Məhkəmə qərarları › İş №e-2(033)-859/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-859/2024

26.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-859/2024 26.08.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 22 sentyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməklə və 60 manat mediasiya rüsum xərclərinin Cavabdeh tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 17 iyun 2010-cu ildə rəsmi nikah münasibətinə daxil olub ailə qurmuş və onların birgə nikahlarından 22 sentyabr 2010-cu ildə X5 adlı uşaqları doğulmuşdur. Lakin Zaqatala Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(033)-577/2017 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanılmış 17 iyun 2010-cu il tarixli 851 nömrəli nikah qeydi pozulması, tərəflərin birgə nikahından 22 sentyabr 2010-cu ildə anadan olmuş X3 anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh 22 sentyabr 2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşınadək saxlanılması üçün xx.xx.2017-ci il tarixdən hesablanmaqla hər ay 136 manat sabit pul məbləğində alment İddiaçı xeyrinə tutulması, qətnamə alimentin tutulması hissəsində dərhal icra edlməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)-366/2019 saylı qətnaməsi ilə 22 sentyabr 2010-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 154 mаnаt olmaqla sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Apellyasiya Məhkəməsi həmin vaxt qətnaməsini belə əsaslandırmışdır ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın məktəbli yaşında olmaqla təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumun uşaqlar üçün 154 manat məbləğində müəyyən edilməsini, cavabdehin əmək qabiliyyətli olmasını, tərəflərin ailə və maddi vəziyyətlərini, eləcə də diqqətəlayiq olan hallar nəzərə alınmalıdır. Daha sonra Zaqatala Raryon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-668/2021 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edildiyindən Cavabdeh 22 sentyabr 2010-cu il təvəllüdlü X5 üçün tutulmalı olan alimentin həcmi artırılaraq 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Hazırda o, X5 ilə birlikdə Bakı şəhəri, Xəta rayonu R.Əliyev küçəsi ev 9 mənzil 35-də, Cavabdeh isə Zaqatala şəhəri, A.Qardaşov küçəsi ev 15-də yaşayır. X5 Bakı şəhəri üzrə E.Yəhyayev adına 56 nömrəli orta məktəbdə oxuyur. Bundan başqa artıq on dörd yaşı olan övladı X5 yaşadıqları ünvan üzrə orta məktəbdən əlavə, fiziki və tədris hazırlığı üzrə kurslara getməkdədir və bunların həyata keçməsi üçün tərəfindən xeyli vəsait xərclənməkdədir. Ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Cavabdeh tərəf məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti xaricində, uşağın gələcək inkişafı, dünya görüşünün, təhsinin, sağlamlığının, sosial həyatının inkişafı üçün heç bir təşəbbüs göstərmir, əksinə bunlara maneələrin törədilməsi üçün bütün vasitələrdən istifadə edir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o çəkir, böyüdükcə uşaqda atasına qarşı tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də görə o, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda məhkəməyə müraciət edilənədək qanunverciliyin tələblərinə riayət olunması məqsədilə aliment məbləğinin artırılması ilə bağlı tərəfindən cavabdehin ünvanına mediasiya prossesinin tətbiqi barədə təklif göndərilmiş və daha sonra isə Azərbaycan Respublikası Mediasiya Şurasına müraciət edilmişdir. Mediator tərəfindən xx.xx.2024-cü ildə təşkil edilmiş mediasiya prossesində lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh X2 iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Mediasiya prossesinin nəticəsinə uyğun olaraq Mediator tərəfindən xx.xx.2024-cü il tarixli MŞŞ/MT018/2024-00878 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Hazırkı yaşayış səviyyəsini, “Yaşayış minimumu haqqında” ARQ-nin müddəalarını, onun maddi vəziyyətini, həmçinin uşağın mənafeyini, onun layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini, mnimal təlabatların getdikcə artmasını nəzərə alaraq, cavabdehdən tutulan alimentin məbləği artırılaraq X5 üçün 235 manat sabit pul məbləği müəyyən edilməlidir. X1 təlim tərbiyə xidmətləri üçün uşağın Bakı şəhərində onun yanında yaşaması, uşağın təlim tərbiyəsndə yalnız ananın iştirakı və ehtiyaclarını qarşılamasını, atanın uşağın heç bir təhsil sosial həyatında iştirak etməməsini nəzərə alaraq müəyyən edilmiş 235 manat cavabdehdən tutulmalıdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı 26 avqust 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İşdə olan Şəki Apelyasiya Məhkəməsinin 2(107)-366/2019 saylı 24 yanvar 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli, 2(033)- 863/2018 saylı qətnaməsi alimentə aid hissədə ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddia alimentə aid hissədə təmin edilərək 22 sentyabr 2010-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı xeyrinə verilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Zaqatala rayon məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 2(033)- 668/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh alınaraq 22 sentyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Apelyasiya Məhkəməsinin 2(107)-366/2019 saylı 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İşdə olan Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 22 sentyabr 2010-cu ildə doğulmuşdur. Valideynləri Cavabdeh və İddiaçıdır. İşdə olan 22 may 2024-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh 22 may 2024-cü il tarixdə, saat 10:00-11:00-da saatlarında keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. 50 (əlli) manat məbləğində mediasiya xərcini, 10 manat kargüzarlıq və dəftərxana xərclərini İddiaçı birtərəfli qaydada ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1 -ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Rеspublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət оrqanları, bütün fiziki və hüquqi şəхslər öz fəaliyyətində uşaqların mənafеlərini üstün tutmalı, оnların hüquqlarının təmin оlunmasına şərait yaratmalıdır. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Rеspublikası Qanunvеriciliyi ilə müəyyən еdilmiş minimum dоlanacaq хərclərindən az оlmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.2-ci bəndində göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları olan 22 sentyabr 2010-cu il təvəllüdlü X5 iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı bir uşağa görə 175 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir və həmin aliment miqdarı uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Bundan başqa, həmin aliment miqdarı məhkəmə tərəfindən 2021-ci ildə, yəni uşağın müvafiq olaraq 11 yaşı olarkən təyin edilmişdir. Hazırda isə uşaq 14-cü yaşdadır və ötən müddət ərzində uşağın artan tələbatındakı dəyişiklik, o cümlədən onun geyimi, qidalanması, təhsili və tibbi kimi xərcləri də özündə ehtiva edən əlavə zəruri məsrəfləri yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə uşağın saxlanması üçün artan tələbatının cavabdeh tərəfindən ödənilən bir uşaq üçün 175 manat məbləğində alimentlə ödənilə bilməməsi barədə iddiaçının arqumentləri ilə razılaşır və hesab edir ki, aliment məbləğinin bir uşaq üçün 200 manata artırılması uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətedici hesab edilə bilər. Alimentin hesablanması vaxtı ilə bağlı məhkəmə qeyd edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh alınaraq 22 sentyabr 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(033)- 668/2021 saylı qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün sabit pul məbləğində 200 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh 30 (200-175=25x12=300 manat) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaitini tələb etdiyindən həmin məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(033)-668/2021 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 22 sentyabr 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində tutulan 175 (bir yüz yetmiş beş) manat miqdarda alimentin məbləği artırılsın. 22 sentyabr 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay bir uşaq üçün 200 (iki yüz) manat miqdarında sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar