Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-839/2023 20.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı Üzeirovnanın nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Üzeirovnanın Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Üzeirovna iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 2(033)-593/2015 saylı 04 iyun 2015-ci il tarixli qətnaməsinə əsasən təyin edilmiş aliment məbləğini artıraraq hər ay cavabdehdən 220 (iki yüz iyirmi) manat alimentin, mediasiya xərci olaraq ödənilmiş 50 manat rüsumun və vəkilə xidmət haqqı olaraq ödənilmiş 200 (iki yüz) manat pul məbləğinin alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Üzeirovna iddia tələbini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-593/2015 saylı 04 iyun 2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2015-ci il tarixdən hesablanmaqla hər ay 70 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçı X5 (İddiaçı) ödənilməsinə dair qətnamə qəbul edilmişdir. Azyaşlı uşaq iddiaçının himayəsindədir. Məhkəmə tərəfindən təyin edilmiş alimentin məbləği uşağın tələbatını ödəməyə kifayət etmir. Cavabdeh uşağın əlavə saxlanma xərclərində iştirak etmir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh uşağın əlavə saxlanma və təhsil xərclərində iştirak etmir. Bunun üçün aliment məbləği həcminin artırılmasına dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək maddi vəziyyətində, sosial durumunda alimentin artırılması üçün yaxşılaşma, dəyişiklik olmamasını nəzərə alaraq İddiaçı Üzeirovnanın alimentin artırılması tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Uzeirovna Cavabdeh qarşı Zaqatala Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(033)-593/2015 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini qəbul etmir. Belə ki, onun ürəyi sağ tərəfdə yerləşir. Ona görə də əmək fəaliyyəti ilə məşğul ola bilmir. Bundan başqa iddiaçı Rusiya Federasiyasında yaşayır. Qızını 8 ildə cəmi üç dəfə görə bilmişdir. O, qardaşının köməkliyi ilə müalicə üçün Rusiya Federasiyasına getmişdir. Hal-hazırda o, valideynlərinin pensiyası ilə dolanır. O, uşağa baxmaqdan imtina etmir. Lakin, iddia ərizəsində göstərilən bir uşağa görə 220 manat aliment tələbi ilə razı deyildir. Onun, hər ay bir uşağa görə 220 manat aliment ödəməyə maddi imkanı çatmır. Bundan başqa iddiaçının əlavə tələb etdiyi 50 manat mediasiya və 200 manat vəkil xidmətinə görə çəkdiyi xərclərlə razı deyildir. İddiaçı başqa şəxslə ailə qurmuşdur. Həmin nikahdan oğlan uşağı vardır. O, qızının başqa ailədə tərbiyə almasını istəmir. Hazırda onun maddi durumunda dəyişiklik yoxdur. Hesab edir ki, alimentin artırılması üçün şəxsin sosial durumunda yaxşılaşma olmalıdır. Hazırda isə onun sosial durumunda artım yoxdur. Bundan başqa, iddiaçı sabit pul məbləğində aliment təyin ediləndən sonra keçən müddət ərzində cavabdehin maddi vəziyyətinin yaxşılaşma halı olması barədə iddia ərizəsinə heç bir sübut əlavə etməmişdir. Eyni zamanda bildirir ki, uşağa baxmaq, qayğı göstərmək hər iki valideynin borcudur. Qanunun tələbinə görə uşağın maddi təminatında hər iki valideyn eyni vəzifələr daşıyır. Bu baxımdan uşağın saxlanılması ilə bağlı bütün xərcləri və ya həmin xərclərin əhəmiyyətli hissəsinin valideynlərdən birinin yəni, atanın üzərinə qoyulması yolverilməzdir. Hesab edir ki, məhkəmə qeyd etdiyi xüsusatları nəzərə almalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası zamanı İddiaçı Üzeirovnanın nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbini qəbul etməyərək bildirdi ki, maddi vəziyyəti yaxşı deyil, hazırda iş yeri də yoxdur, aylıq yalnız 100 manat aliment ödəmək imkanı var. İşin halları Zaqatala Rayon Məhkəməsinin 2(033)-593/2015 saylı 04 iyun 2015-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, tərəflərin nikahından xx.xx.2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2015-ci il tarixdən başlayaraq, hər ay 70 (yetmiş) manat sabit pul məbləğində alimentin iddiaçı X3 xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq və Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Krasnoyarsk şəhəri Sverdlovsk və Kirov rayonları üzrə Krasnoyarsk diyarı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı agentliyinin ərazi şöbəsi tərəfindən verilmiş 19 iyun 2019-cu il tarixli İ-БА seriyalı 529800 nömrəli Adın dəyişdirilməsi haqqında Şəhadətnamədən görünür ki, 28 noyabr 1991-ci il tarixdə anadan olmuş X6 adı İddiaçı adı ilə dəyişdirilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zaqatala Rayon Vəkil Bürosunun hesabına İddiaçı 200 manat ödəniş edilmişdir. Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Üzeirovna ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərcini birtərəfli qaydada ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, tərəflərin 21 iyul 2014-cü il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 2(033)-593/2015 saylı 04 iyun 2015-ci il tarixli qətnaməsinə əsasən iddiaçı olan X5 verilməli olan alimentin miqdarı hər ay 70 manat sabit pul məbləğində müəyyən edilmişdir. 19 iyun 2019-cu il tarixdə iddiaçı X4 adı İddiaçı kimi dəyişdirilmişdir. Hazırda tərəflər faktiki olaraq ayrı yaşayırlar. Ayrıldıqları vaxtdan uşaq iddiaçının himayəsindədir. İddiaçı uşağın saxlanılması üçün qət edilmiş aliment məbləği ilə himayəsində olan uşağın tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək iddianı müdafiə edir. Cavabdeh iddia tələbini qəbul etmir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı Üzeirovna və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması, xəstə olması, əmək fəaliyyəti ilə məşğul ola bilməməsi, işləməməsi, uşağını görə bilməməsi, yüksək gəlir yerinin olmaması, maddi imkanının aşağı olması onu hazırki uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən və qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Cavabdehin isə məhkəmə iclasında göstərdiyi arqumentlər cavabdehi həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hər iki valideynin valideyn kimi borcu və vəzifəsi olduğundan onların hər ikisinin həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Eyni zamanda cavabdeh məhkəmə iclasında alimentin miqdarının dəyişdirilməsinə əsas olmayan hər hansı başqa sübutu da məhkəməyə təqdim etməmişdir. Məhkəmə İddiaçı Üzeirovnanın uşağın saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini, uşağın 9 yaşında olmasını, tərəflərin izahatlarını və yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, 21 iyul 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı Üzeirovnanın (X6) xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valideynlərin birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla təlabatının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, cavabdehin dəlilləri əsassızdır. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab edir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh alınaraq 21 iyul 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala rayon Məhkəməsinin 04 iyun 2015-ci il tarixli 2(033)- 593/2015 nömrəli qətnaməsi ilə təyin edilmiş İddiaçı Üzeirovnaya (X5) verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 170 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. İddia qismən təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Bundan başqa, qanunvericilikdə vəkilin göstərdiyi yardıma görə xərclər digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutulur. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərclər iddia ərizəsində göstərilən miqdarda təmin edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı, vəkilə ödəmiş olduğu 200 manat məbləğini təsdiq edən sənədi təqdim etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin X8rşı 04 oktyabr 2016-cı qərarında da göstərilmişdir ki, məhkəmə təcrübəsinə əsasən ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilsin. Hazırkı işdə iş materiallarını və yuxarıdakı meyarı nəzərə alaraq, Məhkəmə bu başlıq altında bütün xərclər üçün 200 manat məbləğini təyin etməyi ağlabatan hesab edir. Cavabdeh 32 manat (170-70=100x12=1200 manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh alınaraq 21 iyul 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 04 iyun 2015-ci il tarixli, 2(033)- 593/2015 nömrəli qətnaməsi ilə təyin edilmiş İddiaçı Üzeirovnaya (X5) verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilsin. Alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Cavabdeh 200 (iki yüz) manat vəkil haqqı kimi ödənilmiş pul vəsaiti və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Üzeirovnanın xeyrinə ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-839/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-839/2023
20.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver