Məhkəmə qərarları › İş №e-2(033)-688/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-688/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-688/2025 19.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, X8 Əli qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbi və dəlilləri İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 12300 (on iki min üç yüz ) manat borcun, hüquqi yardım üçün vəkilə ödədiyi 420 (dörd yüz iyirmi) manat haqqın və məhkəməyə ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumunun əvəzinin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, iddiaçının özünə məxsus “X17” markalı avtomobilində o, 5 iyun 2022-ci il tarixində qəzaya uğramışdır. Avtomobilini təmiri üçün iyunun 20-də Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən avtoservisdə əvvəllər tanıdığı Cavabdeh yanına qoymuşdur. Seyran ehtiyat hissələri və zəhmət haqqı üçün ondan hissə-hissə 11700 manat pul almışdır. 3 aya yaxın avtomobil təmir üçün Seyranın yanında qaldı, o hər dəfə soruşanda deyirdi ki, xaricdən ehtiyat hissələri sifariş etmiş, gəlsin yığıb təhvil verəcəkdir. Həmin ərəfədə yəni xx.xx.2022-ci il tarixdə Seyran usta ondan uşağının gözünə mismar batdığını, onun müalicəsi üçün təcili pula ehtiyacı olduğunu bildirmiş və ondan borc pul istəmişdir. O, Cavabdeh Bakı şəhəri 44 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 3M-204 Reyestr nömrəli Kredit müqaviləsinə əsasən 9500 manat məbləğində pul borc vermiş və o, həmin borcu xx.xx.2022-ci il tarixinədək ona qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən:

1. "Borc verən" "Borc alana" bu müqavilənin bağlandığı gün, yəni xx.xx.2022-ci il tarixdə 9500 manat 00 qəpik (doqquz min beş yüz manat sıfır qəpik) məbləğində pul borc verir. 2. "Borc alan" krediti bu müqavilənin müddətinin bitdiyi tarixədək yəni, xx.xx.2022-ci il tarixinədək "Borc verənə" qaytarmağı öhdəsinə götürür. 3. Tərəflər borcun faizsiz verilməsini şərtləşdirirlər. Bundan başqa cavabdehin ondan əlavə olaraq 2800 manat borc almışdır. Lakin cavabdeh ona olan borcundan heç bir məbləğ ödəməmişdir. 2022-ci ilin oktyabr ayının 18-də Seyranla borcu ödəmədiyinə görə ciddi mübahisələri olmuş, sonuncu ona bildirmişdir ki, oktyabrın 28-nə pulun geri qaytaracaqdır. Bu barədə səs yazısı vardır. Lakin oktyabr ayının 20-dən telefonlarını söndürərək gizlənmişdir. Buna görə də o 2022-ci ilin oktyabr ayının 20-də Seyranın işlədiyi avtoservisə gedib, maşınının təmirinin nə vəziyyətdə olduğunu öyrənmək istəmiş, ancaq Seyranı tapmamışdır. Avtoservisin İbad adlı sahibi ona bildirmişdir ki, Seyranı burdan qovmuş, cavabdehin ondan başqa bir neçə adamı da aldatdığını və avtomobilinin götürməsini bildirmişdir. O. avtomobilini götürmək istəyərkən, məlum olmuşdur ki, X4 avtomobilinin üzərində olan və işlək vəziyyətdə olan hissələrini söküb satmışdır. Bundan başqa o Seyranın Zaqatala rayonunun Mazıx kəndində yaşayan atası Əmirşanov Məmmədlə (Tel:**********) və anası Əmirşanova Gülxar (tel:**********) ilə telefonla danışmış və Seyranın uşağının əməliyyatının necə keçdiyini soruşmuşdur. Atası ona uşağın heç bir əməliyyat keçirmədiyini və sadəcə gözündə yüngülvari ağrı olduğunu, dərman tökdüklərini və sağaldığını bildirmişdir. Beləliklə ona məlum olmuşdur ki, usta kimi tanıdığı X4 onunla uzun müddətli münasibəti nəticəsində formalaşmış inamından və etibarından sui-istifadə edərək, onu aldadaraq, azyaşlı uşağının gözündən təcili əməliyyat olunacağı adı ilə ondan 9500 manat pul almış, eyni zamanda ona məxsus “Hundai-Santafe” markalı avtomobilini təmir etmək adı ilə ondan hissə-hissə olmaqla cəmi 11700 manat ehtiyat hissələri xərci almış, nəyinki avtomobili təmir etməmiş, hətta ona etibar etdiyi avtomobilinin 6885 manat dəyərində olan hissələrini söküb sataraq qazanc əldə etmişdir və ona maddi zərər vurmuşdur. Buna görə də o, şikayət ərizəsi ilə Binəqədi rayon Polis idarəsinin 6-cı Polis X1 barəsində şikayət edərək onun cinayət məsuliyyətinə cəlb olunmasını və ona vurduğu maddi və mənəvi zərərin qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Şikayəti üzrə material 6-cı Polis Bölməsində araşdırılmış, daha sonra Binəqədi RPİ-in istintaq şöbəsinə verilmişdir. Şikyətini araşdıran Binəqədi RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X12 şikayəti üzrə heç bir araşdırma aparmamış, X4 barəsində “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 dekabr 2022-ci il tarixli Qərar qəbul etmişdir. Onun və vəkilinin şikayəti əsasında Binəqədi rayon Məhkəməsinin 6(001)-80/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Binəqədi RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X5 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 dekabr 2022-ci il tarixli Qərarı ləğv edilmiş, şikayətdə və hazırkı qərarda göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması, araşdırma zamanı göstərilənlərlə kifayətlənməməklə qarşıya çıxan digər halların da hərtərəfli, tam və obyektiv yoxlanılaraq iş üzrə qanuni qərar qəbul edilməsinin təmin edilməsi, qərarın icrasına nəzarətin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşırılması qərara alınmışdır. Nəhayət Binəqədi RPİ-nin istintaq şöbəsinin müstəntiqi X10 tərəfindən xx.xx.2024-cü il tarixində CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və o zərərçəkmiş qismində tanınmışdır. İstintaqa cəlb olunana Cavabdeh istintaqda onun avtomobilinə zərər vurduğunu, ondan borc aldığını etiraf etmiş, xx.xx.2022-ci il tarixli iltizam yazaraq ona 22300 manat pul borclu olduğunu, borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. İbtidai istintaq dövründə Cavabdeh ona cəmi 10000 (on min) manat pul ödəmişdir. Bundan sonra Binəqədi RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X6 xx.xx.2025-ci il tarixli-ci il tarixli Qərarı ilə cinayət işi üzrə icraata xitam verilmişdir. Hal-hazırda Cavabdeh ona 12300 manat pul borcu vardır. Buna görə də o cavabdehə xx.xx.2025-ci il tarixində Pretenziya məktubu göndərərək, Bakı şəhəri 44 saylı Notariat ofisində təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 3M-204 Reyestr nömrəli Kredit müqaviləsinə əsasən 9500 manat (doqquz min beş yüz manat) məbləğində pulu və əlavə olaraq aldığı 2800 (iki min səkkiz yüz) manat məbləğində pulu, cəmi 12300 (on iki min üç yüz) manat pulu bu məktubu aldığı gündən 10 gün ərzində ona geri ödəməsini tələb etmişdir. Cavabdeh pretenziya məktubunu xx.xx.2025-ci il tarixdə qəbul etmişdir. Lakin buna baxmayaraq borcu qaytarmamışdır.

İddia tələbinə qarşı etirazın dəlilləri

İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.

Tərəflərin izahatları

23 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehi uzun müddətdir ki, tanıyır. Onun başqa bir avtomobilin karobkası yarasız vəziyyətə düşmüş və onun təmiri üçün ondan çox pul istəsələr də cavabdeh çox aşağı qiymətə həmin hissəni təmir etmişdir. Beləliklə cavabdehlə münasibətləri yaranmışdır. 5 iyun 2022-ci il tarixində avtomobili avtoqəzaya uğradığı üçün onu təmir etdirmək üçün cavabdehə təhvil vermişdir. Cavabdehə təmirə görə pul vermiş, lakin sonuncu onun avtomobilini təmir etməmiş, hətta onun ehtiyat hissələrini sökərək satmış və ona ziyan vurmuşdur. Bundan başqa cavabdeh ondan borc pul götürmüş və qaytarmamışdır. Cavabdeh iltizamı Polis Şöbəsində yazmışdır. Onun şikayətləri əsasında cavabdeh ona borcundan iki dəfəyə cəmi 10000 manat hissəni ödəmiş və hazırda sonuncunun ona 12300 manat borcu vardır. İddiaçı nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirdi ki, cavabdeh onun oğludur. Həqiqətən də oğlunun iddiaçıya 12300 manat borcu vardır. Oğlu avtoqəza nəticəsində xəsarət almış və hazırda özünə iş axtarır. Borcunu hissə-hissə iddiaçıya ödəyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. O, 12300 manat borcun, 420 manat vəkil xərcinin və 127 manat dövlət rüsumunun iddiaçıya ödənilməsinə razı olması barədə ərizəni məhkəməyə təqdim etdi.

Yazılı sübutlar

19 avqust 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 01 noyabr 2022-ci il tarixədək qaytarmaq şərti ilə 9500 manat borc pul verilmişdir. Cavabdeh tərəfindən 23 noyabr 2022-ci il tarixdə verilmiş iltizamın surətindən görünür ki, o, İddiaçı borclu olduğu 22 300 manat puldan 20 dekabr 2022-ci il tarixədək 5000 manatı ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən 16 yanvar 2023-cü il tarixdə verilmiş qəbzin surətindən görünür ki, o, İddiaçı verməli olduğu 22 300 manat puldan 5000 manatı ödəmişdir. Həmin qəbzdə İddiaçı 5000 manat pulu Cavabdeh aldığını bildirmiş və imzası ilə təsdiq etmişdir. İddiaçı ilə fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə ilə aralarında bağlanmış 26 oktyabr 2023-cü il tarixli 90 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən görünür ki, İddiaçı hüquqi yardıma görə haqq 100 manat müəyyən edilmişdir. 26 oktyabr 2023-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 100 manat xidmət haqqı ödənilmişdir. İddiaçı tərəfindən verilmiş 14 sentyabr 2024-cü il tarixli qəbzin surətindən görünür ki, o, Cavabdeh ona ödəməli olduğu 17300 manat borcdan 5000 manat pulu müstəntiq Tural Kazımovdan qəbul etmişdir. Cavabdeh hazırda ona 12300 manat borcu qalmışdır. Bakı şəhəri Binəqədi RPİ-in İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X6 06 fevral 2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin qərarda Cavabdeh izahatından görünür ki, təxminən iyun ayının ortalarında İddiaçı adlı şəxs ona məxsus “X16" avtomobilini Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən sexində təmir üçün saxlamışdır. Onda qeyd etmişdir ki, həmin sexi avtomobillərin təmiri üçün icarəyə götürmüşdür. Vətəndaş İddiaçı əvvəllər avtomobilinin təmiri üçün ona müraciət etmişdir, o, isə Akifin avtomobilini təmir etmiş və aralarında narazılıq olmamışdır. Lakin sonuncu dəfə vətəndaş İddiaçı “X16" markalı avtomobilini əzik halda yanına gətirərək onun düzəlməsini istəmiş, o, isə avtomobilə baxaraq avtomobilin təmiri üçün günün ayrı-ayrı vaxtlarında müxtəlif miqdarda pulların alaraq ümumilikdə (altı min səkkiz yüz səksən beş) 6885 manat dəyərində ehtiyat hissələrinin alınması üçün ondan almış, təqribən oktyabr ayının 23-də başına iş gəldiyi üçün Zaqatala rayonuna getmiş, ona görə də avtomobili təmir edə bilməmişdir. Akif ona cəmi 600 manat əmək haqqı vermişdir. O, İddiaçı “X16" markalı avtomobilini təmir etdikdən sonra, avtoservisdə sexdə qoyaraq bir ay müddətində Zaqatala rayonuna getmişdir. O, bu barədə heç kimə məlumat verməsə də, orada oğurluq hallarının olmasında müdiriyyət cavabdehlik daşıyır. O, İddiaçı yuxarıda göstərilən məbləği 2 ay müddətə ödəyəcəyinə söz vermişdir. İddiaçı ilə fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə ilə aralarında bağlanmış xx.xx.2023-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən və həmin tarixli qəbzin surətindən görünür ki, İddiaçı hüquqi yardıma görə haqq 100 manat müəyyən edilmişdir. İddiaçı ilə fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə ilə aralarında bağlanmış 24 fevral 2025-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin surətindən və ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı hüquqi yardıma görə haqq 320 manat müəyyən edilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən Cavabdeh ünvanlanmış 24 fevral 2025-ci il tarixli pretenziya məktubundan görünür ki, sonuncuya iddiaçı tərəfindən 13200 manat pulu 10 gün ərzində ödəməsi təklif olunmuşdur. Əks təqdirdə məhkəməyə müraciət etmək hüququndan istifadə edəcəyi və bütün məhkəmə xərclərinin cavabdehdən çıxılacağı bildirilmişdir. 13 mart 2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 127 manat dövlət rüsumu ödənilmişdir. Cavabdeh nümayəndəsi X3 tərəfindən verilmiş ərizədən görünür ki, o, 12300 manat borcun, 420 manat vəkil xərcinin və 127 manat dövlət rüsumunun iddiaçıya ödənilməsinə razıdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Məhkəmənin mövqeyi:

Məhkəmə, tərəflərin izahatını nəzərə alıb, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı tələbini cavabdehin ondan 2022-2023-cü illərdə 22 300 manat pulu borc alması, aldığı pulun bir hissəsini olan 10 000 manatı geri qaytarması, 12 300 manat hissəsini isə ödəməkdən imtina etməsi ilə əsaslandırmış, tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi üçün aralarında bağlanmış 19 avqust 2022-ci il tarixli kredit müqaviləsini, cavabdeh tərəfindən icra edilmiş 23 noyabr 2022-ci il, 16 yanvar 2023-cü il və 14 sentyabr 2024-cü il tarixli əlyazılarını təqdim etmişdir. Cavabdeh iddiaçıdan pul alması və aldığı pulu hissə-hissə ödəyəcəyini bildirməklə iddia tələbini qəbul etmişdir. Beləliklə tərəflərin izahatlarla və iş üzrə sübutlarla, cavabdehin iddiaçıdan 2022- 2023-cü illərdə 22 300 manat pulu alması, aldığı pulun bir hissəsini hissə-hissə qaytarması, pulun qaytarılmayan hissəsinin 12 300 manat təşkil etməsi təsdiq edilmişdir. Cavabdeh həmin tarixdən sonra aldığı vəsaitin qaytarılması üzrə iddiaçıya ödəniş etməsi barədə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən cavabdehin iddiaçıdan aldığı pulun 12 300 manat hissəsini ödəməkdən imtina etməsi barədə iddiaçının bildirdiklərini işin hallarına uyğun sayır. Beləliklə məhkəmə iddia etirafının qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Beləliklə iddia təmin edilməli, Cavabdeh 12300 (on iki min üç yüz) manat borc, hüquqi yardım üçün vəkilə ödənilmiş 420 (dörd yüz iyirmi) manat haqqı və məhkəməyə ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumu İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia təmin edilsin. Cavabdeh 12300 (on iki min üç yüz) manat borc, hüquqi yardım üçün vəkilə ödənilmiş 420 (dörd yüz iyirmi) manat haqqı və məhkəməyə ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumu İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar