Məhkəmə qərarları › İş №e-2(033)-703/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-703/2023

17.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-703/2023 17.07.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək aşağıdakıları müəyyən etdim İddia tələbinin dəlilləri İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra “X1 Azərbaycan” QSC) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas məbləğ üzrə 328,32 manat borc, hesablanmış və ödənilməmiş faiz üzrə 23,24 manat borc, 37,49 manat cərimə borcu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 7 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri 4,80 manat, cəmi borc 400,85 manat məbləğində kredit borcunun və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə "xxxx" QSC və Cavabdeh arasında Bank hesabı, debet kartı kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bankımız tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 300 (üç yüz) manat məbləğində, 15 (on beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyın edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür.Müqavilənin 4.21.2-ci bəndinə əsasən “Bank”kın “Kart/əlavə kart sahibi”nin istifadə etmiş olduğu vəsaiti (krediti) və vəsait (kredit) üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri (haqları) vaxtında, müqavilə ilə müəyyən edilmiş şərtlərlə qaytarılmasını tələb etmək, tələbləri yerinə yetirilmədikdə kartın fəaliyyətini dayandırmaqla (bloklaşdırmaqla), borcun qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirmək, o cümlədən məhkəməyə müraciət etmək hüququ vardır. Müqavilənin 4.22.3-cü bəndinə əsasən “Kart/əlavə kart sahibi” kredit kartından istifadə nəticəsində yaranmış borcunu(larını) və/və ya borcu üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri vaxtında və müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəmək (qaytarmaq). Bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə yaranmış borcların geri qaytarılması ilə bağlı “Bank”ın çəkdiyi (çəkməli olduğu) bütün xərclərin əvəzini, habelə əldən çıxmış faydasını “Bank”a ödəmək vəzifəsini daşıyır. Müqavilənin 4.3cü bəndinin ikinci abzasına əsasən, bununla belə bank tərəfindən “Kart/əlavə kart sahibi” üçün kart üzrə müəyyən edilmiş istifadə limitinin 10 (on) faizi həcmində limiti aşma (keçmə) imkanı verilir. “Kart/əlavə kart sahibi”, istifadə limitinin hər hansı bir şəkildə aşılması (keçməsi) hallarında, aşılan (keçilən) məbləğə həmin gündən başlayaraq, borc (borc balansı) müəyyən edilən limitə düşənə qədər, müəyyən olunan nisbətdə (miqdarda) limit aşma faizini və limit aşma komissiyasını ödəməyi qəbul, bəyan və təsdiq edir. Bu öhdəlik pozulduqda “Bank”, kart hesabını/hesablarını bağlayıb müqaviləni birtərəfli qaydada ləğv edərək kart(lar)ın qaytarılmasını tələb edə bilər. “Bank” qanunvericiliyin tələblərinə zidd olmamaq şərti ilə birdən çox kartları tək bir kart hesabına bağlaya, eyni hesaba bağlı birdən çox ortaq və ayrı-ayrı istifadə limiti verə bilər. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmiş, kredit limitini aşmışdır. Cavabdehin kredit müqaviləsinə əsasən "xxxx" QSC-yə olan borcu: əsas məbləğ üzrə borc: 328.32 AZN, hesablanmış və ödənilməmiş faiz borcu: 23.24 AZN, cərimə borcu: 37.49 AZN, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 7.00 AZN, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 4.80 AZN, cəmi borc: 400.85 AZN. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə 06 iyun 2023-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. İşin halları “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli Bank hesabı, debet kartı kredit kartı və zaminlik haqqında qarışıq müqavilədən görünür ki, bank 15 il müddətinə 300 manat məbləğində kredit limiti açmışdır. 05 iyun 2023-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən “X1 Azərbaycan” QSC-yə əsas məbləğ üzrə 328,32 manat borc, hesablanmış və ödənilməmiş faiz üzrə 23,24 manat borc, 37,49 manat cərimə borcu, 1 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 4,80 manat bildirişlərin göndərilməsi üçün poçt xərci olmaqla cəmi 400,85 manat məbləğində kredit borcu vardır. “X1 Azərbaycan” QSC tərəfindən Cavabdeh ünvanlanmış 05 aprel 2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borc məbləğini 5 iş günü ərzində məhkəmədən kənar qaydada ödənilməsini tələb etmişdir. Əks təqdirdə hesablanmış faiz və cərimələr də daxil olmaqla kredit müqaviləsi üzrə toplam borcun ödənilməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən aidiyyatı orqanlara müraciət ediləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarı Borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarı 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, xx.xx.2019-cu il tarixli Bank hesabı, debet kartı kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsinə əsasən “X1 Azərbaycan” QSC Cavabdeh istehlak yönümlü 15 il müddətinə 300 manat məbləğdə kredit limiti ayırır, Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli Bank hesabı, debet kartı kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin 4.15-ci bəndinin 5-ci sətrindən görünür ki, kart hesabından nağd vəsait alındığı, çıxarıldığı (nəğd vəsait əldə edildiyi) və ya nağd pul vəsaitlərinin istifadəsi üzrə əməliyyatların həyata keçirildiyi gündən etibarən pul balansın (borcun) tam ödənildiyi günə qədər bu maddədə göstərilən faiz dərəcəsinə müvafiq gündəlik olaraq tətbiq edilir. Nağd pul vəsaitinin alınması, çıxarılması faizi illik 30 faiz təşkil edir. Məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə Cavabdeh xx.xx.2019-cu il tarixli Bank hesabı, debet kartı kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsinə əsasən 23,24 manat faiz borcunun da alınaraq iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmənin qənaətinə görə borclu öhdəliyini lazımınca icra etmədiyindən, o cümlədən müəyyənləşdirilmiş müddətdə öhdəliyinin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etdiyindən, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən hesablanmış 37,49 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia ərizəsi qeyd edilən hissədə qismən əsaslıdır. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasına iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 37,49 manat cərimə qismən, 32.68 manat həddində təmin edilməlidir. Göründüyü kimi, iddiaçı “X1 Azərbaycan” QSC tərəfindən Cavabdeh kredit kartı limiti açılaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərinə əməl etməmiş, müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də iddiaçı “X1 Azərbaycan” QSC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə, iddia təmin edildiyindən müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 7 manat, bildirişlərin göndərilməsi üzrə poçt xərcləri 4,80 manat vəsaitin də cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 328,32 manat məbləğində əsas məbləğ üzrə borc, 23,24 manat məbləğində hesablanmış və ödənilməmiş faiz borcu, 32,68 manat cərimə borcu, 7 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc məbləği, 4,80 manat bildirişlərin göndərilməsi üzrə poçt xərcləri olmaqla, cəmi 396,04 manat borc tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu tutularaq “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 284, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh 328,32 (üç yüz iyirmi səkkiz manat otuz iki qəpik) manat məbləğində əsas məbləğ üzrə borc, 23,24 (iyirmi üç manat iyirmi dörd qəpik) manat məbləğində hesablanmış və ödənilməmiş faiz borcu, 32,68 (otuz iki manat altmış səkkiz qəpik) manat cərimə borcu, 7 (yeddi) manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc məbləği, 4,80 (dörd manat səksən qəpik) manat bildirişlərin göndərilməsi üzrə poçt xərcləri olmaqla, cəmi 396,04 (üç yüz doxsan altı manat dörd qəpik) manat borc tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar