Məhkəmə qərarları › İş №e-2(033)-89/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-89/2024

09.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-89/2024 09.01.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə müraciət edərək, 5.000 (beş min) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun iş üzrə Cavabdeh alınaraq ona verilməsinə (ödənilməsinə) dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu, Mosul kəndində doğulmuş hazırda Zaqatala rayonu, Yuxarı Tala kəndində yaşayan Cavabdeh İddiaçı fəaliyyət göstərdiyi Zaqatala şəhəri, F.Əmirov küçəsində yerləşən "Topaz" idman mərc oyunları sahəsində işləyərkən kassaya daxil etməli olduğu ümumilikdə 7000 (yeddi min) manat pulu mənimsəmişdir. Belə ki, 2022-ci ilin oktyabr ayının 10-unda İddiaçı məlum olmuşdur ki, Cavabdeh vətəndaşların "Topaz" idman mərc oyunlarına ödədikləri ümumilikdə 7000 (yeddi min) manat pulu mənimsəmiş və şirkətin müvafiq bank hesabına ödəməmişdir. Bununla bağlı Cavabdeh müraciət etdikdə, o, pulu itirdiyini bəhanə edərək pulları ödəyəcəyini bildirmişdir. Sonuncunun etdiyi bəhanədən başqa bir şey deyildi. Çünki, həmin vəsatin eyni vaxtda kassada toplanması mümkün deyildi. Həmin məbləğ 1 həftə ərzində kassada toplana bilərdi. Bu məntiqlə Cavabdeh hər gün kassada toplanan məbləği itirib?! Həmin vaxtdan (xx.xx.2022-ci il) İddiaçı Cavabdeh işdən çıxarmışdır. İddiaçı məcburiyyət qarşısında "Topaz" idman mərc oyunlarına olan 7000 (yeddi min) manat borcu ödəmişdir. Həmin vaxtdan buyana Cavabdeh vurulmuş ziyanın 2000 manat hissəsini ödəsə də, yerdə qalan 5000 (beş min) manat hissəsini ödəməmişdir. Mənimsəmə faktı ilə bağlı İddiaçı aidiyyatı dövlət qurumlarına müraciət etmiş, məsələ ilə bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılmış və yekunda "Cinayət işinin başlanmasının rədd edilməsi barədə" qərar qəbul edilmişdir. İddiaçı hazırki tələblə məhkəməyə müraciət etməsinin səbəbi də, iş üzrə Cavabdeh 5.000 (beş min) manat pulun alınaraq ona ödənilməsi (verilməsi) barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etməkdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahat verərək göstərdi ki, Cavabdeh ona məxsus "Topaz" idman mərc oyunları sahəsində 1 ay müddətində işləmişdir və o, kassaya daxil etməli olduğu 7000 manat pulu kassaya daxil etməmişdir. Onun barəsində prokurorluq orqanına müraciət etdikdə ona vurulmuş zərər məbləğini azaldaraq 5500 manat yazmışdır. Prokurorluqda cavabdeh ona 2000 manatı ödəmişdir. Cavabdeh qalan pulu ödəməyi vəd etmiş, lakin 1 il keçməsinə baxmayaraq 3500 manat ona ödənilməmişdir. O, cavabdehin maddi imkanı olmadığından prokurorluqda izahat verərək cavabdehin ona 5500 manat borcunun olduğunu bildirmişdir. Lakin ona 7000 manat zərər dəymiş, onun da 2000 manatı ödənilmiş, 5000 manat isə hələ də ödənməmişdir. O, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat və çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, onun iddiaçıya 5000 manat borcu yoxdur, düzdür o iddiaçıya məxsus Topaz idman mərc oyunları sahəsində bir aya yaxın işləmiş və içkili olub orada olan 5500 manat pulu itirmişdir. Həmin puldan 2500-3000 manatı iddiaçıya ödəmişdir. Onun hazırda iddiaçıya 1500-2000 arası borcu qalmışdır. Hazırda həmin pulu iddiaçıya qaytara bilmir və ancaq hissə hissə hər ay 200 manat ödəməklə qaytara biləcəyini qeyd etmişdir. İşin halları Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 12 may 2023-cü il tarixli qərardan görünür ki, Zaqatala şəhəri, N.Nərimanov küçəsi ev 7-də yaşayan İddiaçı 7 min manat məbləğində pulunun Zaqatala rayonu, Yuxarı Tala kəndində qeydiyyatda olmaqla, yaşayan Cavabdeh tərəfindən mənimsənilməsi barədə Zaqatala RPŞ-yə müraciəti əsasında toplanmış material xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə Zaqatala rayon prokurorluğuna göndərilmiş, 89 C-23 nömrəli material üzrə araşdırmanın aparılması Zaqatala rayon prokuroru, baş ədliyyə müşaviri Rasim Musayev tərəfindən Zaqatala rayon prokurorluğunun müstəntiqi. İİ dərəcəli hüquqşünas X4 həvalə edilmiş, 89 C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda yer almış Cavabdeh izahatından görünür ki, 2023-cü ilin sentyabr ayının əvvəlində qohumu vasitəsi ilə Zaqatala şəhər sakini İddiaçı ilə tanış olmuşdur. Həmin şəxs ünvan 1 ünvanında yerləşən obyekti icarəyə götürərək “Topaz” idman mərc oyunlarının 105067 nömrəli məntəqəsi kimi işlədir. Artıq on ildir ki, obyekt həmin sahə üzrə fəaliyyətdədir. İddiaçı ona həmin obyektə işdə olmadığı müddətdə nəzarət etməyi təklif etmişdir. O, Zaqatala şəhərində başqa bir sahədə işləyir. Günün ikinci yarısı əlavə vaxtı olduğundan İddiaçılə razılaşıb məntəqəyə o işdə olmadığı vaxt nəzarət edəcəyini söyləmişdir. Həmçinin İddiaçı ondan işdə olmadığı vaxt toplanan vəsaitləri banka gedərək dediyi hesaba köçürməsini xahiş etmiş, həm qohumunun sözünə, həm də günün ikinci yarısı işi olmadığına görə İddiaçılə razılaşmışdır. Hər həftənin 2-ci günləri hesabat günləri olduğu üçün mərc oyunlarında son bir həftə ərzində toplanan vəsait "xxxx" ASC-nin Zaqatala filialından “Topaz"ın “X8” Azərbaycan QSC-nin Elmlər Akademiyası filialındakı hesabına köçürülür. O, 05 və ya 06 sentyabr 2023-cü il tarixdən günün ikinci yarısı məntəqəyə gələrək məntəqəyə nəzarət etməyə başlamışdır. O, müntəzəm olaraq məntəqəyə getməmiş, İddiaçı xahiş etdikdə işdə olmadığı vaxt məntəqəyə gedib obyektə nəzarət etmişdir. Müəyyən vaxtlar təxminən 2-3 saat məntəqədə olmuş, ayrı-ayrı vaxtlarda İddiaçı onu çağırmadığına görə məntəqəyə getməmişdir. 13, 20, 27 sentyabr və 04 oktyabr 2023-cü il tarixdə həftə ərzində banka gedərək toplanan vəsaitləri “Topaz”ın İddiaçı aid olan hesabına köçürmüşdür. Növbəti həftənin yekununda. 10 oktyabr 2022-ci il tarixdə İddiaçı ondan müştərilərdən 1 həftə ərzində toplanmış vəsaiti “Topaz”ın “X8” Azərbaycan QSC-nin Elmlər Akademiyası filialındakı hesabına köçürməsini xahiş etmiş, balans tamamilə sıfırlandığına görə həmin gün axşam saatlarında 5500 manat məbləğində toplanmış vəsaiti üzərində götürmüş, məntəqəni bağlayıb yemək yemək məqsədilə ilk öncə Zaqatala şəhəri ərazisində yerləşən “Manqal” restoranına getmiş, yemək yedikdən sonra banka gedib pulu hesaba köçürməyi planlaşdırmış, həmin vaxt spirtli içki qəbul etmiş, daha sonra içkili vəziyyətdə restorandan çıxıb piyada banka gəlmiş, banka çatmamış pulun üzərində olmadığını görüb ilk öncə İddiaçı oğlu İlham Əliyevə məlumat vermiş, İlham Əliyev ona təmkinli olmasını, gəldiyi yolla geri qayıdıb diqqətlə yerə baxmasını söyləmiş, lakin geri qayıtsa da, pulu tapa bilməmişdir. Daha sonra “Manqal” restoranına da getmiş, həmin restoranda pulu görən olmamışdır. Daha sonra bu barədə İddiaçı məlumat vermiş, İddiaçı ona pulu tapmağını söyləmişdir. Həmin 5500 manat məbləğində müştərilərdən toplanmış vəsaiti “Topaz” depozitdə olan sıfırlanmış hesabına köçürməli, bundan sonra “Topaz”ın “X8” Azərbaycan QSC-nin Elmlər Akademiyası filialındakı hesabı tamamlanmalı idi. Həmin hesabda depozitə ayrılmış məbləğ 5500 manatdır. Həmin hesab tamamlanmadığı halda məntəqədə olan xidməti kompüterin fəaliyyəti bərpa olunmur. Həmin hesab İddiaçı aid olsa da, birbaşa “Topaz” idman mərc oyunlarına bağlıdır. Növbəti gün İddiaçı ona həmin vəsaitin “Topaz” idman mərc oyunlarına aid olduğunu, pulu geri qaytarmağını bildirmiş, o, İddiaçı heç bir dövlət qurumuna şikayət etməməyini, pulu itirdiyini və qısa zaman ərzində geri qaytaracağını söyləmişdir. O, İddiaçılə mübahisə etməyib ona başqa bir söz söyləməmiş, utandığından həmin gündən sonra məntəqəyə getməmişdir. İddiaçı məntəqənin fəaliyyətinin dayanmaması üçün öz hesabına həmin məbləği “Topaz”ın hesabına keçirdi. 10-15 gün sonra hissə-hissə ilk öncə 500 manat, daha sonra isə 1500 manat olmaqla 2000 manat məbləğində pulu İddiaçı geri qaytarmış və yerdə qalan məbləği qısa zaman ərzində ödəyəcəyini söyləmişdir. Lakin maddi vəziyyəti ilə əlaqədar həmin pulu İddiaçı söz verdiyi vaxtda ödəyə bilməmiş, İddiaçı ondan Zaqatala rayon polis şöbəsinə şikayət etmişdir. Məntəqəyə nəzarət etdiyi müddətdə 5500 manat məbləğində müştərilərdən topladığı vəsaiti itirməsi nəticəsində İddiaçı maddi ziyan vurmuşdur. İddiaçı məntəqənin fəaliyyətini bərpa etmək üçün 5500 manat məbləğində həmin vəsaiti öz şəxsi hesabına bərpa etmişdir. İddiaçı 2000 manatı geri qaytarmışdır. Hal-hazırda İddiaçı 3500 manat məbləğində pulu geri ödəməlidir. Həmin vəsaiti qısa zaman ərzində geri ödəyəcəkdir. Həmin qərarla müəyyən edilmiş hallardan görünür ki, Cavabdeh Zaqatala şəhəri ərazisində yerləşən “Topaz” idman mərc oyunlarının 105067 nömrəli məntəqəsinə nəzarət etdiyi dövrdə 5500 manat məbləğində müştərilərdən topladığı vəsaiti itirməsi və İddiaçı maddi ziyan vurması nəticəsində tərəflər arasında mülki hüquq münasibətləri yaranmış, bir müddət sonra itirdiyi 5500 manat məbləğində vəsaitdən 2000 manat məbləğində olan bir hissəsini İddiaçı geri qaytarmış, maddi vəziyyəti ilə əlaqədar itirdiyi 3500 manat məbləğində putu geri qaytara bilməmiş, onun həmin pul vəsaitini ələ keçirmək kimi bir niyyəti olmamışdır. 03 oktyabr 2011-ci il tarixli X7 MMC və Azərinteltek QSC tərəfindən verilmiş X5 Şəhadətnaməsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 105067 nömrəli satış məntəqəsi İddiaçı məxsusdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.1-ci maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə görə vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1-ci maddəsinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 783-cü maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi 7.0.36-cı maddəsinə görə zərər — cinayət nəticəsində zərər çəkmiş şəxsə vurulmuş mənəvi, fiziki və ya maddi ziyandır; 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı tərəflərin izahatları, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Cavabdeh günün müəyyən saatlarında İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 105067 nömrəli X5nə nəzarət etməsi, hesabat günü olan hər həftənin 2-ci günü mərc oyunlarında bir həftə ərzində toplanan vəsaiti "xxxx" ASC-nin Zaqatala filialından Topazın “X8” Azərbaycan QSC-nin Elimlər Akademiyası filialındakı hesabına köçürməsi ilə bağlı iddiaçı və cavabdeh razılığa gəlmişdirlər. Cavabdeh 10 oktyabr 2022-ci il tarixdə iddiaçının tapşırığı ilə 105067 nömrəli X5ndə mərc oyunları ilə əlaqədar 1 həftə ərzində toplanmış vəsaiti Topazın “X8” Azərbaycan QSC-nin Elimlər Akademiyası filialına köçürmək məqsədi ilə satış məntəqəsindən götürmüş və həmin məbləği itirmişdir. İddiaçı Cavabdeh əməlinin qiymətləndirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi üçün hüquq mühafizə orqanlarına müraciət etmiş və 12 may 2023-cü il tarixli qərarla cavabdehin əməli ilə bağlı cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş zərərin 5500 manat yox, 7000 manat olmasına və həmin məbləğdən 2000 manatın cavabdeh tərəfindən qaytarılmasına əsaslanaraq cavabdehdən 5000 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edərək hazırda iddiaçı qarşısında 1500-2000 manat öhdəliyinin olduğunu və həmin pulu hissəhissə ödəyə biləcəyini bildirmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. İrəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iddia üzrə iddiaçının iddia tələbinin əsasını müqavilədən irəli gələn öhdəliklər təşkil edir. Belə ki, məhkəmə araşdırması müəyyən olunmuş hallardan görünür ki, iddiaçı ilə cavabdeh arasında iddiaçıya məxsus 105067 nömrəli X5nə nəzarətlə bağlı və həmin məntəqədə toplanmış həftəlik mərc oyunlarından yığılmış vəsaitin müvafiq bank hesabına köçürülməsi ilə bağlı şifahi razılaşma mövcud olmuş və məhz həmin razılaşma əsasında Cavabdeh iddiaçıya məxsus pul vəsaitini bank hesabına köçürmək məqsədi ilə satış məntəqəsindən götürmüşdür. Tərəflər arasında olan müqavilə münasibətlərdən müəyyən edilir ki, həmin münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40-cı fəslində nəzərdə tutulan tapşırıq müqaviləsindən əmələ gələn münasibətlərdir və məhkəmə hesab edir ki, mülki mübahisənin həlli zamanı həmin fəslin normalarına istinad edilməlidir. Mülki qanunvericiliyə əsasən həm əvəzli, həm də əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tərəfindən tapşırığın vicdanla icra edilməməsi halında vəkalət verənə dəymiş zərər üçün məsuliyyət müəyyən edilmişdir. Vəkalət alan üçün əvəzli tapşırıq müqaviləsi üzrə məsuliyyət həm qəsdən, həm ehtiyatsızlıqdan vurulduğu hallarda nəzərdə tutulduğu halda, əvəzsiz tapşırıq müqaviləsi zamanı məsuliyyət yalnız vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən vicdanla icra etmədiyi hallarda yarandığı qeyd edilmişdir. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlarından, iddia ərizəsindən və Zaqatala rayon prokurorluğu tərəfindən toplanmış rədd materiallarından görünür ki, Cavabdeh iddiaçıya məxsus satış məntəqəsində işləmiş və cavabdeh tərəfindən iddiaçıya maddi zərər vurduğundan iddiaçı cavabdehi işdən çıxarmışdır. Qeyd edilənlər məhkəməyə tərəflər arasında şifahi bağlanmış tapşırıq müqaviləsinin əvəzli müqavilə olmasını hesab etməyə əsas verir. Belə olan halda məhkəmə hesab edir ki, əvəzli tapşırıq müqaviləsi əsasında vəkalət verən İddiaçı tərəfindən vəkalət alan Cavabdeh verilmiş “105067 nömrəli X5ndə mərc oyunları ilə əlaqədar 1 həftə ərzində toplanmış vəsaitin Topazın “X8” Azərbaycan QSC-nin Elmlər Akademiyası filialına köçürməsi” ilə bağlı tapşırığı vicdanla icra etmədiyi üçün cavabdeh, iddiaçı qarşısında vəkalət verən iddiaçıya dəyən zərər üçün məsuliyyət daşıyır və cavabdehin iddiaçıya vurduğu zərər tam həcmdə iddiaçıya qaytarılmalıdır. Göründüyü kimi, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğundur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla da Cavabdeh İddiaçı məxsus pul vəsaitini bank hesabına köçürməli olduğu halda onu itirərək iddiaçıya zərər vurması öz təsdiqini tapdığından iddiaçı həmin pul həcmində dəymiş zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. İddiaçıya vurulmuş zərərin məbləğini müəyyən edərkən məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən cinayət təqibi üzrə qüvvəyə minmiş Zaqatala rayon prokurorluğunun 12 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburi olduğundan baş vermiş hadisə nəticəsində dəymiş zərərin məbləği həmin qərarla müəyyən edilmiş hallara istinad edilərək müəyyən edilməlidir. 12 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, cavabdeh tərəfindən İddiaçı məxsus 5500 manat pul vəsaiti itirilmiş və həmin məbləğin 2000 manat hissəsi iddiaçıya cavabdeh tərəfindən qaytarılmışdır. İş materiallarında olan sorğu edilməklə əldə edilmiş İddiaçı müraciəti əsasında toplanmış materiallarda yer almış İddiaçı Zaqatala rayon prokurorluğunda verdiyi izahatından görünür ki, o bilə-bilə yalan xəbərçilik etməyə görə məlumatlandırılmaqla izahatını vermiş və Cavabdeh ona 5500 manat məbləğində maddi ziyan vurduğunu və 2000 manat pulu ona geri qaytardığını bildirmişdir. Sorğu edilməklə əldə edilmiş İddiaçı müraciəti əsasında toplanmış materiallarda yer almış Cavabdeh İddiaçı ünvanladığı müraciətdən görünür ki, Mədatov X1 Əliyevin idarə etdiyi Zaqatala şəhəri ərazisində yerləşən “Topaz” idman mərc oyunlarının 105067 nömrəli məntəqəsinə nəzarət etdiyi dövrdə 5500 manat məbləğində müştərilərdən topladığı vəsaiti itirməsi nəticəsində İddiaçı maddi ziyan vurduğunu, həmin vəsaitin 2000 manat məbləğində olan bir hissəsini İddiaçı geri qaytardığını etiraf edərək 3500 manat məbləğində borcunu qısa zaman ərzində ona geri ödəyəciyini qeyd etmiş, həmin sənəd Cavabdeh və İddiaçı imzaları ilə təsdiq edilmişdir. Sorğu edilməklə əldə edilmiş İddiaçı müraciəti əsasında toplanmış materiallarda yer almış xx.xx.2023-cü il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, İddiaçı izahatı alınan zaman araşdırmaya təqdim etdiyi CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, İddiaçı tərəfindən həmin CD diskə köçürülmüş səs yazısındakı danışıqlar 29 mart 2023-cü il tarixdə özünün şəxsi istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Zaqatala rayonunun Mosul kənd sakini və hal-hazırda rayonun Yuxarı Tala kəndində yaşayan Cavabdeh istifadəsində olan ***-***-**-** mobil nömrəsinə etdiyi zəng əsasında onun tərəfindən mobil telefonundakı “Video recording” programı vasitəsi ilə qeydə alınmış, həmin danışıqların məzmunu Cavabdeh “Topaz” idman mərc oyunlarının 105067 nömrəli məntəqəsinə nəzarət etdiyi müddətdə itirdiyi 5000 manat məbləğində pulu qısa zaman ərzində geri qaytaracağını söyləməsi, İddiaçı ona vaxt verməsini xahiş etməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddiaçıya 5500 manat pulu ödəməli olduğu və həmin məbləğdən 2000 manatın iddiaçıya cavabdeh tərəfindən qaytarılması məhkəmə tərəfindən müəyyən edildiyindən, iddiaçının tələbi qismən əsaslı hesab edilməli və 3500 manat həcmində təmin edilməlidir. İşin şərh olunan hallarından da görünür ki, cavabdehin iddiaçıya yalnız 5500 manat qaytarmalı olduğu iş materialları ilə təsdiq edilir. Cavabdehin 7000 manat məbləğində pulu iddiaçıya qaytarmalı olmasını təsdiq edə biləcək hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmiş və prokurorluqda araşdırma zamanı da iddiaçının cavabdehdən məhz 5500 manatı ödəməsini tələb etməsi də, cavabdehin ona verməli pul məbləğinin 5500 manat həddində olduğunu (2000 manat ödənildiyindən hazırda 3500 manat) sübut edir. Bunun əksinə sübut edə biləcək halı da məhkəmə araşdırması zamanı müəyyən etmək mümkün olmamışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, əvəzli tapşırıq müqaviləsinin vicdanlı icra edilməməsi nəticəsində Cavabdeh tərəfindən İddiaçı 5500 manat maddi zərər vurulmuş və zərərin 2000 manat hissəsi iddiaçıya ödənilmiş və cavabdehin iddiaçı qarşısında 3500 manat həcmində öhdəliyi qalmışdır. İddiaçı tərəfindən isə cavabdehin həqiqətən ona 7000 manat ziyan vurması ilə bağlı mötəbər sübutlar təqdim edilməmişdir. Eyni zamanda, cavabdeh tərəfindən iddiaçıya ödəməli məbləğin 1500-2000 manat olmasına dair hər hansı sübut da cavabdeh tərəfindən təqdim edilməmişdir. İddia tələbi qismən təmin edildiyindən İddiaçı dövlətə ödədiyi 70 manat dövlət rüsumunun 15 manatı özünə aid edilməli, 55 manat dövlət rüsumu isə Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh 55 (əlli beş) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. 15 (on beş) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar