Məhkəmə qərarları › İş №e-2(033)-910/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-910/2025

08.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-910/2025 08.10.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmənin iclas katibi X10 qızının katibliyi ilə, İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi : İddia tələbinin dəlilləri: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair müraciət edərək 7250,00 (yeddi min iki yüz əlli) manat sığorta ödənişi məbləğinin və 92,50 (doxsan iki manat əlli qəpik) manat dövlət rüsumunun, cəmi 7342,50 (yeddi min üç yüz qırx iki manat əlli qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2021-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Kamaz 55111” markalı, 99RU645 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə “Kamaz 55111” markalı, 99RU645 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Kürdəmir rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində “BMW X5” markalı, 99VS929 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymiş, X2, X5 və X9 yüngül bədən xəsarətləri vurulmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 7250,00 (yeddi min üç yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı BDYPİ-nin İstintaq və Təhqiqat şöbəsinin Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Həmçinin, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Kamaz 55111” markalı, 99RU645 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. Əlavə olaraq, Cavabdeh sürücülük hüququ məhdudlaşdırılmış və sürücülük vəsiqəsi təhvil verilmədiyindən sonuncunun sürücülük hüququnun məhdudlaşdırılmasının müddət axımı başlanılmamışdır. Bildirilir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 7250,00 (yeddi min iki yüz əlli) manat sığorta ödənişi cavabdehdən tələb etmək hüququna malikdir. Bildirirlər ki, cəmiyyət tərəfindən Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixli, AS-23/765 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək iddia ərizəsinə onların iştirakı olmadan baxılıb iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. "xxxx" ASC ilə X6 arasında xx.xx.2021-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Kamaz 55111” markalı, 99RU645 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş polis İdarəsinin xx.xx.2025-ci il trixli AS-25/707 nömrəli məktubuna cavab olaraq bildirilir ki, DİN-in Baş polis İdarəsinin qeydiyyat-imtahan İdarəsinin uçot bazasının məlumatlarına əsasən xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh xx.xx.2016-cı il tarixdə AE 721573 nömrəli “BC” kateqoriyalı sürüclük vəsiqəsi verilib, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2018-ci il tarixdə (xx.xx.2019-cu il tarixədək), xx.xx.2022-ci tarixdə (xx.xx.2023-cü il tarixədək), xx.xx.2025-ci tarixdə (xx.xx.2025-ci il tarixədək) müddətə Zaqatala Rayon Məhkəməsinin qərarı ilə məhdudlaşdırılmışdır (sürücülük vəsiqəsi təhvil verilməyib). "xxxx" ASC tərəfindən verilən xx.xx.2021-ci il tarixli, PAA********** nömrəli sığorta aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı “Kamaz 55111” markalı, 99RU645 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək 5000 manat məbləğində sığortalanmasına dair icbari sığorta müqaviləsi qüvvədə olmuşdur. Sığorta hadisəsi xx.xx.2021-ci il tarixdə “Kamaz 55111” markalı, 99RU645 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Kürdəmir rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində “BMW X5” markalı, 99VS929 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymiş, X2, X5 və X9 yüngül bədən xəsarətləri vurulmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün üçün "xxxx" ASC tərəfindən 7250,00 (yeddi min üç yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2021-ci il tarixli sığorta aktı-21-06454/11 əsasən “BMW X5” markalı, 99VS929 nömrəli dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın ümumi məbləği 9960.00 manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli ödəniş tapşırıqlarına əsasən "xxxx" ASC tərəfindən PAA********** saylı sığorta müqaviləsi üzrə 7250.00 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir . xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, DİN və Tİ YNHOİÜ İstintaq və təhqiqat şöbəsindən bildirilir ki, 09 sentyabr 2021-ci il tarixdə saat 17:43 dəqiqədə Bakı-Qazax yolu 191-ci km yol nəqliyyat hadisəsi (toqquşma) baş vermişdir. Zərərin növü sağlamlığa və əmlaka dəyən zərərə aiddir. xx.xx.2021-ci il tarixli 572 saylı ekspert rəyindən görünür ki, 2011-ci il doğum tarixli X3 məhkəmə tibb müayinəsinə əsasən, qeyd olunan xəsarətlər avtomobilin salonun küt hissələrin təsirindən törənmişdir, xx.xx.2021-ci il tarixinə uyğun gəlir, YÜNGÜL zərərvurmaya aiddir. xx.xx.2021-ci il tarixli 573 saylı ekspert rəyindən görünür ki, 2008-ci il doğum tarixli X8 məhkəmə tibb müayinəsinə əsasən, qeyd olunan xəsarətlər avtomobilin salonun küt hissələrin təsirindən törənmişdir, xx.xx.2021-ci il tarixinə uyğun gəlir, YÜNGÜL zərərvurmaya aiddir. xx.xx.2021-ci il tarixli 574 saylı ekspert rəyindən görünür ki, 1984-cü il doğum tarixli X1 məhkəmə tibb müayinəsinə əsasən, qeyd olunan xəsarətlər avtomobilin salonun küt hissələrin təsirindən törənmişdir, xx.xx.2021-ci il tarixinə uyğun gəlir, YÜNGÜL zərərvurmaya aiddir. xx.xx.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi 261 saylı aktından görünür ki, sürücü Cavabdeh ayıq olmuşdur. xx.xx.2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi 262 saylı aktından görünür ki, X7 ayıq olmuşdur. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, HK-1-891 nömrəli material üzrə cinayət işi rədd edilmişdir. xx.xx.2023-cü il tarixli geriyə tələb (subroqasiya) məktubuna əsasən iddiaçı cavabdehə hadisə nəticəsində “BMW X5” markalı, 99VS929 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 7250,00 (yeddi min üç yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Binəqədi RPŞ-nin qərarına əsasən o, yol –nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Yol-nəqliyyat hadisəsinə dair Cəmiyyətə təqdim olunmuş sənədlərin surətindən görünür ki, o, “Kamaz 55111” markalı, 99RU645 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən "xxxx" ASC sözügedən zərəri aradan qaldırılması üçün 7250,00 (yeddi min iki yüz əlli) manat sığorta ödənişi məbləğinin və 92,50 (doxsan iki manat əlli qəpik) manat dövlət rüsumunun, cəmi 7342,50 (yeddi min üç yüz qırx iki manat əlli qəpik) manat məbləğində pul vəsaitinin ondan geri tələb etmə hüququna malikdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. 6.8-ci maddəsinə görə Şəxsi sığorta üzrə sığorta hadisəsi nəticəsində sağlamlığına zərər dəymiş şəxs, onun öldüyü halda isə ailə üzvləri zərərçəkən hesab edilir. 13.1-ci maddəsinə əsasən icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. 13.2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. 13.3-cü maddəsinə əsasən bu Qanunun məqsədləri üçün fərdi qəzadan icbari sığortada müvafiq sığorta müqaviləsində müəyyən edilmiş hallarda baş verən fərdi qəza nəticəsində sığorta olunanın sağlamlığına zərər dəyməsi sığorta hadisəsi sayılır. 14.1.3-cü maddəsinə görə şəxsin ölümü fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər hesab edilir. 14.2 və 14.2.1-ci maddələrinə görə sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin zərərçəkənin ölməsi, o cümlədən aldığı bədən xəsarəti, xəstələnməsi, zəhərlənməsi və ya kontuziya olması nəticəsində sığorta hadisəsi baş verdiyi tarixdən 3 il ərzində ölməsi — 100 faiz; 19.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. İşin müəyyən еdilmiş hallarından görünür ki, “KAMAZ 55111” markalı ** RU *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığоrtalanmışdır. xx.xx.2022 - ci il tarixli inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. xx.xx.2019cu il tarixdə “Kamaz 55111” markalı, 99RU645 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, “BMW X5” markalı, 99VS929 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, toqquşma nəticəsində zərərçəkmiş şəxslərin sağlamlığına yüngül bədən xəsarəti yetirilmiş və zərərçəkmiş şəxsə maddi zərər vurmuşdur. İşin müəyyən еdilmiş halları həmçinin оndan ibarətdir ki, iddiaçı baş vеrmiş sığоrta hadisəsi ilə bağlı qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 7250,00 (yeddi min üç yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmiş və 92.50 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, Cavabdeh oğluna “BMW X5” markalı, 99VS929 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 7250.00 manat sığоrta ödənişi vеrmiş, iddiaçının yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilindiyinə görə cavabdеhə qarşı verdiyi sığorta ödənişi məbləğində subroqasiya qaydasında tələb hüququ yarandığından, sığоrta ödənişinin və dövlət rüsumunun əvəzi cavabdеhdən iddiaçının хеyrinə tutulmalı, iddia tələbi təmin edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 284-6, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh 7250.00 (yeddi min iki yüz əlli) manat məbləğində sığorta ödənişi və 92,50 (doxsan iki manat əlli qəpik) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar