Məhkəmə qərarları › İş №e-2(033)-818/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-818/2022

05.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-818/2022 05.10.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Repsublikası Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)-419/2021 iş nömrəli qətnaməsinə əsasən xx.xx.2008-ci il tarixdə anadan olmuş X12 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmiş 130 (bir yüz otuz) manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq Cavabdeh xx.xx.2008-ci il tarixdə anadan olmuş X7 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 200 (iki yüz) manat cəmi 400 manat sabit pul məbləğində alimentin cavabehdən alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh birgə nikahlarından xx.xx.2008-ci il tarixdə Zəhra və xx.xx.2011-ci il tarixdə Mirağa adlı övladları dünyaya gəlmişdir. Azərbaycan Respublikası Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)-419/2021 iş nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2008ci il tarixdə anadan olmuş X7 və xx.xx.2011-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 130 manat, cəmi 260 manat məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. xx.xx.2008-ci il tarixdə anadan olmuş X12 8-ci sinifə keçir, xx.xx.2011-ci il tarixdə anadan olmuş X11 6-cı sinfə keçir. Bu günki gün həmin uşaqların saxlanılması, yəni təhsili, geyimi, qidalanması, istirahəti və s. üçün nəzərdə tutulmuş xərclərin miqdarı olduqca artmışdır. Bundan əlavə bildirmək istəyir ki, İddiaçı dediyinə görə uşaqlardan X6 mövsümi olaraq nəfəs almasında problemlər olduğu üçün onun səhhətinin yaxşılaşması ilə əlaqədar hər ilin hər rübündə həkimlərə müraciət etməli olur, müvafiq dərmanlara və həkimlərə əlavə xərcləri çıxır. Qarşı tərəf maddi imkanının olmasına baxmayaraq ona bununla bağlı heç bir yardım etmir. Nəzərə alınmalıdır ki, o, bir ana kimi övladının ən yüksək səviyyədə təhsil alması və digər tələbləri ilə bağlı xərclərin ödənilməsi üçün əlindən gələni edir. Ancaq nə ödənilən alimentin miqdarı, nə də onun səyi yenə də, övladlarının saxlanılması üçün zəruri olan xərclərin ödənilməsinə kifayət etmir. Bu isə onu olduqca çox məyus edir. Cavabdeh də bir valideyin kimi öz övladının qayğısına qalmağa, ona baxmağa, onun təhsilinə və digər ehtiyaclarını maddi cəhətdən köməklik göstərməyə borcludur. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh nümayəndəsi X8 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, keçmiş gəlini İddiaçı oğlu Cavabdeh qarşı "alimentin artırılması tələbinə dair" iddia ərizəsi vermişdir. İddia ərizəsi tam əsassız olduğuna görə hazırkı etiraz ərizəsini vermək məcburiyyətindədir. Çünki uşaq hüquqları və s. bəhanə gətirib onlardan daha çox pul qoparmaq istəyir. Boşanma zamanı 13 və 16 yaşlarında nəvələri atası himayəsində qalmaq istəsələr də, Nuranə məhkəmədə aliment tələb etməyəcəyini bildirərək onları aldadıb uşaqları öz himayəsinə götürdü, sonra aliment tələb etdi və məhkəmə hər uşağa 130 manat olmaqla 260 manat aliment müəyyənləşdirdi. Məlumat üçün bildirir ki, boşanma iddiasını oğlu vermişdi. Səbəb isə Nuranənin əxlaqsız hərəkətləri, oğlunu və ailəsini el içində biyabır etməsi olmuşdur. Əslində onlar övladlarını himayələrində saxlayaraq ona qarşı aliment tələbi barədə iddia qaldırmalıdır. Nuranə isə hadisədən bir müddət keçməsindən istifadə edib alimentin artırılmasını tələb edir. Ailə vəziyyətlərini, keçmiş ərinin böyrək xəstəsi olmasını, qaynının ruhi xəstə- Məştağada 14-cü korpusda daim müalicə altında olduğunu, qaynanasının 4 dəfə əməliyyat olunaraq ağır xəstə vəziyyətdə olduğunu bildiyi halda və ailədə heç bir iş yeri, gəlir yeri olmadığını bildiyi halda utanmadan alimentin artırılmasını tələb edir. Ailədə yeganə gəlir yeri qaynanasının ayda 269 manat pensiya məbləğidir ki, onlar da hər ayda 10 manat göndərmə xərci ilə 270 manat iddiaçıya ödəmişlər. Dövlətimizdə yalnız uşaqların yaşamaq hüququ və yaşayış minimumu müəyyənləşdirilməmişdir. Böyüklərin, nənə-babanın da minimum yaşamaq hüququ vardır. İddiaçının əsassız tələblərini ödəmək üçün oğlu Rusiya Federasiyasına işləmək üçün getmişdir. Əvvəllər böyrək xəstəliyi tutmuş işləyə bilməmiş, hazırda hərbi səfərbərliyə görə evdən çıxa, işləyə ya da ölkəyə qayıda bilmir. Yay tətili dövründə 2 aydan çox, bayramlarda, adi günlərdə nəvələri onların himayələrində olur, xərclərini, bəzi geyim xərclərini onlar çəkirlər. Olmayan imkanlarla yardım etsələr də, Nuranə utanmadan onlardan alimentin artırılmasını tələb edir. Yuxarıda göstərdiklərini nəzərə alıb məhkəmədən İddiaçı "Yetkinlik yaşma çatmayan hər uşaq üçün ayda 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin" xeyrinə tutulması barədə iddiasını əsassız olduğu üçün təmin etməyərək iddianın rədd edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası zamanı İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh nümayəndəsi X8 iddia ərizəsini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Cavabdeh hazırda Rusiya Federasiyasındadır və orada başlamış müharibəyə görə Azərbaycan Respublikasına qayıda bilmir. İddiaçı ödənməli olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(033)-419/2021 nömrəli qətnaməsinə əsasən təyin edilmiş alimenti o öz pensiyasından ödəyir. Uşaqların əlavə xərclərininin ödənilməsində də İddiaçı köməklik edir. İddiaçı uşaqları saxlaya bilmirsə uşaqları onların himayəsinə versin, onlar uşaqlara baxıb böyütməyə razıdırlar. Lakin alimentin artırılmasına razı deyil. İddia tələbinin rədd edilməsini xahiş edir. İşin halları Zaqatala Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli 2(033)-419/2021 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında Zaqatala RİHB-nın Muğanlı kənd ərazi nümayəndəliyində qeyd edilmiş 05 yanvar 2008-ci il tarixli 01 nömrəli nikahın pozulması, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyinin izah edilməsi, tərəflərin uşaqları olan-15 oktyabr 2008-ci il təvəllüdlü X12 və 01 avqust 2011-ci il təvəllüdlü X6 anaları İddiaçı himayəsində saxlanılması, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 20 (iyirmi) manatın özünə aid edilməsi, 15 oktyabr 2008-ci il təvəllüdlü X7 və 01 avqust 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat alimentin tutularaq İddiaçı ödənilməsi, aliment tutulmasının əvvəlinin 06 iyul 2021-ci il tarixdən hesablanması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 02 avqust 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci birtərəfli qaydada ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin izahatları, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, tərəflərin birgə nikahından 15 oktyabr 2008-ci il təvəllüdlü X12 və 01 avqust 2011-ci il təvəllüdlü X13 adlı uşaqları anadan olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 2(033)-419/2021 saylı 06 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən tərəflərin arasında bağlanmış nikah pozulmuş, 15 oktyabr 2008ci il təvəllüdlü X12 və 01 avqust 2011-ci il təvəllüdlü X2 Nuranə Musa qızının himayəsində saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün 06 iyul 2021-ci il tarixdən hesablanmaqla, hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla cəmi 260 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Hazırda tərəflər faktiki olaraq ayrı yaşayırlar. Ayrıldıqları vaxtdan uşaqlar iddiaçının himayəsindədir. İddiaçı uşaqların saxlanılması üçün qət edilmiş aliment məbləği ilə himayəsində olan uşaqların tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək iddianı müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması, hazıradək müəyyən edilmiş alimenti çətinliklə valideyninin ödəməsi, yüksək gəlir yerinin, əmlakının olmaması, işləməməsi, xəstə olması və maddi imkanının aşağı olması onu hazırki uşaqları saxlamaq, saxlamadıqda isə uşaqların saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən və qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Cavabdehin nümayəndəsinin etiraz ərizəsində göstərdiyi arqumentlər cavabdehi həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə İddiaçı uşaqların saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini və yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, 15 oktyabr 2008-ci il təvəllüdlü X7 və 01 avqust 2011-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab edir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh alınaraq 15 oktyabr 2008-ci il təvəllüdlü X7 və 01 avqust 2011-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(033)-419/2021 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 150 manat olmaqla cəmi 300 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh 30 manat (150-130=20x2x12=480manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiyaya dair xərc onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh alınaraq 15 oktyabr 2008-ci il təvəllüdlü X7 və 01 avqust 2011-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 2(033)-419/2021 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat məbləğində müəyyən edilsin. Alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində mediasiyaya dair xərc onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar