Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-716/2023 09.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi Məhkəmə iclas katibi X4, Cavabdeh2 iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 1929,69 ABŞ dolları - bundan 317,31 ABŞ dolları əsas, 101,45 ABŞ dolları faiz, 1468,97 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 41,96 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 52,81 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehə 24 ay müddətinə illik 32% dərəcəsi ilə 4280 (dörd min iki yüz səksən) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında ********* nömrəli xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01/15 saylı xx.xx.2015-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3762.42 (üç min yeddi yüz altmış iki dollar, 42 sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2017-ci il tarixədək uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 saylı xx.xx.2017-ci il tarixli əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1USD=1.40 AZN) 3598.72 (üç min beş yüz doxsan səkkiz dollar, 72 sent) ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********328 saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh sonuncu dəfə xx.xx.2019cu il tarixdə 10 (on) AZN məbləğində ödəniş etmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 1929.69 ABŞ dolları təşkil edir. Bundan 317.31 ABŞ dolları əsas, 101.45 ABŞ dolları faiz, 1468.97 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 41.96 ABŞ dolları faiz borcu təşkil edir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh2 etirazla müraciət edərək və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı LPO "xxxx" ASC-nin X1 və Cavabdeh1 qarşı "kredit borcunun qaytarılması tələbinə dair" iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddia ərizəsində iddiaçı qeyd etmişdir ki, guya ki o xx.xx.2017-ci il tarixdə bankla əlavə saziş bağlamış və kreditin müddətini xx.xx.2020-ci il tarixinədək uzatmışdı. Halbuki, o belə bir saziş bağlamışdır. Bununla yanaşı iddia ərizəsində qeyd olunur ki, güya ki o, xx.xx.2019cu il tarixdə banka 10 manat kredit borcu ödəmişdir. Halbuki, belə bir hal da baş verməmişdir. Görünən odur ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməməsi görüntüsü yaratmaq üçün bunları etmişdir. Cavabdeh1 ərizə ilə müraciət edərək ona aid hissədə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və ona qarşı müraciət etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçı hazırki tələbində zamin qismində ona qarşı qaldırmış olduğu iddiada, 1 illik iddia müddətini ötürmüşdür. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Coşğun İbrahimxəlilov ərizə ilə müraciət edərək mülki iş üzrə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini və təyin edilmiş məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 iddiaçı "xxxx" ASC ilə aralarında kredit müqaviləsi olduğunu və həmin müqavilənin xx.xx.2014-cü il tarixdə bağlandığını bildirmişdir. O, həmin müqaviləyə əlavə saziş də bağlandığını bildirdi. Hazırda onun tərəfindən 4 ildən artıqdır ki, müqavilə üzrə banka ödəniş edilmədiyini və 3 illik iddia müddəti tətbiq edərək iddia tələbinin rədd edilməsini xahiş edir. Əlavə olaraq bildirdi ki, onun da dəqiq yadında qalmayıb, ancaq xatırladığı qədər bankla onun arasında əlavə saziş də bağlanmış, onun banka borcu qalmışdır. Bank bağlandığından borcunu ödəyə bilməmişdir. İşin halları Zaqatala Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 2(033)-716 nömrəli qərardadı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış ********* saylı 12 noyabr 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank Cavabdeh2 şəxsi istehlak məqsədi ilə 24 ay müddətinə illik 32 faiz dərəcəsi ilə 4280 ABŞ dolları məbləğində krediti verməyi, Cavabdeh2, isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. 12 noyabr 2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 4280 ABŞ dolları məbləğində pul vəsaitini İddiaçı ASC-nin Zaqatala filialından almışdır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 120007962/ZM saylı 12 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icrası üçün zamin iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. Həmin müqavilənin 5.1.4-cü bəndindən görünür ki, zəminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış ********* saylı 12 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə 01-15ƏS-R saylı Əlavə sazişdən görünür ki, ********* saylı 12 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə qalıq məbləğ 3762,42 ABŞ dolları kreditin müddəti isə xx.xx.2017-ci il kimi müəyyən edilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış ********* saylı 12 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 19 iyul 2017-ci il tarixli 2 saylı əlavə sazişdən görünür ki, kredit restrukturizasiya edilərək borcalanın kreditor qarşısında borcu 3598,72 ABŞ dolları müəyyən edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılır. Saziş imzalandığı gündən restrukturizasiya edilmiş kredit üzrə illik faiz dərəcəsi 8 faiz təşkil edir. Həmin sazişin 1.3-cü bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 16 faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ********* saylı 12 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsi üzrə 19 iyul 2017-ci il tarixli 2 saylı il tarixli əlavə sazişdən görünür ki, ********* saylı 12 noyabr 2014-cü i il tarixli kredit müqaviləsi əsasında Cavabdeh2 verilmiş kredit müqaviləsi üzrə kredit borcunun həcmi 3598,72 ABŞ dolları müəyyən edilməklə restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılır. Saziş imzalandığı gündən restrukturizasiya edilmiş kredit üzrə illik faiz dərəcəsi 8 faiz təşkil edir. Həmin sazişin 1.4-cü bəndinə əsasən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gcikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 16 faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. 14 aprel 2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə yaranmış öhdəlikləri 3 gün ərzində təmin etmədikləri halda kredit müqaviləsi üzrə əsas borcu, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 18 may 2023-cü il tarixli maliyyə arayışından görünür ki, LPO Dəmirbank ASC ilə Cavabdeh2 arasında bağlanmış 12 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 04 may 2023-cü il tarixinə 317,31 ABŞ dolları əsas borcu, 101,45 ABŞ dolları faiz borcu, 1468,97 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği 41,96 ABŞ dolları olmaqla, cəmi 1929,69 ABŞ dolları borcu yaranmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman 3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) manatnadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) manat dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. 6-cı bəndinə əsasən, banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. 8.6-ci bəndinə əsasən fərmanın təsir dairəsinə vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar aid edilmişdir. 8.8-ci bəndinə əsasən güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər; N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir . Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarı 10-cu bəndinin tövsiyyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarı 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. 10-cu bəndinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 12 noyabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh2 24 ay müddətinə illik 32 faiz dərəcəsi ilə 4280 ABŞ dolları kredit verilmişdir. Cavabdeh2 kredit məbləğini qəbul edərək ondan istifadə etməsinə və kredit məbləğinin ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq borcunun ödənilməsini təmin etməmişdir. 12 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə iddiaçı arasında eyni tarixdə zaminlik müqaviləsi bağlanmış və borcalan Cavabdeh2 İddiaçı ASC qarşısında öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Cavabdeh1 öz üzərinə götürmüşdür. 13 mart 2015-ci il və 19 iyul 2017-ci il tarixlərdə Cavabdeh2 ilə iddiaçı arasında 12 noyabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə əlavə sazişlər bağlanaraq kredit məbləği restrukturizasiya edilmiş və 19 iyul 2017-ci il tarixdə bağlanmış əlavə sazişə əsasən cavabdehin iddiaçı qarşısında həmin tarixə 3598,72 ABŞ dolları borcu olması, müqavilə üzrə illik faiz dərəcəsinin 8 faiz olması və kredit müddətinin xx.xx.2020-ci il olması tərəflər arasında razılaşdırılmışdır. Zamin-Cavabdeh1 ilə iddiaçı arasında 12 noyabr 2014-cü il tarixli 120007962/ZM nömrəli zaminlik müqaviləsinə 19 iyul 2017-ci il tarixli əlavə saziş bağlanmış və həmin saziş üzrə də restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020ci il kimi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə və zaminlik müqavilələri üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onların iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti hazırki iddia tələbi ilə müraciət edərək 12 noyabr 2014-cü il tarixdə bağlanmış kredit müqaviləsi və həmin müqavilə üzrə əlavə sazişlər üzrə yaranmış kredit borcunun cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməsini tələb etmişdir. Cavabdeh2 xx.xx.2019-cu il tarixdə kredit öhdəlikləri üzrə iddiaçının hesabına ödəniş edilmədiyini bildirmiş və iddia tələbinə münasibətdə 3 illik müddət tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə cavabdehin iddia müddətinin tədqiqi barədə ərizəsinə münasibət bildirərək qeyd edir ki, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında kredit müqaviləsi 12 noyabr 2014-cü il tarixdə bağlanmış və daha sonra həmin müqavilə üzrə 13 mart 2015-ci il və 19 iyul 2017-ci il tarixlərdə iki əlavə saziş bağlanmışdır. Sonuncu saziş olan 19 iyul 2017-ci il tarixli sazişlə kreditin müddəti xx.xx.2020-ci il kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti hazırki iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə müraciət edərkən müqavilə tələbləri üzrə müəyyən edilmiş 3 illik iddia müddətini ötürməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi əsaslı sayılaraq tətbiq edilə bilməz. İddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, 12 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 317,31 ABŞ dolları əsas borc məbləği Cavabdeh2 alınaraq iddiaçıya qaytarılmalıdır. İddiaçı ASC-nin Cavabdeh2 qarşı hazırkı iddia tələbinin əsas borca hesablanmış 101,45 ABŞ dolları faiz borcunun, 1468,97 ABŞ dolları məbləğində cərimənin və müqavilənin bitdiyi tarixdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 41,96 ABŞ dolları faiz borcunun tutulması hissəsinə münasibət bildirərək məhkəmə hesab edir ki, iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən müqavilənin bitdiyi tarixdən iddia verilənədək tutulmalı olan faizin məbləği iddia ərizəsində qeyd edilsə də, onun tərəfindən bunu sübut edəcək tutarlı əsas gətirilməmiş, cavabdeh tərəfindən ona borcun qaytarılmaması nəticəsində, onun itirdiyi və adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin məbləğini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. X5 üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Sözügedən Fərman Cavabdeh2 münasibətdə xarici valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə, həmin Fərmanda vətəndaşların 10.000 ABŞ dolları və ya 17.000 ABŞ dolları məbləğədək olan əsas borclarının restrukturizasiya olunması ilə bağlı dövlət tərəfindən banklara güzətli kreditin verilməsi nəzərdə tutulmuşdur. Belə olduğu halda banklar problemli kreditlər üzrə faiz və cərimə borclarını vətəndaşlardan (borclulardan) tələb edə bilməz, banklar tərəfindən yalnız əsas kredit borcu tələb edilə bilər. Göründüyü kimi, İddiaçı ASC tərəfindən Cavabdeh2 kredit verməklə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı ASC qalıq qalmış əsas kredit borcunun ödənilməsini Cavabdeh2 tələb etməkdə haqlıdır. Cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla ondan tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Bundan başqa, işdən göründüyü kimi, tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış və bununla da onların arasında bank kreditindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Zaminliklə təmin olunmuş kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsinə görə borcluların məsuliyyəti müəyyənləşdirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərilərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlərin iddiaçı qarşısında öhdəlikləri yaranmışdır və onlar müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşlar. Məhkəmə hesab edir ki, 12 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsi və 19 iyul 2017-ci il tarixli əlavə sazişin şərtlərinə görə zamin-Cavabdeh1 iddiaçı qarşısında borcalan Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İş materiallarında olan iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 12 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsinin 5.1.4-cü bəndindən görünür ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Məhkəmə araşdırmasında müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 12 noyabr 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, müqavilə 24 ay müddətinə bağlanmış və müqavilə üzrə öhdəliyin son icra tarixi müqavilənin ayrılmaz tərkib hissəsi olan qrafikə əsasən xx.xx.2016-cı il kimi müəyyən edilmişdir. Həmin müqaviləyə əlavə olaraq imzalanmış 19 iyul 2017-ci il tarixli sazişlə isə kreditin müddəti xx.xx.2020-ci il kimi müəyyən edilmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" ASC hazırki iddia ərizəsi ilə zamin-Cavabdeh1 qarşı 12 iyun 2023-cü il tarixdə məhkəməyə müraciət edərkən zaminlərə qarşı iddia irəli sürülməsi üçün müəyyən edilmiş müddəti ötürmüşdür. Həmin müddətin qurtardığı gündən isə 2 ildən artıq müddət keçmişdir. Zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Qeyd olunan müddət ərzində isə iddiaçı tərəfindən zaminə qarşı iddia irəli sürülməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, zamin Cavabdeh1 zaminliyinə xitam verilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, zaminlik müqaviləsində qeyd edilən və qanunverici tərəfindən müəyyən edilmiş 1 ilik müddət başa çatdığından Cavabdeh1 zaminliyinə xitam verilməli və iddia tələbi kredit müqaviləsi üzrə yaranmış borcun Cavabdeh2 ilə yanaşı Cavabdeh1 tutulması hissəsində təmin edilməməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 317,31 ABŞ dolları məbləğində əsas borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməlidir. İddia tələbi əsas borca hesablanmış 101,45 ABŞ dolları faiz borcunun, 1468,97 ABŞ dolları məbləğində cərimənin və müqavilənin bitdiyi tarixdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 41,96 ABŞ dolları faiz borcunun tutulması hissəsində təmin edilməməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh2 30 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməli, 22,81 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 317,31 (üç yüz on yeddi ABŞ dolları otuz bir sent) ABŞ dolları məbləğində əsas borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata uyğun məzənnə ilə hesablanmaqla alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh2 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına ödənilsin. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun dövlət rüsumu olaraq ödədiyi 22,81 (iyirmi iki manat səksən bir qəpik) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-716/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-716/2023
09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver