Məhkəmə qərarları › İş №e-2(033)-67/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-67/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-67/2023 28.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyətinin nümayəndəsi X5 və Cavabdeh iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyəti (bundan sonra İddiaçı BOKT ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 002391/19 saylı kredit müqaviləsi üzrə əsas borc 1615.93 AZN, faiz borcu 1618.26 AZN, cərimə borcu 860.21 AZN, cəmi 4094.40 AZN və iş üzrə ödənilmiş 61 AZN məbləğində dövlət rüsumunun cavabdeh X1 iddiaçının xeyrinə tutulması, tutmanın iddiaçının xeyrinə girov predmeti olaraq qoyulmuş 1 ədəd 583 əyar 29.5 qram boyunbağı, 1 ədəd 583 əyar 10.3 qram qolbağ, 1 ədəd dəst (üzük və sırğa) 583 əyar 11.7 qram və 1 ədəd 583 əyar 2,6 qram üzükdən ibarət qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyalarının açıq hərrac vasitəsilə satılması, girov predmetinin satışından əldə olunmuş məbləğ iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı BOKT ASC tərəfindən xx.xx.2019-cu il tarixli, 002391/19 saylı kredit müqaviləsinə əsasən illik 35%, 18 ay müddətinə, 2192 (iki min bir yüz doxsan iki) AZN məbləğində kredit verilmişdir. Kredit borcunun təminatı olaraq Cavabdeh ilə İddiaçı BOKT ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002391/19/G saylı girov müqaviləsinə əsasən cavabdehə məxsus 54,10 qram qızıl-zinət əşyası (583 əyara çevrildikdə) girov qoyulmuşdur. Cavabdehlə müqavilə bağlandıqdan sonra iddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə vaxtında icra edərək müqavilədə nəzərdə tutulmuş məbləği ayırmış, cavabdeh qismən ödənişlər etməklə sonradan ödənişləri dayandırmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli, 002391/19 saylı kredit müqaviləsi üzrə iddiaçıya xx.xx.2022-ci il tarixə olan borcu aşağıdakı kimidir: əsas borc: 1615.93 AZN, faiz borcu: 1618.26 AZN, cərimə: 860.21 AZN, cəmi: 4094.40 AZN. Cavabdeh kredit müqaviləsinin şərtlərini qərəzli şəkildə pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini tamamilə dayandırmışdır. Cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq öhdəliyini icra etməmiş, bu günə qədər olan borclarını ödəməmişdir. Cavabdehə borcun əsas məbləğinin, ona hesablanmış faizlərin və cərimələrin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə bildiriş göndərilmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəliyi müqavilədən yaranan öhdəlikdir. Qeyd etdikləri nəzərə alınmaqla iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək cavabdehdən 1615,93 manat əsas borcun, 1762.70 manat faiz borcunun, 100 manat cərimə borcunun və iş üzrə ödənilmiş 61 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 3439.63 manat borcun və 61 manat dövlət rüsumunun tutulması, tutmanın iddiaçının xeyrinə girov predmeti olaraq qoyulmuş 1 ədəd 583 əyar 29.5 qram boyunbağı, 1 ədəd 583 əyar 10.3 qram qolbağ, 1 ədəd dəst (üzük və sırğa) 583 əyar 11.7 qram və 1 ədəd 583 əyar 2,6 qram üzükdən ibarət qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızılzinət əşyalarının açıq hərrac vasitəsilə satılması, girov predmetinin satışından əldə olunmuş məbləğ iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək Cavabdeh 1615,93 manat əsas, 1762,70 manat faiz, 100 manat cərimə borcu olmaqla ümumilikdə 3439,63 manat kredit borcunun və 61 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun dəlillərini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin bir hissəsi icra edildiyindən girov müqavilələrinə əsasən girov predmeti olan qızıl-zinət əşyaları ona qaytarılmış və hazırda yalnız kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb edirlər. Cavabdeh iddia tələbinın əsas borc məbləği ilə razı olduğunu, gələckdə əsas borcu hissə-hissə ödəyəcəyini bildirdi. Lakin faiz və cərimə borcu ilə razı olmadığını bildirdi. Faiz və cərimə borcunun silinməsini xahiş etdi. İddia tələbinin qismən, yəni əsas borca münasibətdə təmin edilməsinə etiraz etmədiyini bildirdi. İşin halları 05 sentyabr 2019-cu il tarixli İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 002391/19 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh 18 ay müddətinə illik 35 faiz dərəcəsi ilə 2192 manat kredit verilmişdir. Həmin kredit Müqaviləsinin 2.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə öhdəliklər 05 mart 2021-ci ilədək tam yerinə yetirilməlidir. Kredit Müqavisinin 5.2-ci bəndinə əsasən Bu Müqavilə üzrə 1 (bir) gündən 90 (doxsan) günədək gecikdirilmiş kreditə görə, “Kreditalan" hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin (əsas borc məbləğinin) 1 (bir) faizi miqdarında cərimə ödəyir. İddiaçı BOKT ASC tərəfindən cavabdehə ünvanlanmış 22 iyun 2022-ci il tarixli bildirişdən görünür ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə yaranmış kredit borcunun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks halda kredit borcunun ödənilməsi tələbi ilə bağlı barəsində məhkəmədə iddia qaldırılacağı ona bildirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2022-ci il tarixli 9/8527 nömrəli rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş materialında olan hesabdan çıxarış məlumatları və 05 sentyabr 2019cu il tarixli, 002391/19 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı ASC BOKT-a 1615,93 manat əsas, 1620,31 manat faiz borcu vardır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2022-ci il tarixli 9/8527 nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsində göstərilir ki, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1-ci maddəsinə əsasən, əgər həmin Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarı Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirilməklə yerinə yetirməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2005-ci il tarixli Qərarı 9.2-ci bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli 002391/19 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 35 faiz olmaqla 18 ay müddətinə hissə-hissə qaytarılmaq şərti ilə 2192 manat kredit verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2022-ci il tarixli 9/8527 nömrəli ekspert rəyinə əsasən xx.xx.2019-cu il tarixli, 002391/19 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixədək əsas borc üzrə 1615,93 manat, faiz borcu üzrə 1620,31 manat borcalan Cavabdeh İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyətinə borcu vardır. İddiaçı iddia tələbi ilə müraciət edərək cavabdehin hazırda iddiaçıya xx.xx.2019-cu il tarixli 2192 manat məbləğində verilmiş kreditə görə 1615,93 manat əsas, 1762,70 manat faiz borcunun olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və borclu ilə bank arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli 002391/19 nömrəli kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən iddiaçı 05 sentyabr 2019cu il tarixli 002391/19 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyindən, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən məhkəmə hesab edir ki, 05 sentyabr 2019-cu il tarixli 002391/19 nömrəli kredit müqaviləsinə əsasən 1615,93 manat əsas borc Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddia tələbinin kredit müqavilələri üzrə faiz borcunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə qanunvericiliyin yuxarıda qeyd edilən normaları əsasında münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə qismən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2022-ci il tarixli 9/8527 nömrəli ekspert rəyinə uyğun təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. İşdə olan “İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli 002391/19 nömrəli nömrəli kredit müqaviləsinin 2.2-ci bəndindən görünür ki, borcalan alınmış kredit üçün illik 35 faiz ödəməlidir. Kredit üzrə faktiki illik faiz dərəcəsi 37,4 faizdir. İddia tələbində cavabdehin 05 sentyabr 2019-cu il tarixli 002391/19 nömrəli kredit müqaviləsi üzrə 1762,70 manat faiz borcu olduğu qeyd edilsə də, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən həmin müqavilə üzrə cavabdehin 1620,31 manat borcu olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Məhkəmə cavabdehin faiz və cərimə borcuna aid hissədə iddia tələbini qəbul etməməsi yönündə verdiyi izahatı ilə bağlı aşağıdakıları qeyd edir: İşdən göründüyü kimi, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə məhkəmə qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. Bundan başqa, cavabdehin vəsatəti əsasında təyin edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2022-ci il tarixli 9/8527 nömrəli rəyindən də görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş materialında olan hesabdan çıxarış məlumatları və 05 sentyabr 2019-cu il tarixli, 002391/19 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı ASC BOKT-a 1615,93 manat əsas, 1620,31 manat faiz borcu vardır. Ona görə də, məhkəmə hesab edir ki, işdə olan sübutlar iddia tələbinin faiz borcu hissəsinin ekspert rəyinə uyğun olaraq təmin edilməsi üçün kifayət edir. Məhkəmə iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 100 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasına iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla, iddiaçının özü də cərimənin (dəbbə pulunun) miqdarını formal hesablamışdır. Cavabdeh kredit üzrə yaranan borcları vaxtında ödəmiş, lakin sonradan maddi durumu pisləşdiyindən bunu vaxtında edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin cəriməni (dəbbə pulunu) ödəmək imkanında olmamasını, onların qeyd olunan məbləğdə cəriməni ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 100 manat cərimə qismən, 10 manat həddində təmin edilməlidir. Məhkəmə 61 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsinə münasibət bildirərək hesab edir ki, 52,47 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməli 8,53 manat dövlət rüsumu iddiaçının özünə aid edilməldir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 05 sentyabr 2019-cu il tarixli 002391/19 nömrəli kredit müqaviləsinə əsasən 1615,93 manat məbləğində əsas borc, 1620,31 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla cəmi 3246,24 manat məbləğində kredit borcu, 52,47 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə onu da qeyd edir ki, Cavabdeh vəsatəti əsasında ekspertiza təyin olunduğundan, eyni zamanda ekspert rəyi iddiaçının ilkin iddia ilə tələb etdiyi məbləğdən əhəmiyyətli dərəcədə fərqlənmədiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat ekspertiza xərci cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 05 sentyabr 2019-cu il tarixli 002391/19 nömrəli kredit müqaviləsinə əsasən 1615,93 (bir min altı yüz on beş manat doxsan üç qəpik) manat məbləğində əsas borc, 1620,31 (bir min altı yüz iyirmi manat otuz bir qəpik) manat faiz borcu və 10 (on) manat cərimə borcu olmaqla cəmi 3246,24 (üç min iki yüz qırx altı manat iyirmi dörd qəpik) manat məbləğində kredit borcu və 52,47 (əlli iki manat qırx yeddi qəpik) manat dövlət rüsumu İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. 8,53 (səkkiz manat əlli üç qəpik) manat dövlət rüsumu İddiaçı Bank Olmayan Kredit X8 Cəmiyyətinin özünə aid edilsin. Cavabdeh 150 (bir yüz əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ**********000********. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar