Məhkəmə qərarları › İş №e-2(033)-85/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-85/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-85/2023 19.01.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X5 katibliyi ilə, İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı notariat Ofisinİn notariusu X3 və Maraqlı şəxs qarşı icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayon 2 saylı notariat ofisinin notariusu X2 19 yanvar 2020-ci il 8İ-605 reyestr nömrəli icra qeydinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh Maraqlı şəxs arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış və müqavilə şərtlərinə əsasən cavabdeh ona 85000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi bağlandıqdan sonra bir daha razılığa gəlmişdirlər ki, tərəfindən alınmış borc məbləği mərhələli şəkildə qaytarılacaq və bu borcun qaytarılması müqavilədə göstərilən müddətlə deyil, aralarında olan razılıqla tənzim ediləcəkdir. Tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixdə alınmış borc məbləğindən 15000 qaytarılmışdır. Bu məbləği qaytararkən onlar bir daha yuxarıda qeyd edilən razılıqlarını təsbit etmişdirlər. Lakin bu yaxınlarda o Zaqatala rayon İcra və Probasiya Şöbəsi vasitəsilə xəbər tutmuşdur ki, cavabdeh notariusun icra qeydi əsasında onun guya öhdəliyi icra etməməyini əsas gətirərək barəsində borcun tutulmasına dair hüquqi fəaliyyətin başlanmasını həyata keçirmişdir. Belə bir vəziyyətdə hesab edir ki, notariusun icra qeydi ləğv eilməlidir. Bunu nəzərə alaraq o icra qeydini vermiş notariusa müraciət edərək həmin qeydin ləğv edilməsini xahiş etmiş, lakin notarius onun xahişini həyata keçirməkdən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş "Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı"nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. Lakin bildirmək istəyir ki, cavabdeh tərəfindən ona hər hansı bir bildiriş verilməmişdir. Belə bir bildiriş olmadan icra qeydinn verilməsi qanunun tələbinə ziddir. İddia tələbinə qarşı etirazın dəlilləri Maraqlı şəxs etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, 2019-cu il tarixdə İddiaçı işi ilə bağlı ondan borca pul istəmişdir. Onun biznesini, qazancını və götürdüyü borcu geri qaytara bilmə qabiliyyətini nəzərə alaraq İddiaçı 85 000 manat məbləğində borca pul vermişdir və bu borcu 25 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri 14 saylı Notariat ofisində borc müqaviləsi ilə rəsmiləşdirmişdirlər. İddiaçı müqavilənin birinci səhifəsinin sonunda öz əl yazısı ilə soyadını yazaraq müqaviləni imzası ilə təsdiq etmişdir. Müqavilənin 2-ci bəndinə əsasən, borcalan krediti 30 noyabr 2019-cu il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin müqavilə müddəti ərzində hər hansı bir ödəniş etməyərək müqavilə üzrə şərtləri pozmuşdur. Dəfələrlə telefon vasitəsilə əlaqə saxlanılmış, lakin cavabdeh tərəfindən borc məbləği ona geri qaytarılmamışdır. Bu səbəbdən notariusun icra qeydi üzrə ərizə ilə müraciət etmişdir, iş aidiyyəti üzrə Zaqatala İcra Şöbəsinə göndərilmişdir. Uzun müddətdir ki, İddiaçı müxtəlif bəhanələrlə icradan yayınır. Xətai Rayon Məhkəməsində İddiaçı müqavilənin etibarsızlığı və notariusun icra qeydinin ləğvi tələbinə baxılmış və Məhkəmənin e-2(011)-607/2021 saylı xx.xx.2021 -ci il tarixli qərarı ilə iddiaçının iddiası rədd edilmişdir. Onun verdiyi qarşılıqlı iddia tələbi təmin edilərək İddiaçı 85000 (səksən beş min) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi qərara alınmışdır. İddiaçı qətnaməni mübahisələdirərək apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Xətai Rayon Məhkəməsinin qətnaməsini “İcra qeydinin ləğv edilməsi barədə tələbi isə icra qeydini vermiş şəxsə - notariusa qarşı yönəlməlidir, Maraqlı şəxs bu tələbə cavab verən şəxs deyil. Ona görə də məhkəmə “Notariat haqqında” Qanunun 76-cı maddəsinin göstərişinə əsaslanaraq hesab etmişdir ki, icra qeydinin ləğv edilməsi barədə tələb təmin edilə bilməz” əsası ilə ləğv etmişdir. Yuxarıda qeyd olunanlara əsasən bildirir ki, müqavilə qanuni əsaslarla bağlanmışdır və etibarsız hesab edilməsinə heç bir əsas yoxdur. Hörmətli Məhkəmə, İddiaçı tərəfindən Zaqatala Rayon Məhkəməsinə göndərilən məhkəmə işlərinə baxdıqda görünür ki, iddiaçı sadəcə öhdəlikdən yayınmaq üçün müddət uzadır. Həm məhkəmənin dəyərli zamanını alır, həm də ona münasibətdə öhdəlikdən yayınır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh Zaqatala rayon 2 saylı notariat Ofisinin notariusu X4 izahat verərək göstərmişdir ki, Maraqlı şəxs xx.xx.2019-cu il tarixdə İddiaçı 85000 manat məbləğində pul borc verilməsinə Bakı şəhəri 14 saylı notariat ofisində 3M-2311 reyestr nömrə ilə qeydə alınmış kredit müqaviləsi təsdiq edilmişdir. Kredit müqaviləsinə əsasən borclu İddiaçı xx.xx.2019-cu il tarixədək krediti tam ödəməli idi. Borclu tərəf müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün borc verən tərəfin vəkili X10 Ədliyyə Nazirliyinə icra qeydlərinin aparılması üçün ərizə ilə müraciət elmişdir. Elektron notariat sistemi vasitəsilə icra qeydi aprılması üçün ərizə forması və digər aidiyyatı sənədlər Zaqatala rayon 2 saylı notariat ofisinə icra olunması üçün göndərilmişdir. xx.xx.2020-ci il tarixdə 8İ-605 reyestr nömrə ilə icra qeydi qeydə alınmışdır. Qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq mülki iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı nümayəndəsi və vəkili Vəkil vəsatətlə müraciət edərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Zaqatala rayon 2 saylı notariat ofisinin notariusu X4 da məktubla müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilərək reyestrdə 3M-2311 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş Maraqlı şəxs ilə İddiaçı arasında bağlanmış 25 sentyabr 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, borc verən Maraqlı şəxs borc alan İddiaçı faizsiz olaraq 85000 manat məbləğində pul borc veriməyi, borc alan krediti xx.xx.2019-cu il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən borc verən müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq edir və ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. İddiaçı ünvan 1 ünvanladığı reyestrdə 8i-13424 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş ərizəsindən görünür ki, o, 85000 AZN (səksən beş min manat) məbləğdə borc pul almağı və həmin borcu müqavilədə göstərilən müddətdə qaytarmalı olmağı, öhdəliyi yerinə yetirmədiyi halda borcu müəyyən edən sənəddə notariusun apardığı icra qeydi üzrə pul məbləğinin tutulması və əmlakın tələb edib alınması haqqında müqaviləni imzalamışdır. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli xəzinə mədaxil orderindən görünür ki, notarius X6 depozit hesabına 85000 manat məbləğində pul Maraqlı şəxs tərəfindən mədaxil edilmişdir. Maraqlı şəxs vəkili Zümrüd Səməd qızı tərəfindən İddiaçı ünvanlanmış 24 dekabr 2019-cu il tarixli bildirişdən görünür ki, 25 sentyabr 2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn borc öhdəliyini 20 gün müddətində ödəmədiyi halda Notariat Haqqında Qanunun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış 85000 manat borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. “X14 Service” MMC–nin poçt göndərişinin çatdırılması haqqında 004800 nömrəli yol qaiməsindən görünür ki, vəkil Zümrüd Səməd qızı tərəfindən göndərilmiş poçt zərfi İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı qeydi edilməklə və imzalanmaqla təhvil alınmışdır. Zaqatala Rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən tərtib edilmiş reyestrdə 8İ-605 nömrə ilə qeyd edilib, informasiya sisteminə daxil edilmiş 19 yanvar 2020-ci il tarixli icra qeydindən görünür ki, Zaqatala rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X4 “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən təklif edir ki, həmin sənədlər üzrə ünvan 2 ünvanında qeydiyyatda olan Maraqlı şəxs xeyrinə ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı 3M-2311 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 85000 manat tutulsun. Bundan əlavə notarius təklif edir ki, borcludan tələbkar tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 85020 manat pul tutulsun. İcra qeydi xx.xx.2020-ci il tarixdə aparılmışdır. Zaqatala rayon 2 saylı Notariat Ofisinin 18 yanvar 2023-cü il tarixli 59 nömrəli məktubundan görünür ki, Maraqlı şəxs xx.xx.2019-cu il tarixdə İddiaçı 85000 manat məbləğində pul borc verilməsinə Bakı şəhəri 14 saylı notariat ofisində 3M-2311 reyestr nömrə ilə qeydə alınmış kredit müqaviləsi təsdiq edilmişdir. Kredit müqaviləsinə əsasən borclu İddiaçı xx.xx.2019-cu il tarixədək krediti tam ödəməli idi. Borclu tərəf müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün borc verən tərəfin vəkili X10 Ədliyyə Nazirliyinə icra qeydlərinin aparılması üçün ərizə ilə müraciət elmişdir. Elektron notariat sistemi vasitəsilə icra qeydi aprılması üçün ərizə forması və digər aidiyyatı sənədlər Zaqatala rayon 2 saylı notariat ofisinə icra olunması üçün göndərilmişdir. xx.xx.2020-ci il tarixdə 8İ-605 reyestr nömrə ilə icra qeydi qeydə alınmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(011)-607/2021 nömrəli qətnaməsindən görünür ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh Maraqlı şəxs qarşı tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanılmış kredit müqaviləsinin etibarsız hesab edilməsi və notariusun icra qeydinin ləğvi edilməsi tələbləri barədə iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək, İddiaçı ilə Maraqlı şəxs arasında imzalanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 85000 (səksən beş min) manat məbləğində pul vəsaiti tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Maraqlı şəxs ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 7326/2021 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin olunaraq, hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilk iddiaya aid olan hissədə ləğv edilmiş, İddiaçı cavabdeh Maraqlı şəxs qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi barədə” ilk iddiası rədd olunmuş, qarşılıqlı iddiaya aid olan hissədə qətnamənin ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi barədə ayrıca qərardad qəbul olunduğu qət edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinin tələbindən görünür ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci madddəsində müəyyən edilmişdir ki, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinin tələblərinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olmadığından rədd olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, İddiaçı ilə Maraqlı şəxs arasında 25 sentyabr 2019-cu il tarixdə kredit müqaviləsi imzalnmışdır. Kredit müqaviləsi Bakı şəhəri 14 saylı notariat Ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilmiş və 3M-2311 nömrə ilə reyestrdə qeyd edilib informasiya sisteminə daxil edilmişdir. Həmin kredit müqaviləsinə əsasən Aslanov X7 Muxtar Nadir oğluna 85000 manat məbləğində pul borc verməyi İddiaçı isə həmin borcu xx.xx.2019-cu il tarixədək Maraqlı şəxs ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər borcun faizsiz verilməsini şərtləşdirmişdirlər. İddiaçı 85000 manat pulu Bakı şəhəri 14 saylı notariat Ofisinin xüsusi notariusu X6 "xxxx" ASC-də olan bank hesabına xx.xx.2019-cu il tarixdə təhvil vermişdir. 25 sentyabr 2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn borc öhdəliyi İddiaçı tərəfindən icra edilmədiyindən maraqlı şəxsin vəkili Zümrüd Səməd qızı tərəfindən iddiaçıya 24 dekabr 2019-cu il tarixli bildiriş ünvanlanaraq 25 sentyabr 2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn borc öhdəliyini 20 gün müddətində ödəmədiyi halda Notariat Haqqında Qanunun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış 85000 manat borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. İddiaçının vəkili tərəfindən göndərilmiş poçt zərfi İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə İddiaçı qeydi edilməklə və imzalanmaqla təhvil alınmışdır. Bundan sonra maraqlı şəxsin vəkili X1 notariat sistemi vasitəsi ilə icra qeydinin aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət etmiş və 3M-2311 nömrə ilə reyestrdə qeyd edilmiş 25 sentyabr 2019cu il tarixli kredit müqaviləsi əsasında Zaqatala rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən xx.xx.2020-ci il tarixdə 8İ-605 reyestr nömrəli icra qeydi qeydə alınmışdır. İşdən görünür ki, İddiaçı ilə Maraqlı şəxs arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlandıqda onlara hüquq və vəzifələri izah edilmiş, hər iki tərəf sərbəst olaraq hüquqi mövqeyini müəyyən etməklə müqaviləni imzalamış və həmin müqavilə notariat ofisində təsdiq edilmişdir. Həmin müqavilə ilə müqavilənin son icra tarixi xx.xx.2019-cu il kimi müəyyən edilmişdir. Müqavilə hazırda qüvvədədir və həmin müqavilənin uydurma əqd olması qənaətinə gəlmək də mümkün deyil. Müqavilənin son icra tarixi olan xx.xx.2019-cu il tarixədək müqavilə üzrə üzərinə götürülmüş öhdəlik İddiaçı tərəfindən icra edilmədiyindən, yəni 85000 manat borc pul Maraqlı şəxs qaytarılmadığından onun vəkili X10 Notariat Haqqında Azərbaycan Respublikası qanunun 76-cı maddəsinin şərtlərinə əməl etməklə, yəni icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən 24 gün əvvəl sifarişli poçt vasitəsilə İddiaçı tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərdikdən sonra, icra qeydinin qeyd edilməsi üçün müraciət etmiş və Zaqatala rayon 2 saylı Notariat ofisinin xüsusi notariusu X4 haqlı olaraq xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdə 8İ-605 reyestr nömrəli icra qeydini qeydə almışdır. O da qeyd olunmalıdır ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki məhkəmə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyət kəsb edən halları mötəbər aşkalanmasının mümküsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər ərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfin “Münasibət” adlandırdığı ərizəsində qeyd etdiyi arqumentlərin həqiqətə uyğun olmasına dair onun tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Yuxarıda istinad edilən normativ hüquqi aktların müvafiq maddələrinin tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, icra qeydinin aparılması üçün əsas olan tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi qüvvədə olduğundan və xx.xx.2020-ci il tarixli 8İ-605 reyestr nömrəli icra qeydi Zaqatala rayon 2 saylı Notariat ofisinin xüsusi notariusu X4 tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydə alındığından iddia tələbi rədd edilməlidir. İddia tələbi rədd edildiyindən İddiaçı dövlətə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddiaçı cavabdeh Zaqatala rayon 2 saylı notariat ofisinin notariusu X3 və Maraqlı şəxs qarşı icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı dövlətə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar