Məhkəmə qərarları › İş №e-2(033)-836/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-836/2023

18.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-836/2023 18.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı kreditin və faizlərin ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdim İddia tələbinin dəlilləri İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti (bundan sonra - İddiaçı BOKT MMC) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 345,15 (üç yüz qırx beş manat on beş qəpik) manat əsas kredit borcu, 2,39 (iki manat otuz doqquz qəpik) manat faiz borcu, əldən çıxmış fayda qismində 206 (iki yüz altı) manat, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-ci illər üçün 51 (əlli bir) manat, cəmi 604,54 (altı yüz dörd manat əlli dörd qəpik) manat borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, 18 iyul 2019-cu il tarixli 80/0719-41 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 345,15 (üç qırx beş manat on beş qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2021-ci il tarixə olan hesablamalara görə iddiaçıya 345,15 (üç qırx beş manat on beş qəpik) manat əsas kredit borcu, 2,39 (iki manat otuz doqquz qəpik) manat faiz borcu, cəmi 347,54 (üç yüz qırx yeddi manat əlli dörd qəpik) manat borcu təşkil edir. Cavabdeh dəfələrlə müraciət etmələrinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmiş, BOKT-a olan borcun könüllü ödənilməsi üçün təklif verilməmişdir. Əlavə olaraq qeyd edirlər ki, Cavabdeh 18 iyul 2019-cu il tarixli 80/0719-41 saylı Kredit (Restrukturizasiya) müqaviləsi üzrə ödəniş etməmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC 2011-ci il tarixdən fəaliyyət göstərir. Azərbaycan Respublikasında yarandıqdan bu günə qədər özünə məxsus işgüzar nüfuz və təsərrüfat imici əldə etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə müştəri arasında müqavilə illik 30% faiz hesablanmaqla bağlanmışdır. Yuxarıda qeyd olunanlardan da görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nə maddi ziyan vuraraq, onun yarandığı vaxtdan bu günə qədər şəffaf sahibkarlıq fəaliyyəti nəticəsində qazanmış olduğu təsərrüfat imicinə, işgüzar nüfuzuna xələl gətirən və nəticə etibarı ilə iddiaçını birbaşa və dolayı şəkildə maddi və mənəvi ziyan çəkməyə məruz qoymuşdur. Belə olan halda iddiaçı tərəfindən aparılan ilkin hesablamalara görə Cavabdeh ilə İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində əldən çıxmış fayda qismində illik 103 manat (345*30%=103 manat), 24 ay ərzində 206 (241*30%=103 manat*24ay=206) manat təşkil edir. Belə olan halda hesab edirlər ki, əldən çıxmış fayda məcburi olaraq məhkəmə qaydasında cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Qanunvericiliyinə əsasən faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 2021-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 7% (yeddi faiz) müəyyən etmişdir. 2022-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı uçot dərəcəsini 8% (səkkiz faiz) müəyyən etnişdir. Belə olan halda iddiaçı tərəfindən aparılan ilkin hesablamalara görə Cavabdeh ilə İddiaçı BOKT MMC arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icra edilməməsi nəticəsində: 2021-ci il üçün 24 manat (345*7%=24 manat), 2022-ci il üçün 27 manat (345*8%=27 manat), cəmi 51 manat təşkil edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə 19 iyul 2023-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. İşin halları xx.xx.2019-cu il tarixdə "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 80/0719-041 nömrəli Kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh sonuncunun vaxtı keçmiş əsas kredit borcunun müqavilə imzalanan tarixə 345,15 manat qalıq məbləğini ödəməsi məqsədi ilə illik faiz dərəcəsi 1 faiz olmaqla 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə 345,15 manat məbləğində güzəştli krediti verməyi, Cavabdeh isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə “Asel Kredit" Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli 80/0719-041 nömrəli kredit müqaviləsi üzrə 345,15 manat əsas borcu (281,47 manat vaxtı keçməmiş+63,68 manat vaxtı keçmiş), 2,39 (0,15 manat vaxtı keçməmiş+2,24 vaxtı keçməmiş) manat faiz borcu qalmışdır. Cavabdeh 14 sentyabr 2020-ci il tarixdə, 15 fevral 2021-ci il tarixdə göndərilmiş bildirişlərin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli 80/0719-041 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ondan tələb edilmiş və borc ödənmədiyi halda məhkəməyə müraciət ediləcəyi ona bildirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, İddiaçı BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 80/0719-041 nömrəli kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən Cavabdeh illik 1 faiz dərəcəsi ilə 5 il müddətinə müvafiq olaraq 345,15 manat kredit məbləğini iddiaçıya qaytarmalı olması müəyyən olunmuşdur. Bununla da onların arasında kredit hüquq münasibətləri yaranmışdır. Göründüyü kimi, kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsinə görə borcluların məsuliyyəti müəyyənləşdirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəlikləri yaranmışdır və o müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Göstərilənlərə, həmçinin istinad edilmiş mülki qanunvericiliyin tələblərinə əsasən məhkəmə bu qənaətdədir ki, 345,15 manat əsas kredit borcu cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. İşdə olan İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 80/0719-041 saylı kredit müqaviləsinin 1.3-cü bəndindən görünür ki, kreditin istifadəsinə görə borcalan kreditora illik 1 faiz dərəcəsi ilə hesablanan məbləği ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə cavabdehdən kredit müqaviləsinə əsasən 2,39 manat faiz borcunun da alınaraq iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə verilmiş kredit məbləğinin ödənilməsinin gecikdirilməsinə görə Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən 2021-2022-ci illər üçün cavabdehdən 51 (əlli bir) manat faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki qanunvericilikdə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə faizlərin ödənilməsi nəzərdə tutulmuş və bu faizlərin bank uçot dərəcəsini əsas götürməklə ödənə biləcəyi qeyd edilmişdir. Eyni zamanda, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli 80/0719-041 saylı kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçıya məxsus pul vəsaitini götürərək ondan faydalanmasına baxmayaraq o həmin vəsaitin iddiaçıya ödənilməsini geciktirdiyindən iddiaçı bank uçot dərəcəsinə uyğun olaraq cavabdehdən faizlərin tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin əldən çıxmış faydanın əvəzinin Cavabdeh alınaraq iddiaçıya verilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən əldən çıxmış faydanın məbləği iddia ərizəsində qeyd edilsə də, onun tərəfindən bunu sübut edəcək tutarlı əsas gətirilməmiş, cavabdeh tərəfindən ona məxsus pul vəsaitinin qaytarılmaması nəticəsində, onun itirdiyi və adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin məbləğini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilərək, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 80/0719-041 kredit müqaviləsinə əsasən 345,15 manat əsas kredit borcu, 2,39 manat hesablanmış faiz borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən hesablanmış 51 manat olmaqla, cəmi 398,54 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233, 234, 284 və 357-362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 80/0719-041 kredit müqaviləsinə əsasən 345,15 (üç yüz qırx beş manat on beş qəpik) manat əsas kredit borcu, 2,39 (iki manat otuz doqquz qəpik) manat hesablanmış faiz borcu, Azərbaycan Respublikasının Mərkəzi Bankın uçot dərəcəsinə əsasən hesablanmış 51 (əlli bir) manat olmaqla, cəmi 398,54 (üç yüz doxsan səkkiz manat əlli dörd qəpik) manat məbləğində borc tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinın xeyrinə ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinın hesabına ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar