Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-805/2025 24.06.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 Əli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi və dəlilləri: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2450 (iki min dörd yüz əlli) manat borc pulun və ödənilmiş 45 (qırx beş) manat rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. Fizuli 2022-ci il tarixdə təxminən may ayında 1 aylıq müddətə ondan borca pul istəmişdir. O, da cavabdehə etibar etdiyindən borca pul vermişdir. Müddət tamam olduqda pulunu istədikdə pulunun olmadığını, lakin özü və ailə üzvlərinə məxsus torpaq sahəsinin olduğunu bildirərək ona torpaq sahəsinin sənədlərini və diplomunu vermişdir. Daha sonra bununla bağı öz əl yazısı ilə sənəd tərtib edərək sənəddə 3000 manat pulu xx.xx.2022-ci il tarixə qədər qaytaracağına vəd vermişdir. Həmin puldan bu günki tarixə qədər 550 manat pul ödənilmişdir. Cavabdehin bu günki tarixə 2450 manat borcu qalmışdır. Dəfələrlə pulun tam ödənilməsinə dair müraciət etsə də nəticə verməmişdir. Bunun üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. İddiaçının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh ondan 2022-ci ilin may ayında 1 aydan qaytarmaq şərti ilə 3000 manat borc götürmüşdür. Lakin müddət başa çatsa da cavabdeh pulu qaytarmaq istəməmişdir. 25 iyul 2022-ci il tarixdə cavabdeh yazılı izahat verərək ona olan 3000 manat borcu sabahısı günü saat 11-də gətirib ona qaytaracağını bildirmişdir. Lakin həmin günü də cavabdeh pulunu ona qaytarmamış və bundan sonra hər dəfə sonuncuya zəng edərkən o borcundan hissə-hissə ödənişlər edərək cəmi 550 manat pul qaytarmışdır. Cavabdeh tərəfindən ona cəmi 550 manat pulun ödənilməsi barədə qəbzlərin surəti sonuncu ilə whatsapp yazışmalarında vardır və o, həmin məlumatları məhkəməyə təqdim etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbinin üzrlü olması barədə heç bir sənəd təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar Cavabdeh tərəfindən 25 iyul 2022-ci il tarixdə imzalanmış yazıdan görünür ki, o, “bu pulları mən İddiaçı ev tikirəm, mal alıram və təsərrüfat yaradıram deyə götürdüm. Amma pulları vaxtı-vaxtında geri qaytarmadım. Ona görə də bu izahatı yazıram, imzamla təsdiq edirəm. Pasportun seriyası ********, 25 iyul 2022-ci il. Mən Cavabdeh İddiaçı sabah 3000 manat pulu səhər saat 11-ə gətirəcəm” - yazıları qeyd etmişdir. AB N 074047 seriyalı diplomun surətindən görünür ki, Zamanov X5 Peşə Məktəbində 25 iyun 2003-cü ildə kəndin elektrikləşməsi və rabitəsinin elektrik montyoru peşəsi üzrə tam kursu bitirmişdir. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Bəhmətli kəndində yerləşən 1.5299 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə X8, X1, X3, X2 və Cavabdeh qızının adına daşınmaz əmlakın dövlət reyestrində 149 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmışdır. +**********87 nömrəsindən daxil olmuş whatsapp yazışmalarından görünür ki, saat 19-39-da 50 manat pulun ödənilməsi barədə 15 aprel 2025-ci il tarixli qəbz və “ Bibi axşamın xeyir. Narahat olma atacam yenede”, saat 15-10-da “2500 manat bugünə sənin borcun qaldı” mesajına 18-33-də cavab “ok, bibi sağol” və saat 19-16-da 50 manat pulun ödənilməsi barədə 17 aprel 2025-ci il tarixli qəbzin fotoşəkili göndərilmişdir. 24 aprel 2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 45 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsiniə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə xx.xx.2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı tələbini cavabdehin ondan 2022-ci ilin may ayında 3000 manat pulu borc alması, aldığı pulun bir hissəsini geri qaytarması, 2450 manat hissəsini isə ödəməkdən imtina etməsi ilə əsaslandırmış, tələbinin əsası kimi istinad etdiyi halların təsdiqi üçün cavabdeh tərəfindən icra edilmiş 25 iyul 2022-ci il tarixli əlyazısını, +**********87 nömrəsindən daxil olmuş whatsapp yazışmalarını, cavabdehə məxsus AB N 074047 seriyalı diplom və Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan Çıxarışı təqdim etmişdir. Cavabdeh isə məhkəməyə gəlməyərək iddia tələbinə qarşı münasibətini bildirməmişdir. Beləliklə iş üzrə sübutlarla, cavabdehin iddiaçıdan 2022-ci ilin may ayında 3000 manat pulu alması, aldığı pulun bir hissəsini hissə-hissə qaytarması, pulun qaytarılmayan hissəsinin 2450 manat təşkil etməsi təsdiq edilmişdir. Cavabdeh həmin tarixdən sonra aldığı vəsaitin qaytarılması üzrə iddiaçıya ödəniş etməsi barədə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən cavabdehin ondan aldığı pulun 2450 manat hissəsini ödəməkdən imtina etməsi barədə iddiaçının bildirdiklərini işin hallarına uyğun sayır. Göründüyü kimi iddiaçı 2022-cü ilin may ayında aralarında borcun verilməsi barədə müqavilə bağlanılmadan, 3000 manat pulu cavabdehə öhdəlikdən kənar vermiş, nəticədə cavabdeh iddiaçının hesabına müqavilə əsası olmadan 3000 manat əldə etmişdir. Cavabdeh sonradan həmin vəsaitin bir hissəsini geri qaytarmış, 2450 manat hissəsini isə qaytarmaqdan imtina edir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, müqavilə əsası olmadan iddiaçının hesabına pul vəsaiti əldə etmiş cavabdeh əldə etdiklərini, öhdəlikdən kənar ödədiyi pul vəsaitindən məhrum olmuş iddiaçının tələbi ilə ona qaytarmağa borclu olduğundan, əldə etdiyi 2450 manat cavabdehdən alınıb iddiaçıya verilməli, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İddia təmin edildiyindən Cavabdeh 45 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2450 (iki min dörd yüz əlli) manat pul vəsaiti və ödənilmiş 45 (qırx beş) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-805/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-805/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver