Məhkəmə qərarları › İş №e-2(033)-680/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-680/2023

08.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-680/2023 08.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə nikahlarından 11 iyul 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Zaqatala Rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli 2(033)-632/2020 nömrəli qətnaməsi ilə təyin edilmiş hər ay uşaq üçün 170 (bir yüz yetmiş) manat aliment məbləğinin artırılaraq hər ay uşaq üçün 220 (iki yüz iyirmi) manat müəyyən edilməsi və həmin məbləğin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə birgə nikahlarından 11 iyul 2016-cı il tarixdə X2 doğulmuşdur. Zaqatala Rayon Məhkəməsinin 07 dekabr 2017-ci il tarixli 2(033)-1548/2017 nömrəli qətnaməsinə əsasən onun cavabdehlə olan nikahının pozulması, birgə nikahlarından doğulmuş X1 onun himayəsində saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136 manat məbləğində sabit pul məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir. Daha sonra onun iddia tələbi əsasında Zaqatala Rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli 2(033)-632/2020 nömrəli qətnaməsi ilə alimentin məbləği artırılaraq 170 manat müəyyən edilmişdir. Hazırda bu məbləğ çox az olduğuna və uşağın ehtiyaclarını təmin etmədiyinə görə alimentin artırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Onun rəsmi iş yeri yoxdur, fərdi əməklə məşğul olur, lakin qazancı azdır, uşağına tək başına baxır, uşağının ehtiyaclarının ödənilməsi üçün hələ də ailə üzvlərinin dəstəyindən istifadə etməkdədir. Lakin müəyyən edilmiş aliment məbləği uşağın təhsil xərclərinə, o cümlədən minimal ehtiyaclarının qarşılanmasına kifayət etmir. Cavabdeh isə bir ata kimi uşağa qayğı və diqqət göstərmir, uşağın böyüdülməsində maddi və mənəvi heç bir dəstəyi yoxdur. Cavabdehdən fərqli olaraq valideyn kimi övladının sağlamlığı, yüksək səviyyədə təhsil alması, dünya görüşünün formalaşması və təlim-tərbiyəsi onun üçün son dərəcə əhəmiyyət kəsb edir və imkan daxilində bütün bu xərcləri qarşılamağa çalışır. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli qətnaməsi ilə təyin olunmuş 170 manat aliment hazırki vəziyyətdə uşağının böyüdülməsi, təhsil və digər xərcləri üçün kifayət etmir. Cavabdeh qazancı stabil deyil. Ona görə də hesab edir ki, cavabdeh uşağın yetkinlik yaşınaçatana kimi saxlanması üçün ən azı 220 manat stabil pul məbləğində aliment ödəməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İş materiallarına əlavə edilmiş Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş AZE seriyalı 11268767 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 11 iyul 2016-cı il tarixdə X1 atası Cavabdeh və anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli 2(033)-632/2020 saylı qətnamənin surətindən görünür ki, Cavabdeh alınaraq 11 iyul 2016cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1616/2018 nömrəli, 28 iyun 2018-ci nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay uşaq üçün sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilməsi və alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanması qət edilmişdir. İş materiallarına əlavə edilmiş 23 may 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiaysında iştirak etməmişdir. İddiaçı nümayəndəsi Nümayəndə ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1 -ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndində göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları 11 iyul 2016-cı il tarixdə X2 iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı bir uşağa görə 170 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir və həmin aliment miqdarı uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Bundan başqa, həmin aliment miqdarı məhkəmə tərəfindən 2020-ci ildə, yəni uşağın 4 yaşı olarkən təyin edilmişdir. Hazırda isə uşaq 7 yaşdadır və ötən müddət ərzində uşağın artan tələbatındakı dəyişiklik, o cümlədən onun geyimi, qidalanması kimi xərcləri də özündə ehtiva edən əlavə zəruri məsrəfləri yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə uşağın saxlanması üçün artan tələbatının cavabdeh tərəfindən ödənilən 170 manat məbləğində alimentlə ödənilə bilməməsi barədə iddiaçının arqumentləri ilə razılaşır və hesab edir ki, aliment məbləğinin bir uşağa 200 manata artırılması uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətedici hesab edilə bilər. Alimentin hesablanması vaxtı ilə bağlı məhkəmə qeyd edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh alınaraq 11 iyul 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli, 2(033)- 632/2020 saylı qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün sabit pul məbləğində 200 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh 30 (200-170=30x12=360 manat) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı mediasiya xərcinin cavabdehdən tutulmasını tələb etmədiyindən həmin xərc onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 14 iyul 2020-ci il tarixli 2(033)-632/2020 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 11 iyul 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində tutulan 170 (bir yüz yetmiş) manat miqdarda alimentin məbləği artırılsın. 11 iyul 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay bir uşaq üçün 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İddiaçı tərəfindən ödənilmiş mediasiya xərci tələb etmədiyindən həmin xərc onun özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar