Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-75/2025 04.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi və dəlilləri: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11500 (on bir min beş yüz) manat borc pulun və ödənilmiş 124,5 (bir yüz iyirmi dörd manat əlli qəpik) manat rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 1-ci Qarabağ müharibəsində iştirak edərkən tanış olmuşlar, bir yerdə vuruşmuşlar. Onunla görüşərək cavabdeh ona bildirmişdir ki, Zaqatala rayonunun yaşadığı Dağlı kəndində torpaq sahəsi almaq üçün pul lazımdır, əgər o, sonuncuya pul versə, sonra maşınlarını satıb qaytaracaq. Torpağı tez zamanda ala biləcəyini, maşınların isə satışının vaxt tələb edildiyini bildirmişdir. O, cavabdehə inanıb sadə yazılı formasında (ərizə ilə) 11500 manat pul vermişdir. Cavabdeh ərizədə xx.xx.2021-ci il tarixdə pulu aldığını və xx.xx.2022-ci il tarixdə qaytaracağını göstərmiş və öz imzası ilə təsdiq etmişdir. Artıq 2 ildən çox müddətdir ki, cavabdeh onun pulunu qaytarmır. Dəfələrlə cavabdehə bu barədə müraciət etdikdə, sonuncu bildirmişdir ki, “olanda verəcəyəm”. Ancaq vaxt keçsə də cavabdeh pulu qaytarmamış, maşınlarını da satıb pulu vermək istəməmişmir. O, artıq pulunu geri almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, cavabdehlə 1-ci Qarabağ müharibəsində iştirak edərkən tanış olmuşlar. O, cavabdehdən 4000 manat pul borc istəmiş və Lökbatanda yerləşən notariat kontorunda təsdiq edilməklə sonuncu 4000 manat pulu ona vermişdir. Qardaşının ona 16000 manat borcu olmuş və o həmin pulu qardaşından istəmişdir ki, cavabdehə olan borcunu qaytarsın. Qardaşı pulu ona göndərmiş və o, cavabdehə olan borcu vermişdir. Daha sonra cavabdeh ondan 12000 manat borc pul istəmiş və o, Gəncə şəhəri Sabir küşəsində yerləşən kompyuterdə yazılmaqla, hər ikisinin iştirakı ilə 2021-ci il oktyabr ayının 28-də saat 13-14 radələrində cavabdehə məxsus avtomobildə ona 11500 manat pulu sayıb vermişdir. Pulu verəndən sonra, o, dəfələrlə cavabdehdən pulunu tələb etsə də, sonuncu bundan imtina etmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, o, iddiaçı ilə Balakən rayonundan olan Mübariz adlı şəxsin vasitəçiliyi ilə tanış olmuşdur. İddiaçı ona əlillik almaq istədiyini bildirmiş və o, sonuncu ilə müharibədə olduğundan, müharibədə iştirak etmə faktı yalnız məhkəmə yolu ilə müəyyən olunduğundan o, iddiaçıya öz imzası olan kağız vermişdir ki, onun adından lazımı ifadələri yazaraq müvafiq orqanlara təqdim etsin. O, iddiaçıya imzalı kağızı Bakı şəhərində olarkən vermişdir və ona lazım gəlsə məhkəmədə də şahid kimi ifadə verəcəyini bildirmişdir. Bundan başqa o, iddiaçıya həmən vaxtı notarial qaydada 4000 manat borc pul da vermişdir. Həmin pulu iddiaçı qaytarmamışdır. İddiaçı başqa şəxslərin də pulunu mənimsəmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi kağızdakı imza ona məxsus olsa da mətni onun tərəfindən yazılmamışdır. O, imzalı kağızı iddiaçıya ona görə vermişdir ki, məhkəmədə şahid kimi onun adından izahatı təqdim edilsin. İddiaçı iddia edir ki, onun təqdim etdiyi kağızı Gəncə şəhərində imzalayaraq ona vermişdir. Lakin o, 2021-ci ilin oktyabr ayının 27, 28 və 29 tarixlərində Zaqatala rayonunda qohumunun toy şənliyində olmuşdur. Bunu toy sahibi, kənd icra nümayəndəliyi təsdiq edə bilərlər və əlində onun həmin günlərdə toy şənliklərində olması barədə video disk vardır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. 04 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş Zaqatala RİHB-in Dağlı kənd icra nümayəndəsi X3 bildirmişdir ki, Cavabdeh xx.xx.2021-cü il tarixdə onlarla birgə toy məclisində olmuşdur. Toy isə saat dördə başlamış və saat on birədək davam etmişdir. Bu hal məhkəməyə təqdim olunan toyun diski ilə təsdiq olunur. 04 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, Cavabdeh üç gün 26, 27 və 28 oktyabr 2021-ci il tarixdə onun övladının toyu ilə bağlı onunla birgə olmuşdur. Belə ki, toyla bağlı əşyaları maşını ilə daşımasında, şəhərdən toy ləvazimatlarını gətirməsində köməklik etmişdir. Ayrı maşın olmadığından Etibar yanından ayrılmamışdır. Mülki iş materiallarına əlavə edilmiş sübutlar Cavabdeh tərəfindən imzalanmış ərizədən görünür ki, o, İddiaçı 2021-ci ilin oktyabr ayının 28-də 2022-ci ilin martın 28-də qaytarmaq şərti ilə 11500 (on bir min beş yüz) manat almışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş məlumatlardan və diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, ********* mobil telefon nömrəsi ilə 28 oktyabr 2021-ci il saat 10-07-dən 28 oktyabr 2021-ci il saat 16-21-dək edilmiş zənglərin qeydə alınmış anten məlumatları Zaqatala rayonu Əlibayramlı kəndi və Zaqatala rayonudur. 28 oktyabr 2021-ci il tarixdə keçirilmiş toy mərasimin video görüntüsü olan flaşkarta baxış keçirilərkən müəyyən olunmuşdur ki, Əhmədov X1 rayonunun Dağlı kəndində keçirilmiş toyda iştirak etmişdir. 21 iyun 2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 124,50 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsində müəyyən edilmişdir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsində müəyyən edilmişdir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddələsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə xx.xx.2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İddiaçı tələbini cavabdehə 28 oktyabr 2021-ci il tarixdə, 28 mart 2022-ci il tarixədək qaytarması şərti ilə Gəncə şəhərində 11500 manat pul verməsi, cavabdehin isə borc aldığı pulu qaytarmaması ilə əsaslandırmış, tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün cavabdeh tərəfindən imzalanmış ərizəni təqdim etmişdir. Cavabdeh iddiaya etirazını ərizədəki imza ona məxsus olsa da, iddiaçının qazi kimi əlilliyinin müəyyən olunması məqsədi ilə onun şahid kimi izahatını təqdim etməsi üçün boş kağıza imza etməsi və iddiaçıya Bakı şəhərində olarkən verməsi, həmin kağızdakı məzmunun iddiaçı tərəfindən tərtib edilməsi, 28 oktyabr 2021-ci il tarixdə Gəncə şəhərində olmaması, iddiaçıdan 11500 manat pulu götürməməsi ilə əsaslandırmışdır. Yanaşı yoxlanılmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kağız daşıyıcıdakı və CD diskdəki anten məlumatları ilə, cavabdehin istifadəsində olan ********* mobil telefon nömrəsi ilə 28 oktyabr 2021-ci il saat 10:07-dən 28 oktyabr 2021-ci il saat 16:21-dək aparılmış telefon danışıqlarının aparıldığı ərazinin Zaqatala rayonu olduğu təsdiq edilmişdir. Yanaşı yoxlanılmış video görüntü ilə cavabdehin 28 oktyabr 2021-ci il tarixdə Zaqatala rayonunun Dağlı kəndində keçirilmiş toyda iştirak etdiyi təsdiq edilmişdir. Cavabdehin 28 oktyabr 2021-ci il tarixdə Zaqatala rayonu ərazisində olması halı yanaşı yoxlanılmış şahid ifadələri ilə də təsdiq etmişlər. Məhkəmə cavabdehin 28 oktyabr 2021-ci il tarixdə Gəncə şəhərində deyil, Zaqatala rayonu ərazisində olmasını nəzərə alaraq, cavabdehə 28 oktyabr 2021-ci il tarixdə, 28 mart 2022-ci il tarixədək qaytarması şərti ilə Gəncə şəhərində 11500 manat pul verməsinə dair iddiaçının bildirdiklərini işin hallarına uyğun saymır və iddiaçının qazi kimi əlilliyinin müəyyən olunması məqsədi ilə onun şahid kimi izahatını təqdim etməsi üçün boş kağıza imza etməsi, imzalı kağızı Bakı şəhərində olarkən iddiaçıya verməsi, həmin kağızdakı məzmunun iddiaçı tərəfindən tərtib edilməsi, 28 oktyabr 2021-ci il tarixdə Gəncə şəhərində olmaması, iddiaçıdan 11500 manat pulu götürməməsi barədə cavabdehin bildirdiklərini işin hallarına uyğun sayır. Beləliklə iş üzrə sübutlarla iddiaçının cavabdehə 28 oktyabr 2021-ci il tarixdə, 28 mart 2022-ci il tarixədək qaytarması şərti ilə Gəncə şəhərində 11500 manat pul verməsi halı təsdiq edilməmişdir. Məhkəmə iddia tələbi üzrə belə hesab edir ki, iddiaçının cavabdehə 28 oktyabr 2021-ci il tarixdə, 28 mart 2022-ci il tarixədək qaytarması şərti ilə Gəncə şəhərində 11500 manat pul verməsi halı sübut edilmədiyindən, iddia təmin edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehdən 11500 (on bir min beş yüz) manat borc pulun alınaraq ona qaytarılması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 124,5 (bir yüz iyirmi dörd manat əlli qəpik) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-75/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-75/2025
04.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver