Məhkəmə qərarları › İş №e-2(033)-641/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-641/2025

25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-641/2025 25.04.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızı, İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək aşağıdakıları müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti (bundan sonra "xxxx" BOKT MMC) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada iddiaçı "xxxx" MMC-nin xeyrinə 2119.77 (iki min yüz on doqquz) manat əsas borc, 129.97 (yüz iyirmi doqquz) manat faiz borcu və 121.1 (yüz iyirmi bir) manat dəbbə borcu olmaqla, cəmi 2 370.84 (iki min üç yüz yetmiş) manat məbləğində borcun və 43.80 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" BOKT MMC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 05 fevral 2024-cü il tarixli ACAM2-18117-2907 saylı Kredit müqaviləsinə əsasən ikinciyə illik faiz dərəcəsi 27% faiz olmaqla 24 (iyirmi dörd) ay ərzində qaytarılması şərtilə 3 100.00 (üç min yüz)manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olunan “Kredit müqaviləsi”-ndən irəli gələn öhdəliklərin vaxtında və lazımı qaydada icrasını təmin etmək məqsədi ilə Cavabdeh1və Cavabdeh2 birgə məsuliyyətini müəyyən edən 05 fevral 2024-cü il tarixli ACAM2-18117- 2907+ACAM2-18126 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən etmişdir. Borclu ödəniş qrafikinə əsasən hər ay 169.00(yüzaltmış doqquz) manat ödəniş etməli idi. Lakin, borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Həmçinin tərəflər arasında bağlanmış Kredit Müqaviləsinin 3.1.4.1 və 3.1.4.2-ci maddələrinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında “Kreditverən” birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər. Beləliklə, 12 fevral 2025-ci il tarixi üçün Cavabdeh2 Kredit müqaviləsi üzrə 2 119.77 (iki min yüz on doqquz) manat əsas borc, 191.96 (yüz doxsan bir) manat faiz borcu və 221.1 (iki yüz iyirmi bir) manat dəbbə borcu olmaqla, cəmi manat borcu mövcuddur. Kredit müqaviləsinə birtərəfli qaydada xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli Xəbərdarlıq məktubunda ödənilməmiş faiz borcu 129.97 (yüz iyirmi doqquz) manat qeyd edilmişdir. Kredit müqaviləsinin 3.1.4.1 və 3.1.4.2-ci maddələrinə əsasən müqavilə üzrə öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədiyi hallarında AR MM-nin445.2-ci maddəsinə uyğun olaraq Kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələbedə bilər. Həmin kredit müqaviləsinin 4.3-cü maddəsinə görə, Kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1%-i miqdarında dəbbə pulu tətbiq edə bilər. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. İşin halları "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli ACAM2-18117-2907 nömrəli kredit müqaviləsindən görünür ki, bank müştəriyə 24 ay müddətində, illik 27% faiz dərəcəsi ilə 3100 manat məbləğində kredit vermişdir. xx.xx.2024-cü il tarixli istifadəçiyə eyniləşdirilmiş yüklənə bilən əvvəlcədən ödənilmiş kartın təhvil-təslim edilməsi haqqında aktdan görünür ki, Cavabdeh2 eyniləşdirilmiş yüklənə bilən əvvəlcədən ödənilmiş kartı təhvil aldığını təsdiq etmişdir. "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli ACAM2-18117-2907+ACAM2-18126 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 və borclu Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə, o cümlədən, lakin bununla məhdudlaşmadan, əsas borc və onun faizi kredit müqaviləsində şərtləşdirilmiş müddətdə qaytarılmadığı, kredit müqaviləsində nəzərdə tutlmuş dəbbə borcu və ya sığorta pulu ödənilmədiyi və kredit müqaviləsində göstərilən digər şərtlər yerinə yetirilmədiyi hallarda “kreditor” "xxxx" BOKT MMC qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, zamin Cavabdeh1 və borclu Cavabdeh2 xx.xx.2024-cü il tarixli ACAM2-18117-2907 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsi tələb edilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixli ACAM2-18117-2907 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC-yə əsas məbləğ üzrə 2119,77 manat əsas borc, faiz üzrə 191.96 manat, 221.10 manat cərimə olmaqla, cəmi 2532.83 manat məbləğində kredit borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.3-cü maddəsinə əsasən borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır. 740.9-cu maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, xx.xx.2024-cü il tarixli ACAM2-18117- 2907 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC Cavabdeh2 24 ay müddətinə 27% faiz dərəcəsi ilə 3100 manat məbləğində kredit verir. Bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə krediti borcalanın mülkiyyətinə verir və borcalan- Cavabdeh2 isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 ilə "xxxx" BOKT MMC arasında xx.xx.2024-cü il tarixli ACAM2-18117-2907 nömrəli kredit müqaviləsinin təminatı kimi xx.xx.2024-cü il tarixli ACAM2-18117- 2907+ACAM2-18126 nömrəli zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh1 Cavabdeh2 ilə birgə kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə kreditor "xxxx" BOKT MMC qarşısında birgə məsuliyyət daşıyacağına dair öhdəlik götürmüşdür. Göründüyü kimi, iddiaçı "xxxx" BOKT MMC tərəfindən Cavabdeh2 kredit verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdehlər öz növbələrində xx.xx.2024-cü il tarixli müqavilənin şərtlərinə əməl etməmiş, müqavilə şərtlərini pozmuş, üzərinə götürdükləri öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdirlər. Bu səbəbdən də, "xxxx" BOKT MMC qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli ACAM2-18117- 2907 nömrəli kredit müqaviləsinə əsasən 2119,77 manat əsas borc məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehlərdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixli ACAM2-18117-2907 nömrəli kredit müqaviləsinə əsasən 129,97 manat faiz borcunun da alınaraq iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə xx.xx.2024-cü il tarixli ACAM2-18117-2907 nömrəli kredit müqaviləsinə əsasən hesablanmış 121,1 manat cərimənin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasında iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğunu nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli ACAM2-18117-2907 nömrəli kredit müqaviləsinə əsasən hesablanmış 121,1 manat cərimə 22 manat həddində təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2119,77 (iki min bir yüz on doqquz manat yetmiş yeddi qəpik) manat əsas borc, 129,97 (bir yüz iyirmi doqquz manat doxsan yeddi qəpik) manat faiz borcu və 22 (iyirmi iki) manat cərimə borcu olmaqla, ümumilikdə 2271,74 (iki min iki yüz yetmiş bir manat yetmiş dörd qəpik) manat borc tutularaq iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 42,72 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" BOKT MMC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 284, 357, 358, 360-362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2119,77 (iki min bir yüz on doqquz manat yetmiş yeddi qəpik) manat əsas borc, 129,97 (bir yüz iyirmi doqquz manat doxsan yeddi qəpik) manat faiz borcu və 22 (iyirmi iki) manat cərimə borcu olmaqla, ümumilikdə 2271,74 (iki min iki yüz yetmiş bir manat yetmiş dörd qəpik) manat borc tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 42,72 (qırx iki manat yetmiş iki qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı “"xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar