Məhkəmə qərarları › İş №e-2(033)-743/2024

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-743/2024

03.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-743/2024 03.06.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq, hər ay hər uşağa görə 235 manat ümumilikdə 470 manat alimentin sabit pul məbləğinin cavabdeh xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsi rəhbər tutularaq məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1-ci və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona ələvə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin məcəllənin 36.3-cü maddəsinə görə alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Həmin məcəllənin 36.5-ci maddəsinə görə iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması, uşaqların ana himayəsində saxlanılması və aliment haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində qeyd edilir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi ; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Həmin Qanunun 10-cu maddəsinə görə vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaş üçün ərizə-anket doldurulur və həmin yerin müdiriyyətinə verilir. Müdiriyyət ərizə-anketi 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir. Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Vətəndaş olduğu yerdən getdikdə müvafiq dövlət orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların olduğu yer üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. Vətəndaşın olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. İddiaçı iddia ərizəsində Zaqatala RİH Zaqatala rayon mənzil istismar idarəsinin arayışına istinad edərək özünün yaşayış yerini ünvan 1 ünvanı olaraq göstərmiş, lakin yuxarıda qeyd olunduğu kimi yaşayış yerini dəyişmiş vətəndaşın yaşayış yeri icra nümayəndəsinin arayışı ilə deyil, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilmiş tələblərə əməl edilməklə müəyyən edilir. Qanunvericilik yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədini müəyyən edərkən məhz hər hansı şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsinə şərait yaradılmasını rəhbər tutmuşdur. Bu baxımdan, məhkəmə hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələbinə uyğun olaraq iddiaçının qeydiyyatda olduğu yer onun yaşayış yeri kimi qəbul edilməlidir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh isə Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 125 A, mənzil 24 ünvanında qeydiyyatdadır. Bu səbəbdən məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən iddia ərizəsinin aidiyyət qaydalarına riayət etməməsi kimi qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı hazırki tələblə bağlı iddiasını Zaqatala Rayon Məhkəməsinə göndərməsi üçün qanunla müəyyən edilmiş hər hansı bir hal mövcud deyildir və bu aidiyyət qaydalarının pozulmasına səbəb ola bilər. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiayasının keçirilməsi üçün Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr. 115 ünvanında yerləşən ünvan 5 qəbul etməyərək, tam mediasiya sessiyasına getməkdən imtina etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsində qeyd edilmişdir ki, Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. 28.3. Tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. 28.4. Məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər. Beləliklə müəyyən etdim ki, iddianın mahiyyətindən göründüyü kimi irəli sürülən tələb ailə münasibətlərindən irəli gələn mübahisə ilə bağlıdır və məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı, mübahisənin aidiyyəti üzrə aid olduğunu hesab etdiyi Zaqatala Rayon Məhkəməsi ilə eyni şəhərdə mediasiya təşkilatı olduğu halda, başqa şəhərdə yerləşən mediasiya təşkilatına müraciət etmişdir. Eyni zamanda İddiaçı alimentin həcminin artırılmasını tələb etsə də, təyin edilmiş ilkin aliment məbləğinin nədə ifadə olunmasını qeyd etməmiş, bunu təsdiq edən hər hansı sənədi iş materiallarına əlavə etməmişdir. Buna görə də, İddiaçı iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, İddiaçı göstərilənlərə əməl etməklə yenidən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində və ya Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldıra bilmək hüququ izah edilməlidir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1 və 114.1.3-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu ödənilməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 151, 152, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar