Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-693/2023 02.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X18 qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və əlavə xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan olan övladları xx.xx.2011-ci il təvəllüdlü X15 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər uşağa sabit, 220 manat məbləğində alimentin, hər ay üçün ümumi 440 manat alimentin, səhiyyə xərcləri üçün əlavə olaraq 100 (bir yüz) manat və mediasiya üçün ödənilmiş 50 (əlli) manat xərcin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, keçmiş həyat yoldaşı Cavabdeh qarşı azyaşlı övladlarının saxlanılması üçün alimentin məbləğinin artırılması tələbi ilə Zaqatala Rayon Rayon Məhkəməsinə müraciət edir. Qeyd edir ki, cavabdehlə faktiki ayrıldıqdan sonra o, həmin vaxtdan bu günə kimi övladlarına heç bir mənəvi qayğı göstərmir. Bir ata kimi üzərinə düşən heç bir atalıq vəzifəsinin məsuliyyətini dərk etmir. Zaqatala Rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli 2(033)-1058/2019 nömrəli icra vərəqəsində təyin olunan hər iki uşağın saxlanması üçün minimum 200 manat alimenti belə vaxtlı-vaxtında ödəmir. Əminliklə deyə bilər ki, hətta qəsdən ödəmir. Bildirir ki, az yaşlı övladları artıq böyüyür və onların təlabatları günü-gündən artır. Özü evdar qadındır, atasının evində onun aldığı pensiya ilə onun və övladlarının maddi və mənəvi ehtiyaclarını ödəyirlər, lakin atasının aldığı təqaüd ailələrini maddi cəhətdən təmin etməyə kifayət etmir. Çünki, azyaşı övladları yalnız atasının və onun maddi və mənəvi dəstəyi ilə böyüyür. Bu günə kimi uşaqlarının səhhəti, sağlamlığı, sosial və məişət problemlərini yalnız, təkbaşına həyata keçirmişdir. Cavabdeh yalnız indiyə qədər olan minimum alimenti belə ödəməkdə problemlər yaşadır. Uşaqlarını təkbaşına saxlamaq günün tələblərinə əsasən onun üçün maddi cəhətdən çətindir. İlkin mediasiya arayışından da göründüyü kimi cavabdeh övladına könüllü maddi yardım etmək niyyətində deyil. Ümumiyyətlə mediasiya prosesində iştirak belə etməmişdir. Nəzərə alınmalıdır ki, ölkəmizdə 2023-cü il üçün yaşayış minimumu hər uşaq üçün 220 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda mediasiya üçün ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin cavabdehdən tutulması labüddür. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh etirazla müraciət edərək alimentin miqdarını müəyyən edərkən etitrazda qeyd etdiklərinin və maddi vəziyyətinin nəzərə alınmasını xahiş edir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı olan "müəyyən edilmiş aliment miqdarının artırılması” ile bağlı olan iddiasında qeyd etdiklərinə etirazı var. Bildirmək istəyir ki, iddiaçının onun atalıq vəzifələrini dərk etmədiyi və icra etmədiyi ilə bağlı qeyd etdikləri, hətta iddia ərizəsində qeyd etdiyi hər bir nüans əsassız və böhtan xarakterlidir. Uşaqlarının bütün maddi və mənəvi ehtiyaclarını tam təmin edir. Övladlarının tərbiyəsi, təhsili və sağlamlığı ilə bağlı bütün məsələlərdə ata kimi üzərinə düşən vəzifəni icra edir. Hər gün övladlarını atası məktəbə aparıb gətirir. O, İddiaçı analıq vəzifəsini icra etməsindən narazıdır. Uşaqlarını öz himayəsinə götürmək istəyir, lakin iddiaçı uşaqlara təsir göstərir, ona qarşı çevirir. Uşaqlarını itirməmək üçun iddiaçının etdiyi hər şeyə göz yummalı olur. İddiaçı ərizəsində aliment miqdarının az olduğundan uşaqlarının xərclərini ödəyə bilmədiyini qeyd etmişdir. İddiaçı xx.xx.2021ci il tarixli ərizəsində Zaqatala Rayon Məhkəməsinin 2(033)-1058/20219 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 200 manat miqdarında müəyyən edilmiş alimentin 100 manatından imtina etmişdir. Buna baxmayaraq o hər ay iddiaçıya 200 manat ödəniş etmişdir. İddiaçının ərizəsində qeyd etdiyi aliment ödənişindən qərəzli olaraq yayınmağı iddiası tam əsassızdır. Eyni zamanda iddiaçının 100 manat məbləğində səhiyyə xərci tələbi də əsassızdır. Bugünə kimi uşaqları səhhəti ilə bağlı yaranmış bütün xərcləri hər zaman özü çəkmişdir. Bundan sonra da bir ata kimi üzərinə düşən vəzifən icra edəcək. İddiaçı övladları ilə mənəvi olaraq maraqlanmadığını bildirmişdir. Uşaqları ilə məhkəmə tərəfindən müəyyən edilmiş vaxtlar xaricində hər zaman müntəzəm olaraq görüşür, onların istirahətinin xoş keçməsi üçün əlindən gələnin artığını etməyə çalışır. İddiaçının qanunun çərçivəsində aliment miqdarını artımasına etirazı yoxdur. Lakin İddiaçı böhtan xarakterli, onun atalıq vəzifəsini icra etmədiyi və uşaqları ilə maraqlanmadığı ilə bağlı qeyd etdikləri onun üçün təhqirdir, qəbul edilməzdir. Əgər uşaqlarının məhkəmə iclasında onun atalığı ilə bağlı fikirləri soruşularsa İddiaçı iddiasında qeyd etdiklərinin yalan olduğu məlum olacaqdır. Onun qazancı sabit deyildir, aylıq 250-300 manat aralığında dəyişir. Ona görə də, iddiaçının tələb etdiyi aylıq 440 manat məbləğində sabit alimenti ödəyə bilməyəcəkdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh nümayəndəsi X10 etiraz ərizəsini müdafiə edərək Cavabdeh stabil gəlir yerinin olmadığını, Zaqatala rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimenti vaxtı vaxtında ödədiyini, uşaqların baxımı ilə bağlı əlavə xərclərdə də könüllü iştirak etdiyini, buna görə iddiaçının əvvəl təyin edilmiş qətnamə ilə müəyyən edilmiş 200 manat alimentin 100 manatından imtina etdiyini bildirdi. O əlavə olaraq cavabdehin bir ata kimi uşaqların tələbatının hər cür ödədiyini, hazırda özünün sürücü işlədiyini və alimentin məbləğin 50 manat artırılmasına etirazlarının olmadığını bildirdi. İşin halları Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 21 iyul 2011-ci il tarixdə verilmiş AZ-İİ 697897 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 15 iyul 2011-ci il təvəllüdlü X11 atası Cavabdeh, anası isə X5r. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 noyabr 2015-ci il tarixdə verilmiş AZ-İİİ 656787 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 07 noyabr 2015-ci il təvəllüdlü X6 atası Cavabdeh, anası isə X5r. Zaqatala Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli 2(033)-1058/2019 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilərək, iddiaçı X12 ilə Cavabdeh arasında Zaqatala rayon qeydiyyat şöbəsində bağlanmış 28 oktyabr 2010-cu il tarixli, 218 nömrəli nikahın pozulması, tərəflərin uşaqları olan-15 iyul 2011-ci il təvəllüdlü X15 və 07 noyabr 2015-ci il təvəllüdlü X8 anaları X4 yanında saxlanılması, iddiaçı X4 iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 20 (iyirmi) manatın özünə aid edilməsi, 15 iyul 2011-ci il təvəllüdlü X15 və 07 noyabr 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit pul məbləğində 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat alimentin tutularaq X7 ödənilməsi, alimentin tutulmasının əvvəlinin iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni 03 sentyabr 2019-cu il tarixdən hesablanması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi,qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin 19 iyun 2023-cü il tarixli 156296 nömrəli arayışından görünür ki, Cavabdeh həqiqətən Zaqatala Rayon Məhkəməsinin 2(033)-1058/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Cavabdeh hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat məbləğində aliment tutularaq tələbkar X7 ödənilməlidir, tələbkar X12 xx.xx.2023-cü il tarixli ərizəsi ilə bildirmişdir ki, borclu Cavabdeh Nizamı oğlunun hal-hazirda aliment borcu yoxdur. X4 Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə ünvanlandığı xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh ilə boşansalar da aralarında heç bir problem və narazılıq yoxdur. Hazırda borclu Cavabdeh hər ay 100 manat aliment ödəyir və bu da onu qane edir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-1058/2019 nömrəli, xx.xx.2019-cuil tarixli icra sənədi üzrə göstərilmiş 200 manat məbləğində alimentin 100 manatından imtina edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X9 X2 Filialı tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində qüvvədə olan aktiv əmək müqaviləsi aşkar edilməmişdir. İşdə olan mediasiya sessiyasında iştirak edilməməsi barədə 04 may 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci birtərəfli qaydada ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair qərarı Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin izahatları, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, tərəflərin birgə nikahından 07 noyabr 2015-ci il təvəllüdlü X13 və 15 iyul 2011-ci il təvəllüdlü X15 adlı uşaqları anadan olmuşdur. Tərəflərin arasında bağlanmış nikah pozulmuş, 07 noyabr 2015-ci il təvəllüdlü X6 və 15 iyul 2011-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün 16 oktyabr 2019-cu il tarixli 2(033)-1058/2019 nömrəli qətnaməsinə əsasən 03 sentyabr 2019-cu il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq X4 xeyrinə verilməsi qət edilmişdir. İddiaçı icra qurumunda qətnamə ilə təyin edilmiş 200 manat alimentin, 100 manat hissəsindən imtina etmişdir. Ayrıldıqları vaxtdan uşaqlar iddiaçının himayəsindədir. İddiaçı uşaqların saxlanılması üçün qət edilmiş aliment məbləği ilə himayəsində olan uşaqların tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək iddianı müdafiə edir. İddiaçı əlavə olaraq uşaqlar üçün səhiyyə xərcləri olaraq 100 manatın da cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdehin nümayəndəsi iddianı qismən qəbul edir və alimentin 50 manat artırılmasına etirazlarının olmadığı bildirir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması, yüksək və sabit gəlir yerinin olmaması və maddi imkanının aşağı olması onu hazırki uşaqları saxlamaq, saxlamadıqda isə uşaqların saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən və qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Cavabdehin nümayəndəsinin isə məhkəmə iclasında göstərdiyi arqumentlər cavabdehi həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə İddiaçı uşaqların saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini və yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, 15 iyul 2011-ci il təvəllüdlü X11 və 07 noyabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valideynlərin birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla təlabatının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, cavabdehin dəlilləri əsassızdır. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab edir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Məhkəmə daha sonra iddia tələbinin cavabdehin əlavə xərclərə (səhiyyə xərcləri) cəlb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir və hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin əlavə xərclərə cəlb olunması ilə bağlıdır və bu tələbin maddi hüquqi əsasını Ailə Məcəlləsinin 81-ci maddəsi təşkil edir. Lakin iddianın düzgün həlli üçün digər əlaqəli hüquq normaları da nəzərə alınmalıdır. Hazırki iddia tələbinin bu hissəsinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsində deyilir ki, əlavə xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmənin qənaətinə görə Ailə Məcəlləsinin 81-ci maddəsinə görə iddia tələbində göstərilən dəlillər atanın əlavə xərclərin ödənilməsinə cəlb edilməsinə əsas ola bilməz. Belə ki, birincisi, atadan aliment tutulması artıq qət olunub, alimentin təyinatı yalnız geyim və qida xərcini ödəmək deyil, həm də müalicə xərcini ödəməkdir. Əgər müalicə xərci həddindən artıq çox olarsa, belə halda ata müalicə xərcinin ödənilməsinə cəlb edilə bilər. Lakin ana uşağın müalicə xərci barədə məhkəməyə mötəbər (uşağın ağır xəstə və əlil olması ilə bağlı) heç bir sübut təqdim etməmişdir. İkincisi, Azərbaycan Respublikasında dövlət tibb müəssisələrində tibbi xidmət dövlət hesabına göstərilir. Göründüyü kimi, iddiaçının qeyd etdiyi tələbi irəli sürməkdə Ailə Məcəlləsinin 81ci maddəsində nəzərdə tutulmuş hüquqi əsası olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirak etməsinin hüquqi əsasları konkret müəyyən olunmuşdur. Buraya müstəsna hallar: uşağın ağır xəstə və əlil olması halları daxildir. Bu şərtlərin hər hansı birinin mövcud olmaması hazırki iddianın rədd olunması üçün əsasdır. Baxılan işin hallarından görünür ki, sadalanan dispozisiya şərtləri mövcud deyildir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh alınaraq 15 iyul 2011-ci il təvəllüdlü X11 və 07 noyabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarixli, 2(033)-1058/2019 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 150 manat olmaqla cəmi 300 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh 32 manat (150-100=50x2x12=1200 manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiyaya dair xərc cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh alınaraq 15 iyul 2011-ci il təvəllüdlü X11 və 07 noyabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 16 oktyabr 2019-ci il tarixli, 2(033)-1058/2019 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat məbləğində müəyyən edilsin. Alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində mediasiyaya dair xərc Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-693/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-693/2023
02.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver