Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-689/2023 23.06.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Vüqar Məmmədov Nemət oğlu İddiaçı "xxxx" ASC-in Cavabdeh qarşı “artıq ödənişin qaytarılması” tələbinə dair kiçik mübahisələr üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri: İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1675 manat məbləğində verilmiş artıq ödənişin və 37.15 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də 25 noyabr 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsulyətinin icbari sığortası üzrə sığortalanmış “VAZ-21061” markalı 24BC704 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 28 mart 2021-ci il tarixdə Zaqatala rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Hyundai Sonata” markalı 99SD962 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zaqatala RPŞ-nin Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. "xxxx" ASC- də sığortalanmış “VAZ-21061” markalı 24BC704 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 yol-nəqliyyat hadisəsi baş verməsində təqsirli olmamasına baxmayaraq səhvən 1675 manat vəsait Cavabdeh ödənilmişdir. X2 ilə əlaqə saxlanılaraq səhvən ödənilmiş vəsaitin geri qaytarılması xahiş olunsada o, qeyd olunan vəsaiti geri qaytarmamışdır. Qeyd olunanlara əsasən hesab edirik ki, səhvən ödənilmiş məbləğ cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. İşin halları Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi 01 iyun 2023-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. İş materiallarına əlavə edilmiş “VAZ-21061” markalı, 24BC704 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin PGU********** saylı sığorta şəhadətnaməsindən (müqavilə) göründüyü kimi, həmin nəqliyyat vasitəsi “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə Şirkət tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığortalanmışdır. İş materiallarına əlavə edilmiş, xx.xx.2022-ci il tarixli Dəymiş zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “Hyundai Sonata” markalı, 99SD962 sürücüsünün yol nəqliyyat dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 3350 (üç min üç yüz əlli) manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli, PGU-223603 nömrəli sığorta ödənişi ilə bağlı aktına və xx.xx.2023-cü il tarixli, 000562 nömrəli ödəniş tapşırığına əsasən 1675 manat məbləğində sığorta ödənişi hadisə nəticəsində zərər dəymiş “Hyundai Sonata” markalı 99SD962 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh müvafiq bank hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş,14 iyun 2021-ci il tarixli Zaqatala RPŞ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas səbəbdir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 439.4-cü maddəsinə əsasən Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, "xxxx" ASC-də 25 noyabr 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsulyətinin icbari sığortası üzrə sığortalanmış “VAZ-21061” markalı 24BC704 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 28 mart 2021-ci il tarixdə Zaqatala rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Hyundai Sonata” markalı 99SD962 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zaqatala RPŞ-nin Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. "xxxx" ASC- də sığortalanmış “VAZ-21061” markalı 24BC704 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 yol-nəqliyyat hadisəsi baş verməsində təqsirli olmamasına baxmayaraq səhvən 1675 manat vəsait Cavabdeh ödənilmişdir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 1675 manat məbləğində sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna sahib olmuşdur. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1675 manat məbləğində vəsait iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddia təmin edildiyindən, ödənilmiş 37.15 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 450-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 1675 (min altı yüz yetmiş beş manat) manat məbləğində verilmiş artıq ödənişin və 37.15 (otuz yeddi manat on beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-689/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-689/2023
23.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver