Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-896/2023 20.09.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X4 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 300 manat, cəmi 600 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-65/2022 nömrəli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikahın pozulması, birgə nikahdan 18 may 2007-ci ildə doğulmuş X5 və 02 aprel 2012-ci ildə doğulmuş X3 onun himayəsində saxlanılması, X2 və X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 15 sentyabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh sabit pul məbləğində hər ay, hər uşağa görə 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat miqdarında alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Halhazırda X2 16, X3 11 yaşı var. Zaqatala Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların tələbatının ödənilməsinə yetmir. Fidan ali məktəbə hazırlaşır, 5 fəndən hazırlığa gedir, hazırlıq üçün kitablar, test vəsaitləri alır, sınaq imtahanlarına gedir. Hazırlığına hər ay 250 manat pul xərclənir. Kitablarının, test vəsaitlərinin alınmasına və sınaq imtahanlarına əlavə olaraq xeyli vəsait sərf olunur. Fidanın 16 yaşı var, öz geyimlərini özü bəyənib alır, onun geyimlərinə də xeyli vəsait xərcləyir. Bu xərclərdən əlavə digər xərclər də mövcuddur. Dəryanın 11 yaşı var. Onun da hazırlığına, musiqi təhsilinə, geyiminə və sair tələbatına xeyli vəsait xərcləyir. Hər iki uşağın yemək xərclərinə hamıya bəllidir ki, nə qədər vəsait sərf olunur. Xəstələndikdə onların həkimə aparılması, dərmanların alınmasına da pul sərf edilir. Uşaqlar sürətlə böyüyür, ona görə də tez-tez geyimlər alınır. Ümumilikdə uşaqlara hər ay ən azı 600 manatdan çox pul xərcləyir. Sadaladığı xərclər ən zəruri xərclərdir. Uşaqların istirahətə də, əyləncəyə də ehtiyacları var. Lakin onun qazancı az olduğundan, alimentin də məbləği aşağı olduğundan uşaqları əyləncə və istirahətdən məhrumdurlar. Bildiyiniz kimi, hər il ərzaq və qeyri-ərzaq məhsullarında xeyli bahalaşma baş verir. Dövlət buna uyğun minimum əmək haqlarını və yaşayış minimumunu artırır. 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Onu da qeyd etmək istərdi ki, cavabdeh övladlarının xərcləri ilə ümumiyyətlə maraqlanmır. Yalnız məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti ödəməklə öz atalıq vəzifəsinin bitdiyini düşünür. Tək qadın olaraq uşaqların xərclərini qarşılamaq, onların tələbatlarını ödəmək onun üçün çox çətindir. Buna görə də, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölkə üzrə yaşayış minimumunu, eləcə də cavabdehin sahibkarlıq fəaliyyətindən kifayət qədər yüksək gəlir əldə etməsini və başqa gəlirlərinin olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 300 manata çatdırılmalıdır. Cavabdehin xeyli sayda obyekti var. Lakin əksər obyektlərdə öz adı ilə fəaliyyət göstərmir. Heydər Əliyev prospekti 66 və 68 ünvanlarında ona məxsus ********** nömrəli VÖEN-lə kafe, hazırlıq kursu işlədir. Gəlirləri kifayət qədər yüksəkdir. Birgə əmlaklarını da təkbaşına icarəyə verərək yüksək gəlir əldə edir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahat verərək göstərdi ki, iddia tələbini qəbul etmir. Ona görə ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(033)-65/2022 nömrəli qətnaməsi ilə cavabdehlə birgə nikahlarından anadan olmuş X2 və X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 15 sentyabr 2021-ci il tarixdən başlayaraq ondan sabit pul məbləğində hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda o, uşaqlarla görüşmədiyi halda həmin məbləği vaxtı-vaxtında ödəyir. İddiaçının hazırda tələb etdiyi cəmi 600 manat məbləğində alimentin ödəmək imkanı və gəliri yoxdur. Qətnamə ilə müəyyən edilmiş aliment məbləği yetərincə yüksəkdir. Həmin qətnamə qəbul edildikdən sonra onun gəlirlərində hər hansı artım olmamışdır. Buna görə də, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. İşin halları Zaqatala Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(033)-65/2022 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək İddiaçı ilə Cavabdeh arasında Zaqatala RİHB-ın Bəhmətli kənd inzibati ərazi nümayəndəliyində 01 iyun 2006-cı ildə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 07 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 18 may 2007-ci ildə doğulmuş X5 və 02 aprel 2012-ci ildə doğulmuş X3 İddiaçı himayəsində saxlanılması, 18 may 2007-ci ildə doğulmuş X2 və 02 aprel 2012-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 15 sentyabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh sabit pul məbləğində hər ay, hər uşağa görə 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, Zaqatala Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2(033)-1075/2021 saylı qərardadı ilə müvəqqəti alimentin tutulmasının nəzərə alınması, Cavabdeh 10 (on) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 27 iyul 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci birtərəfli qaydada ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 56.1-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarı Qərara əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, Zaqatala Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2(033)-65/2022 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahından 18 may 2007-ci ildə doğulmuş X2 və 02 aprel 2012-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 15 sentyabr 2021-ci il tarixdən başlayaraq Cavabdeh sabit pul məbləğində hər ay, hər uşağa görə 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı təkbaşına himayəsində olan uşaqlarının tələbatını ödəyə bilmədiyindən Cavabdeh qarşı alimentin artırılması tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı hazırda həmin məbləğin uşaqların saxlanılması üçün kifayət etmədiyini və uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyini bildirir və alimentin artırılaraq hər ay hər bir uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat müəyyən edilməsini tələb edir. Cavabdeh isə iddianı qəbul etmir. Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi ilə bağlıdır və bu tələbin maddi hüquqi əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Lakin iddianın düzgün həlli üçün digər əlaqəli hüquq normaları da nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda məhkəmə qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır Hazırki iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində deyilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin uşaqlar üçün aliment tutulması barədə iddialara baxılarkən nəzərə alınmalıdır ki, «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. İddia tələbinin hüquqi əsasını təşkil edən Ailə Məcəlləsinin 112.1-ci maddəsinin müddəalarını təhlil etdikdə görünür ki, qanun məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılması üçün zəruri olan aşağıdakı dispozisiya şərtlərini müəyyən etmişdir: 1. Аliment ödənilməsi barədə saziş olmaması; 2. Məhkəmə tərəfindən alimentin miqdarının artıq müəyyən olunması; 3. Aliment tutulması barədə qətnamə çıxarıldıqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması; 4. Alimentin miqdarının dəyişdirilməsi barədə tərəflərdən birinin ərizəsinin olması. Bu şərtlərin hər hansı birinin mövcud olmaması alimentin artırılması barədə iddianın rədd olunması üçün əsasdır. Baxılan işin hallarından görünür ki, sadalanan dispozisiya şərtlərinin üçüncüsü mövcud deyildir. Hansı ki, «tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması» alimentin miqdarının artırılmasına əsas verən başlıca hüquqi faktdır. Nəzərə alınmalıdır ki, aliment öhdəliyinin və miqdarının müəyyən olunması əsasları ilə, müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsinin əsasları fərqlidir. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı isə məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Baxılan iş üzrə alimentin müəyyən olunduğu məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldıqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması müəyyən olunmur. Alimentin təyin edilməsindən qısa müddət keçməsinə baxmayaraq, iddiaçı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı alimentin artırılmasını tələb etsə də, keçən müddət ərzində tərəflərin ailə və maddi vəziyyətinin dəyişməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının aliment artırıldığı vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumunun artırılaraq 2023-cü il üçün 220 manat müəyyən edilməsi barədə dəlili iddianın təmin olunması üçün yetərli dəlil deyildir. Çünki Ailə Məcəlləsinin 112.1-ci maddəsində alimentin dəyişdirilməsi üçün bu cür əsas müəyyən olunmamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası rədd edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiyaya dair xərc onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 360 və 362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində mediasiyaya dair xərc onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-896/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-896/2023
20.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver