Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-786/2023 04.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərər tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ üzrə ona məxsus olan “Mercedes Benz C230” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş 1820 (bir min səkkiz yüz iyirmi) manat maddi zərərin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumunun cəmi 1860 (bir min səkkiz yüz altmış) manat pul məbləğinin cavabdeh Zaqatala rayonu Maqov kəndində yaşayan Cavabdeh alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 22 sentyabr 2021-ci il tarixdə saat 15:30 radələrində Zaqatala rayonu, Maqov kəndində yaşayan Cavabdeh sürücülük hüququ olmadan, eyni zamanda idarə etdiyi motosikletin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi İJ markalı motosikletlə üzü Zaqatala şəhəri istiqamətində hərəkət etmiş, sonradan yolun sağ çiyninə çıxaraq geriyə dönmə əməliyyatı aparmaq məqsədi ilə yolun hərəkət hissəsinə çıxmaqla geriyə dönmə əməliyyatı apardığı zaman üzü Zaqatala şəhəri istiqamətində hərəkətdə olan idarə etdiyi “Mercedes Benz C 230” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış, nəticədə idarə etdiyi avtomobilə 1820 manat maddi zərər dəymişdir. Zaqatala rayon polis şöbəsinin TBdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində toplanmış material əsasında təqsirkar Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilməsi haqqında 07 dekabr 2021-ci il tarixdə qərar qəbul edilmişdir. Cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən mülki iş üzrə Cavabdeh təqsirli bilinmişdir. Cavabdehə dəymiş zərərin ödənilməsinə dair dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdeh dəymiş zərərin əvəzini ödəməkdən boyun qaçırdığı və mülki məsuliyyətdən yayındığı üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülki işə əlavə olunan “Avtoservis 100” sexindən götürülmüş zərər aktından və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür, avtomobilinə dəymiş zərər 1820 manatdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayarq mülki iş üzrə cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Zaqatala Rayon Polis X3 təhqiqatçısı X4 tərəfindən 07 dekabr 2021-ci il tarixdə qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh barəsində toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanılması rədd edilmiş, vət. Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 329.2, 332.4 və 342.1.3-cü maddələri ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Zaqatala RPŞ-nin DYPB-nə göndərilməsi, Vət. İddiaçı məxsus «Mercedes benz C230» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh tərəfindən vurulmuş 1820 manat ziyanın ödətdirilməsi ilə bağlı Zaqatala rayon məhkəməsinə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Həmin qərarla müəyyən edilmiş hallardan görünür ki, 22 sentyabr 2021-ci il tarixdə saat 15:30 radələrində Cavabdeh motodəbilqə geymədən, sürücülük hüququ olmadan və idarə etdiyi «İj» markalı motosikletin dövlət qeydiyyat nişanları olmadan üzü Zaqatala şəhəri istiqamətində hərəkət etmiş, sonradan yolun sağ çiyininə çıxaraq geriyə dönmə əməliyyatı aparmaq məqsədi ilə yolun hərəkət hissəsinə çıxmaqla geriyə dönmə əməliyyatı aparmaqla «X9» Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin, yəni «Sürücü hərəkətə başlanmazdan, yer dəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı» olduğu halda hərəkətini davam etdirmiş və nəticədə Zaqatala şəhəri istiqamətində hərəkətdə olan, sürücü İddiaçı idarə etdiyi «Mercedes benz C230» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toquşmuşlar, nəticədə özü dərəcəsi təyin edilməyən xəsarət almışdır. Avtoservis 100 X1 tərəfindən 23 sentyabr 2021-ci il tarixdə verilmiş 48 nömrəli avtomobilə dəymiş zərər aktından görünür ki, İddiaçı məxsus «Mercedes benz C230» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1820 manatdır. Zaqatala RPŞ DYPB-nin DAM-i polis leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cavabdeh olduğu yerin müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 327.1, 329.2, 342.4 və 332.4-cü maddələrində nəzərdə tutulan qaydada inzibati icraatın açılması qərara alınmışdır. Zaqatala RPŞ DYPB-nin DAM-i polis leytenantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası İXM-nin 104.1.1-ci maddəsini nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır, Cavabdeh yaşadığı ünvan və yaxud olduğu yer müəyyən edildiyi zaman məsuliyyətə cəlb edilməsi üçün icraatın dayandırılmasına xitam verilərək icraatın təzələnməsi qərara alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsində müəyyən edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsində «zərər»in anlayışı verilmişdir. Həmin maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi 7.0.36-cı maddəsinə görə zərər — cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyandır; 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. 87.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Cavabdeh 22 sentyabr 2021ci il tarixdə saat 15:30 radələrində motodəbilqə geymədən, sürücülük hüququ olmadan və idarə etdiyi «İj» markalı motosikletin dövlət qeydiyyat nişanları olmadan üzü Zaqatala şəhəri istiqamətində hərəkət edərkən sonradan yolun sağ çiyninə çıxaraq geriyə dönmə əməliyyatı apararkən «X9» Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş və nəticədə Zaqatala şəhəri istiqamətində hərəkətdə olan, İddiaçı idarə etdiyi «Mercedes Benz C230» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində iddiaçının idarə etdiyi «Mercedes benz C230» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1820 manat maddi zərər dəymişdir. Qeyd edilən hallar 07 dekabr 2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda öz əksini tapmışdır. Cavabdeh hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 327.1, 329.2, 332.4 və 342.1.3-cü maddələrinin tərkibi olduğundan Zaqatala rayon polis X3 təhqiqatçısı Namiq Orucov tərəfindən 07 dekabr 2021-ci il tarixdə qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar cavabdeh barəsində tədbir görülməsi üçün Zaqatala RPŞ-nin DYPB-nə göndərilmişdir. Zaqatala RPŞ DYPB tərəfindən iş üzrə icraat aparılan Cavabdeh olduğu yerin müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 327.1, 329.2, 342.4 və 332.4-cü maddələrinə əsasən inzibati icraatın açılması qərara alınmış, daha sonra inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. Hazırda İddiaçı 22 sentyabr 2021-ci il tarixdə saat 15:30 radələrində baş vermiş yol nəqliyyat hadissəsi zamanı onun əmlakı olan Mercedes benz C230» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş 1820 manat zərərin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə məhkəməyə gəlməyərək iddiaya hər hansı münasibət bildirməmiş, iddianın rədd olunmasına əsas ola biləcək hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iş materialında olan sübutlar iddia tələbinin təmin olunması üçün əsas verir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğundur. Prosessual və maddi qanunvericilik aktlarının normalarına istinad edərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh zərər vurulmasına gətirib çıxaran mülki hüquq pozuntusu törətdiyi üçün ona qarşı zərərin ödənilməsi tələbinə dair qaldırılan iddia maddi və prosessual normalara uyğun olaraq verilmişdir və məhkəmə tərəfindən baxılaraq mahiyyəti üzrə həll edilməlidir. Bu səbəbdən də məhkəmə mülki qanunvericiliyin tələbləri baxımından mülki məsuliyyətin əmələ gəlməsi ilə bağlı bəzi məqamlara aydınlıq gətirməyi də zəruri hesab etmişdir. Belə ki, istinad edilmiş (Mülki Məcəllənin 1096-cı maddəsi) mülki qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquqa görə məsuliyyət, hüquqpozma qanunun və ya müqavilənin tələblərini pozan hərəkət (və ya hərəkətsizlik) əsasında yaranır. Mülki hüquq və vəzifələri pozanların məsuliyyətə cəlb olunması üçün şəxsin öz üzərinə qoyulmuş vəzifələri və digər şəxslərin subyektiv hüquqlarını hüquqa zidd şəkildə pozması, ziyan və zərərin mövcudluğu, hüquqpozanın hüquqa zidd davranışı ilə baş vermiş ziyanlı nəticələr arasında səbəbli əlaqənin, həmçinin hüquq pozanın təqsirinin olması vacib şərtlərdir. Belə ki, hüquqpozanın davranışının hüquqazidliyi mülki-hüquqi məsuliyyətin məcburi şərtidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla baş vermiş yol nəqliyyat hadisəsi zamanı məhz cavabdehin hüquqa zidd davranışı nəticəsində iddiaçıya maddi zərərin dəyməsi öz təsdiqini tapdığından və bu hərəkətlə baş vermiş zərər arasında səbəbli əlaqə mövcud olduğundan iddiaçı ona vurulmuş ziyanın ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Sadalanan hallarla bağlı məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, məhz cavabdehin hüquqa zidd davranışı nəticəsində iddiaçının avtomobilinə maddi zərər vurulmuşdur. Bu hərəkətlə baş vermiş zərər arasında səbəbli əlaqə mövcuddur. Mülki məsuliyyətin yaranması üçün vacib şərt olan hüquq pozanın təqsirinin olması isə iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə araşdırmasında müəyyən edilən hallardan da görünür ki, Cavabdeh tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı əmlakına 1820 manat maddi zərər dəymişdir və buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan maddi zərərin məbləği 1820 manat həcmində müəyyən edilməlidir. Belə ki, zərərin məbləği cavabdeh tərəfindən də mübahisələndirilməmiş, eyni zamanda cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarla da İddiaçı məxsus «Mercedes benz C230» markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh tərəfindən vurulmuş ziyanın məbəği 1820 manat məbləğində müəyyən edilmişdir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh 1820 manat maddi zərərin əvəzi alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ilə bağlı dövlət rüsumu olaraq ödənilmiş, iddia tələbinin məbləğinə mütənasib olaraq 38.20 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 1,80 manat iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh 1820 (bir min səkkiz yüz iyirmi) manat maddi zərərin əvəzi alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 38.2 (otuz səkkiz manat iyirmi qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. 1,80 (bir manat səksən qəpik) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-786/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-786/2023
04.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver