Məhkəmə qərarları › İş №e-2(033)-651/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-651/2025

16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-651/2025 16.04.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında, baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi və dəlilləri: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Zaqatala rayonu, Muğanlı kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.1980-cı ildə doğulmuş X1 5850 manat pulun, 78.5 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X2 onun həyat yoldaşının qohumudur. Cavabdehin başqa adama borcu olduğundan borcunu bağlamaq üçün ondan kömək istəmiş və xahiş etmişdir ki, o bankdan kredit götürərək həmin pulu ona versin, o da öz borcunu bağlasın. O, xx.xx.2022-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankdan kredit götürərək cavabdehə 6000 (altı min) manat pul vermişdir. Cavabdehlə aralarında danışmışlar ki, cavabdeh hər ay 280 manat banka pul ödəyəcək. Lakin cavabdeh sözünün üstündə durmamış, onun etibarından sui-istifadə edərək pulu ödəməmişdir. O, məcbur qalaraq cavabdehə verdiyi borc pulun kredit borcunu özü ödəmişdir. O, dəfələrlə cavabdehdən pulu ödəməsini və yaxud onun banka ödədiyi pulları ona qaytarmasını tələb etsə də cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Cavabdeh indiyə qədər ona 2 dəfə pul ödəmişdir. xx.xx.2023-cü il tarixdə Gülbəniz Hümbətovanın kartı vasitəsi ilə ona 50 manat, xx.xx.2023-cü il tarixdə isə 100 manatı birbaşa ona verərək 6000 manatdan 150 manat pul ödəmişdir. Beləliklə, cavabdeh Məhbubə Məmmədovanın ona 5850 manat borcu qalmışdır. Cavabdeh pulu könüllü olaraq vermədiyi üçün o məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin ona borclu olmasını təsdiq edən səs yazıları vardır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehə bankdan 6000 manat kredit götürüb vermişdir. Cavabdeh həmin borcdan cəmi 150 manat pul ödəmişdir. Həmin pulun 50 manatı onun anasının kart hesabına göndərilmişdir. O, cavabdehə etibar edib borc pul vermişdir. Lakin sonradan ona məlum olmuşdur ki, cavabdeh başqa şəxsləri də aldadıb götürdüyü pulları qaytarmamışdır. Cavabdehə görə o, hər ay banka kredit ödəmişdir. Cavabdehin adı şəxsiyyət vəsiqəsində Məhbubə olsa da, hamı onu Könül kimi çağırır. O ona borclu olduğu məbləği müqavilə ilə notariat kontorunda təsdiq etdirəcəyini bildirsə də bundan yayınmışdır. Cavabdeh onunla aparılan telefon danışığında ona borcunun olmasını etiraf etmişdir. O, cavabdehdən qalan borcunun ödənilməsini tələb edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, o iddiaçıdan pulu faizi ilə ödəmək şərti ilə götürmüşdür. O, krutilka oynamış və iki yerə pul ödəmişdir. Lakin sonradan oyun dağılmış və o ödədiyi pulunu geri istəmişdir. Onun pulu hissə-hissə qaytarılmışdır. Həmin vaxtı onun ehtiyacı olduğu üçün iddiaçıdan 1500 manat faizə borc pul götürmüş və sonra sonuncuya hər ay 500 manat pul ödəmişdir. Lakin həmin pulun faizini ödəyə bilməmişdir. O, iddiaçıdan 6000 manat pul götürməmişdir. Onun götürdüyü pul 1500 manat olmuş, lakin üstünə faiz yığılmışdır. Onun şəxsiyyət vəsiqəsində adı Məhbubə olsa da hamı onu Könül kimi tanıyır. O, iddiaçıya 1500 manat pulu ödəməyi öhdəsinə götürür. Məhkəmə iclasında dinlənilmiş CD diskdə olan səs qeydləri ona məxsusdur. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. iş materiallarına əlavə edilmiş sənədlər "xxxx" ASC tərəfindən verilmiş qəbzin surətindən görünür ki, Hümbətova Gülbəniz 05 noyabr 2023-cü il tarixdə 416973****1657 saylı kart hesabına 50 manat pul göndərmişdir. 14 sentyabr 2022-ci il tarixli BPM**********95 nömrəli kredit müqaviləsi və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, İddiaçı "xxxx" ASC tərəfindən 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 8600 manat kredit verilmişdir. 11 mart 2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 78,50 manat dövlət rüsumu ödənilmişdir. CD diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, qadına məxsus səs “Könül sənin 4000 manat və 2300 manat pulunu bağlamışam hə? Sualına cavab qarşı tərəf “hə” cavabı vermişdir. Səs qeydlərində birinci şəxs “Əgər indi borcu bağlasan banka 4500 manat verməlisən, yox əgər bağlamasan 1 il 8 aya üstünə 1500 manat gəlib 6000 manat edir, 2300 manat da sənin əlinə pul vermişəm. Könül mən səndən bunları məhkəmə yolu ilə həll edəcəm” demiş, Könül adlı şəxs isə “mən verəcəm onsuzda sənin pullarını” demişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Kəsici müddətlərlə bağlı qanunvericiliyin tətbiqi təcrübəsinə dair xx.xx.2024- cü il tarixli İcmal məktubunda tövsiyyə edilmişdir ki, Mülki Məcəllənin 354.1-ci maddəsindəki iddia müddətinin mülkiyyətin müdafiəsinə dair iddialara deyil, yalnız etibarsız əqd üzrə əmələ gələn əsassız varlanma tələblərinə, özü də cavabdehin ərizəsi əsasında tətbiq edildiyi diqqətdə saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsiniə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282 Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. İddiaçı cavabdehə 6000 manat pulu borc verdiyini iddia etmiş, həmin hal onun təqdim etdiyi CD -də olan səs yazısı ilə təsdiq edilmişdir. Cavabdeh iddiaçıdan 6000 manat pul götürməməsi, 1500 manat pulu faizlə borc götürməsi, hər ay 500 manat pul ödəməsi, götürdüyü 1500 manatın üstünə faiz yığılması əsası ilə iddiaya etiraz etsə də, həmin halların təsdiqi üçün sübut təqdim etməmişdir. İddiaçı eyni zamanda cavabdehin xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə isə 100 manat qaytardığını, qalan 5850 manatı isə qaytarmaqdan imtina etdiyini bildirmişdir. Məhkəmə cavabdehin sübut təqdim etmədiyini, 6000 manat pulun verilməsi halının isə yanaşı yoxlanılmış səs yazısı ilə təsdiq olunmasını nəzərə alaraq, onun cavabdehə 6000 manat pulu borc verməsi, cavabdehin xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023cü il tarixdə isə 100 manat qaytarması, qalan 5850 manatı isə qaytarmaqdan imtina etməsi barədə iddiaçının bildirdiklərini işin hallarına uyğun sayır. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdehə öhdəlikdən kənar qaydada 6000 manat pul ödəmiş, cavabdeh də həmin pulun 150 manat hissəsini 2023-cü ilin noyabr ayında qaytarmış, qalan 5850 manatı isə qaytarmamışdır. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh əldə etdiklərini iddiaçının tələbi ilə ona qaytarmalı olduğundan, əldə etdiklərinin qaytarılmamış hissəsi üzrə 5850 manat ondan alınaraq iddiaçıya verilməlidir. Odur ki, iddia təmin edilməli, Cavabdeh 5850 (beş min səkkiz yüz əlli) manat pul vəsaiti alınaraq İddiaçı verilməlidir. İddia təmin edildiyindən Cavabdeh 78.50 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 5850 (beş min səkkiz yüz əlli) manat pul vəsaiti və ödənilmiş 78,50 (yetmiş səkkiz manat əlli qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar