Məhkəmə qərarları › İş №e-2(033)-649/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-649/2022

04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-649/2022 04.08.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı “TuranBank “ Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TuranBank ASC-nin “Zaqatala” filialı ilə Cavabdeh2 arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli 824/GK/10-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə Cavabdeh2 “Bank”a olan 2552,75 manat əsas, 7,40 manat faiz, 4,77 manat cərimə borcu olmaqla, cəmi 2564,92 manat məbləğində borcun və ödənilmiş 45,65 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, TuranBank ASC-nin “Zaqatala” filialı ilə Cavabdeh2 arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli, İK № 824/GK/10-19 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 1 %, güzəşt müddəti 12 ay olmaqla, 60 ay müddətinə 3375,66 AZN (üç min üç yüz yetmiş beş manat 66 qəp.) məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh2, TuranBank ASC, Cavabdeh1 və Cavabdeh3 arasında 15 oktyabr 2019-cu il tarixli, 824/GK/10-19 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh2 xx.xx.2022-ci il tarixinə TuranBank ASC-yə 2552,75 AZN əsas, 7,40 AZN faiz, 4,77 AZN cərimə borcu olmaqla, cəmi borcu 2564,94 AZN təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli, İK № 824/GK/10-19 saylı kredit müqaviləsinin 2.6cı bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafıkinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 0.1 % olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, Bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-ci bəndinə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, Bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcala digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.3-cü bəndinə əsasən Borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu Bank qarşısında birgə məsuliyyət daşıyırlar. 2.4-cü bəndə əsasən borcalanın Bank qarşısında öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərlərin ödənilməsində borclu ilə bərabər eyni həcmdə məsuliyyət daşıyırlar. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İşin halları İddiaçı ASC-in “Zaqatala” filialı ilə Cavabdeh2 arasında bağlanmış 15 oktyabr 2019cu il tarixli İK 824/GK/10-19 nömrəli güzəştli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 393/FM/14 saylı kredit müqaviləsinə (bundan sonra əvvəlki kredit müqaviləsi adlanacaq) əsasən ona 24 (iyirmi dörd) ay müddətinə qaytarmaq şərti ilə 4200 (dörd min iki yüz) manat məbləğində kredit vermişdir və tərəflər hazırkı müqaviləni bağlamaqla vaxtı keçmiş həmin kredit borcunun restrukturizasiyası barədə razılığa gəlirlər. Bu məqsədlə Bank 12 (on iki) ay güzəşt müddəti olmaqla, 60 (altmış) ay müddətinə qaytarmaq şərti ilə 3375,66 manat məbləğində kredit verməyi, Borcalan krediti qəbul edib bu Müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən borcalan bu kreditdən istifadəyə görə illik 1 % olmaqla faiz ödəyir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir.Borcalan kredit və ( və ya) ona hesablanan faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə ödəniş müddəti pozulduğu gündən etibarən illik 0,1 faiz olmaqla 5 ildən çox olmamaq şərti ilə cərimə faizi ödəyir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, hazırkı kredit müqaviləsi üzrə borcalana veriləcək kredit məbləği xx.xx.2014-cı il tarixli, 393/FM/14 saylı kredit müqaviləsi üzrə 360 gündən çox müddətə vaxtı keçmiş 3375,66 manat məbləğində kredit borcunun silinməsinə yönəldiləcəkdir və hazırkı kreditin məqsədi məhz qeyd edilən kredit müqaviləsi üzrə qalıq kredit borcun restrukturizasiya edilərək ödənilməsindən ibarətdir. Həmin kredit müqaviləsinin 4.1.4-cü bəndinə əsasən, borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı və borcalanın digər daşınar və daşınmaz əmlaklarının hesabına ödənilməsini tələb etmək, habelə bu məqsədlə məhkəmədə iddia qaldırmaq hüququ vardır. İddiaçı ASC-in “Zaqatala” filialı ilə Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli 824/GK/10-19 nömrəli zaminlik müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, zaminlər 15 oktyabr 2019-cu il tarixli İK 824/GK/10-19 nömrəli kredit müqaviləsi üzrə kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 2.3-cü bəndində göstərilir ki, borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borcalan bank qarşısında birgə məsuliyyət daşıyır. 15 oktyabr 2019-cu il tarixli kassa məxaric orderinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2 3375,66 manat kredit vəsaitini almışdır. 27 sentyabr 2021-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, İddiaçı ASC-in “Zaqatala” filialının direktoru tərəfindən cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks halda, məhkəməyə müraciət olunacağı barədə onlar xəbərdar edilmişlər. Maliyyə cədvəlindən görünür ki, Cavabdeh2 15 oktyabr 2019-cu il tarixdə 824/GK/10- 19 saylı kredit müqaviləsi üzrə 10 mart 2022-ci il tarixə 2552,75 manat əsas borc, 7,40 manat faiz borcu, 4,77 manat cərimə borcu vardır. Tədbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli 824/GK/10-19 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya xx.xx.2014-cü il tarixli, 393/FM/14 saylı kredit müqaviləsinə əsasən 24 (iyirmi dörd) ay müddətinə qaytarmaq şərti ilə verilmiş 4200 (dörd min iki yüz) manat məbləğində kreditin ödənilməmiş 3375,66 (üç min üç yüz yetmiş beş manat altmış altı qəpik) manat hissəsinin restrukturizasiyası məqsədi ilə 12 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 3375,66 (üç min üç yüz yetmiş beş manat altmış altı qəpik) manat məbləğində kredit verilmişdir. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 tərəfindən 15 oktyabr 2019-cu il tarixli 824/GK/10-19 nömrəli kredit müqaviləsi əhəmiyyətli dərəcədə pozulduğundan İddiaçı ASC müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır və iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, 15 oktyabr 2019-cu il tarixli 824/GK/10-19 nömrəli kredit müqaviləsinə əsasən 2552,75 manat əsas borc məbləği Cavabdeh2 alınaraq iddiaçıya qaytarılmalıdır. İşdə olan 15 oktyabr 2019-cu il tarixli İK seriyalı 824/GK/10-19 nömrəli kredit müqaviləsinin 2.2-ci bəndindən aydın olur ki, cavabdeh məlum kredit məbləğini faizlərlə (illik 1 faizlə) ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə həmçinin hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə əsas borca hesablanmış 7,40 manat faiz borcunun da Cavabdeh2 tam şəkildə alınaraq iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmənin qənaətinə görə borclu öhdəliyini lazımınca icra etmədiyindən, o cümlədən müəyyənləşdirilmiş müddətdə öhdəliyinin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etdiyindən İddiaçı ASC-nin Cavabdeh2 qarşı hazırkı iddia tələbinin 4,77 manat məbləğində cərimənin ödənilməsi hissəsi də qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab edir ki, 15 oktyabr 2019-cu il tarixli 824/GK/10-19 nömrəli zaminlik müqavilələrinin şərtlərinə görə zaminlər-cavabdehlər Cavabdeh3 və Cavabdeh1 iddiaçı qarşısında borcalan Cavabdeh2 ilə birgə məsuliyyət daşıyırlar və onların iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Göründüyü kimi, tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış və bununla da onların arasında bank kreditindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Zaminliklə təmin olunmuş kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsinə görə borcluların məsuliyyəti müəyyənləşdirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlərin iddiaçı qarşısında öhdəlikləri yaranmışdır və onlar müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşlar. Cavabdehlər iddiaçı qarşısında kreditin qaytarılması üçün müştərək qaydada məsuliyyət daşıdıqlarına görə məhkəmə hesab edir ki, 2552,75 manat əsas kredit borcu, 7,40 manat ona hesablanmış faiz borcu və 4,77 manat cərimə borcu cavabdehlərdən tam şəkildə və müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 45,65 manat məbləğində dövlət rüsumu onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli 824/GK/10-19 nömrəli kredit müqaviləsi ləğv edilməli, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 15 oktyabr 2019-cu il tarixli 824/GK/10-19 nömrəli kredit müqaviləsi üzrə 2552,75 manat əsas kredit borcu, 7,40 manat kreditdən istifadəyə görə hesablanmış faiz borcu, 4,77 manat cərimə borcu olmaqla, cəmi 2564,92 manat məbləğində vəsait və ödənilmiş 45,65 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 15 oktyabr 2019-cu il tarixli 824/GK/10-19 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 15 oktyabr 2019-cu il tarixli 824/GK/10-19 nömrəli kredit müqaviləsi üzrə 2552,75 (iki min beş yüz əlli iki manat yetmiş beş qəpik) manat əsas kredit borcu, 7,40 (yeddi manat qırx qəpik) manat kreditdən istifadəyə görə hesablanmış faiz borcu, 4,77 (dörd manat yetmiş yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 2564,92 (iki min beş yüz altmış dörd manat doxsan iki qəpik) manat məbləğində vəsait alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 45,65 (qırx beş manat altmış beş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar