Məhkəmə qərarları › İş №e-2(033)-826/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-826/2024

24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-826/2024 24.09.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi ilə, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi, İddia tələbinin dəlilləri: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 780.79 manat əsas məbləğ üzrə, 179.86 manat faiz və 140.73 manat cərimə olmaqla, cəmi 1101.38 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 31.42 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 1033nkİNSH/21 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 30% ödəmək şərtilə 3000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Zaqatala Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli e-2(033)-826/2024 nömrəli qərardadına əsasən iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinə iştirakı olmadan baxaraq (həmin mülki iş üzrə bütün hazırlıq və baxış iclaslarını iştirakı olmadan keçirərək) iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin halları "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1033nkİNSH/21 nömrəli kredit müqaviləsindən görünür ki, bank 36 ay müddətinə illik 30 faiz ödəmək şərti ilə 3000 (üç min) manat məbləğində krediti Cavabdeh mülkiyyətinə verməyi və bank hesabı açmağı öhdəsinə götürmüşdür. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən kreditin məqsədli təyinatı: xx.xx.2021-ci il tarixli 1033nkİNSH/21 nömrəli müqavilənin bağlanılması, məbləğ 3000 manat. 27 may 2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh Cavabdeh 1033nkİNSH/21 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" KB ASC-yə əsas məbləğ üzrə 780.79 manat əsas borc, faiz üzrə 179.86 manat borc, cərimə 140.73 manat borc olmaqla, cəmi 1101.38 manat məbləğində kredit borcu vardır. 15 fevral 2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı "xxxx" KB ASC Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borc məbləğini tam şəkildə 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv edilməsini təklif etmişdir. Əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam həcmdə qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, xx.xx.2021-ci il tarixli 1033nkİNSH/21 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" KB ASC Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 3000 manat məbləğdə kredit limiti ayırır, Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh kredit limiti açılaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərinə əməl etməmiş, müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də "xxxx" KB ASC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli 1033nkİNSH/21 nömrəli kredit müqaviləsinə əsasən 780.79 manat əsas borc məbləği Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. İşdə olan Cavabdeh kredit müqaviləsinin 1.1-ci bəndindən görünür ki, kredit xətti 36 ay müddətinə, illik 30 faizədək olmaq şərti ilə verilir. Məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə Cavabdeh xx.xx.2021-ci il tarixli 1033nkİNSH/21 nömrəli kredit müqaviləsinə əsasən 179.86 manat faiz borcunun da alınaraq, iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixli 1033nkİNSH/21 nömrəli kredit müqaviləsinə əsasən hesablanmış 140.73 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasında iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla, iddiaçının özü də cərimənin (dəbbə pulunun) miqdarını formal hesablamaqla cavabdehi ağır maddi çətinliyə salmaq niyyəti güdmüşdür. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğunu nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli 1033nkİNSH/21 nömrəli kredit müqaviləsinə əsasən hesablanmış 140.73 manat cərimə 14 manat həddində təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 780.79 manat məbləğində əsas məbləğ üzrə borc, 179.86 manat məbləğində hesablanmış və ödənilməmiş faiz borcu və 14 manat məbləğində cərimə borcu olmaqla, cəmi 974.65 manat borc tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. İddia qismən təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-nin hesabına ödənilməli, qalıq 1,42 manat iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 780.79 (yeddi yüz səksən manat yetmiş doqquz) manat məbləğində əsas məbləğ üzrə borc, 179.86 (bir yüz yetmiş doqquz manat səksən altı qəpik) manat məbləğində hesablanmış və ödənilməmiş faiz borcu, 14 (on dörd) manat cərimə borcu olmaqla, cəmi 974.65 (doqquz yüz yetmiş dörd manat altmış beş qəpik) manat borc tutularaq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin hesabına ödənilsin, qalıq 1 (bir) manat 42(qırx iki) qəpik iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar