Məhkəmə qərarları › İş №e-2(033)-858/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-858/2023

31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-858/2023 31.08.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək aşağıdakıları müəyyən etdim İddia tələbinin dəlilləri İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cəmi borcu borcu 925.10 (doqquz yüz iyirmi beş manat, 10 qəpik) AZN-bundan 382.58 (üç yüz səksən iki manat, 58 qəpik) AZN əsas, 197.32 (yüz doxsan yeddi manat, 32 qəpik) AZN faiz, 292.95 (iki yüz doxsan iki manat, 95 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52.25 (əlli iki manat, 25 qəpik) AZN faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 848817 saylı xx.xx.2014-cü il tarixli kredit kartın verilməsi və istifadəsi üzrə müqavilə üzrə bank cavabdehin nəfinə 24 ay müddətinə açdığı karta əsasən 800 (səkkiz yüz) AZN məbləğində kredit xətti açmışdır. Həmin məbləğ kredit xəttinin limiti kimi müəyyən edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli əlavə saziş bağlanaraq, əsas müqavilənin adında olan “Kredit xətt müqaviləsi” ifadəsi “Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. Borcalanın kreditor qarşısındakı kredit kartı üzrə əsas borc üzrə qalığı 574.28 (beş yüz yetmiş dörd manat, 28 qəpik) AZN təşkil etmişdir. xx.xx.2017ci il tarixli, 02 saylı əlavə sazişə əsasən kredit restrukturizasiya edilmişdir. Borcalanın kreditor qarşısındakı kredit üzrə borc qalığı 556.02 (beş yüz əlli altı manat, 02 qəpik) AZN təşkil etmişdir. Kreditin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Müqavilənin müvafiq bəndinə əsasən borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalanın adından göndərilməsi üzrə xərcləri kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu müqaviləyə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə bankın hüququ vardır. xx.xx.2023-cü il tarixə Cavabdeh müqavilə üzrə cəmi borcu 925.10 AZN təşkil edir. Bundan 382.58 AZN əsas, 197.32 AZN faiz, 292.95 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52.25 AZN faiz borcu təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********866 nömrəli, xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə 25 iyul 2023-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. İşin halları İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 848817 saylı 14 noyabr 2014-cü il tarixli kredit kartının verilməsi və istifadəsi üzrə müqavilədən görünür ki, bank Cavabdeh 24 ay müddətinə 800 manat məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür. Kartın müddətinin son günü də daxil olmaqla kredit xəttindən istifadə etmək mümkündür. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 848817 saylı 14 noyabr 2014-cü il tarixli kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləsinə 26 iyul 2017-ci il tarixli 02 nömrəli əlavə sazişdən görünür ki, kredit kartının verilməsi və istifadəsinə dair müqaviləyə dəyişiklik edilərək, müqavilə üzrə qalıq borcun 556.02 manat olması, kredit faizinin 15 faiz təşkil etməsi və kredit müddətinin 36 ay olması razılaşdırılmışdır. 01 iyun 2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2014-ci il tarixli 848817 saylı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən yaranmış öhdəlikləri 3 gün ərzində təmin etmədiyi halda kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən əsas borcu, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 20 iyun 2023-cü il tarixli maliyyə arayışından görünür ki, LPO Dəmirbank ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-ci il tarixli 848817 saylı kredit müqaviləsinə əsasən 06 iyun 2023-cü il tarixinə 382.58 manat əsas borcu, 197.32 manat faiz borcu, 292.95 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği 52,25 manat olmaqla, cəmi 925.10 manat borcu yaranmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman 3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) manatnadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) manat dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. 6-cı bəndinə əsasən, banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. 8.6-ci bəndinə əsasən fərmanın təsir dairəsinə vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar aid edilmişdir. 8.8-ci bəndinə əsasən güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər; N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında 14 noyabr 2014-cü il tarixli 848817 nömrəli kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh 24 ay müddətinə 800 manat kredit kredit xətti açılmış və 24 ay müddətinə bankın xüsusi mülkiyyətində olan kart cavabdehə verilmişdir. Həmin müqaviləyə xx.xx.2017-ci il tarixdə 02 nömrəli əlavə saziş bağlanmışdır. Həmin sazişə əsasən kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən qalıq məbləğ 556.02 manat, müqavilənin müddəti 36 ay kimi müəyyən edilmişdir. Cavabdeh bankın mülkiyyətində olan kredit kartından və kreditdən istifadə etməsinə və kredit məbləğinin ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq borcunun ödənilməsini təmin etməmişdir. Göründüyü kimi, iddiaçı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 14 noyabr 2014-cü il tarixli kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə və 26 iyul 2017-ci il tarixli sazişə əsasən 382.58 manat əsas borc məbləği Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. İddiaçı ASC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin əsas borca hesablanmış 197.32 manat faiz borcunun, 292.95 manat məbləğində cərimənin və müqavilənin bitdiyi tarixdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52.25 manat faiz borcunun tutulması hissəsinə münasibət bildirərək məhkəmə hesab edir ki, iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən müqavilənin bitdiyi tarixdən iddia verilənədək tutulmalı olan faizin məbləği iddia ərizəsində qeyd edilsə də, onun tərəfindən bunu sübut edəcək tutarlı əsas gətirilməmiş, cavabdeh tərəfindən ona borcun qaytarılmaması nəticəsində, onun itirdiyi və adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin məbləğini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Məhkəmə həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab edir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur. X1 üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir. Sözügedən Fərman Cavabdeh münasibətdə milli valyutada olan kreditinin əsas məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə, həmin Fərmanda vətəndaşların 10.000 manat və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması ilə bağlı dövlət tərəfindən banklara güzəştli kreditin verilməsi nəzərdə tutulmuşdur. Belə olduğu halda banklar problemli kreditlər üzrə faiz və cərimə borclarını vətəndaşlardan (borclulardan) tələb edə bilməz, banklar tərəfindən yalnız əsas kredit borcu tələb edilə bilər. Göründüyü kimi, İddiaçı ASC tərəfindən Cavabdeh kredit xətti açılmaqla müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə və əlavə sazişlərə əsasən üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də, İddiaçı ASC qalıq qalmış əsas kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 382.58 (üç yüz səksən iki manat əlli səkkiz qəpik) manat məbləğində əsas borc alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməlidir. İddia tələbi əsas borca hesablanmış 197.32 manat faiz borcunun, 292.95 manat məbləğində cərimənin və müqavilənin bitdiyi tarixdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 52.25 manat faiz borcunun tutulması hissəsində təmin edilməməlidir. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 284-6, 357, 358,362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh 382.58 (üç yüz səksən iki manat əlli səkkiz qəpik) manat məbləğində əsas borc alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar