Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-880/2023 12.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərər tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1962-cı ildə doğulmuş Cavabdeh 1991 manat vurduğu zərərin, 40 manat ödədiyi dövlət rüsumunun, 50 manat vəkil xidmət haqqının alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə müraciət edərək iddia tələbinin həcminin azaldılaraq Cavabdeh 1991 manat vurulmuş zərərin və 40 manat ödədiyi dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh məxsus bir baş iri buynuzlu inək 29 may 2023-cü il tarixdə saat 20:45 radələrində o, Muğanlı kənd yolu istiqamətində hərəkətdə olduğu zaman qəflətən yolun sağ tərəfindən onun hərəkətdə olduğu yola çıxaraq ona məxsus avtomobilin üzərinə çıxaraq ona zərər vurmuşdur. Hadisə zamanı o maşında olmuş və heç bir xəsarət almamışdır. Belə ki, həmin vaxtı o yol hərəkət qaydalarına əməl etməklə avtomobili ilə Muğanlı kənd yolu ilə hərəkət edirdi. Qəflətən yolun sağ tərəfindən bir baş inək onun yoluna çıxaraq onun avtomobili ilə toqquşdu. Malın buynuzunun avtomobilin ön hissəsinə və avtomobilin aynasına dəyməsi nəticəsində avtomobili əzilərək istifadəyə yararsız hala düşdü. Hadisə nəticəsində mal heç bir xəsarət almamışdır. O, avtomobili saxlayaraq yol polisini və malların sahibini hadisə yerinə çağırmışdır. Yol polisi hadisə barədə Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə inzibati xəta haqqında qərar yazaraq onu 40 manat cərimələdi. Məlum oldu ki, hadisəyə səbəb cavabdehin mal qaranı nəzarətsiz buraxmasıdır. Bu cür mal-qaranın nəzarətsiz buraxılması nəticəsində tez-tez belə hadisələrə rast gəlir. Lakin heç vaxt malqara sahibləri məsuliyyətə cəlb olunmadığından onlarda belə bir fikir formalaşmışdır ki, yolda avtomobil mal-qara ilə toqquşarsa təqsir sürücünündür. Ancaq bu fikrin yanlış olduğunu hər kəsə bildirmək üçün mal-qara sahibləri məsuliyyətə cəlb edilməli və onların mal-qaranı nəzarətsiz buraxmaları nəticəsində mal-qarasının vurduğu ziyanı sahibləri ödəməlidir. Qeyd olunan hadisə nəticəsində onun avtomobilinə 1991 manat maddi zərər dəymişdir. Dəymiş zərərin qiymətləndirilməsi üçün rəy alınmışdır. Həmin zərər cavabdeh tərəfindən ödənilməlidir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, dövlət rüsumu da cavabdehdən alınaraq ona ödənilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayarq mülki iş üzrə cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Avtoservis 100 X1 tərəfindən 06 iyun 2023-cü il tarixdə verilmiş 61 nömrəli avtomobilə dəymiş zərər aktından görünür ki, İddiaçı məxsus «Mercedes benz» markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1991 manatdır. Zaqatala rayonu Yol Patrul Xidməti İnspektoru Polis serjantı X4 tərəfindən qəbul edilmiş 01 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 20:10-da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Cavabdeh Zaqatala Rayon Polis Şöbəsində xx.xx.2023-cü il tarixdə verdiyi izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20:07-də özünə məxsus bir baş iribuynuzlu heyvanını sudan gətirən zaman üzü Muğanlı istiqamətində olan Mercedes Sprinter markalı ** CA *** qeydiyyat nişanlı avtomaşın heyvanını yolun kənarına onun gözünün önündə yüksək sürətdə gələrək düz məktəbin qarşısında piyada keçidindən bir neçə metr məsafə yuxarıda vurmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsində müəyyən edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsində «zərər»in anlayışı verilmişdir. Həmin maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Cavabdeh özünə məxsus bir baş iribuynuzlu heyvan olan inəyi 29 may 2023-cü il tarixdə saat 20:10 radələrində asfalt və sement-beton örtüklü yollarla ötürməklə yol hərəkəti qaydalarını pozmuş və nəticədə Zaqatala rayonu Muğanlı kəndi istiqamətində hərəkətdə olan, İddiaçı idarə etdiyi «Mercedes Benz» markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillin qarşısına çıxaraq avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində iddiaçının idarə etdiyi «Mercedes benz» markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə 1991 manat maddi zərər dəymişdir. Qeyd edilən pozuntuya yol verdiyinə görə Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə 01 iyun 2023-cü il tarixli TP5767736 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hazırda İddiaçı 29 may 2023-ci il tarixdə saat 20:10 radələrində baş vermiş yol nəqliyyat hadissəsi zamanı onun əmlakı olan Mercedes benz» markalı ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş 1991 manat zərərin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə məhkəməyə gəlməyərək iddiaya hər hansı münasibət bildirməmiş, iddianın rədd olunmasına əsas ola biləcək hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iş materialında olan sübutlar iddia tələbinin təmin olunması üçün əsas verir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğundur. Prosessual və maddi qanunvericilik aktlarının normalarına istinad edərək məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh zərər vurulmasına gətirib çıxaran mülki hüquq pozuntusu törətdiyi üçün ona qarşı zərərin ödənilməsi tələbinə dair qaldırılan iddia maddi və prosessual normalara uyğun olaraq verilmişdir və məhkəmə tərəfindən baxılaraq mahiyyəti üzrə həll edilməlidir. Bu səbəbdən də məhkəmə mülki qanunvericiliyin tələbləri baxımından mülki məsuliyyətin əmələ gəlməsi ilə bağlı bəzi məqamlara aydınlıq gətirməyi də zəruri hesab etmişdir. Belə ki, istinad edilmiş (Mülki Məcəllənin 1096-cı maddəsi) mülki qanunvericiliyin məzmunundan aydın olur ki, mülki hüquqa görə məsuliyyət, hüquqpozma qanunun və ya müqavilənin tələblərini pozan hərəkət (və ya hərəkətsizlik) əsasında yaranır. Mülki hüquq və vəzifələri pozanların məsuliyyətə cəlb olunması üçün şəxsin öz üzərinə qoyulmuş vəzifələri və digər şəxslərin subyektiv hüquqlarını hüquqa zidd şəkildə pozması, ziyan və zərərin mövcudluğu, hüquqpozanın hüquqa zidd davranışı ilə baş vermiş ziyanlı nəticələr arasında səbəbli əlaqənin, həmçinin hüquq pozanın təqsirinin olması vacib şərtlərdir. Belə ki, hüquqpozanın davranışının hüquqazidliyi mülki-hüquqi məsuliyyətin məcburi şərtidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla baş vermiş yol nəqliyyat hadisəsi zamanı məhz cavabdehin hüquqa zidd davranışı nəticəsində iddiaçıya maddi zərərin dəyməsi öz təsdiqini tapdığından və bu hərəkətlə baş vermiş zərər arasında səbəbli əlaqə mövcud olduğundan iddiaçı ona vurulmuş ziyanın ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Sadalanan hallarla bağlı məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, məhz cavabdehin hüquqa zidd davranışı nəticəsində iddiaçının avtomobilinə maddi zərər vurulmuşdur. Bu hərəkətlə baş vermiş zərər arasında səbəbli əlaqə mövcuddur. Mülki məsuliyyətin yaranması üçün vacib şərt olan hüquq pozanın təqsirinin olması isə iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə araşdırmasında müəyyən edilən hallardan da görünür ki, Cavabdeh tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı əmlakına 1991 manat maddi zərər dəymişdir və buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan maddi zərərin məbləği 1991 manat həcmində müəyyən edilməlidir. Belə ki, nə zərərin məbləği, nə də ki Zaqatala rayonu Yol Patrul Xidməti İnspektoru Polis serjantı X4 tərəfindən qəbul edilmiş 01 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh 1991 manat maddi zərərin əvəzi alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ilə bağlı dövlət rüsumu olaraq ödənilmiş 40 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh 1991 (bir min doqquz yüz doxsan bir) manat maddi zərərin əvəzi alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 40 (qırx) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-880/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-880/2023
12.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver