməklə razılığa gəlmişdirlər. Razılığa gəldikləri halda Sabina yenə dediyindən boyun qaçırmış və sonra borcu qaytarmamaq üçün haqqında xoşa gəlməz şeylər yaymışdır. 25041009 saylı cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2024-cüil tarixli “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, Cavabdeh müraciəti ilə əlaqədar topalnmış 79c-24 nömrəli materialda özünü öldürmə həddinə çatdırma cinayətinin tərkib əlaməti olmadığından həmin hissədə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Toplanmış materiallar digər cinayət xarakterli məlumat və faktlara hüquqi qiymət verilməsi üçün Zaqatala Rayon Polis Şöbəsində Cavabdeh müraciəti ilə bağlı aparılan araşdırmaya əlavə edilməsi üçün həmin polis şöbəsinə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı X5 etdiyi müraciətində və verdiyi zahatında özünü öldürmə həddinə çatmasını bildirsə də, onun hər hansı şəxsdən maddi, xidməti və ya sair cəhətdən asılı olması, yəni hər hansı şəxsin tam və ya qismən himayəsində olması, onunla amansız rəftar edən, yəni onu döyən, ona əzab verən, ləyaqətini mütəmadi olaraq alçaldan, yəni onu təhqir edən, söyən, məsxərəyə qoyan, ona böhtan atan, onun haqqında rüsvayedici məlumatlar yayan, ona hədə-qorxu gələrək bu addımı atmağa sövq edən şəxs və ya şəxslərin olması müəyyən edilməmişdir. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-900/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə ilkin məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Cavabdeh tərəfindən 01 may 2024-cü il, 24 may 2024-cü il və 23 iyun 2024-cü il tarixdə icra olunmuş əlyazılarının icra edildiyi zaman qeyri-adi psixo-fizioloji vəziyyətdə icra olunma əlamətlərinin müşahidə olunub-olunmaması müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 06 fevral 2025-ci il tarixli 4/181 ekspert vəsatətindən görünür ki, Həsənova (Nuriyeva) Səbinə İmran qının İddiaçı müxtəlif məbləğlərdə borc pul götürməsi barədə xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qəbzlərin əsillərinin təqdim edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 06 fevral 2025-ci il tarixli, 4/171 nömrəli ekspert vəsatətindən görünür ki, 24 may 2024-cü il tarixli və 23 iyun 2024-cü il tarixli qəbzlərin əsillərinin, Cavabdeh 2-3 sənəddə olan sərbəst xətt və imza nümunələrinin və imza nümunələrinin təqdim olunması xahiş edilmişdir. Zaqatala Rayon Məhkəməsinin Cavabdeh ünvanlamış e-2(033)-900/2024 saylı, 23 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, mülki işlə bağlı 27 dekabr 2024-cü il tarixdə sərbəst imza nümunələri təqdim etmək üçün Zaqatala Rayon Məhkəməsinə gəlməyi xahiş olunmuşdur. Məktub xx.xx.2025-ci il tarixdə xəbərnamənin şəxsən qrafasına imza edilməklə təhvil alınmışdır. Zaqatala Rayon Məhkəməsinin Cavabdeh ünvanlamış e-2(033)-64/2025 saylı, 13 fevral 2025-ci il tarixli məktubundan görünür ki, mülki işlə bağlı 20 fevral 2025-ci il tarixdə sərbəst imza nümunələri təqdim etmək üçün Zaqatala Rayon Məhkəməsinə gəlməyi xahiş olunmuşdur. Məktub xx.xx.2025-ci il tarixdə xəbərnamənin şəxsən qrafasına imza edilməklə təhvil alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 10 aprel 2025-ci il tarixli «məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə» məlumatdan görünür ki, Həsənova (Nuriyeva) Səbinə İmran qızı İddiaçı müxtəlif məbləğlərdə borc pul götürməsi barədə xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qəbzlərin əsillərinin (4/181 nömrəli ekspertiza üzrə), Həsənova (Nuriyeva) Səbinə İmran qızının 2-3 sənəddə sərbəst xətt və imza nümunələrinin, 10-15 vərəqdə eksperimental xətt və imza nümunələrinin (4/171 nömrəli ekspertiza üzrə) təqdim olunması barədə vəsatət verilmiş, xx.xx.2025-ci il tarixdə tədqiq olunan qəbzlərin əsilləri təqdim olunsa da, lakin tədqiqat aparılması üçün lazım olan sərbəst və eksperimental xətt və imza nümunələri bugünə kimi təqdim olunmamışdır. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 312 (üç yüz on iki) manat dövlət rüsümu ödənilmişdir. Tətbiq edilən hüquq 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə xx.xx.2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı tələbini cavabdehin ondan 2024-cü ilin may ayında 89000 manat pulu borc alması, aldığı pulun bir hissəsini geri qaytarması, 74000 manat hissəsini isə ödəməkdən imtina etməsi ilə əsaslandırmış, tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi üçün cavabdeh tərəfindən icra edilmiş xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli əlyazılarını təqdim etmişdir. Cavabdeh iddiaçıdan iş görmək üçün pul alması və aldığı pulu artıqlaması ilə iddiaçıya ödəməsi, əlyazılarını hədə-qorxu şəraitində icra etməsi əsası ilə iddiaya etiraz etmişdir. Məhkəmənin əlyazılarının cavabdeh tərəfindən hədə-qorxu şəraitində (qeyri-adi psixo-fiziololoji vəziyyətdə) icra olunma əlamətlərinin müşahidə olunub-olunmaması hallarının araşdırılması üçün məhkəmə xətşünastlıq ekspertizası təyin etməsinə və dəfələrlə məlumat verməsinə baxmayaraq cavabdeh zəruri tədqiqat predmetləri olan sərbəst xətt və imza nümunələrini ekspertə təqdim etməmiş, nəticədə müvafiq ekspertizanı keçirmək mümkün olmamışdır. Məhkəmə qeyd edilənlərə əsasən onun əlyazılarını hədə-qorxu şəraitində icra etməsi barədə cavabdehin dəlillərini rədd edilmiş hesab edir. Beləliklə iş üzrə sübutlarla, cavabdehin iddiaçıdan 2024-cü ilin may ayında 89000 manat pulu alması, aldığı pulun bir hissəsini hissə-hissə qaytarması, pulun qaytarılmayan hissəsinin xx.xx.2024-cü il tarixə 74000 manat təşkil etməsi təsdiq edilmişdir. Cavabdeh həmin tarixdən sonra aldığı vəsaitin qaytarılması üzrə iddiaçıya ödəniş etməsi barədə hər hansı sübut təqdim etməmişdir. İş üzrə sübutlarla cavabdehin xx.xx.2024-cü il tarixdən sonra aldığı vəsaitin qaytarılması üzrə iddiaçıya ödəniş etməsi halı təsdiq edilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən cavabdehin ondan aldığı pulun 74000 manat hissəsini ödəməkdən imtina etməsi barədə iddiaçının bildirdiklərini işin hallarına uyğun sayır. Göründüyü kimi iddiaçı 2024-cü ilin may ayında aralarında borcun verilməsi barədə müqavilə bağlanılmadan, 89000 manat pulu cavabdehə öhdəlikdən kənar vermiş, nəticədə cavabdeh iddiaçının hesabına müqavilə əsası olmadan 89000 manat əldə etmişdir. Cavabdeh sonradan həmin vəsaitin bir hissəsini geri qaytarmış, 74000 manat hissəsini isə qaytarmaqdan imtina edir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, müqavilə əsası olmadan iddiaçının hesabına pul vəsaiti əldə etmiş cavabdeh əldə etdiklərini, öhdəlikdən kənar ödədiyi pul vəsaitindən məhrum olmuş iddiaçının tələbi ilə ona qaytarmağa borclu olduğundan, əldə etdiyi 74000 manat cavabdehdən alınıb iddiaçıya verilməli, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri ödənilmiş tələbin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 312 (üç yüz on iki) manat dövlət rüsumu və 350 (üç yüz əlli) manat vəkilin xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 74000 (yetmiş dörd min) manat pul vəsaiti, ödənilmiş 312 (üç yüz on iki) manat dövlət rüsumu və 350 (üç yüz əlli) manat vəkilin xidmət haqqı alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-64/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-64/2025
03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver