Məhkəmə qərarları › İş №e-2(033)-809/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-809/2024

20.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-809/2024 20.08.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəlilova Nuridə Əli qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 20 avqust 2024-cü il tarixdə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi: İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Repsublikası Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-98/2020 iş nömrəli qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixdə anadan olmuş X22 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 üçün Cavabdeh onun xeyrinə tutulması qət edilmiş 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq Cavabdeh xx.xx.2016-cı il tarixdə anadan olmuş X22 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X11 yetkinlik yaşlarıına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin cavabehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o və cavabdeh X12 birgə nikahlarından xx.xx.2016-cı il tarixdə Kamal və xx.xx.2017-ci il tarixdə Harun adlı övladlar dünyaya gəlmişdir. Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-98/2020 iş nömrəli qətnaməsi ilə cavabdeh X8 xx.xx.2016-cı il tarixdə anadan olmuş X22 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 130 manat, cəmi 260 manat məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. xx.xx.2016-cı il tarixdə anadan olmuş X22 3-cü sinifə keçir, xx.xx.2017-ci il tarixdə anadan olmuş X23 2ci sinifə keçir. Bu gün ki gün uşaqlarının saxlanılması, yəni, təhsili, geyimi, qidalanması, istirahəti və s. üçün nəzərdə tutulmuş xərclərin miqdarı olduqca artmışdır. Nəzərə alınmalıdır ki, bir ana kimi övladlarının ən yüksək səviyyədə təhsil alması və digər tələbləri ilə bağlı xərclərin ödənilməsi üçün əlindən gələni edir. Ancaq nə ödənilən alimentin miqdarı, nə də onun səyi yenə də, övladlarının saxlanılması üçün zəruri olan xərclərin ödənilməsinə kifayət etmir. Bu isə onu olduqca çox məyus edir. Cavabdeh də bir valideyn kimi öz övladının qayğısına qalmağa, ona baxmağa, onun təhsilinə və digər ehtiyaclarını maddi cəhətdən köməklik göstərməyə borcludur. İddia tələbinə qarşı etirazın dəlilləri xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən Elektron Məhkəmə İnformasiya Sisteminə əlavə edilmiş etiraz ərizəsindən görünür ki, iddia ərizəsini qəbul etmir. Belə ki, o xx.xx.2020-ci il tarixdə ikinci dəfə evlənmişdir. Faktiki nikahından xx.xx.2021-ci il tarixdə Elay adlı qızı anadan olmuşdur. O, uşaqlarına baxmaqdan imtina etmir. İddiaçı birgə nikahlarından xx.xx.2016-cı il tarixdə anadan olmuş X13 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X1 üçün hər ay bir uşaq üçün 235 manat olmaqla, 470 manat sabit pul məbləğində ailment tələbi ilə razı deyidir. İlk öncə onu qeyd edir ki, hər iki oğlu Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada oxuyurlar. Uşaqlar həftənin beş günü iddiaçının yanında deyil, Dövlətin himayəsində olurlar. Uşaqların yeməyi, təhsillə təmin olunması və s. kimi xərcləri Dövlət tərəfindən ödənilir. Yəni uşaqlarına beş günü dövlət baxır. Şənbə günü onunla ünsiyyət günü olduğu üçün onun yanında olur. Yalnız 1 gün, bazar günü uşaqlar ananın yanında olur. Təyin edilmiş aliment məbləği də uşaqların ana tərəfindən 1 gün baxılmasına kifayətdir. Bundan başqa İddiaçı Zaqatala Yol istismar idarəsində mühasib işləyir. Yüksək əmək haqqı alır. Həmçinin sabiq qayınatası və qaynanası da həmin idarədə çalışırlar. Hazırkı vəziyyətdə iddiaçı iqtisadi cəhətdən ondan üstündür. O, Zaqatala RMX-da sürücü işləyir. Vergilər daxil olmaqla, 812 manat əmək haqqı alır. Onun daimi iş yeri vardır və sabit aylıq qazanca malikdir. Ona görə də məhkəmdən təyin edilmiş sabit pul məbləğində alimentin dəyişdirilərək, hər ay Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq onun qazancının üçdə bir hissəsi kimi müəyyən edilməsini xahiş edir. Hazırda isə onun maddi durumumda dəyişiklik yoxdur. Alimentin artırılması üçün şəxsin sosial durumunda yaxşılaşma olmalıdır. Hazırda isə sosial durumunda artım yoxdur. Əksinə o, ailə başçısıdır. Himayəsində bir körpə uşağı vardır. Eyni zamanda ailəsində ondan başqa işləyən yoxdur, Ailənin bütün yükü onun üzərinə düşür. Bundan başqa iddiaçı sabit pul məbləğində aliment təyin edildikdən sonra keçən müddət ərzində onun maddi vəziyyətinin yaxşılaşma halı olması barədə iddia ərizəsinə heç bir sübut əlavə etməmişdir. Eyni zamanda bildirir ki, uşağa baxmaq, qayğı göstərmək hər iki valideynin borcudur. Qanunun tələbinə görə uşağın maddi təminatında hər iki valideyn eyni vəzifələr daşıyır. Bu baxımdam uşağın saxlanılması ilə bağlı bütün xərcləri və ya həmin xərclərin əhəmiyyətli hissəsinin valideynlərdən birinin yəni, atanın üzərinə qoyulması yolverilməzdir. Əlavə olaraq bildirir ki, o, xx.xx.2020-ci il tarixdə notarial qaydada öhdəlik götürməklə alimentdən əlavə hər ay 50 manat uşaqların saxlanılmaları üçün iddiaçıya pul vermişdir. Həmçinin iddiaçının ev alması üçün ona birdəfəlik 12505 manat pul vermişdir. Hesab edir ki, məhkəmə qeyd etdiyim xüsusatlan nəzərə almalıdır. Maddi vəziyyətində, sosial durumunda alimentin artırılması üçün yaxşılaşma, dəyişiklik olmamasını nəzərə alaraq, İddiaçı alimentin artırılması tələbinə dair iddia ərizəsinin rədd edilməsinə, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(O33)-98/2O20 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin dəyişdirilərək, hər ay Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq Cavabdeh qazancının üçdə bir hissəsi kimi müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, 2020-ci ildə uşaqların saxlanması üçün hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat aliment ödənilməsi qət edilmişdir. Eyni zamanda o dörd ilin aliment ödənişini bir dəfədə almış və uşaqları ilə ayrıca evə çıxmışdırlar. Bu müddət ərzindən uşağının sağlamlığı ilə bağlı xərcləri o özü qarşılamışdır. Həmçinin bildirir ki, internat məktəbi artıq bir ildir ki, təmirdədir və uşaqlar Şixali Qurbanov adına 3 saylı tam orta məktəbdə təhsil alırlar. Həmçinin internat tipli məktəbdə təhsil alan zaman da uşağın xərclərini o qarşılamışdır. İnternat tipli məktəb yalnız nahar yeməyini təmin etmişdir. Eyni zamanda maaşı dörd il ərzində 400 manat olmuş, son ildə 600 manat təşkil etmişdir. Əlavə edir ki, cavabdehin hal-hazırda iki mərtəbəli evi, ayrıca iki evi, fındıq sahələri var və qeyd edilən alimenti ödəmək iqtidarındadır. Həmçinin bildirir ki, böyük oğlunun ciddi müalicəyə ehtiyacı var və o özü bu xərci qarşılaya bilmir. Məhkəmə iclası zamanı Cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, tutulmalarla birgə 750 manat maaş alır və hal-hazırda himayəsində bir azyaşlı övladı və ikinci qrup əlil anası vardır, yoldaşı isə işsizdir. Atası taksi fəaliyyəti ilə məşğul olmasına, anasının isə pensiya almasına baxmayaraq, əldə edilmiş gəlir ancaq özlərinin dərman və müalicə xərclərini qarşılamağa kifayət edir. Həmçinin bildirir ki, iddiaçı özü ondan yüksək maaş alır, eyni zamada uşaqları da internat tipli məktubə qoymuşdur. Belə ki, uşaqların xərcləri dövlət tərəfindən qarşılanır, həftəiçi həmin məktəbdə olurlar, həftə sonu bir gün onun yanında, digər gün isə iddiaçının yanında olurlar. Bildirir ki, iddiaçı da yenidən aliə həyatı qurmuşdur. Son olaraq bildirir ki, uşaqlara ehtiyaclarını qarşılamaq hər iki valideynin borcudur. Mülki is materiallarında olan sənədlər Zaqatala RİHB-nın Aşağı Tala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 01 dekabr 2016-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 26 noyabr 2016-cı il təvəllüdlü X13 atası Cavabdeh, anası isə X9r. Zaqatala RİHB-nın Aşağı Tala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 05 dekabr 2017-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 04 dekabr 2017-ci il təvəllüdlü X11 atası Cavabdeh, anası isə X9r. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-98/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh X14 arasında olan Zaqatala rayon qeydiyyat şöbəsində qeyd edilmiş 20 oktyabr 2015-ci il tarixli 290 nömrəli nikahın pozulması, tərəflərin uşaqları olan-26 noyabr 2016-cı il təvəllüdlü X22 və 04 dekabr 2017-ci il təvəllüdlü X11 anası X7 himayəsində saxlanılası, iddiaçı Cavabdeh iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 20 (iyirmi) manat özünə aid edilməsi, 26 noyabr 2016-cı il təvəllüdlü X22 və 04 dekabr 2017-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat məbləğində aliment tutularaq X10 ödənilməsi, aliment tutulmasının əvvəli 16 oktyabr 2019-cu il tarixdən hesablanması, iddiaçı Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 10:00-11:00 saatlarında keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. 50 (əlli) manat məbləğində mediasiya xərcini, 10 manat kargüzarlıq və dəftərxana xərclərini İddiaçı birtərəfli qaydada ödəmişdir. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 13 oktyabr 2021-ci il tarixdə verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 28 sentyabr 2021-ci ildə vətəndaş X5 doğulmuş X15 atası hesab edilmişdir. “Mygov” informasiya sistemindən xx.xx.2024-cü il tarixdə əldə edilmiş iş yeri məlumatlarından görünür ki, Cavabdeh “Respublika Təcili və X18 Mərkəzi” X25 sürücü vəzifəsində işləyir və aylıq 812 manat əmık haqqı alır. “Mygov” informasiya sistemindən xx.xx.2024-cü il tarixdə əldə edilmiş övladın cari ümumi təhsili haqqında məlumatlarından görünür ki, X3 şəhəri İnteqrasiya Təlimli internat tipli gimnaziyanın ikinci sinifində təhsil alır. “Mygov” informasiya sistemindən xx.xx.2024-cü il tarixdə əldə edilmiş övladın cari ümumi təhsili haqqında məlumatlarından görünür ki, X4 şəhəri İnteqrasiya Təlimli internat tipli gimnaziyanın birinci sinifində təhsil alır. Zaqatala RİHB-nın Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 iyul 2024-cü il tarixli 5-82-15/2-697/2024 saylı arayışdan görünür ki, Cavabdeh ailə tərkibi özündən, işsiz yoldaşından, azyaşlı qızından, ikinci qrup əlil anasından və işsiz atasından ibarətdir. Zaqatala Rayon 2 saylı Notariat ofisində 14 may 2020-ci ildə imzanın həqiqiliyi təsdiq edilmiş Cavabdeh tərəfindən götürülmüş öhdəlikdən görünür ki, o Məmmədova (Bayramova) Validə Qurban qızına 4 il ərzində hər ay 50 manat aliment ödəməyi öhdəsinə götürür. 6943748 nömrəli 14 may 2020-ci il tarixli qəbzdən görünü ki, Cavabdeh tərəfindən hesaba 12505 manat məbləğində vəsait mədaxil edilmişdir. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 13 oktyabr 2021-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 28 senryabr 2021-ci il tarixdə doğlumuş X16 atası Cavabdeh, anası X6r. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” X25 baş mühasib vəzifəsində işləyir və 849 manat əmək haqqı alır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1 -ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Rеspublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət оrqanları, bütün fiziki və hüquqi şəхslər öz fəaliyyətində uşaqların mənafеlərini üstün tutmalı, оnların hüquqlarının təmin оlunmasına şərait yaratmalıdır. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Rеspublikası Qanunvеriciliyi ilə müəyyən еdilmiş minimum dоlanacaq хərclərindən az оlmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndində göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları olan 04 dekabr 2017-ci il təvəllüdlü X23 və 26 noyabr 2016-cı il təvəllüdlü X22 iddiaçının himayəsindədirlər və uşaqların saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı hər uşağa görə 130 manat, cəmi 260 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir və həmin aliment miqdarı uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Bundan başqa, həmin aliment miqdarı məhkəmə tərəfindən 2020-ci ildə, yəni uşaqların müvafiq olaraq 2 yaşı və 3 yaşı olarkən təyin edilmişdir. Hazırda isə uşaqlar müvafiq olaraq 6 və 7 yaşındadırlar və ötən müddət ərzində uşaqların artan tələbatındakı dəyişiklik, o cümlədən onların geyimi, qidalanması, təhsili və tibbi kimi xərcləri də özündə ehtiva edən əlavə zəruri məsrəfləri yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə uşağın saxlanması üçün artan tələbatının cavabdeh tərəfindən ödənilən hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat məbləğində alimentlə ödənilə bilməməsi barədə iddiaçının arqumentləri ilə razılaşır və hesab edir ki, aliment məbləğinin hər uşağa üçün 160 manata artırılması uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətedici hesab edilə bilər. Alimentin hesablanması vaxtı ilə bağlı məhkəmə qeyd edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh alınaraq 04 dekabr 2017-ci il tarixdə doğulmuş X11 və 26 noyabr 2016-cı il tarixdə doğulmuş X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-98/2020 saylı qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 160 manat olmaqla, cəmi 320 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdehdən 30 (320-260=60x12=720 manat) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci tələb edilmədiyindən həmin xərclər onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-98/2020 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 04 dekabr 2017-ci il tarixdə doğulmuş X11 və 26 noyabr 2016-cı il tarixdə doğulmuş X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün sabit pul məbləğində tutulan 130 (bir yüz otuz) manat miqdarında alimentin məbləği artırılsın. 04 dekabr 2017-ci il tarixdə doğulmuş X11 və 26 noyabr 2016-cı il tarixdə doğulmuş X13 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərci tələb edilmədiyindən həmin xərclər onun özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar