Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-882/2023 25.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh 3559 (üç min beş yüz əlli doqquz) manat pulun və banka ödənilmiş 55,59 manat dövlət rüsumunun, vəkilə xidməti üçün ödənilmiş 50 manatın cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2022-ci ilin may ayının əvvəlində Zaqatala şəhərində yerləşən Zaqatala Kommunal Müəssisələr Kombinatının yaxınlığında yerləşən cavabdehə məxsus dam örtüyünü aldığı zaman cavabdehlə tanış olmuşdur. Təxminən 2022-ci ilin may ayının axırlarında cavabdeh ondan 4000 manat pul borc götürmüş, götürdüyü pulun bir hissəsini qaytarmış və ona 3559 manat borcu qalmışdır. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq cavabdeh bu vaxt ərzində qalıq borcu qaytarmamış və pulu ödəməkdən boyun qaçırır. O dəfələrlə cavabdehdən götürdüyü pulun qalığını qaytarmasını tələb etsə də, cavabdeh pulu ödəmir. O bununla bağlı Zaqatala rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Müraciəti baxılması üçün Zaqatala RPŞ-nə göndərilmişdir. xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərarda cavabdeh Mehdi Cəfərov ondan pul aldığını və bir hissəsini qaytararaq ona 1500 manat borcu qaldığını etiraf etmişdir. Lakin onun 3559 manat borcu vardır. O əvvəl şikayət edərkən ərizəsini polisdə aidiyyatı olmayan şəxslər araşdırdığına görə şikayət etmişdir, şikayətdən sonra mübahisəni təhqiqat araşdırdı. Buna görə də polisdə cavabdeh iki dəfə izahat verib, birinci dəfə izahatda yazır ki, 1500 manat borcu, ikinci izahatda isə yazır ki, 1050 manat borcu var, ikinci izahat yazarkən ona çox güman ki, araşdırma aparan polislər kömək edirlər. Çünki o birinci dəfə şikayətini aidiyyatı olmayan şəxslər araşdırdıqlarına görə vəkil Əhməd Nəbiyevə müraciət etmişdir, o prokurorluğa və DİN-ə müraciət etdikdən sonra məlum oldu ki, sahə müvəkkili və rəis müavini öz səlahiyyətlərinə aid olmayan işi araşdırıblar. Onların bu müraciəti təhqiqatın əməkdaşlarının xoşuna gəlmədi, bu barədə təhqiqatda işləyən şəxslər dəfələrlə ona bildirmişlər ki, vəkil Əhməd Nəbiyev rəis müavini Samir Məmmədovdan şikayət etdiyinə görə onun pulunun ödənilməsi istiqamətində kömək etməyəcəklər. Bu faktları məhkəmədə araşdırılmasını xahiş edir. Beləliklə cavabdeh götürdüyü pulu inkar edir və borc barədə müxtəlif rəqəmlər yazır. Bu da onu deməyə əsas verir ki, cavabdeh əslində dələduzluq edərək onun pulunu ələ keçirmişdir. Buna görə də onun əməlində cinayət tərkibinin olması barədə xüsusi qərardad qəbul edərək prokurora göndərilməsini xahiş edir. Cinayət işinin rədd olunmasına səbəb aralarındakı mübahisənin mülki xarakterli olması olmuşdur və ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Cavabdeh pulu xoşluqla ödəmədiyinə görə məhkəməyə müraciət edərək həmin pulu cavadehdən tələb etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdehin ona 4000 borcu var, lakin cavabdehdən borcu tələb etməkdən bezib heç deyilsə 1500 manatın qaytarmasını danışıqda ona demişdir. Cavabdehə məxsus bank kartı ondadır və həmin kartdan 3 dəfəyə cəmi 441 manat pul çəkib. Məhkəmədə də cavabdehin ona 1500 manat borcu olduğunu demişdir və borclu həmin pulu dediyi vaxtı qaytaracağı halda o qalan məbləği də tələb etməyəcəyini bildirmişdir. İddianın təmin edilməsini xahiş edir. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, təxminən 2022-ci ilin may ayının əvvəllərində yaşadığı evin həyətində olan köhnə evi təmir etmişdir. O, həmin vaxt evinin üstəndən çıxan köhnə dam örtüyünü satmaq üçün evinin qarşısına küçəyə qoymuşdur. İddiaçı isə ondan həmin dam örtüyünü almışdır. O, dam örtüyünü satdığı zaman İddiaçı ilə tanış olmuşdur. Sonra o, Könülün sələmə pul verdiyini bilmiş və 2022-ci ilin may ayının axırlarında Könüldən sələmə 1500 manat pul götürmüşdür. Könül həmin vaxt girov olaraq ondan şəxsiyyət vəsiqəsini götürmüş və ona 1500 manat üçün hər ay 150 manat sələm verməli olduğunu bildirmişdir. O, hər ay 150 manat sələm pulunu ödəmək üçün "Turan" Bankdan aldığı özünə məxsus bank kartını Könülə vermiş və Könülə hər ay həmin karta 150 manat pul köçürəcəyini, hər ay həmin kartdan 150 manat pul çıxara biləcəyini bildirmişdir. Sonra o, 2022-ci ilin iyun, iyul və avqust aylarında Könüldə olan kartına hər ay 150 manat olmaqla ümumilikdə 450 manat pul köçürmüş və karta pul köçürdüyünü Könülə bildirmişdir. Könül isə hər ay 150 manat olmaqla 3 ay onun kartından pul çıxarmışdır. O, 2022-ci ilin sentyabr ayında kartına 150 manat pul köçürə bilməmişdir. Buna görə Könül narazılıq etmiş, ona kartından hər ay 147 manat olmaqla ümumilikdə 441 manat pul çıxardığını bildirmişdir. Sonra 2022-ci ilin oktyabr ayında Könül ondan 1500 manatın əvəzinə 2000 manat pul istəmişdir. Həmin vaxt aralarında narazılıq olmuşdur. O, Könülə 441 manat ödədiyini bildirərək qalan 1059 manat pulu qaytarmaq istəmişdir. Könül isə ondan 2000 manat pul istəmişdir O, Könülə 2000 manat pul verməmişdir. Bundan sonra Könül ondan şikayət etmiş və şikayətində onun 4000 manat borc pul götürdüyü göstərmişdir. O, Könüldən 1500 manat pul götürmüş, hər ay Könülə verdiyi kartına 147 manat köçürməklə 3 ay ərzində Könülə 441 manat qaytarmış, hal-hazırda onun Könülə 1059 manat borcu var. İddianın qismən təmin edilməsinə etiraz etməmişdir. İşin halları: Zaqatala Rayon Polis X1 təhqiqatçısı X2 tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, HK- 1/1112 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.1- ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərarla müəyyən edilmiş hallardan görünür ki, Zaqatala rayonu Yuxan Çardaxlar kənd sakini İddiaçı rəsmi müqavilə bağlamadan Cavabdeh borc pul vermişdir. Cavabdeh borc pul götürdüyü zaman İddiaçı ödəniş etmək üçün özünə məxsus ‘Turan bank"ın kartını vermiş və həmin bank kartına 2022-ci ilin iyun, iyul və avqust aylarında hər ay 150 manat olmaqla ümumilikdə 450 manat pul köçürməklə İddiaçı olan borcunun bir hissəsini qaytarmışdır. Daha sonra tərəflər arasında borcla bağlı mübahisələri yaranmışdır. İddiaçı ilə Cavabdeh arasındakı borcla bağlı mübahisə mülki xarakterlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282 Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların 8 mövcudluğundan irəli gələ bilər. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, İddiaçı Cavabdeh 2022-ci ilin may ayında 1500 manat məbləğində borc pul vermişdir. Bu hal xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və tərəflərin mübahisələndirilməyən izahatları ilə öz təsdiqini tapmışdır. Borc götürdüyü məbləğ müqavilində Cavabdeh özünə məxsus plastik bank kartını İddiaçı verərək borcunu həmin kart vasitəsi ilə ödəyəcəni bildirmişdir. Cavabdeh ümumilikdə 450 manat olmaqla 3 dəfə fərqli vaxtlarda hər ay 150 manat kart hesabına əlavə etmiş və həmin məbləğdən isə tutulmalar olduqdan sonra iddiaçı tərəfindən cəmi 441 manat götürülmüşdür. İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdehin ona 3559 manat borcu olduğunu bildirmiş və həmin məbləğin cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Cavabdeh isə Könüldən 1500 manat pul götürdüyünü etiraf etmiş, hər ay Könülə verdiyi kartına 147 manat köçürməklə 3 ay ərzində Könülə 441 manat qaytardığını bildirmiş, hal-hazırda onun Könülə 1059 manat borcu olduğunu və iddianın qismən təmin edilməsinə etiraz etmədiyini bildirmişdir Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 1500 manat pulun verilməsi və həmin məbləğdən 441 manatın iddiaçıya cavabdeh tərəfindən qaytarılması məhkəmə tərəfindən müəyyən edildiyindən, iddiaçının tələbi qismən əsaslı hesab edilməli və 1059 manat həcmində təmin edilməlidir. İşin şərh olunan hallarından da görünür ki, iddiaçı tərəfindən cavabdehə yalnız 1500 manatın borc qismində verildiyi iş materialları ilə təsdiq edilir. İddiaçının 4000 manat məbləğində pulu cavabdehə verməsini təsdiq edə biləcək hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmiş və məhkəmə iclası zamanı da iddiaçının cavabdehdən məhz 1500 manatı ödəməsini tələb etməsi də cavabdehin ondan götürdüyü borc məbləğinin 1500 manat həddində olduğunu sübut edir. Bunun əksinə sübut edə biləcək halı da məhkəmə araşdırması zamanı müəyyən etmək mümkün olmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iş materialında olan sübutlar iddia tələbinin qismən 1059 manat həcmində təmin olunması üçün əsas verir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğundur. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, tərəflər arasında borc hüquq münasibətləri yaranmışdır və iddiaçının etdiyi xəbərdarlıqlara baxmayaraq, cavabdeh tərəfindən borc indiyədək qaytarılmamışdır. Ona görə də, Cavabdeh iddiaçıya olan 1059 manat borcunu qaytarmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1059 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Bundan başqa, qanunvericilikdə vəkilin göstərdiyi yardıma görə xərclər digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutulur. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərclər iddia ərizəsində göstərilən miqdarda təmin edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı, vəkilə ödəmiş olduğu 50 manat məbləğini təsdiq edən sənədi təqdim etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin X3rşı 04 oktyabr 2016-cı qərarında da göstərilmişdir ki, məhkəmə təcrübəsinə əsasən ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilsin. Hazırkı işdə iş materiallarını və yuxarıdakı meyarı nəzərə alaraq, Məhkəmə bu başlıq altında bütün xərclər üçün 50 manat məbləğini təyin etməyi ağlabatan hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş 55,59 manat dövlət rüsumunun 30,59 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməli və dövlət rüsumunun 25 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh 1059 (bir min əlli doqquz) manat məbləğində pul vəsaiti, 30,59 (otuz manat əlli doqquz qəpik) manat dövlət rüsumu və 50 (əlli) manat vəkilin xidmət haqqı olaraq ödənilmiş məbləğ alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 55,59 (əlli beş manat əlli doqquz qəpik ) manat dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-882/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-882/2023
25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver