Məhkəmə qərarları › İş №e-2(033)-891/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-891/2022

26.10.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-891/2022 26.10.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinə qarşı ölçmə işlərinin aparılmasına yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayonu Çobankol kəndində yerləşən mərhum anasından miras qalmış 297,81 kv.m kənd təsərrüfatı təyinatlı, 0,0122 ha yaşayış məntəqələrinin torpaqları, 0,2013 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində və tikililərdə ölçmə işlərinin aparılmasına, cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasına, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, anasından ona miras qalmış Zaqatala rayonu Çobankol kəndində 297,81 kv.m kənd təsərrüfatı təyinatlı, 0,0122 ha yaşayış məntəqələrinin torpaqları, 0,2013 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evinin və torpaq sahələrinin hüquqmüəyyənedici sənədlərini hazırlamaq məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi onun müraciəti əsasında ölçmə işləri aparmaq üçün gəlmiş, lakin cavabdeh onlara ölçmə işlərinin aparılmasına icazə verməmişdir. Buna görə də Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarına cavabdeh ölçmə işlərini aparmağa icazə vermədiyi üçün, həmin əmlak üzərinə hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Qeyd olunan səbəbdən də bu tələblə məhkəməyə müraciət etmək qərarın gəlmişdir. Yuxarıdakılara əsasən hesab edir ki, məhkəmə xərcləri də cavabdehdən alınaraq ona ödənilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, o ölçmə işlərinin aparılmasına maneə yaratmamış, ona ölçmə işlərinin aparılacağına dair məlumat verildiyində deyilən vaxta torpaq sahəsinə getmiş və orada ölçmə işlərini həyata keçirmək üçün gələn şəxslər ondan torpağın mülkiyyətçisi olub olmadığını ondan soruşmuşlar. O da cavabında onun həyat yoldaşının torpağın mülkiyyətçisi olduğunu və yoldaşı tərəfindən ona etibarnamə verilmədiyini bildirmişdir. Ölçmə işləri üçün gələn şəxslər ölçmə işlərini aparmadan həmin torpaq sahəsini tərk edərək getmişlər. O hər hansı şəkildə ölçmə işlərinin təşkili və keçirilməsinə müdaxilə etməmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, idarənin rəisi məktub göndərərək nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən nümayəndənin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İşin halları Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon X1 adına verilmiş A seriyalı 522690 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” nün təsdiq edilmiş surətindən görünür ki, həmin sənəd Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarına əsasən, X7 adına Zaqatala rayonu Çobankol kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 297,81 kv.m. kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon X1 adına verilmiş A seriyalı 522689 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” nün təsdiq edilmiş surətindən görünür ki, həmin sənəd Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarına əsasən, X7 adına Zaqatala rayonu Çobankol kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 2013,48 kv.m. həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-011F Kod 40215018 nömrəli şəhadətnamədən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 02 may 1996cı il tarixli 30 nömrəli qərarına əsasən Zaqatala rayonu Çobankol kəndində yerləşən 0,21 ha həyətyanı torpaq sahəsi X11, X3, İddiaçı, X10 və X4 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair çıxarışdan görünür ki, reyestr nömrəsi **********36-10301 olan Zaqatala rayonu Çobankol kəndində 0,0122 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 159.1 kv. m olan fərdi yaşayış evi xüsusi mülkiyyət kimi tam mülkiyyət hüququ əsasında X2 adına daşınmaz əmlakın reyestrində 51 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. Zaqatala rayonu Çobankol kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərəfindən verilmiş AZ-İ seriyalı 514454 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2012-ci il tarixdə ölmüşdür və bu barədə xx.xx.2012-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 06 nömrəli qeyd edilmişdir. Zaqatala rayonu Çobankol kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 718746 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə ölmüşdür və bu barədə xx.xx.2015-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında 04 nömrəli qeyd edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 21 iyul 2022-ci il tarixdə İddiaçı ünvanlanmış bildirişdən görünür ki, ünvan 2a torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə ərizəyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır (ərizənin qeydiyyat nömrələri **********). Ərizənizin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşının fərdi yaşayış evinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq əmlak üzərində mübahisə olması səbəbindən inventarlaşdırma işlərinin aparılmasına tərəfinizdən şərait yaradılmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.1 və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)... 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi 82-ci maddəsinə əsasən başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədılə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Zaqatala rayonu Çobankol kəndində yerləşən 297.81 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi və 2013,48 kv.m həyətyanı torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən X7 mülkiyyətinə verilmişdir. A 522689 və A 522690 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarına əsasən X7 adına Zaqatala rayonu Çobankol kəndində yerləşən həyətyanı təyinatlı 2013,48 kv.m. torpaq sahəsi və Zaqatala rayonu Çobankol kəndində yerləşən 297.81 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. X11 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Zaqatala rayonu Çobankol kəndində yerləşən 0,0122 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 159,1 kv.m olan fərdi yaşayış evi X2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. X3 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. X11 iddiaçının atası, X3 isə onun anasıdır. Onların övladı -birinci növbədə vərəsəsi İddiaçı torpaq sahələri üzərində ata və anasının mülkiyyət hüquqlarının qeydə alınması və qeydiyyatın müvafiq çıxarışla rəsmiləşdirilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş və ölçmə işlərinin aparılmasına maneələr olduğundan Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın aparılmasından imtina edilmişdir. İddiaçı iddia ərizəsi ilə müraciət edərək 297.81 kv.m, 0,2013 ha torpaq sahələri və 0,0122 ha torpaq sahəsində Cavabdeh tərəfindən ölçmə işlərinə yaradılmış maneələrin aradan qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə ölçmə işlərinin aparılmasına etirazının olmadığını və onun tərəfindən hər hansı maneə yaradılmadığını bildirmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən İddiaçı atasının mülkiyyətinə verilmiş Zaqatala rayonu Çobankol kəndində yerləşən 297.81 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi və 2013,48 kv.m həyətyanı torpaq sahəsi və anası X2 mülkiyyətinə verilmiş 0,0122 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 159,1 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində X7 və X2 oğlu -İddiaçı müraciəti əsasında aparılan ölçü işlərinə qanunsuz olaraq maneələr yaradılmış, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşının torpaq sahəsinin yerləşdiyi əraziyə gəlmələrinə baxmayaraq əmlak üzərində mübahisə olduğu səbəbindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Ona görə də, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Şərh edilən normaların məzmununa əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh İddiaçı əmlaklar üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneə aradan qaldırılmalıdır. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 100 manatı tələb etdiyinə görə və iddia tələbi təmin edildiyindən dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 522690 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə X7 mülkiyyətinə verilmiş Zaqatala rayonu Çobankol kəndində yerləşən 297,81 kv.m. həyətyanı torpaq sahəsinə, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 522689 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə X7 mülkiyyətinə verilmiş Zaqatala rayonu Çobankol kəndində yerləşən 2013,48 kv.m. həyətyanı torpaq sahəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrində xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəsi X2 adına daşınmaz əmlakın reyestrində 51 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmış Zaqatala rayonu Çobankol kəndində 0,0122 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 159.1 kv. m olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyətçilərin mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 18 saylı Zaqatala Ərazi İdarəsinin əməkdaşlarının həmin ünvanlarda həyata keçirdiyi ölçmə işlərinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar