Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-851/2023 04.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikahından xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşınadək saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 220 manat sabit pul məbləğinin və mediasiya xərclərinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı X4 Cavabdeh ilə nikahları 09 dekabr 2007-ci ildə rəsmiləşdirmiş və bu barədə Zaqatala RİH-nin Mosul İcra Nümayəndəliyi tərəfindən AZ-İ 359778 saylı nikahın bağlanması haqqında şəhadətnamə verilmişdir. Birgə nikahdan 05 noyabr 2010-cu ildə X5 anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri çərçivəsində yaşasalar da sonradan münasibətləri pozulmuşdur. Onun müraciəti əsasında Zaqatala rayon məhkəməsinin 24 avqust 2012-ci il tarixli 2(033)-671/2012 saylı məhkəmə əmrinə əsasən, Cavabdeh ilə aralarında bağlanmış nikaha xitam verilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(033)-673/2013 saylı əmrinə əsasən, borclu Zaqatala rayonu Mosul kənd sakini Cavabdeh xx.xx.2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2013-cü il tarixdən hesablanmaqla hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment Zaqatala rayonu Mosul kəndində yaşayan Əliyeva (Bəkirova) Regina Mahmudovnanın xeyrinə verilməsi əmr edilmişdir. Hal-hazırda məktəbli olan övladı X5 üçün sonuncu məhkəmənin müəyyən etdiyi 100 manat həcmindəki aliment məbləği uşağın heç bir tələbatının, uşaq geyimlərinin və zəruri hallarda dərman preparatlarının, məktəbə gedərkən məktəb ləvazimatlarının və paltarlarının ödənilməsinə yetmir. Ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat həcmində müəyyən edilmişdir. Cavabdeh tərəf məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti bilərəkdən vaxtı vaxtında ödəməməklə bərabər, uşaqların gələcək inkişafı, dünya görüşünün, təhsilinin, sağlamlıqlarının, sosial həyatının inkişafı üçün heç bir təşəbbüs göstərmir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə iddiaçı çəkir, böyüdükcə uşaqlarda atasına qarşı tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də, iddiaçı “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda məhkəməyə müraciət edilənədək qanunverciliyin tələblərinə riayət olunması məqsədilə tərəfindən cavabdehin ünvanına mediasiya prossesinin tətbiqi barədə təklif göndərilmiş və daha sonra isə Azərbaycan Respublikası Mediasiya Şurasına müraciət edilmişdir. Müraciətində birgə nikahdan anadan olmuş övladı üçün müəyyən edilmiş aliment məbləğinin artırılaraq 220 manat həcmində müəyyən edilməsi yer almışdır. Mediator tərəfindən xx.xx.2023-cü ildə təşkil edilmiş mediasiya prossesində lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Mediasiya prosesinin nəticəsinə uyğun olaraq Mediator tərəfindən xx.xx.2023-cü il tarixli MŞŞ/MT018/2023-01557 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Zaqatala Rayon Məhkəməsinin 2(033)-673/2013 nömrəli xx.xx.2013-cü il tarixli məhkəmə əmrindən görünür ki, borclu- Zaqatala rayonunun Mosul kəndində yaşayan Cavabdeh 05 noyabr 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 16 iyul 2013-cü il tarixdən hesablanmaqla, hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin Zaqatala rayonunun Mosul kəndində yaşayan X2 xeyrinə tutulması əmr edilmişdir. Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci birtərəfli qaydada ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, tərəflərin birgə nikahından 05 noyabr 2010-cu il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Tərəflərin arasında bağlanmış nikah pozulmuş, 05 noyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 iyul 2013-cü il tarixli 2(033)- 673/2013 nömrəli məhkəmə əmrinə əsasən 16 iyul 2013-cü il tarixdən hesablanmaqla, hər ay 100 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq X2 xeyrinə verilməsi əmr edilmişdir. Ayrıldıqları vaxtdan uşaq iddiaçının himayəsindədir. İddiaçı uşağın saxlanılması üçün əmr edilmiş aliment məbləği ilə himayəsində olan uşağın tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək iddianı müdafiə edir. Cavabdeh məhkəməyə gəlməyərək iddia tələbinə qarşı münasibət bildirməmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh bir valideyn kimi uşağını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması və maddi imkanının aşağı olması onu hazırki uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən və qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Cavabdehin göstərə biləcəyi arqumentlər cavabdehi həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Eyni zamanda cavabdeh məhkəməyə gəlməyərək alimentin miqdarının dəyişdirilməsinə əsas olmayan hər hansı başqa sübutu da məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iddiaçı tərəf də bir uşağın saxlanması üçün cavabdehdən 220 manat aliment tələb etməsinə və bu məbləğdə aliment müəyyən edilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə İddiaçı uşağın saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini, uşağın 12 yaşında olmasını və yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından anadan olmuş 05 noyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə valideynlərin birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın azyaşlı olmaqla təlabatının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alır. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab edir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh alınaraq 05 noyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 18 iyul 2013-cü il tarixli, 2(033)- 673/2013 nömrəli məhkəmə əmri ilə təyin edilmiş İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 175 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat məbləğində pul vəsaitini tələb etdiyindən həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Cavabdeh 30 manat (175-100=75x12=900 manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh alınaraq 05 noyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 18 iyul 2013-cü il tarixli, 2(033)- 673/2013 nömrəli məhkəmə əmri ilə təyin edilmiş İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilsin. Alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-851/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-851/2023
04.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver